Elektron ədəbiyyat və sənət portalı

Cəfər Cabbarlı və ekran sənəti

Bölmə: Mədəniyyət 12.08.2016

(Əvvəli ötən saylarımızda)

C.Cabbarlının bu illərdə kino ilə yanaşı, teatrda da yorulmadan çalışırdı. O, dramaturq, ədəbi hissə müdiri, quruluşçu-rejissor kimi axtarışlar aparır, səhnəyə daha gözəl əsərlərin çıxması üçün əlindən gələni edirdi. Həmin illərdə ədib yazırdı: «... «Səfa»nın ancaq dördüncü pərdəsi qalıb... Bu yandan da Qliyer gəlib, Narkompros (Xalq Maarif Komissarlığı) gəlib deyir, gərək üç həftəyə «Şahsənəm»i qurtarasan. Bu yandan da Şillerin «Qaçaqlar»ı, o yandan da «Əfqanıstan»... Dram teatrında «1905-ci ildə»ni yeni quruluşda verməliyəm. Rus teatrında «1905-ci ildə» gedir... Operada deyirlər, gərək «Səfa»nın quruluşunu verəsən. Bizim teatrda da «Otello»nu təzələmək boynumda qalmışdır... O birilərindən də bir cür ilə boyun qaçırmışam. «Od gəlini»ni də gərək... mən işləyəm...».

Teatr işlərindən başı açılandan sonra kinoya qayıdan C.Cabbarlı «Almas» pyesinin motivləri əsasında eyniadlı ssenari üzərində işə başladı. O, «Almas» ssenarisinin yazılması səbəbləri», məqaləsində «...son illərdə pedtexnikumu və ya başqa tədris kurslarını qurtaran qızların işləmək üçün kəndlərə getməkdən boyun qaçırmasının «Almas»ı kino dilinə çevirmək fikri doğurduğunu» qeyd edir. 1934-cü ilin əvvəllərində ədəbi ssenarini bitirən C.Cabbarlı filmin rejissor ssenarisi üzərində işləməyə başlamış, nəhayət, lentin quruluşunu öz boynuna götürməyi qət etmişdi. Onun kinoya dərindən bələdliyi, fitri istedadı və qazandığı təcrübə buna əsas verirdi.

«Almas» filmi 1934-cü ilin ikinci yarısının planına salınmışdı. C.Cabbarlı ikinci rejissor Q.Braginskini, quruluşçu-orerator İ.Frolovu, quruluşçu-rəssam kimi isə V.Adeni dəvət etmişdi.

Filmin baş obrazına İzzət Oruczadə, əsas rollara isə Mirzəağa Əliyev, İsmayıl Hidayətzadə, Rza Təhmasib, Xeyri Əmirzadə, Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Ələkbər Hüseynzadə, Əzizə Məmmədova, P.Tanailidi, Əli Qurbanov, Əlisəttar Məlikov* təsdiq olunmuşdular. C.Cabbarlı ikinci rejissor, operator və rəssamla birgə natura çəkilişləri aparmaq üçün seçdiyi yerə – Şamaxı rayonunun Dədəgünəş kəndinə getmiş, ssenaridəki epizodlara münasib təbii mənzərələr seçmiş, rast gəldiyi maraqlı, xırda detalları əsərə əlavə etmişdi.

C.Cabbarlının «kinopovest» adlandırdığı librettorda 1930-cu ildə dağlar arasında itib qalmış Sarıtorpaq kəndinə gələn Almas Əliyeva adlı gənc müəllimənin burada köhnəliyə, mövhumatçılığa və fanatizmə qarşı mübarizəsi əks olunub. Təbii ki, bu mövzu kənddə kollektivləşmə siyasətini həyata keçirməyə başlamış siyasi-ideoloji rəhbərliyin xəttinə uyğun idi. C.Cabbarlının təqdimatında gənc ziyalı qız qara qüvvələrə qarşı mübarizədə qalib çıxır, yeni idealların carçısına çevrilir.

1934-cü ilin son ayında çəkiliş qrupunun üzvlərilə aktyor sınaqları aparan C.Cabbarlı dekabrın 31-də studiyanın pavilyonunda ürək tutmasından vəfat etdi. Böyük ədib, teatr xadimi, ssenariçi, rejissorun yaradıcılıq planları yarımçıq qaldı.

«Almas» filminin çəkilişi bir il təxirə salınsa da, 1935-ci ilin fevral ayında A.Quliyev və Q.Braginskinin quruluşu ilə yenidən istehsalata buraxıldı. Ssenarisi C.Cabbarlı tərəfindən tamamilə hazır edilmiş lentin bədii rəhbəri kimi, rejissor N.Şengelaya dəvət olunmuşdu. Filmdə bütünlüklə C.Cabbarlının seçdiyi aktyorlar çəkilmiş, yalnız ikinci operator kimi, Ə.İsmayılov qrupa daxil edilmişdi. 1936-cı il dekabrın 25-də ekranlara çıxan «Almas» lenti C.Cabbarlının əziz xatirəsinə həsr edildi və ədibin vəfatının ikinci ildönümü günündə göstərildi. Filmin ilk variantı səssiz olsa da, titrlərdə bəstəkarlar Niyazi və Z.Hacıbəyovun, səs operatoru İ.Ozerskinin adları yazılmışdır. Sonralar bu ekran əsərinin səsli variantı da ekranlara çıxdı.

Film tamamilə C.Cabbarlının rejissor görümünə uyğun çəkilmişdi. Hətta ikinci operator Ə.İsmayılovun qeyd etdiyi kimi, naturanı ədibin özünün seçdiyi Şamaxı rayonunun Dədəgünəş kəndində lentə almışdılar: «Azərkinonun işçiləri öz sevimli yoldaşları və dostları əziz Cəfərin başladığı işi şərəflər yerinə yetirdilər». «Almas» Azərbaycan sovet bədii kinosunun 20-30-cu illər nümunələri arasında ən diqqətəlayiq ekran əsərlərindən biri kimi qəbul olunur.

C.Cabbarlının xatirəsini uca tutan Azərbaycan kinematoqrafçıları elə vəfatının ilk günlərindəncə onun adına layiq olmağa çalışırdılar. 1935-cı ilin əvvəllərində Azərbaycan Dövlət Kino-fabrikində «fabrikin dəyərli rejissorlarından olan Cəfər Cabbarlının xatiratını əbədiləşdirmək üçün onun adına zərbəçi briqada» təşkil edilmişdi. Həmin briqada M.Mikayılovun rejissorluğu altında «Altıncı hiss» filmini çəkirdi. Mətbuat «Almas» lentinin çəkilişini daim diqqət mərkəzində saxlayır, işlərin gedişi barədə tez-tez məlumatlar dərc edirdi. Bu xəbərlərdə «rejissorların pavilyon çəkilişlərinə başladıqları, mayın 15-də filmi çəkən qrupun Ağdam rayonuna natura çəkməyə gedəcəyi, filmi «Sevil», «Gilan qızı» lentlərini çəkən məşhur operator Frolovun çəkdiyi, baş rolda «Sevil» filminin qəhrəmanı olan ilk türk kino aktrisası İzzət Orucovanın oynadığı, ayın 19-da «Azdövkinosənaye»nin ekspedisiyasının Şamaxıya getdiyi xəbər verilirdi. «Azərfilm»in direktoru İ.Dubinski «yaradıcı kollektiv qarşısında Cəfər Cabbarlının xatirəsinə layiq əsər yarada biləcək qədər yaxşı işləmək vəzifəsi durduğunu, qrupun hər bir işçisinin bu məsuliyyəti başa düşdüyünü,

«Azərfilm» kollektivinin lenti Cəfər Cabbarlının xatirəsinə həsr etdiyini söyləyirdi. C.Cabbarlının vəfatının ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə «Almas» lentinin nümayişi də əsas yer tuturdu.

Azərbaycan sovet kinosunun səssiz dövrü C.Cabbarlının adı ilə sıx bağlıdır. O, milli kadrların ekran sənətinə cəlb olunması üçün yorulmadan çalışıb. «Azərkino»nun qüsur cəhətləri» adlı məqaləsində qeyd edirdi ki, «Azərbaycan kinosu yalnız «Sona» («Hacı Qara») filmində sırf türk aktyorlarından ibarət bir qrupun çalışmasına şahid olub. Lakin bu qrupda da baş qadın rolunu gəlmə aktrisa oynayırdı. Bu gün səhnəmiz belə aktrisa cəhətindən korluq çəkir». Ədib «Sevil» filmində çəkilməyə elan üzrə gəlmiş 180 qadının «bircəciyinin belə türk qadını olmadığını», hətta «yarıtürk qadınına bənzər tiplərin» tapılmadığını, «kino işçilərinin küçə-küçə, qapı-qapı düşüb gəzdiklərini» ürək ağrısı ilə qeyd edirdi. O, İzzət Orucovanı çox böyük çətinliklərdən sonra çəkiliş meydançasına gətirə bilmişdi. İzzət xanım sonralar yazırdı: «C.Cabbarlı dəfələrlə evimizə gələr, saatlarla valideynlərimlə söhbət edərdi. O, atəşin söhbətlərində kino aləmindən məhəbbətlə danışardı... Mən kinoda çəkilmək istəyirdim, ancaq qohum-qardaşımdan, xüsusilə atamdan çəkinirdim».

C.Cabbarlı kino sahəsində sağlam repertuar təşkil olunmasına çalışır, bayağı ssenarilərin çəkilməsinə qarşı mübarizə aparırdı. O, «Hara gedir Azərkino?» məqaləsində istehsalı yenicə başa çatmış «Gilan qızı» filminin səthi və bayağı olduğunu, film yaradılmasını kinematoqrafiya məktəbini yenicə bitirmiş adamlara tapşırılmasını» ön plana çəkir, tələb edirdi ki, «Azərkino» öz kadrlarına inamsızlıqdan birdəfəlik əl çəkməlidir... Azərbaycan kinosunun simasını yalnız milli kadrların iştirakı təyin edə bilər».

C.Cabbarlı «kinonun spesifik xüsusiyyətlərinə müraciət etməklə aktyor imkanlarının genişlənməsinə, aktyorluq üçün yaradıcılıq meydanının böyüməsinə» çalışırdı. O, obrazları təsəvvüründə canlandırır, onun üçün maraqlı vəziyyətlər, milli ştrixlər tapırdı. Dramaturq təcrübəli ekran ustalarının məsləhətlərinə qulaq asır, öz yaradıcılığı üçün faydalı olan cəhətləri qəbul edirdi. «Sevil» filminin çəkilişi zamanı Bakıda olan görkəmli ekran ustası V.Pudovkin çəkilmiş materiala baxmış, bir sıra məsləhətlər vermişdi. C.Cabbarlı pyesin məzmununu ona danışmış, süjet Pudovkinin çox xoşuna gəlmişdi.

C.Cabbarlı Azərbaycan kinosunda millilik axtarışlarını A.M.Şərifzadə ilə çiyin-çiyinə aparan sənətkardır. Azərbaycan kino sənətinin – kinodramaturgiyanın, rejissorluğun, aktyor ifasının formalaşmasında böyük ədibin xüsusi rolu olub, Teatr və kino sahəsindəki xidmətlərinə görə, böyük sənətçi 1933-cü ildə «Azərbaycan SSR Əməkdar incəsənət xadimi» fəxri adına layiq görülüb. Sonralar onun kino yaradıcılığı kinoşünaslar N.Sadıqov, M.Rzayeva, R.Heydər tərəfindən araşdırılmış, haqqında «Cəfər Cabbarlı» (rej. H.İsmayılov), «Səhnə təcəssümləri» (rej. O.Mirqasımov), «Ölməz bahar kimi» (rej. C.Zeynalov) sənədli filmləri çəkilmişdir. «Azərbaycanfilm» kinostudiyası 1960-cı ildən C.Cabbarlının adını daşıyır.

N.ƏBDÜLRƏHMANLI