Elektron ədəbiyyat və sənət portalı

Tofiq Abdinsiz yubiley

Bölmə: «Aydın Yol»çular 05.09.2016

Yəqin ki, sağ olsaydı, özü də yubileyinin təntənəli şəkildə keçirilməsinə razılıq verməyəcək, dostlarıyla xudmani məclislər təşkil eləməyə üstünlük verəcəkdi...

Amma artıq iki ildi ki, Tofiq Abdin aramızda yoxdu, onsuz yubiley keçirməyi də kimsə ağlına gətirməyib...

Əslində, özü sentyabrın 1-ində doğulduğunu ”qondarma” sayırdı; anasının dediyinə görə, yazda dünyaya gəlibmiş, amma doğum şəhadətnaməsində yazılmayıbmış. Sonralar doğum gününü dəqiqləşdirməyə ehtiyac yarananda bədahətən ağlına bu rəqəm gəlib, beləcə də özünə ad günü müəyyənləşdirib. Əlbəttə, bu fakt da Tofiq Abdinin taleyinə və xasiyyətinə tamamilə uyğun gəlir. Bir də ki, onsuz da insan ömründəki hər hansı bir rəqəm ancaq keçmişin xatirələrini, həm də həmin insan barədə olub-keçənləri yada salmaq üçündü...

Tofiq Abdin təkcə yaradıcılığı ilə yox, həm də bütün həyatı, xarakteri və yaşam tərzi ilə ”redaktəyə” yatmayan insan idi. Hərəkətləri, dəstxəti ilə hamıdan fərqlənməyə can atmırdı, sadəcə belə düşünürdü, dünyanı belə qavrayır, insanları belə qəbul eləyirdi. Adətən, cavanlığında dəli-dolu olan adamlar yaşlananda ağırlaşır, təmkinli olur, həyat tərzində və xasiyyətində dəyişiklik eləyirlər. Amma Tofiq Abdin bu ”ölçüyə” də uyğun gəlmədi, əlli il əvvəl necə yaşamışdısa, ömrünü eləcə də başa vurdu.

Bununla belə, Tofiq Abdinin kövrələn, uşaqlaşan, hətta acizləşən vaxtları da az olmurdu: kimdənsə gözləmədiyi isti münasibət görəndə kövrəlir, uzaq xatirələri qəfil yaxalayanda uşaqlaşır, dost-tanış itkisi ilə üzləşəndə acizləşirdi. Ancaq hansı vəziyyətə düşür-düşsün, səmimiyyətindən bir qətrə də itirmirdi – bu da Tofiq Abdinə xas sifət idi...

Onun özünəməxsus poetik səsi, iddiasız nəsri, canlı publisistikası, peşəkar tərcümələri vardı, yazılarının arxivini saxlamağı sevirdi, bununla belə, əsərlərini sistemli şəkildə çap etdirib üzə çıxara bilmədi – bu da Tofiq Abdinin qəribəliklərindən biri idi. Söhbətlərimizdə dəfələrlə əsərlərinin çapı barədə danışmışdıq, hər dəfə də ürəkdən söz verir, amma heç cür nəzərdə tutduqlarını gerçəkləşdirə bilmirdi, dediyinə görə, hövsələsi çatmırdı.

Tofiq Abdinin avtobioqrafik şeirlərindən, publisistik əsərlərindən, müsahibələrindən, əsərləri və özü haqqında yazılmış məqalələrdən ibarət toplunu nəşrə hazırlayanda onun nə qədər maraqlı ömür və yaradıcılıq yolu keçdiyinin bir daha şahidi oldum. Əslində, bu cür adamlar ”ədəbi əfsanə”yə çevrilir, ədəbiyyatın, ədəbi prosesin canlı qalmasına xidmət eləyirlər. Amma bu cür şəxsiyyətləri ən yaxşı halda doğum və vəfatı günlərində xatırlayır, sonra isə taleyin ixtiyarına buraxırıq.

Əlbəttə, mən Tofiq Abdini heç cür 75 yaşında təsəvvür eləyə bilmirəm. Sağlığında da məndə belə bir duyğu vardı ki, təxminən 40 yaşın hüdudunda ilişib qalıb, bundan sonra illər yaşının üstünə yaş gətirməyəcək. Amma vaxtın gerçəkliyindən kim qaça bilib ki...