Elektron ədəbiyyat və sənət portalı

İlk tüfənglər necə olub?

Bölmə: Elm 12.08.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

İlk tüfənglər necə olub?

 

Atıcı silahların ilk nümunələri on dördüncü əsrdə yaranıb. Onlara “əl topu” deyirdilər. Bu silahların arxa tərəfdən qapalı mis, dəmir boruları (lülələri) vardı. Həmin lülələrin qundağa yaxın tərəfindən kiçik deşik açılırdı – bu deşikdən barıtı yandırırdılar. Qundağın içərisində yataq qoyulan çökəklik olurdu. Tüfəngin atəş açmasına səbəb olan mexanizmə isə kilid deyirdilər.

Təxminən, 1425-ci ildə həmin yatağa ikibaşlı bir dəmir yerləşdirdilər. Bu dəmirlər yanan fitili saxlamaq üçün idi. Bu qurğunun köməyiylə fitil barıtı alışdırırdı. Bu üsulla atəş açan tüfənglərə muşket deyirdilər. Növbəti təkmilləşdirmə qundağın formasının dəyişməsi oldu. Qundaq qısaldı, onun yan tərəfi çəpinə yonuldu və bu da atıcıya qundağı yanağına söykəyib silahın lüləsi boyu baxaraq, nişan almaq imkanı verdi.

Təxminən, 1515-ci ildə təkərli kilid ixtira edildi. Üzərində qaba çapıqlar olan təkər çaxmaqdaşından qığılcım qoparırdı. Nəticədə bu qığılcım lülənin içindəki barıtla əlaqəli olan az miqdarda barıtı alışdırırdı. XVII əsrin axırlarına doğru çaxmaqlı tüfənflər təkmilləşməsinin son həddinə çatdı. Lakin bütün sonrakı modellərin də iş prinsipi eyni idi və onlardan düz 1840-cı ilədək istifadə olundu.

1807-ci ildə “zərbə” sistemi ixtira edildi. Bu sistemin mənası bu idi ki, barıt çaxmaqdaşı vasitəsiylə yox, içində detonasiya edən maddə olan kapsul vasitəsiylə alışdırılırdı. Həmin kapsulun detonasiyasına isə çaxmağın çəkici ilə vurulan zərbə səbəb olurdu.

 

İlk bayraqlar nə vaxt yaranıb?

 

Bayraq nədir? Bayraq parçadan düzəlmiş rəmz, yaxud nişandır. Onu uca tutub əldə gəzdirmək olar, onu yelləmək olar, hündür bir yerdən asanda küləyin altında əzəmətlə dalğalana bilər. Belə qəbul olunub ki, əlində hansısa bayrağı gəzdirən, onu hardansa asan insanlar bu yolla özlərinin müəyyən təşkilata, yaxud ölkəyə mənsub olduqlarını nümayiş etdirirlər. Bayraq ideyası ilk dəfə, yəqin ki, min illər bundan qabaq, qədim ovçular və döyüşçülər arasında yaranıb. Onlar elə bir nişan düzəltmək istəyiblər ki, onu həm dostları tanısın, həm düşmənləri. Ona görə də ilk bayraqlar görünür ya heyvan dərilərindən, ya quş lələklərindən olub.

Qədim Misirdə döyüşçülər ucuna hansısa quşun, heyvanın, ya da bir əşyanın təsviri sancılmış uzun cidalar gəzdirirdilər. Parçadan düzəlmiş ilk bayraqlar isə ya çinlilərdə, ya da hindistanlılarda olub. Belə hesab olunur ki, çinlilərin bayrağı eramızdan əvvəl 1100-cü ildə artıq varmış. Roma əsgərləri də ilk dövrdə cidanın başında heyvan, quş təsvirlərindən istifadə edirmişlər. Amma sonralar onlar da bu məqsədlə parçadan istifadə etməyə başlayıblar.

Orta əsrlər ərzində bayraqlar tədricən Avropada da yayılır. Dini müharibələrdə səlibçilərin öz bayraqları vardı. Kral ailələri, tanınmış zadəgan nəsilləri özləri üçün nəsildən-nəslə keçən bayraqlar yaradırdılar. Bu bayraqlarda nəslin fərqli cəhətləri vurğulanırdı. Ən qədim dövlət bayrağı isə, yəqin ki, Danimarkanın bayrağıdır – qırmızı fonda ağ xaç. Rəvayətə görə bu bayraq ilk dəfə 1219-cu ildə görünüb.

 

Sancaqlar necə yaranıb?

 

Əgər biz adi sancağın hansı məqamlarda kara gəldiyini yadımıza salsaq, insanların bir zamanlar bu vacib əşya olmadan necə dolandıqlarına təəccüb qalarıq. Bu, yaxud başqa şəkilli, müxtəlif materiallardan olan sancaqlardan insanlar lap qədim zamanlardan istifadə edirlər.

Sancağın ən qədim növü çox güman ki, bitkilərin tikanı olub. Təsadüfi deyil ki, bəzi dillərdə “sancaq” sözünün mənşəyi latın dilindən gəlir və mənası da elə “tikan” deməkdir. Daha sonralar sancağı heyvanların, balıqların sümüklərindən düzəltməyə başladılar.

Neolit dövründə sancaqlar artıq bürüncdən düzəlirdi. Sizə, bəlkə də, maraqlı gələcək, amma indikilərə bənzəyən təhlükəsiz sancaqlar (onlara ingilis sancağı da deyirlər) çox güman ki, Avropa ərazisində tunc dövrünün sonlarında, yəni eramızdan əvvəl təxminən 1000-ci illərdən başlayaraq istifadə olunub. Onu bürüncdən düzəldirdilər və bu xırda sancağın iti ucu indikilər kimi, başlığın içinə girdiyindən daha heç bir şeyə ilişə bilmirdi. Avropada qədim zamanlarda sancaqdan daha çox bəzək əşyası kimi istifadə olunurdu. Amma bizim sancaqların eynisi olan sancaqları təxminən XV əsrin axırlarından istehsal edirlər. O zamanlar sancaqlar qiymətli əşya hesab olunurdu və sancaq dəsti böyük hədiyyə sayılırdı.

Bəzən sancaq yerinə kiməsə sancaq dəsti almağa imkan verən qədər pul da hədiyyə edirdilər. İngilis dilində bu ənənəni xatırladan ifadə də var: “sancaqpulu”.

Müasir növ sancaqları fransızlar düzəldirdi və onu İngiltərəyə də fransızlar satırdı. Amma tezliklə, Böyük Britaniyada da əla sancaqlar düzəltməyi öyrəndilər. 1775-ci ildə isə Şimali Amerika müstəmləkələrinin Qitələrarası Konqresi İngiltərədən idxal edilən sancaqlar qədər keyfiyyətli sancaqların ilk 300 nümunəsini düzəldə bilən sənətkarlar üçün mükafat elan etdi və Amerikada sancaq problemi öz həllini tapdı!

 

İlk iynəni kim düzəldib?

 

Məlum olduğu kimi, iynə bir başı iti, digərində isə sap keçirmək üçün deşik olan çox xırda bir alətdir. İnsan iynəni o qədər qədim zamanlarda düşünüb ki, bunun nə vaxt baş verdiyini söyləmək mümkün deyil. Bilirik ki, ilk iynələr fil dişindən, bürüncdən, yaxud heyvan buynuzlarından düzəldilirdi. Onların bəziləri daha çox çəkməçilərin istifadə etdiyi bizi xatırladırdı, çünki deşikləri yox idi.

Ondan müxtəlif materiallarda deşik açmaq üçün istifadə edirdilər. Arxeoloqlar daş dövrünə aid təbəqələrdən kifayət qədər ustalıqla işlənmiş iynələr tapıblar. Minilliklər ərzində həmin o sap üçün deşiyi olan sümük iynələrdən, ən inkişaf etmiş xalqlar belə davamlı şəkildə istifadə ediblər.

Qədim Misir dövründən qalan xarabalıqlarda, hətta daş iynələr də tapılıb. Romalılar isə artıq bürünc və dəmir iynələrdən istifadə edirdilər. Pompey şəhərindəki qazıntılar zamanı çoxlu keyfiyyətli iynə aşkarlanıb. Müasir iynələrə bənzəyən polad iynələri ilk dəfə çinlilər düzəldib. Avropaya onları həbəşlər orta əsrlərdə gətirib. Avropada ilk iynələri isə Almaniyanın Nürnberq şəhərində XIV əsrdə düzəldiblər.

Kraliça I Yelizavetanın zamanında alman Elias Qrouze ingilislərə poladdan iynə düzəltmək öyrətdi. İndi bu İngiltərə sənayesinin çox mühüm bir sahəsidir – ingilislər fransızlarla bir yerdə uzun müddət dünyanın əsas iynə istehsalçısı olublar. Tikiş iynələrinin hazırlanması prosesinin tamamilə avtomatlaşdırılmasına baxmayaraq, onların istehsalı hələ də mürəkkəb proses sayılır. Bir iynə hazır olanadək, 20 nəfərdən artıq işçinin əlindən keçir!

 

İnsan çarpayını nə vaxt düzəltməyə başlayıb?

 

İlk çarpayının nə vaxt düzəldiyini bilən yoxdur. “Çarpayı” deyəndə, biz üzərində yatdığımız mebel əşyasını nəzərdə tuturuq. Artıq assuriyalılarda, midiyalılarda və farslarda çox mürəkkəb çarpayılar vardı. Onları daşdan, ağacdan, yaxud metaldan düzəldir, çox vaxt üzərinə bəzək-düzək vururdular.

Qədim misirlilər taxta çarpayılarda yatırdılar. Bu çarpayıların karkası müasir çarpayılarınkına bənzəyirdi. Yunanların çarpayısı isə ağac karkas və hündür söykənəcəkdən ibarət olurdu. Bu çarpayıların üstünə köndələn qayışlar bərkidilir və üzərinə heyvan dəriləri atılırdı. Sonralar bu çarpayılar çox mürəkkəbləşdi, bərli-bəzəkli oldu. Çarpayını bahalı ağac növləri ilə işləyir, yaxud büsbütün fil dişindən düzəldərək ona gümüş ayaqlar qoyurdular. Bürünc çarpayılar da olurdu.

Romalıların çarpayısı isə o qədər hündür olurdu ki, yatmaq üçün ona dırmananda mütləq pillələrdən istifadə etmək lazım gəlirdi. Yəqin, ikiyerlik çarpayılar düzəltmək də ilk dəfə romalıların ağlına gəlib. Bu çox bəzəkli çarpayıların üstündə bahalı parçalardan miçətkən olurdu. Roma imperatorlarından birinin çarpayısı isə başdan-ayağa gümüşdən idi!

Orta əsrlərdə Avropada adamların çoxu elə yerdəcə cürbəcür həsirlərin üstündə, yaxud divara bağlanan skamyalarda yatırdılar. Avropalılar həm də içi tüklə, yunla dolu döşəklərdən istifadə edir, üstlərini heyvan dəriləriylə örtürdülər. Lakin XIII əsrə yaxın çarpayılar daha dəbdəbəli olmağa başladı. Onların karkasını ağacdan düzəldir, üzərinə rəngli naxışlar vururdular. Daha sonralar tavandan asılan, divarlara bərkidilən çarpayılar da yarandı və tezliklə çarpayı evin ən mühüm əşyasına çevrildi.

 

İlk mebel nə vaxt yaranıb?

 

Mebelə aid əşyalar adamların oturduğu, yatdığı, yaxud üstündə oturub yemək yediyi əşyalardır. Ona görə də ibtidai insanların mağarasında olan, onun üzərində yatdığı heyvan dərisinə də müəyyən anlamda mebel demək olar. İnsan özünün ilk və çox kobud yeşiyini düzəldib içində sümük əmək alətlərini saxlamağa başlayanda, əslində ilk şkafı düzəltmiş oldu.

Müasir mənada mebel haqqında ilk informasiyanı biz qədim Misir tarixindən alırıq. Azı 4000 il qabaq misirlilər artıq stul, masa, kətil və sandıqlardan istifadə edirdilər. Onların düzəltdiyi bəzi kresloların hündür söykənəcəyi və qoltuqaltıları vardı. Mebellərin zəngin bəzək-düzəyi vardı, onlar heyvanların oyma təsvirləri ilə bəzənmişdi. Amma misirlilərin sadə dördkünc kətilləri də vardı. Bu kətillərin ayaqları indiki turist kətillərinki kimi qatlanırdı. Misirlilərin çarpayısı isə sadəcə çox alçaq dördkünc çərçivədən ibarət idi. Onlar balışlardan istifadə etmir, başlarının altına ya ağacdan, ya da fil dişindən düzələn mütəkkəyə bənzər, amma sərt əşyalar qoyurdular.

Babillilərin və assuriyalıların da mebeli kifayət qədər mürəkkəb idi. Hökmdarlar və onların xanımları çox hündür taxtlarda dincəlir, ya da hündür kreslolarda otururdular. Yemək masaları da oturacaqlara uyğun olaraq çox hündür idi. Yunanların məişəti isə kifayət qədər sadə idi. Onların evlərində yalnız taxt, yüngül stullar və yemək masaları olurdu. Yemək zamanı kişilər alçaq taxtlarda dirsəklənir, qadınlar isə stulda otururdular. Onların çarpayıları, yaxud taxtları eynən misirlilərinkinə bənzəyirdi.

Romalılar da mebelə münasibətdə yunanların yanaşmasını götürmüşdülər. Lakin onlar öz evlərini cürbəcür əşyalarla bəzəyirdilər və ona görə də böyük şkaflara ehtiyacları olurdu. Elə şkafı da ilk dəfə romalılar fikirləşdilər və onun içinə artıq əşyalarını yığmağa başladılar. Romalılar həm də oyma, rəngbərəng işləmələri olan sandıqlardan istifadə edirdilər. Onların masaları da adi olmurdu. Masalar metaldan, fil dişindən və bəzəkli daşlardan işləmələrlə zəngin idi.

 

İlk ümumdünya sərgisi nə vaxt olub?

 

Yarmarkalar hələ lap qədim zamanlardan alver üçün nəzərdə tutulan ən populyar üsul olub. Amma sərgilərin məqsədi tamam başqadır. Onlar ayrı-ayrı ölkələrin müəyyən bir müddət ərzində sənaye, incəsənət sahəsində uğurlarını nümayiş etdirmək üçündür.

İlk sərgi, yaxud “ümumdünya sərgisi” 1851-ci ildə London Hayd-Parkındakı Sənaye sərgisi olub. Sərginin bütün ekspozisiyası cəmi bir binada, Büllur Sarayda yerləşirdi. Bu bina nəhəng bir istixananı xatırladırdı və bütövlüklə şüşə və metaldan inşa edilmişdi. 1936-cı ilin məşhur yanğınında həmin tarixi bina da büsbütün məhv oldu.

Amerikadakı ilk beynəlxalq sərgi isə 1853-cü ildə Nyu-York şəhərində baş tutdu. Sərginin işində dünyanın 23 ölkəsindən gəlmiş 5000-dən artıq adamın iştirakına baxmayaraq, bu tədbir böyük uğur qazana bilmədi.

Birləşmiş Ştatlarda ilk iri sərgi 1876-cı ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində İstiqlal Bəyannaməsinin yüz illiyi münasibətiylə təşkil edildi. İlk dəfə bu sərgidə minlərlə adam ölkə sənayesinin istehsalı ilə tanış oldu. Aleksandr Qrem Bell də özünün telefon aparatını elə həmin sərgidə təqdim etdi.

Digər məşhur sərgilərdən 1900-сü ildə keçirilən, Eyfel qülləsinin açılışı ilə yadda qalmış Paris sərgisini, 1951-ci ildə keçirilmiş “Britaniya festivalını”, Kanadadakı “Ekspo-67” sərgisini xatırlatmaq olar.