Elektron ədəbiyyat və sənət portalı

Kraliça Nur

Bölmə: Tarix 12.08.2016

Həyat çox qəribədir. Sabah başına nə gələcəyini əsla bilmirsən. Taleyin çərxi-fələyi elə sürətlə fırlanır ki...Sən saydığını say, bir gün gözünü açıb görürsən ki, hər şey inanılmaz dərəcədə dəyişib, sanki yuxudan ayılmısan. Düşünürsən: axı belə olmamalı idi! Mən tam fərqli şeylər planlaşdırmışdım. Sonra anlayırsan ki, həyat və planlar həmişə tərs mütənasibdir, təzadlarla doludur...

Bu axşam Əmmandan Avropanın göbəyinə - Vyanaya uçub gəlmiş, bütün dünyanın həsəd apardığı və diqqət mərkəzində olan kraliça Nur yenə də tale kələfinin ucunu yığıb-yığışdıra bilmir. 1991-ci ilin 12 yanvar gecəsi Vyana soyuğa qərq olub, elə onun da kövrək qəlbindən sırsıralar sallanır. Bilir ki, hər dəqiqənin öz hökmü var. Körfəz müharibəsi ilə əlaqədar həyat yoldaşı kral Abdullanın başı üzərini qara buludlar alıb. Elə özü də son günlər çox dalğın görünür...

Amma ailəsinin nəvazişlə “Liz” çağırdığı bu qadın taleyin ona bəxş elədiyi payı böyük minnətdarlıqla qəbul etmişdi. Atası Nəcib Hələbi əslən Suriyadan idi, anası isə İsveçdən ABŞ-a köçmüş mühacir ailəsində böyümüşdü. Nəcib uzun müddət “Pan Amerikan World Airway” şirkətinin prezidenti olduğu üçün Liz, bacısı və qardaşı ehtiyacın nə olduğunu bilməmişdilər. Ailə yay və qış tətillərini bir qayda olaraq İsveçrə və Avstriyada keçirirdi.

Necə oldusa, günlərin bir günü Lizin memarlığa marağı söndü. O, Nyu-Yorkdakı Kolumbiya Universitetində jurnalistika ixtisası üzrə aspiranturaya hazırlaşmağa başladı. Atası isə xeyli müddət idi ki, Əmmanda Amerika aviaşirkətinin icraçı direktoru kimi fəaliyyətə başlamış və tez bir vaxtda Kral Hüseynlə dostlaşmışdı. Onların hər ikisini aviasiyaya maraq birləşdirirdi.

Bəlkə də, Nəsib Hələbi hadisələrin necə sonuclandığını bilsəydi, heç 1977-ci ilin bir yaz günü sevimli qızını özü ilə Əmmana aparmazdı. Amma bu nağıl şəhər elə ilk andan Lizi valeh etdi. Nyu-Yorkla müqayisədə burada həyat tam fərqli idi. Ağ əhəng daşından tikilmiş evlər, ağ libaslı ərəblər, hicablı və sirli qadınlar, Herkules məbədi...

Liz günlərlə şəhəri gəzməkdən doymurdu. Atasının dostları ona yeni hava limanının dizaynı üzərində işləməyi təklif etdi. Qız işə elə həvəslə girişdi ki, jurnalistikanı tamam unutdu.

Onlar ilk dəfə sarayda görüşdülər. Kral Hüseyn “Cambo”-“Boinq-747” təyyarəsinin Əmman hava limanına ilk enişi münasibətilə verdiyi ziyafətə Nəsib və Liz Hələbiləri də dəvət etmişdi. Amerikada qayğısız həyat sürmüş, şahlar və krallar barədə yalnız kitablardan oxumuş  və filmlərə baxmış gənc qızın canlı kralla görüşünün nə demək olduğunu təsəvvür edirsinizmi?

Amma 42 yaşlı Hüseyn Lizin şahlar barədə bütün təsəvvürlərini alt-üst etdi. Hüseyn ingilis dilində ləhcəsiz sərbəst danışır, şən zarafatlar edir, hər bir qonağa dərin hörmət və nəvaziş göstərir, özünü əsl məclis adamı kimi aparırdı. Boyu hündür olmasa da, qara gözləri üzünə xüsusi yaraşıq verirdi. Hüseyn yelkənli qayıqları, idman motosikletləri və avtomobillərini, hərbi qırıcı təyyarələri ustalıqla idarə edir, dünya siyasətindən əla baş çıxarırdı.

Hüseynlə Liz xeyli söhbətləşdi. Kral gənc qıza İngiltərədəki məşhur Harrou məktəbində və sonra Sadherst Hərbi Kral Akademiyasındakı təhsil illərindən danışırdı.

Sən demə, gələcək kral həmin illərdə hər gün tezdən oyanır, idmanla məşğul olur, soyuq duş qəbul edir, sonra otağı səliqəyə salaraq uzunboğaz çəkmələrini təmizləyirmiş. Hətta şalvar və köynəyinə də özü ütü çəkirmiş.

Bir gün akademiyanın rəisi kursant Hüseynin dərs vaxtı həyətdə iki kənar şəxslə gəzişərək söhbət etdiyini görür. Rəis qəzəblənərək hər üçünə həyət boyu əsgəri addımlarla o baş-bu başa getməyi əmr edir. Hüseyn və yanındakılar əmri yerinə yetirirlər. Rəis sonradan öyrənir ki, həmin kənar şəxslər İordaniyanın Baş naziri və Baş qərərgah rəisi imiş, onlar Hüseynə baş çəkməyə gəliblərmiş.

- Yeni hava limanı üçün hazırladığınız eskizlər xoşuma gəldi. Məsələni çox cəsarətlə həll etmisiz. Həyatda da belə cəsarətlisiz, yoxsa...

Liz uşaq şıltaqlığı ilə cavab verdi:

- Siz nə danışırsız, əlahəzrət. Məndə cəsarət nə gəzir? Adi həyatda siçandan da qorxuram.

- Eskizlərdə şərq üslubunu da gözəl duymusuz. Bunu sizə Amerikada, universitetdə öyrədiblər?

- Xeyr, əlahəzrət, axı damarlarımda suriyalı qanı axır, deməli, mən də bu səhraların qızıyam...

Hüseyn həmsöhbətini çox mənalı baxışlarla süzdü və söhbəti belə yekunlaşdırdı:

- Dediyiniz o səhralar sizin füsunkar gözəlliyiniz qarşısında kül olub havaya sovrulmağa məhkumdur. Yaxşısı budur, Əmməndə qalın, ilahi varlığınız da bu ölkəni hifz eləsin...

Bu söhbətdən sonra, Liz, qəlbinin dərinliklərində Hüseynə qarşı baş qaldırmış qəribə hissləri qovmağa çalışsa da, heç nə alınmırdı. Gözlənilmədən həyatına daxil olmuş və incə qəlbini ovsunlamış bu sehrli ovçu barədə saatlarla düşünürdü...

Bəli, bu, sevgi adlı çiçəyin ilk tumurcuqları idi. Lap nağıllardakı kimi - şahzadə ilə adi bir qızın nağılı! Ancaq sarışın amerikalı gözəl Liz Kral Hüseynin qarşılıqlı hisslərinə ümid bəsləyə bilərdimi?

Fərhad SABİROĞLU