Elektron ədəbiyyat və sənət portalı

Amerikaya ilk zənci nə zaman gəlib?

Bölmə: Elm 07.02.2017

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Şəhərlər necə yaranıb?

 

Biz şəhərləri sivilizasiyanın  bir hissəsi hesab edirik. Ən müxtəlif insanlar bir yerdə işləyib yaşamaq öyrənəndə, böyük şəhərlər əmələ gəlib. Şəhərlə qəsəbə, kənd arasındakı əsas fərq onların böyüklüyündədir. Şəhərlər əsasən, ən böyük yaşayış məskənləridir.

Demək olar ki, bütün şəhərlər əvvəlcə kənd olub. Kimsə ilk şəhərin harda yarandığını deyə bilməz. Onun əsasını ovçuluqla məşğul olan köçəri qəbilələr də qoya bilərdi. Yəqin ki, qədim ovçular elə bir yerə rast gəliblər ki, orada uzun müddət qalmaq onlara xoş olub. Bu, təxminən eramızdan əvvəl 6000-ci ilə, bəlkə, ondan da əvvəllərə təsadüf edib. Eramızdan əvvəl təqribən, 3000-ci ildə insanlar artıq iri şəhərlər salıb yaşayırdılar.

Hələ çox-çox qədim dövrlərdə insanlar fikir vermişdilər ki, tutduqları bəzi heyvanları əhliləşdirib daimi saxlayanda özlərini qida ilə daha asan təmin edə bilirlər. Onlar hər dəfə acanda meşələrin canına düşüb heyvan qovmaqdan təngə gəlmişdilər. Adamlar həm də bunu anlamışdılar ki, əgər bitkiləri özləri yetişdirsələr, daha çox məhsul toplaya biləcəklər. Bax, kənd təsərrüfatı da elə bu minvalla başlandı. Lakin eyni zamanda həm köçəri həyat sürmək, həm də torpağı əkib-becərmək mümkün deyildi. Məhsulu toplamaq üçün bir yerdə uzun müddət qalmaq lazım idi. Elə mal-qara sürülərini də hər dəfə özünlə aparmaq ağır iş idi. Qəbilələr bir yerdə qalmağa qərar verəndə, kəndlər, qəsəbələr yaranmağa başladı.

İlk kəndlərdən indiyə heç nə qalmayıb, çünki bu yaşayış məskənləri ağacdan, gildən, heyvan dərilərindən qurulmuş tikililərdən ibarət idi. Zaman keçdikcə, insan daha uzunömürlü materiallardan istifadə etməyi öyrəndi və kəndlər böyüyərək şəhərlərə çevrildi.

 

Alyaskanı kim kəşf edib?

 

Alyaskaya ağ adamlar gələndə, onlar görüblər ki, bu yerlərdə eskimoslar, aleutlar və hindular yaşayır. Alyaska dünyada ağ adamların kəşf etdiyi və kifayət qədər öyrəndiyi ən böyük ərazilərdəndir. XVIII əsrin əvvəllərində ruslar Sibirdən Sakit Okeana tərəf irəliləyirdilər. 1728-ci ildə rus hökümətinə qulluq edən danimarkalı səyyah Vitus Berinq Kamçatkadan yola düşərək Şərqə istiqamət götürür. O, Müqəddəs Lavrenti adası boyu üzür, amma Alyaskanın materik hissəsinə yetişə bilmir. 1741-ci ildə Berinq iki kiçik gəmidə özünün ikinci ekspedisiyasını təşkil edir.

O, bu gəmilərdən birinin – “Müqəddəs Pyotr” gəmisinin kapitanı idi. İkinci gəmi – “Müqəddəs Pavel” isə Aleksey Çirikovun idarəsi altında idi. Gəmilər qasırğada bir-birindən ayrı düşür, amma onların hər ikisi Alyaskaya çatır.

Sonrakı iki yüzillik ərzində rus ovçuları Alyaska sularında xəz əldə etmək üçün müntəzəm ov edirdilər. Bu məqsədlə onlar Alyaskada çoxlu yaşayış məskənləri salırlar və ruslar tərəfindən salınmış bu kiçik şəhərlərdə hələ də rus kilsələri durur və o yerlərdə yaşayan çoxsaylı rus icmaları bu gün də var. Həmin şəhərləri hindular və aleutlar rus missionerlərinin rəhbərliyi altında inşa edirdi. Sonralar həmin ərazilərə İspaniya, Fransa və Böyük Britaniya dənizçiləri gəlib çıxsa da, Alyaska rəsmən rus torpaqları kimi tanınırdı. Ruslar ordan əldə etdikləri xəzi bütün Avropa paytaxtlarına daşıyıb satırdı. Lakin heyvanların sürətlə qırılması nəticəsində xəzin sayı kəskin şəkildə azalmağa başlayır və 1820-ci illərdən etibarən ruslar Alyaskanı tərk etməyə başlayırlar.

Rus çarı II Aleksandr Alyaskanı əlində saxlamağa o qədər də səy göstərmirdi. ABŞ Prezidenti Linkolnun dövründə dövlət katibi olmuş Uilyam H.Süard isə öz hökumətini Alyaskanın böyük gələcəyi olduğuna inandıra bilmişdi. Beləliklə, 1867-ci ildə Alyaska ərazisi  Birləşmiş Ştatlara 7 milyon 200 min dollara satıldı. Başqa sözlə desək, bu torpaqların bir akrına təxminən iki sentdən də az düşdü! Bu qəribə müamilənin baştutma səbəbləri haqda müxtəlif versiyalar var. Onların birincisinə görə Rusiya getdikcə qüdrətlənən Birləşmiş Ştatların simasında özünün Böyük Britaniya ilə rəqabətində strateji müttəfiq tapmaq istəyirdi. Tarixçilərin başqa bir qismi isə bu satışın səbəbini onda görürdü ki, Rusiyanın Krım uğrunda Osmanlı, Britaniya, Fransa imperiyaları və Sardiniya krallığı ilə apararaq udduğu ağır müharibənin (1853-1856) dövlət xəzinəsini tam tükəndirdiyindən və Krımda möhkəmlənmək üçün külli miqdarda vəsait tələb olunduğundan və zəifləmiş Rusiyanın çarı Alyaskanı Amerikadan qoruya bilməyəcəyini anladığından Krımı bir daha itirməmək, Qara dənizdə möhkəmlənmək üçün həmin ərazinin  satışına üstünlük vermişdi.

Bu gün Alyaska Birləşmiş Ştatların sadəcə 49-cu ştatı deyil, həm də böyük strateji əhəmiyyət kəsb edən bir ərazisidir və onun dəyərini dollarla ölçmək mümkün deyil!

 

Amerikaya ilk zənci nə zaman gəlib?

 

Yəqin, bilirsiniz ki, yeganə yerli və əsl amerikalılar yalnız hindulardır. Bütün qalan əhalinin əcdadları o yerlərə tamam başqa diyarlardan gəliblər. Zəncilər də Amerikaya başqa ölkələrdən gəlib. Amma, yəqin, çoxunuz bilmirsiniz ki, ilk zəncilər də ora ağdərili adamlarla eyni anda gəlib. Onlar ispanlarla, fransızlarla, portuqallarla birlikdə tədqiqatçı, yaxud səyyah kimi gəlirdilər. Sakit okeanı kəşf edən Balboanın da, Meksikanı fəth edən Kortesin də yanında zəncilər vardı. Yeni Dünyada məhz zəncilər ilk dəfə taxıl yetişdirməyə başladılar.

Lakin daha sonralar zəncilər Yeni Dünyaya tamam başqa qiyafədə - artıq bir qul kimi gətirilirdilər. 1619-cu ildə Virciniyanın Ceymstaun limanına bir holland gəmisi 20 zənci gətirmişdi. Gəminin kapitanı onları satdı ki, geri qayıtmaq üçün komandasına ərzaq ala bilsin. O zamanlar Amerikaya müqavilə əsasında “qul” kimi xeyli ağdərili də gəlirdi.

Söhbət öz əməyini müəyyən bir müddətə satmaqdan gedir. Lakin Avropadan gələn ağların arası kəsildikcə, gətirilən zəncilərin sayı artırdı. Bu proses 1688-ci ildə başlandı və 1715-ci ildə artıq Amerikada 58 min qaradərili qul vardı. 1775-ci ildə onların sayı 500 min nəfərə çatdı. 1807-ci ildə prezident Tomas Ceffersonun xahişi ilə Konqress daha ölkəyə qulların gətirilməməsi üçün səs verdi. Lakin qul ticarəti bu qadağaya rəğmən davam edirdi. 1860-cı ildə, ölkədə Vətəndaş müharibəsi ərəfəsində Birləşmiş Ştatlarda artıq 4 400 000 zənci vardı.

 

Havay adaları necə əmələ gəlib?

 

Havay Birləşmiş Ştatların tərkibində ən gənc ştatdır. O, Sakit okeanda, Kaliforniyadan təxminən 2400 mil cənub-qərbdə yerləşən adalar qrupundan ibarətdir. Ştata səkkiz iri və çoxlu xırda ada daxildir və onun ərazisi təxminən 6420 kvadrat mil təşkil edir. Havay əfsanələrinin birində deyilir ki, bir zamanlar Pele adlı vulkanlar ilahəsi olub və adaları da elə o yaradıb. O elə indi də hərdənbir adalardakı vulkan kraterlərinə qayıdır və bu zaman vulkanlar da aktivləşərək püskürməyə başlayır. Maraqlıdır ki, Havay adaları, həqiqətən də, okeanın dibindən qalxan nəhəng vulkanların zirvələridir. Məsələn, bütün qalan adalardan iki dəfə böyük olan Havayi adası (“Böyük Ada”) püskürtüləri üst-üstə qalaqlanan beş vulkandan yaranıb. Onlardan ikisi hələ də aktiv olduğundan adanın formalaşması prosesi bu gün də davam edir.

Bu vulkanlardan biri – Mauna-Loa neçə ildə bir dəfə püskürür. 1950-ci ildə onun püskürməsi 23 gün sürmüş və bütün lava dənizə axmışdı. Bunun nəticəsində su möhkəm isinmiş, nə qədər canlı tələf olmuşdu.

İkinci vulkan – Mauna-Kea isə yatıb. O, Sakit okeanın ən yüksək dağıdır. Vulkan dəniz səthindən 4200 metr yüksəkdədir, dibi isə daha 5840 metr dərinlikdədir. Əgər suyun altındakı təməlindən saysaq, bu vulkan yer üzünün ən hündür dağı olardı.

Maui adasında daha bir vulkan var – Haleakala. Onun hündürlüyü 3055 metrdir. Bu dünyada sönmüş vulkanların ən hündürü sayılır. Kraterinin diametri 20 mil, dərinliyi 830 metrdir.

 

London Taueri nə vaxt inşa edilib?

 

Londonda bir əlamətdar məkan var ki, bu şəhərə gələnlərin hamısı onu görmək istəyir. Bu Tauerdir. Adama elə gəlir ki, bu əzəmətli tikilinin hər daşında bu ölkənin tarixi və qüdrəti yatır.

İndiki Tauerin yerində bir zamanlar brittlərin, sonra romalıların və bəlkə də, saksların qalası var idi. Görünür, müasir Tauerin ən qədim hissəsinin – Ağ Tauerin inşasına hələ Fateh Vilhelm zamanında başlanıb. Qalan tikililərin əsas hissəsini isə III Henrix dövründə (1216-1272) ucaldıb. Fateh Vilhelm Taueri London əhalisini qorxutmaq məqsədiylə tikirdi, lakin bu qaladan, əsasən müdafiə qurğusu kimi deyil, həbsxana kimi istifadə olunurdu.

London Taueri indi də bir cəbbəxana kimi fəaliyyət göstərir. Lakin İkinci Dünya müharibəsi zamanında bura yenə həbsxana olmuşdu. Tauer Londonun köhnə hissəsində yerləşir və 5 hektarlıq bir ərazini tutur. Qala divarı bir zamanlar içi su ilə dolu olmuş dərin yarğanla əhatə edilib. Bu yarğanın suyunu 1843-cü ildə qurutdular. Tauerdə hərbi qarnizonun yerləşməsinə baxmayaraq, bura gələn turistləri daha çox “bifiter” (“ətyeyən”) adlanan şəxslər maraqlandırır. Bifiterlər Tauerin qarovulunu çəkmək üçün məxsusi olaraq seçilmiş 40 nəfərlik bir dəstədir. Onların xüsusi geyimi də var. Həmin geyim ya VIII Henrix, ya da VI Eduard dövrünə aiddir. Qarovul dəstəsinə bu qəribə adı isə ona görə veriblər ki, qədim zamanlarda bu şəxslərin daha güclü və qəddar olması üçün onlara hər gün külli miqdarda ət yedirirmişlər.

 

Plastması kim kəşf edib?

 

“Plastmas” sözü “formasını dəyişə bilən plastik kütlə” mənasını daşıyır.

Qızdırılmış plastmas plastilinə oxşayır və ondan plastmas soyuyarkən öz formasını saxlayan cürbəcür əşyalar düzəltmək mümkündür. Plastmas düzəldərkən kimyaçılar molekullardan başlayırlar. Müəyyən maddələrin molekullarını zəncir kimi bir-birinə birləşməyə məcbur edirlər və onlar artıq adi molekullardan fərqlənməyə başlayır və tamam başqa xassələrə malik olurlar. Molekulların belə zəncirlərdə birləşməsi prosesinə polimerləşdirmə deyirlər.

Polimerləşdirmə vasitəsiylə ondan yeni materiallar hazırlanır. Polimer tikələri toz şəklində üyüdülür, ya da onlar çox kiçik parçalar şəklində xırdalanır. Onların üzərinə rəng, habelə elastiklik verən maddələr qatılır. Hələ 125 il qabaq kimyaçılar artıq plastması tanıyır və onunla işləyirdilər. Vinil 1838, stirol - 1839, akril – 1843, poliester isə - 1847-ci ildə əldə olunub. Lakin o zamanlar hələ sintetik materiallara o qədər də ehtiyac duyulmurdu, çünki ağac, metallar, rezin, dəri və fil dişi kimi materiallar hələ bol idi. İlk əvvəl fil dişi tükəndi və bu materialın əvəzedicisini tapan şəxsə mükafat da vəd olundu.

Bu problem üzərində çalışarkən Con Hayt və onun qardaşı İsayya Hayt 1870-ci ildə patentləşdirdikləri sellüloidi aldılar. Sellüloidin bir çox çatışmazlıqları var, lakin onun kəşfi qalan kimyaçıları da bu sahədə işləri canlandırmağa sövq etdi.

1907-ci ildə Leo Bekelend fenol plasmasını hazırladı və bu material kütləvi şəkildə istehsal olunan ilk sintetik maddə kimi tanındı.