Elektron ədəbiyyat və sənət portalı

Culio və Poli: ata və oğul

Bölmə: Ədəbiyyat 02.09.2016

Pol TERU (ABŞ)

Amerika yazıçısı, müəllim və səyyah. 1941-ci ildə Medford şəhərində (Massaçusets ştatı) anadan olub. ”Uoldo” (“Waldo”, 1967), “Qara ev” (“The Black House”, 1974), “Böyük dəmiryol bazarı” (“The Great Railway Bazaar”, 1975), “Ailə arsenalı” (“The Family Arsenal”, 1976), “Milad açıqcası” (“А Christmas Card”, 1978), “Moskitlər sahili” (“The Mosquito Coast”, 1981), “Mənin başqa həyatım” (“Му Other Life”, 1996), “Koulun Tonq: Honkonq romanı” (“Kowloon Tong: A Novel of Hong Kong”, 1997) “Honolulu oteli” (“Hotel Honolulu”, 2001), “Güclü işıq” (“Blinding Light”, 2005) və başqa kitabların, habelə hekayələr, esselər və yol qeydlərinin müəllifidir. Uitbred, C.T.Blek və digər nüfuzlu mükafatların laureatıdır.

”Aydın yol” qəzeti yazıçının kiçik həcmli hekayələrindən bir neçəsini təqdim edir.

 

Culio və Poli: ata və oğul

 

Culionu mənə zəhmətsevər, düzgün, tikinti məsələlərində əlindən hər iş gələn birisi kimi məsləhət görmüşdülər. Heç də şişirtmə deyildi. Ona kompliment deyəndə, Culio belə cavab verdi: ”Mən Siciliyadanam. Orada isə əgər biz ev tikiriksə, işi mütləq əvvəldən axıra kimi görürük: bünövrə qururuq, kərpiclərini hörürük, pəncərələrini qoyuruq, damını vururuq, kirəmitini düzürük, hamamını-filan – hamısı öz əlimizdən çıxır”.

O, bizdə bütün yayı işlədi: əvvəlcə bənna kimi, sonra damı düzəltdi, dalınca çat şüşələrin hamısını təzəsi ilə dəyişdi, axırda da rəngsazlığa girişdi – yarımçıq, sonraya qoyduğum nə iş vardısa, hamısını gördü.

Yetmiş yaşı vardı. Saatına qırx dollar pul alırdı – az pul deyildi, həftəyə filan qədər yığılırdı, amma bu pullar gördüyü işin həqiqi dəyəri idi.

Üçüncü həftə özü ilə oğlu Polini də gətirdi – uşaqsifətli, qırx üç yaşlı nataraz bir gədə idi.

Bədəni başdan-ayağa döymə içində idi, pivəbaz adamlarınkı kimi sallaq qarnı vardı, zarafatcıl kişiydi. İşçi kimi ortabab olardı, amma yaman güclü idi. Sementi kisələrlə daşıyır, xəndək qazır, kərpicləri yuxarı qaldırırdı. Ona da saatı qırx dollardan verməli idim, amma hərdən görürdün ki, işə gəlmir. Culio ”Avaraçılıq edir”, ”Xəstələnib bir az”, ”Yatır”, deyir, şəstini sındırmamağa çalışırdı, amma hiss edirdin ki, oğlunun yerinə cavab verməyə bir az xəcalət çəkir.

Bir dəfə də dedi: ”Polini tutublar”. Bəlli oldu ki, ilk dəfə deyil – artıq soyğunçuluq, kredit kartları ilə fırıldaqçılıq, oğurluq şeylər almaq üstündə cəza da çəkmişdi. Mən ata ilə oğul arasındakı təzada mat qaldım: qoca düzgün, işgüzar insan, öz işinin əsl ustası, oğul isə tənbəl, üstəlik, hələ narkoman və fırıldaqçı.

Vaxt keçirdi, Polini buraxmırdılar, lakin mən Culionu daha yaxşı tanıyanda bir də duyuq düşdüm ki, o, özünə artıq iş saatları yazır, özünün gətirdiyi, özünün sındırdığı alətləri almaq üçün məndən əlavə pul qoparır. Gördüyü işlər barədə də hərdən yalan deməyi vardı – taxta qalıqlarını gizləyir, materialların hesablamalarını göstərmir, qısası, xırda-xırda oğurlayırdı özü üçün. Və mən əvvəlcə, dumanlı şəkildə, sonra isə artıq aşkar anlamağa başladım ki, həmin bu qürurlu, zəhmətkeş Culio cinayətkar Poliyə nə qədər də bənzəyir. Amma ilk baxışdan, qəti ağlına gətirməzdin.

 

Mənim qardaşım və onun kamuflyajı

 

Atam Cənub-Şərqi Asiyadan ağac - əsasən, hind palıdı və başqa sərt ağacların idxalında varlanmışdı. Bununla ilk məşğul olanlardan idi – başqa sözlə desək, o öləndə şirkət hələ də çiçəklənirdi. Qardaşım Henklə mən hər şeyin varisi olduq: iri şirkətin, külli miqdarda dividendin.

Ağac plantasiyalarına baş çəkərkən Asiya mənşəli əntiq əşyalarla maraqlandım və onların da ticarətinə başladım. İşim o qədər artdı ki, qardaşım Henkin köməyinə ehtiyac yarandı. Tezliklə aşkar elədim ki, o, Asiyaya yalnız narkotik dalınca gedir. Atamız kimi, onun da novatorluğu vardı – ölkəyə içiboş Budda heykəllərində, paqodaların oymalı fiqurlarında heroin gətirən ilk şəxslərdən idi. Malı şəxsi istifadəsi üçün, elə kiçik partiyalarla gətirirdi ki, gömrükçülər tapa bilmirdilər. Varlı adam olduğundan bu zəhrimarı heç vaxt satmırdı deyə, Birləşmiş Ştatların narkodilerlərinə də ehtiyacı olmurdu. İynəsini gah çiyninə, gah ayağına, gah boynuna vururdu. Dindirəndə də deyirdi ki, mən hər şeyi nəzarətdə saxlayıram – bu vərdişini davam etdirmək üçün artıqlamasilə pulu olduğunu nəzərdə tuturdu.

Amma, zaman keçdikcə, heroin bütün pullarını yedi və başladı məndən borc almağa. Mən də fikirləşirdim ki, narkomaniya çox bahalı, çox dağıdıcı vərdişdir.

Bir dəfə and içdim:

- Əgər iynədən qopsan, mənə çatan mirasın tən yarısını sənə verəcəm.

Onsuz da əntiq şeylər satmaqla kapitalımı ikiqat artırmışdım.

Henk cavab verdi:

- Qəmişini çək. Mən onsuz da xəstə kimi bir şeyəm. İmkan ver, xəstəliyimi adam kimi çəkim. Mən çoxları kimi, hələ tam əldən düşməmişəm.

Ona yalvarırdım, əl çəkmirdim, axırda razılaşdı. Nəticə mənim üçün çox gözlənilməz oldu. Elə ki, narkoloji klinikada çox uzun sürən, ağır bir müalicə keçdi və heroini tərgitdi, dəhşətli dərəcədə zəiflədi, lap əldən düşdü. Narkoman olanda möhkəm bədəni vardı, həyat eşqi aşıb-daşırdı, amma normal adam olan kimi, xəstəhal, solğun bənizli birisinə çevrildi: daim soyuqlayır, çox vaxt heç yataqdan qalxa bilmirdi. Beləcə, bir neçə ay sürdü. Ciddi narahat oldum, onu həkimə apardım, Henkdə xərçəng tapdılar.

Onkoloq dedi: ”Qardaşınız neçə ildir ki, xərçəng xəstəsidir, amma heroindən istifadə onun simptomlarını kamuflayasiya edir, gizlədirdi. Əgər heroini tərgitməsəydi, rahat, ağrısız və böyük ehtimalla, qəfil ölərdi. Heroin onu xəstəliyin əzablarından qoruyurdu”.

Sonrası dəhşət idi. Henk bir aydan sonra dəhşətli əzablar içində öldü.

 

Tərs oğlan

 

Mənim həyatım hamınınkı kimi deyil, böyük çətinliklərlə üzləşirəm, amma atamın həyatı bundan da çətin olub. O, yeddinci onilliyini xırdalayıb. Az qala lap uşaq yaşından ona hər baxanda, öz qənimimi görmüşəm.

Dörd yaşım olanda xanazır azarının lap ağır formasına tutuldum. Xəstələnənə kimi normal inkişafım vardı, amma sonradan sözəbaxmaz, tərs uşaq oldum. Böyüklərin sözünə baxmırdım – sadəcə, vecimə almırdım onları.  Atamın acığına cürbəcür hərəkətlər edirdim, o isə ömrü boyu nizam-intizam uğrunda barışmaz mübariz olmuşdu: Birləşmiş Ştatların dəniz piyadaları, Vyetnama iki ezamiyyət... ”Mənim sözümə bax!” deyirdi. Amma mən baxmırdım. Şillələyirdi məni. Bəzən elə döyürdü ki, bədənim neçə gün zoqquldayırdı. Əllərimə vurur, qulaqlarımı burur, küncə qoyub məcbur eləyirdi ki, orda durum. Məcbur edirdi ki, ona ”ser” deyim. Ən pisi də süpürgə sapının üstündə diziüstə durmaq idi. Neçə saat beləcə durmalı olurdum. Onda yeddi-səkkiz yaşım vardı. Bu əzab-əziyyət neçə illər çəkdi. Əgər atamın dediklərinə inansaq, mən də kobudluğumdan, dikbaşlığımdan qalmırdım. Məktəbdə də işlərim yaxşı getmirdi. Düzdü, oradakı cəzalar daha yumşaq idi, amma atam qiymət  cədvəlimi görəndə lap dəli olur, azğınlaşırdı.

Təxminən on üç yaşım olanda, gözlərimi yoxladılar. Məktəbdə hamınınkını yoxlayırdılar. Mən yoxlamadan keçə bilmədim. Göz həkimi eynək üçün resept yazdı və məsləhət gördü ki, eşitmə qabiliyyətimi də yoxlasınlar. Qulaqlarımı neçə ay sərasər, təkrar-təkrar yoxladılar, bəzən bir dəstə həkim, bəzən hətta tələbələr də olurdu. Bəziləri soruşurdu: ”Sənin bədənin niyə qançır içindədir?” Deyirdim: ”Yıxılmışam”.

Bəlli oldu ki, mən az qala tam karam – zəhrimar xanazırın ucbatından. Mənə iki dənə eşitmə aparatı seçdilər.

Tamam başqa həyat başladı, amma xasiyyətim elə üsyankar olaraq qalmışdı. Sinif yoldaşlarım daim ”qulaqcıqlarıma” gülürdülər. Oxumağım yaxşılaşmışdı, amma evdəki ab-hava daha əzici idi.

Atam lap qaraqabaq olmuşdu – vicdan əzabı üzürdü onu. Bəzən, ona baş çəkəndə, mənə elə gəlir ki, özünü öldürmək həddinə çatıb, var gücümlə sakitləşdirməyə, depressiyadan çıxarmağa çalışıram onu. Bu, hər ikimiz üçün ağır bir yük, ağır qismətdir. İndiyədək məndən üzr istəməkdən yorulmur. Mən isə deyirəm: ”Bilə-bilə eləməmisən ki...”

 

Əyri təbəssümlü oğlan

 

Mən bu hadisəni Mərkəzi Amerikada eşitmişəm. Orada bir xeyriyyə təşkilatının tapşırığı ilə məktəblərə gedirdim. Biz kəndlərdən birindəki balaca məktəbdən çıxanda, bələdçim Ramon dedi:

- Birinci partada oturan balaca, ləng oğlanı gördünüz? Dərsdən sonra qalıb dəftərində nəsə yazırdı...

- Əlbəttə. Əyri təbəssümü olan oğlanı deyirsiniz də. Hə, gördüm onu. Elə o da məni gördü.

- Çox kədərli hadisədir. Onun anası on beş yaşı olanda hamilə qalıb. Nişanlısından başqa kimsəni görməmişdi. Adi məktəbli qızlardan biri idi. Uşağı olur, sonra da atası evindən San-Pedroya gedir. Bir neçə ildən sonra valideynlərinin yanına qonaq gələndə isə görür ki, atası kiçik, on dörd yaşlı qızını necə qucaqlayıb öpür. ”Əl çək ondan!” – qışqırır.  Atası deyir: ”Nə olub ki, mehribançılıq edirik də”. ”Yox, – böyük qızı deyir. - İstəmirəm ki, o da mənim taleyimi yaşasın. Onun yaxasından əl çək”. Lakin atası qulaq asmır. Onda böyük qız polisə gedib deyir: ”Atam bacımla cinsi əlaqədə olur. Əvvəllər mənimlə yaşayırdı, mənim də başıma eyni şeyləri gətirib. Görün, bunun axırı nə oldu – bir oğlana baxın”.

Oğlan polislərə baxıb gülümsünürdü. Onun mənasız təbəssümündən hiss etdilər ki, başında bir xarablıq var. Atanı həbs edirlər. Məhkəmə qururlar, on beş il iş verirlər, indi həbsxanadadır... Qəribə işlərdir, hə? Belə bir şey necə ola bilər axı?

Bir neçə gündən sonra biz elə həmin kəndin yaxınlığındakı meşədə yerləşən hansısa evin yanından ötürdük. Ramon həmin evə işarə elədi.

- Bu, senyor Martinin evidir. Onun on yeddi uşağı olub. İşə bir bax! Görün indi nə yadıma düşür – onun ikinci oğlu öz qızları ilə cinsi əlaqədə idi. Onlar ailəlikcə bu evdə yaşayırdılar.

- On yeddi uşaq bu evdə? – heyrət etdim.

- İki yataq otağı, - Ramon dedi, – dəhşət deyil? Bu insanlar bu həyatdan necə baş çıxarırlar axı?

Tərcümə edən: İlqar ƏLFİ