Elektron ədəbiyyat və sənət portalı

İlham Əliyev Almaniyanın və Belçikanın yeni səfirlərini qəbul edib

Bölmə: Beynəlxalq 19.08.2016

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin çox uğurla inkişaf etdiyini vurğuladı. Bu ilin iyununda Almaniyaya uğurlu səfərini və eləcə də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə Varşavadakı görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın çox fəal mərhələdə olduğunu dedi. İqtisadi sahədə böyük qarşılıqlı marağın olduğunu deyən dövlətimizin başçısı bunun Berlində keçirilən biznes forum zamanı şahidi olduğunu qeyd etdi. Almaniyanın çoxlu şirkətlərinin ölkəmizdəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev ölkəmizin alman şirkətlərinin Azərbaycanda təkcə kontraktor kimi deyil, eləcə də investor kimi çalışmalarında maraqlı olduğunu bildirdi. Azərbaycanla Almaniya arasında qarşılıqlı inam və etimada əsaslanan siyasi dialoqun davam etdirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı enerji, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə minnətdarlığını bildirən Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı Almaniyanın Kansleri Angela Merkeldən və xarici işlər naziri Frank-Valter Ştaynmayerdən aydın göstərişlər aldığını bildirdi. O, Angela Merkelin və Frank-Valter Ştaynmayerin sabit və inkişaf edən tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini qeyd etdi. Səfir son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğuladı. Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında enerji, təhlükəsizlik, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edildi.

***

Prezident İlham Əliyev Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufsun etimadnaməsini qəbul edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı bu əlaqələrin razılıq doğurduğunu bildirdi. Ölkələrimiz arasında ticarət, sərmayələr, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı. Belçika şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan dövlətimizin başçısı xüsusən tikinti sahəsində bu şirkətlərin uğurlu təcrübəsini qeyd etdi. Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Bert Skufs hələ 2012-ci ildə Azərbaycanda olduğunu, ölkəmizin və Bakının gözəlliyinin, həmçinin xalqımızın səmimiliyinin onu valeh etdiyini dedi. Belçika şirkətlərinin Azərbaycanda tikinti sahəsi ilə yanaşı, logistika, əczaçılıq, tibb, texnologiyalar və digər sahələrdə fəaliyyət göstərdiklərini qeyd edən səfir Bert Skufs ölkəsinin iş adamlarının Azərbaycan şirkətləri ilə işləməyə hər zaman açıq olduqlarını bildirdi. Fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında yaxşı münasibətləri davam etdirmək olacağını vurğulayan səfir hər iki ölkənin maraqları daxilində iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istiqamətində də səylərini əsirgəməyəcəyini qeyd etdi.