Elektron ədəbiyyat və sənət portalı

Gəlinlərin başında niyə duvaq olur?

Bölmə: Elm 05.08.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

İnsan qazdan nə vaxtdan bəri istifadə edir?

 

İnsan qazı təbii mədənlərdən ala bilir, yaxud onu başqa məhsullardan istehsal edir. Məsələn, qazı almaq üçün sizə bir yol göstərək:

Əgər bir başı qapalı gil borunu kömür tozu ilə doldursaq və qızdırsaq, digər başından bir müddət tüstü çıxacaq. Amma tezliklə bu tüstü kəsiləcək. Tüstü kəsiləndən sonra əgər həmin borunun ağzına açıq alov yaxınlaşdırsaq, ordan çıxan qaz parlaq bir alovla yanacaq. Əgər həmin bu təcrübənin miqyasını min dəfə böyütsək, biz kömürdən sənaye üsuluyla qaz alınması prosesinin şahidi olarıq.

1792-ci ildə süni qaz ilk dəfə şotland mühəndisi Uilyam Merdok tərəfindən istifadə olunub. O, yanan kömürdən çıxan qazı təmizləyərək ondan öz evini işıqlandıqmaq üçün istifadə edib. Bir neçə il sonra Merdok eyni sistemi öz fabrikinin işıqlandırılmasında tətbiq edib. Birləşmiş Ştatlarda süni qaz işıqlandırma məqsədiylə təbii qazdan da əvvəl istifadə olunurdu.

1812-ci ildə Rod-Aylenddəki Nyuport şəhərinin sakini Deyvid Melvill öz evini və evin qarşısındakı küçəni kömürdən aldığı qazla işıqlandırırdı.

1816-cı ildə Merilend ştatının Baltimor şəhərinin küçələri süni qazla işıqlandırılırdı. Təbii qazı isə ilk dəfə 1821-ci ildə Nyu-York ştatının Fredoniya şəhərində tətbiq etdilər. Hal-hazırda ən çox təbii qazdan istifadə olunur. Ona görə ki, yeni təbii qaz yataqları kəşf edilib, təzə qaz texnologiyaları tətbiq olunur, qaz kəmərləri çəkilir.  Bütün bu tədbirlər təbii qazın bütün iri şəhərlərə çatdırılmasını təmin edir.

 

Biz yeni ili niyə bayram edirik?

 

Yeni ilin qarşılanması dünyada ən qeyri-adi ənənələrdəndir. Bunu bayram etməyə nə vaxtdan başlayıblar?

Bəziləri hesab edir ki, bu bayramı ilk qeyd edənlər çinlilər olub, digərləri bu ənənəni qədim german tayfalarına aid edir, üçüncülər isə deyir ki, bunu birinci romalılar edib. Biz bilirik ki, çinlilər həmişə Yeni il münasibətiylə bayram keçirirlər, intəhası onların Yeni ili bizimkindən daha gec olur və bir neçə gün ərzində bayram edilir.

Qədim germanların Yeni ili fəsillərin dəyişməsi ilə əlaqədar idi və təxminən, noyabr ayının ortalarında keçirilirdi. Bu mövsümdə onlar məhsullarını yığırdılar. Bu vaxt insanlar bir yerə toplandığından, əsas təsərrüfat işləri başa çatdığından adamlar bir yerdə şən bir bayram təşkil edib ağır iş mövsümündən sonra dincəlirdilər. Bu bayramın noyabr ayına təsadüf etməsinə baxmayaraq, germanlar onu Yeni ilin başlanğıcı sayırdılar.

Avropanı istila edəndə, romalılar bu bayramın zamanını dəyişib təntənələri yanvar ayının birinə keçirdilər. Onlar üçün Yeni ilin gəlişi yeni həyatın başlanacağına, yeni ümidlərin cücərəcəyinə bir işarə idi.

Yeni ilin gəlişini bayram etmək və bu bayramın dəyəri bizim günlərdə də elə romalılar zamanında olan kimidir. Biz Yeni ili şən əhvali-ruhiyyədə qarşılamağa can atırıq və həmişə ümid edirik ki, bütün çətinliklərimiz ötən ildə qalacaq, təzə il özüylə daha yaxşı həyat gətirəcək!

 

Toyda hədiyyə etmək adəti necə yaranıb?

 

Bir çox adətlərin tarixçəsini izləmək mümkün olmur, amma bunun konkret tarixçəsi var və bu tarixçə adama indi xoş bir nağıl kimi gəlir! Çox illər qabaq gözəl bir holland qızı dəyirmançıya ərə getmək istəyir. Onun pulu çox deyildi, amma hamının sevgisini qazanmışdı – yoxsullara pulsuz un, çörək paylayırdı.

Qızın atası bu toya narazılıq edir və deyir ki, əgər qızı həmin dəyirmançıya getməkdə israr etsə, ona cehiz-zad verəsi deyil. Bu söhbətdən dəyirmançının dostları da xəbər tutur və bu qərara gəlirlər ki, gənc ailəyə dayaq olsunlar, əllərindən gələn köməyi əsirgəməsinlər. Onların heç də pulu çox deyildi, amma fikirləşirlər ki, hər biri hədiyyə olaraq cavanlara nəsə alsın ki, kasıb dəyirmançı ilə gözəl qız ailə qura bilsinlər.

Günlərin birində dostlar yığışıb qızgilə qonaq gəlir, hədiyyələrini də gətirirlər. Onlardan bəziləri mətbəx avadanlığı, digərləri evdə kara gələn qab-qacaq, məişət əşyaları gətirmişdilər – hədiyyələr o qədər çox idi ki, yeni ailənin bütün ehtiyacları bir gündə ödənir və cavanlar bir-birinə qovuşa bilirlər!

İlk toy hədiyyələri belə yaranıb və bu ənənə indiyədək dünyanın bütün yerlərində yaşayır – hədiyyələrin məzmunu dəyişib, amma mahiyyəti yox. Toyda edilən hədiyyə cavanların həyatını nisbətən yüngülləşdirmək məqsədi daşıyır.

Bir zamanlar bizdə də toy hədiyyəsi yalnız məişətdə zəruri əşyalar olardı. Və bu əşyaları işlədən cavanlara ailə qurandan sonra da uzun illər bu yardımı edən dostları, qohumları xatırladardı...

 

Toy kökəsi nə vaxt yaranıb?

 

Toy kökəsi öz tarixini hələ Roma imperiyası dövründən götürür. O zamanlar əsilzadə ailələrdə keçirilən nikah mərasimlərində məxsusi kökə bişirilirdi və həmin kökəni bəylə gəlin yeyəndə qonaqlara da paylayardılar. Hətta deyirlər ki, həmin kökəni gəlinin başının üstündə tutub kəsirdilər ki, bolluq olsun. Qonaqlardan hər biri bu kökədən dadardı ki, onların da evində firavanlıq olsun.

Dünyanın bir çox xalqlarında nikah mərasiminə həmin bu kökənin fərqli formaları daxildir. Amerika hindularının bəzi qəbilələrində gəlin tərəfindən bəyə bağışlanan məxsusi kökələr bişirilir.

Qədim Avropada isə toya gələn qonaqlar da şirniyyat gətirirdi və həmin şirniyyatı cavanların ömrü şirinlik içində keçsin deyə, masaların üstünə qalaqlayardılar. Gəlinlə bəy bu şirniyyat qalağının üzərinə əyilib öpüşməli idilər ki, arzuları çin olsun.

Belə nəql eləyirlər ki, fransalı bir şirniyyatçı İngiltərəyə səyahət edərkən bu adətin şahidi olur və fikirləşir ki, bütün bu şirniləri, meyvələri bir yerdə birləşdirib nəsə bişirmək daha yaxşı olardı... Bu minvalla, bizim indi mərasimlərdə gördüyümüz toy tortları yaranıb!

 

Gəlinlərin başında niyə duvaq olur?

 

Bu adətin yaranması barədə çoxlu rəvayət var. Onların da hamısı qədim zamanlara aiddir. Bilirik ki, bir çox qədim xalqlarda toya qədər gəlini gələcək ərinə göstərməzdilər. Misirdə də bu adət vardı və gəlinlə bəy bir-birini yalnız toy zamanı görə bilərdi. Bəyin gəlinin üzündən duvağı götürməsi toy mərasiminin tərkib hissəsi idi. Bu ənənə ərəblərdə, hindlilərdə, Asiya və Avropanın digər xalqlarında da vardı.

Qədim romalılarda və yəhudilərdə də belə bir adət olub. Gəlinin başına duvaq salardılar və bu duvaq o qədər böyük olardı ki, qızın bütün bədənini örtərdi. Toydan sonra duvağı gizlədərdilər və yalnız həmin qadın dünyasını dəyişəndə çıxarardılar.

Odur ki, bəzilərinin düşündüyü kimi, toyda abır-ismət göstəricisi olan duvaq yalnız Şərq xalqlarında deyil, dünyanın bütün qədim xalqlarında olub.

Lakin bizim zamanlarda bu adət ancaq toy mərasiminə bir romantiklik, bir cazibə vermək üçündür: duvaq gəlinin məsumluğunu, el adətlərinə sadiqliyini nümayiş etdirir.

 

İlk kərpiclərdən nə vaxt istifadə olunub?

 

Əgər sizdən insanın düzəltdiyi ən uzunömürlü inşaat materialı barədə soruşsaydılar, yəqin, ağlınıza ilk əvvəl kərpic gələrdi. Deyəsən, elədir ki, var: kərpic qranitdən, əhəngdaşından, hətta dəmirdən də uzunömürlüdür! Kərpic həm də çox müasir inşaat materialıdır. Ondan bütün dünyada istifadə edirlər. Amma eyni zamanda, kərpic insan sivilizasiyasının yaşıdıdır! Babillilər və misirlilər kərpici hələ eramızdan 3000 il əvvəl düzəldir, ondan əzəmətli binalar tikirdilər. Arxeoloji qazıntıları materiallarına əsasən, belə bir nəticəyə gəlmək olar ki, kərpic qeyd etdiyimiz zamandan da qabaq məlum olub.

Qədim zamanlarda kərpic düzəldilməsi çox ağır bir iş idi. Onun hazırlanması üçün material gil və gilli şistlərdən ibarət – onlardan düzələn kərpici sonradan sobalarda bişirirdilər. Gili yumşaldıb su ilə qarışdırırdılar və bu zaman heç bir mexanizmdən istifadə olunmurdu: insanlar onu ayaqla əzib yoğururdular. Çiy gilə möhkəmlik üçün doğranmış saman da qatılırdı.

Bu qarışıqdan müxtəlif formada kərpiclər kəsir, sonra onu qurutmaq üçün günün altına sərirdilər.

Bu üsuldan uzun əsrlər boyu istifadə olundu, amma günlərin birində adamlar xəbər tutdular ki, gilin sobada yandırılması kərpicin möhkəmliliyini də, suya davamlılığını da artırır. Bu zaman ona saman əlavə edilməsinə də ehtiyac qalmırdı. Günün altında qurudulmuş kərpiclər İngiltərənin havası üçün təbii ki, yararlı deyildi, amma Yaxın Şərqin isti iqlimli ölkələrində çiy kərpic elə davamlı oldu ki, qədim Babilin kərpic tikililərinin bir qismi, hətta bizim zəmanəyə qədər davam gətirdi.

 

İnsanlar ev tikməyə nə vaxtdan başlayıblar?

 

Ev sadəcə olaraq insanın yaşadığı yerə deyilir. Amma insanlar da bir zamanlar bütün başqa canlılar kimi özlərinə cürbəcür yerlərdə sığınacaq tapırdılar. Adamlar yaxşı qorunan, etibarlı bir yer tapan kimi, onu öz evləri sayırdı. Bir müddət keçdi və insan özünə ev elədiyi yeri müxtəlif üsullarla yaxşılaşdırmağa çalışdı.

Əlbəttə, dəqiq bilmirik ki, bu proses necə başlanıb, amma insanın ilk evi çox güman ya mağaralarda, ya da ağacların kəlləsində olub. İsti iqlimli yerlərdə ibtidai adamlar ağaclarda yaşaya bilərdilər. Onlar budaqları əyib onlardan öz sığınacaqları üçün bir karkas düzəldər, sonra budaqları bir-birinə hörərək, möhkəm bağlayardılar. Axırda da cərgə-cərgə, dərz-dərz bağlanmış budaqlardan dam düzəldərdilər. Belə sığınacaq insanı günəşdən, yağışdan, seldən, ağaca dırmaşa bilməyən vəhşi heyvanlardan qoruya bilərdi.

Lakin iqlimi soyuq olan yerlər üçün belə ev əlverişli deyildi. Ona görə də adamlar mağaralardan istifadə etməyə başladılar və onun girəcəyində mütləq tonqal qalayırdılar ki, həm yırtıcı heyvanlardan qorunsunlar, həm də üşüməsinlər. Görünür, özünün ilk tikinti təcrübəsini ibtidai insan iri daşları mağaranın ağzına düzməklə onun girişini kiçildərkən qazanıb. Lakin insanlar dağ, təpə yamaclarını qazaraq süni mağaralar düzəldəndə bu sahədə ikinci və çox əhəmiyyətli addımlarını atıblar.

Növbəti mərhələ torpaqda təbii çökəyin tapılması və onun ətrafına daşların üst-üstə düzülməsi olub. Dünyanın müxtəlif yerlərində adamlar özləri üçün yaşadıqları iqlimə uyğun evlər tikməyə başlayıblar. Avropada ilk ev girdə deyil, künclərində tirlər olan dördbucaqlı bir konstruksiya idi: tirlərin arası bir-birinə hörülmüş cavan ağaclardan düzələn arakəsmələrdən ibarət olurdu.

 

İlk kanalları kim inşa edib?

 

Təxminən eramızdan əvvəl VI əsrdə çinlilər Xançcouvanla Pekin arasında Böyük Çin kanalının çəkilişinə başlayıblar. Onun ümumi uzunluğu 1600 kilometr təşkil edirdi. Bu kanal yer üzünün ən qədim kanalı sayılır. Kanalın əsas hissəsi artıq bizim eranın XIII əsrində hazır idi. Amma qədim misirlilər eramızdan əvvəl 1300-cü illərdə, I Seti və II Ramzesin fironluq dönəmlərində Nil çayı ilə Qırmızı dənizi birləşdirən gəmiçilik kanalı inşa etmişdilər. Bu kanal məşhur Süveyş kanalının əcdadı sayılır.

Daha bir qədim kanal Babil hökmdarı Navuxanodonosorun (eramızdan əvvəl 605-562-ci illər) zamanında Dəclə və Fərat çayları arasında inşa edilib. Romalılar da imperiyanın bir çox yerlərində kanallar tikirdilər. Odur ki, dünyada ilk kanalın məhz çinlilər tərəfindən inşa edilməsi bir qədər şübhə doğurur.

Avropada bu ənənə VIII əsrdə, Böyik Karl zamanında Reyn, Maas və Dunay çayları arasında kanallar sisteminin inşa ideyası ilə başlanıb.

Sonralar İtaliya, Fransa, Belçika və Avropanın başqa-başqa ölkələrində saysız-hesabsız kanallar tikilib. XVIII əsrin ikinci yarısında Böyük Britaniyada da, əsasən yüklərin daşınması üçün kanallar tikilirdi. 1759-1830-cu illər arasında İngiltərədə azı 4790 millik kanal çəkilib. Bir çox imkanlı adamlar, iri şirkətlər öz vəsaitini yüksək qazanc gətirən kanallara qoyurdu. Bu proses yalnız XIX əsrin 20-ci illərində, dəmiryollarının yaranması ilə zəiflədi.

Qədim zamanlarda qayıqları kanalla aparmaq üçün onları xüsusi adamlar ya itələyir, ya da çəkib aparırdılar. Lakin sonralar, yükdaşıyan gəmiləri kanal boyunca hərəkət edən qatırlar dartırdı.

Daha bir diqqətəlayiq fakt: şlüzlər kəşf onunanadək kanalları yalnız düzənlik yerlərdə inşa edirdilər. Şlüz sistemi ixtira ediləndən sonra isə, kanalı istənilən yerdə tikmək mümkün oldu.