Elektron ədəbiyyat və sənət portalı

Nə qədər isinsəm məhəbbətinə,
o qədər əriyib yoxa çıxaram...

Bölmə: Ədəbiyyat 18.09.2015

1986-cı ildə (özümdən aslı olmayan səbəblərlə) doğulmuşam. Nə vaxt öləcəyim hələ dəqiq məlum deyil. Bir dəqiq bildiyim var: yolum uzundu, yüküm ağırdı! Dünyaya gələrkən heç kimlə heç bir şərtlə müqavilə bağlamamışam. Yeganə bağlılığım YARADANladı - bir tək onu tanıyıram bu dünyada qalan hər kəs və nəsnə şərtidi. Hər yaşdan dostlarım çoxdu. Hər birinin özünə görə hörməti var. Onlar varlığımın bənzərsiz şahidləridi. Mən də onların şahidlərindən biriyəm. Ən pis xüsusiyyətim ən yaxşı xüsusiyyətimlə bağlıdı: pisliyi də yaxşılıq kimi qətiyyən unutmuram!

 

Tələsgən

 

Özümdən çıxmışam,

mən yoxam daha,

ruhumun həmdəmi,

üfüq xəttimsən -

mən sənə gəlirəm, özümdən keçib!

 

Sənə çatmaq çətin

ələ keçməzsən,

neyləsəm -

əlimdə bir boşluq qalar!

 

Uzanar, qıvrılar, yollar dolanar,

zaman susar qumda ayaq səsindən,

ancaq bu bədəni tanıyan bilər -

neyləsəm, qan iyi gələr nəfsimdən,

ağlayar içimdə əlacsız ruhum -

neyləsə, üzümdə bir şeytan gülər...

 

Yalnızlıq olarsa əzab çəkdiyim

oxuyar dodaqlar səssiz duasın-

la ilahə illəllah- deyə bitər təkliyim...

 

***

 

Əlini uzat,

bu ağ kağıza

barmaqlarından axacaq sətir-sətir sözlər...

Sən heç şeir yazdınmı?

 

Gözlərin susur,

kirpiklərinə tökülmüş

alın yazının qalıqları

danışacaq indi-

Sən heç qar olub yağdınmı?

 

Uzaqda üfüq xəttində

qıpqırmızı bir od parçası var,

neçə min ildi yanır-

kimi sevir

heç kim bilmir,

bilməyəcək...

Sən heç şair sevdinmi?

 

***

 

Susub,

içimdəki Günəş də susub,

susur gözümdəki ümidin səsi..

 

Bir günəş axşamı,

günəş sabahı

tutub silkələsəm bu məmləkəti-

qar yağar səmadan,

qar çıxar yerdən,

hər tərəf qar kimi ağın yurdudu...

 

Mənə qar nə lazım,

Ağı sevmirəm.

Mənə qaranlıq bir guşə gərəkdi...

 

Mən qara torpaqlar,

qara mayelər,

qara sevdaların yurdundan gəldim,

Mən qara-adamam,

Mən qara adam.

Bir uzaq meşədə unudun məni,

şaxtadan ağarsın-əlim,

ayağım,

Bir az da qar sürtüm dodaqlarıma-

Olum qar-adam...

 

***

 

Sən bir yaz günəşi başımın üstə,

mənsə dağ başına sığınmış qaram...

Nə qədər isinsəm məhəbbətinə,

o qədər əriyib yoxa çıxaram..

 

Sonra dağ selisən, mənsə körpüyəm -

hücum çəkəcəksən dayaqlarıma...

Sən ki, bu körpüdən keçməyəcəksən,

özüm yıxılacam ayaqlarına...

 

Belə qucaqlaşdıq, biz iki düşmən:

nifrət və məhəbbət, barış və savaş..

Sən Günəşə döndün buxarlanaraq,

mən torpaq oluram, bax, yavaş-yavaş..

 

***

 

Altımız daş, üstümüz daş-

biz torpaq olacıq bir gün...

Dünya barverməz bir ağac-

biz yarpaq olacıq bir gün...

 

Sağımız yox, solumuz yox,

darımız yox, bolumuz yox,

əlimiz yox, qolumuz yox-

ölümün gözünə girən

barmaq olacıq bir gün...

 

Hamı kimi gəzir, kimi,

Hamı gəzir dəli kimi..

Kəfən qarmaq yemi kimi-

əynimizə geyinərək,

bir qara quyu dibində

biz qarmaq olacıq bir gün...

 

***

 

Səndən sonra həyat elə ömürdü,

yanıb-yanıb, közü sönmüş kömürdü.

Səndən sonra ürək daşdı, dəmirdi.

İsti-isti döy dəmiri, dəmirçim.

Damar-damar filizlənibdi içim.

 

Yum gözünü, çıx bir parka, bir otur.

Düşün-daşın, şəklimə bax, xəyal qur.

ömür gedir- itib gedir işıq, nur.

Sən sönürsən, mən sönürəm, gün batır.

Arzu yoxdu, ümid ölüb, bəxt yatır.

Varlığımda sən adında boşluq var.

Yollarımda sevda adlı daşlıq var.

Bu kitabda bircə sətir başlıq var.

 

- Mən bilirəm, bəs sən necə?

- De bilim.

- Mən sevirdim, sən sevmirdin, sevgilim...

 

***

 

Sən Günəşi görməmisən-

Səni görən görüb onu..

Göyü qübbə bilməmisən-

Səni sevən hörüb onu..

Sən heç zaman gülməmisən

Həsrətini çəkənlər var..

Sən sevgini bilməmisən-

Şah belini bükənlər var..

 

..Sən heç zülüm çəkməmisən -

Gözündə yaş görənlər var.

Sən bilmirsən ölüm nədi -

Sənsizlikdən ölənlər var.

Sənsizlikdə ölənlər var.

Sənsizlər var.

Var.

 

***

 

Su olub axmasa içinə sənin-

bu kəndin havası, suyu, torpağı,

Dəsmal yelləməsə köçünə sənin,

Payız küləyindən solmuş yarpağı-

o kənd sənin deyil,

unut o kəndi!

 

Baxmasa dalınca məzar daşları,

Baxıb soyuq-soyuq dayanmasalar...

O kəndin qızları sən gedən sabah,

Bir qəflət yuxudan oyanmasalar -

O kənd sənin deyil,

unut o kəndi...

 

Unut o küçəni, unut o yolu,

arxanca buludlar su atmasalar...

Qonşunun itləri ayaq səsinə

bütün yatanları oyatmasalar,

o kənd sənin deyil,

unut o kəndi...

 

Nə o ev sənindi,

nə o yol sənin...

Xəbərin yoxdu ki,

kəndsiz qalmısan..

İçini aparan bir sel önündə,

dayaqsız, körpüsüz,

                bəndsiz qalmısan-

o kənd sənin deyil,

unut o kəndi...

 

***

 

Gəl səninlə uzun gedək bu yolu

İçimizdə ölçülərin yarışı

Üzümüzdə gülümsəyən məhəbbət

 

Gəl səninlə uzun gedək bu yolu

Yol qırağı alma üzüm bağları

Yol qırağı içimizdən də xəlvət

 

Bir az uşaq, bir az qoca, bir az quş,

Bir az oyna, bir az ağla, bir az uç,

Gəl səninlə uzun gedək bu yolu

Külək gördün qollarını geniş aç...

 

***

 

Şirin yuxu deyildi bu...

Niyə yatdın,

Kimi gördün?

Bir böyük insan dənizi,

Orda batan gəmi gördün...

 

Çalxalandı durulmadı,

Bulanıq insan dənizi...

Çarpışmaqdan yorulmadı -

Batdı insanlıq gəmisi...

 

***

 

Ölüm durub gözümüzə,

rahat yarışa bilmirik...

Torpaq dəyib dizimizə-

göyə qarışa bilmirik...

 

İkicə nəfər olmuşuq

və cənnətdən qovulmuşuq...

Allah bağışlayıb bizi,

Bizsə barışa bilmirik...

 

Böyümüşük boy atmışıq,

Böyük dünya yaratmışıq,

Bu qədər qalxıb, ucalıb

bircə suala çatmışıq:

Ondan soruşa bilmirik...

 

***

 

Göstər - gözündəki o nə yağışdı.

Saxla - üzündəki bu nə küləkdi.

Möhkəm tut əlində o ümidi də,

silkələ zamanın vaxtsız qızını-

Sevdaymış adı.

 

Bu aprel sabahı gözünü açma,

unut keçənləri, gələnləri say,

bircə gözəl belə gözündən qaçmaz-

bilmirsən,bu hissin adı nədi ki?

Bilməsən yaxşıdı,

Sevdaymış adı.

 

Evinin yerini unudub bahar.

Bu bahar səninmi sinəndən gəlir?

Pis gözlər çıxardan uzun nizə tək

Sinən bu dünyanın bağrını dəlir-

Sus, ey bu dünyanın sinəsi qadın-

Sevdaymış adın.

 

***

 

Yuxu tutub gözlərimin yaşını.

Yuxu tutub səni sevən gözümü.

Gücüm çatmır qaldırım eşq daşını.

Əlim çatmır Aydan asım özümü.

 

Bağışladım məni atıb gedəni.

Alqışladım ayrılığın çıxışın.

Mən sevmədim məni məftun edəni.

Qabaqladım məni üzən baxışı.

 

Əllərimin sənə həsrət qabarı.

Elə bilmə bu sevgilin darıxmır.

Zaman qıymır mənə bu qış baharı.

Zaman tutub əllərimi buraxmır.

 

***

 

Düşüblər izimə məni gəzirlər,

İzimdə sən varsan,

                xəbərləri yox...

Vəsiyyət yazmışam, hey oxuyurlar,

Sözümdə sən varsan,

                xəbərləri yox...

Deyirlər, unudub, boş imiş vədi...

Bu da vəfasızmış, sevgisi yalan...

Deyirlər çörəyi dizi üstədi,

Dizimdə sən varsan, xəbərləri yox...

 

Məni Tanrılar da qarğayıb nədi?

Dualar getdiyi ünvana çatmaz,

Deyirlər, nə desək, gözü üstədi,

Gözümdə sən varsan, xəbərləri yox...

 

Yoxdu xəbərləri, onlar bilmirlər,

Kor olub gözləri, onlar bilmirlər...

300 il yaşayır, yenə ölmürlər,

Cüzi ömrüm vardı, onu yaşadım,

Cüzimdə sən vardın, xəbərləri yox...

 

 

Şairin ölümü

 

Kim unudub məni yol ayrıcında-

gəlsin qucaqlasın,

gəlsin aparsın…

 

Bu ömrü yolundan çıxarar qəza-

gəlsin qabaqlasın,

gəlsin saxlasın…

 

Mən ölümə gedən adamam, adam-

yadlara doğmayam,

doğmaya yadam…

 

Bir göyərçin gəlib, əlimə qonub

Əlimdə bir yuva salıb göyərçin,

Uçub getməyəcək, mənim olacaq,

Sevinib, əlimdə qalıb göyərçin,

 

yellədə bilmərəm əlimi daha-

əllərim göyərçin yuvalarıdı-

qatarlar aparsa əzizlərimi…

 

Üzündə əl izim qalıbsa, gülnar,

məndə əl qalmayıb,

sil izlərimi…

 

Bağışla ömrümü,

uzun gecədi-

Bir say ulduzları, bax gör neçədi?

Bildir Günəşimə, səs sal Ayıma,

Bir gecə qısqanıb məni dənizə

ölüm at ömrümə-

zəhər çayıma…

Mən o gün biləcəm-

O gəlib bizə…

Mən o gün dönəcəm düz kəndimizə…