Elektron ədəbiyyat və sənət portalı

Uşaq əməyi: düşünməyə dəyər!

Bölmə: «Aydın Yol»çular 12.08.2016

...Yayın qızmar günəşindən can qurtararaq, azacıq sərinləmək arzusunda olan əhali həmişəki kimi Abşeron çimərliklərinə üz tutub. Novxanı çimərliyində də bazar günü qələbəlikdir. Kimisi Xəzərin lacivərd sularında üzməyə, kimisi günəş vannası qəbul etməyə, kimisi isə çətirlərin kölgəsində dincəlməyə üstünlük verir. Çiynində ağır torba daşıyan uşaqlar isə çimərlikdə ucadan müştəri səsləyir.

- İsti qarğıdalı, qaynar qarğıdalı!

- İsti qutab. Ət, göy qutabı! Ucuz peraşki!

- Siqaret! Qutu ilə, dənə-dənə, alışqan!

Böyüklərin istirahət məkanlarında qanunsuz ticarətinə çoxdan alışsaq da, uşaqların günün altında tər-su içində alver etməsi çox acınacaqlı mənzərədir. Onlar səhərdən-axşamadək çimərlikdə vurnuxur,  adamları narahat edir, ərzaq və xırdavat mallarını israrla sırımağa çalışır, sövdələşmə baş tutmayanda isə, hətta sədəqə istəməkdən çəkinmirlər.

Başqa bir dəstə isə arxasında iri kisələrlə gəzərək boşalmış içki şüşələrini toplayır. Obyekt sahibləri çağırılmamış bu üzlü qonaqları nə qədər qovmağa çalışsa da heç nə alınmır, bir anın içində gözdən itən balaca “tacirlər” yenə çimərlikdə peyda olurlar.

Siqaret satan oğlanı işarə ilə çağırıram. Bunu görən digər balaca satıcılar da axışıb yanıma gəlir. Oğlan yaxasından asdığı qutunun qapağını qaldırıb siqaretləri göstərir.

- Əmi, hansından verim?

Əl-ayağı çirkli, üst-başı da səliqəsizdir.

- Atan var?

- Yox, xəstəlikdən ölüb, anam, bir də böyük bacımla yaşayıram.

- Bəs adın nədi?

- Rasim.

Məlum olur ki, Rasim Novxanı çimərliyi yaxınlığındakı pansionatda məskunlaşıb.       

- Rasim, neçə yaşın var?

- 11 olacaq.

- Maşallah, artıq böyük oğlansan. Bəs burda siqaret satmağa səni kim məcbur edir?

- Heç, bir nəfər tapşırıb...

- Dostum, ancaq bilməlisən ki, sən yaşda  uşaqlara işləmək, xüsusən də siqaret satmaq olmaz. Buna görə polis səni saxlaya bilər.

Rasimin isti qarğıdalı satan dostu cəld söhbətə qoşulur:

- Polis neçə dəfə dalımızca düşüb, bizi qovub, ancaq çata bilməyib. Rasim aramızda hamıdan bərk qaçır.

- Hə! Elə qaçıram ki... Böyüyəndə idmançı olmaq istəyirəm.

- Dostum, yaxşı idmançı olmaq, gələcəkdə layiqli vətəndaş adını daşımaq üçün həm yaxşı oxumaq, həm də yaşadığın ölkənin qanunlarına riayət eləmək lazımdır. Sən isə indidən qanunu pozursan...

Uşaqlar heç nə deməyib getdilər. Əlbəttə, mənim bir sözümlə onların bu işdən uzaqlaşacağına inanmaq çətindir. Ancaq az keçmiş orta yaşlı bir adam mənə yaxınlaşıb uşaqlarla hər hansı problemin olub-olmamasını soruşdu. Üstəlik deyindi ki, bu balacalar ağıllarına gələni danışırlar. Anladım ki, bu elə uşaqların əməyini istismar edən, onları qanunsuz siqaret və digər mallar satdıran adamdır. Sözündən belə çıxdı ki, o, bu uşaqları işlətməklə onlara guya yaxşılıq eləyir, küçələrdə veyillənməyə  qoymur, pul, çörək verir və üstəlik, bu adam mənim kimi “demoqoq”lardan  da qorxmur, çünki güclü arxası var...

Həmin şəxsə bildirmək istərdim ki, qanunsuz əməllərin üstü gec-tez açılacaq. Günahsız uşaqları qorxutmaq, yaxud əyri yollara şirnikləndirmək Allah qarşısında ən böyük günahlardandır. Bu körpələrin taleyi sizi narahat etmirmi? Kitab oxumayan, kinoya baxmayan, faydalı işlərlə məşğul olmayan azyaşlı böyüyəndə cəmiyyətdə layiqli yer tuta bilərmi? Əsla! Sonra da cəmiyyət onları islah edib düz yola qaytarmaq üçün milyonlarla vəsait və böyük zəhmət sərf edəcək. Amma bir məsələ də var:  bu gün həyatını və mənəviyyatını korlamağa çalışdığınız bu uşaqlar sabah sizi əfv edəcəkmi?