Elektron ədəbiyyat və sənət portalı

Torpaq adamı

Bölmə: «Aydın Yol»çular 29.08.2016

Bilmirəm, bu, nə dərəcədə doğrudur, amma Vətən sevgisini illər boyu qoruyub saxlamaq, ondan ruh alıb yaşamaq özü də böyük səy tələb edir.

...Türkiyənin Mərməris bölgəsi öz gözəl təbiəti ilə kimsəni biganə qoya bilməz. Ulu Tanrı bu yerlərdən heç nəyini əsirgəməyib. Dağlar bu nağıl şəhəri dənizin dəli küləklərindən qısqanclıqla qoruyur, şam meşələrindən ucalan nəfis qoxulu hava isə insana sağlamlıq bəxş edir. Bakı buxtasını xatırladan Mərməris sahillərinin suyu göz yaşı kimi şəffafdır. Dünya əhəmiyyətli bu turist məkanı ilin bütün fəsillərində qələbəlik olur.

Mən Mərmərisə gələndə Türkiyəni ayağa qaldıran həmin o çevriliş cəhdi gecəsindən iki həftə keçmişdi. Ağrı-acılar, yaralar təzə idi, hər tərəfdə türk bayraqları dalğalanırdı. Bəli, qardaş ölkə xainlərin fitnəsinə uymadı, şəhidlər verdi, amma yenmədi. Hoteldə çalışan gənclərdən biri yuxarı mərtəbədəki divarda mərmi yerlərini göstərib dedi:

- Küçə tankla, əsgərlə dolu idi, aramsız atəş açırdılar. Hotellərin şüşələrini qırıq-qırıq eləmişdilər. Sonradan bildik ki, demə bu, Türkiyə Prezidentini qətlə yetirmək cəhdinin nişanələri imiş...

Prezident R.T.Ərdoğan  xain hücumdan yarım saat əvvəl istirahət etdiyi Mərmərisi tərk etmişdi. Ertəsi gün onun yaşadığı hotelə baş çəkdim. Hücumun izi-tozu da qalmamışdı, hər şey tam təmir olunmuşdu və lüks hotel adi günlərindən birini yaşayırdı.

Geri dönəndə dünya şöhrətli bir hotelin qarşısından keçməli oldum. Oxumuşdum ki, ingilislərə məxsus bu super bahalı məkan fantastik xidmətlər təklif edir, bura hər şey – çörəkdən tutmuş diş fırçasına qədər bütün ərzaq və ləvazimatlar İngiltərədən gətirilir, özü də bu torpaq təxminən bir əsr əvvəl ingilis iş adamına satılıb. Hər tərəf özəl mühafizəçilərlə, kameralarla və təhlükəsizlik qurğuları ilə dolu idi. Saytların birində yazılmışdı  ki, bu hoteli altı milyard yarım dollara almaq istəyən var, amma sahibi bütün təkliflərdən boyun qaçırır.

Lüks hotelin ərazisinə bitişik bir bağ diqqətimi çəkdi. Yaxınlaşıb sarmaşıqların arasından həyətə göz gəzdirdim. Ərazi çox da böyük deyildi. Üzüm dolu tənəklər talvara qaldırılmışdı, xeyli portağal, limon, armud və gavalı ağacları vardı. Toyuq-cücə torpaqda eşələnir, xoruzlar da ora-bura vurnuxub bivaxt banlaşırdı. Düzü məəttəl qaldım. Lüks bir məkanın yanında belə bir kənd mənzərəsini görəcəyimi ağlıma belə gətirməzdim.

Ahıl bir türk bostandakı pomidor kollarının arasında alaq edirdi. Diqqətlə baxdığımı görüb yaxınlaşdı. Salamlaşdıq. Azərbaycanlı olduğumu biləndə çox sevindi və ilk sözü də bu oldu:

- Dar ayaqda Azərbaycan, hörmətli İlham Əliyev bizə dəstək oldu. Bunu heç vaxt unutmarıq.

Yaşı 70-i ötmüş Toğrul abi məni kiçik daxmasına, çay içməyə dəvət etdi. Marağımı gizlədə bilmədim.

- Necə olub ki, hotelin sahibi bu bağla maraqlanmayıb, bu bir ovuc torpağı almağa cəhd göstərməyib?

- Dəfələrlə adam göndərdi, pul, başqa yerdə böyük torpaq sahəsi təklif elədi, razılaşmadım. Günlərin bir günü özü durub gəldi, tərcüməçisi ilə birlikdə. Bağı xeyli gəzib dolaşdı, sonra da sən əyləşdiyin yerdə oturdu, onu da çaya qonaq elədim. Ləzzətlə içib dedi ki, ömründə belə ləzzətli çay içməyib. Tərcüməçisi bildirdi ki, bu adam lorddur, İngilis kraliçasının yaxın dostudur, sən gəl daşı ətəyindən tök, satmağa razı ol. Ona dedim ki, özünü nahaqdan yormasın, altı milyard yarım dollar da versə satmaram. Qurtardı! İndi hər dəfə Mərmərisə gələndə mənə baş çəkir, çayımdan içir.

- Toğrul abi, birdən hörmətli Ərdoğan şəxsən özü gəlib lord üçün xahiş eləsə, onda da satmazsan?

- Yox! O, özü də türk oğlu, türkdür. Soyu, kökü Qara dənizdəndir. Heç vaxt xahiş eləməz. Çünki bilir ki, torpaqdan pay olmaz!