Elektron ədəbiyyat və sənət portalı

İlk dəniz quldurları nə zaman yaranıb?

Bölmə: Elm 29.07.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Peyvəndi ilk dəfə kim edib?

 

Bir dəfə, 1768-ci ildə qlosterşirli bir həkimin yanına məsləhət  üçün bir gənc südsatan qız gəlir. Söhbət əsnasında o zamanlar hamıda dəhşət hissi doğuran çiçək xəstəliyindən söz düşür. Südsatan qız deyir ki, onun çiçək tutmaq ehtimalı yoxdur, çünki bir dəfə inək çiçəyinə yoluxub. Bu xəstəliyin də əsas simptomları elə çiçəyinki kimi idi, amma ondan qat-qat yüngül olurdu. Qızın sözləri bu söhbətdə iştirak edən, tibb ixtisası üzrə təhsil alan gənc Edvard Cennerin diqqətindən yayınmır.

Ağlına indicə gələn ideya onun bütün beynini işğal edir. Diplom alandan sonra o, 1773-cü ildə Qlosterşirdəki kiçik bir kəndə artıq həkim kimi qayıdır. Orada ömrünün düz iyirmi ilini işdən sonra müxtəlif sınaq və təcrübələrə həsr edir. O, aydınlaşdırır ki, südsatan qız həqiqəti söyləyib – inək çiçəyinə yoluxmuş insanlar çox nadir hallarda əsl çiçək tuturlar.

1776-cı ildə o, bu sahədə özünün ilk təcrübəsini aparır. Təcrübə ondan ibarət idi ki, həkim adamları onların bədənində çiçək xəstəliyinə qarşı müqavimət yaranması üçün inək çiçəyinə yoluxdururdu. 1798-ci ildə o, ən məsuliyyətli təcrübəsini aparır: əvvəlcə dörd uşağa inək çiçəyi, sonra da əsl çiçək yoluxdurur və onlardan heç biri bu dəhşətli xəstəliyə tutulmur.

Vaksinasiya, yaxud peyvənd o zamanlar üçün bu xəstəlikdən qurtulmağa imkan verən nəhəng ixtira idi. İlk dövrlərdə vaksinasiyanın düşməni dostundan çox idi, lakin axırda bu üsul o qədər geniş yayıldı ki, hətta bizim zamanlarda belə inkişaf etmiş dövlətlərdə xaricilərin ölkəyə gəlişinə yalnız bütün peyvəndlər olunandan sonra icazə verilir.

Sovet İttifaqında səhiyyə tam pulsuz olduğu üçün peyvənd də həm pulsuz, həm də icbari idi. Məhz bu səbəbdən o vaxt SSRİ-də bir çox yoluxucu xəstəliklərin kökü qısa zamanda kəsilmişdi.

 

Kişilər tüklərini nə zamandan qırxmağa başlayıblar?

 

İnsanlar müxtəlif üsullarla saçlarına düzən verməyə lap qədim zamanlardan başlayıblar. Zaman keçdikcə kişi və qadınlar üçün saç düzümünün əhəmiyyətinin necə dəyişdiyini izləmək də çox maraqlıdır. Dünyanın müxtəlif guşələrindəki ibtidai qəbilələrdə növbənöv saç düzümü olub ki, onların hər birinin öz mənası vardı. Çinlilər lap qabaqlar saçlarını başın ortasına yığardılar. Lakin ölkəni mancurlar istila edəndə çinliləri məcbur etdilər ki, onların qul olmalarının təsdiqi kimi, hörük saxlasınlar. Tədricən, bu saç düzümü bütün çinlilər arasında yayıldı və uzun müddət onların özünəməxsus bir ənənəsi kimi yaşadı.

Sivilizasiya inkişaf etdikcə, saç düzümləri də daha rəngarəng olurdu. Elə zamanlar olub ki, eyni saç düzümünə malik iki adamı yanaşı görmək qəribə bir şey sayılıb. Bəzi ölkələrdə saçları sadəcə uzadır, digərlərində darayıb qaldırmağa çalışırdılar. Yalnız nisbətən son zamanlarda qadınlar üçün uzun, kişilər üçün qısa saç normal sayılmağa başladı.

Orta əsrlər ərzində kişilər kifayət qədər uzun saç saxlayır, ona qadınlar qədər cidd-cəhdlə qulluq edirdilər. Onlar saçlarını burur, uzun birçəklərinə rəngbərəng lentlər bağlayırdılar. İntibah dövründə kişilər, hətta saçlarını süni şəkildə ağardır, uzun pariklər taxırdılar. Nəhayət, VIII Henrix bu vəziyyətə son qoymaq fikrinə düşdü və bütün kişilərə qısa saç saxlamaq əmri verdi. Lakin kral bığları burmaq və uzun saqqal saxlamağa etiraz etmirdi.

Taxt-taca I Yakov çıxandan sonra isə kişilər yenə uzun saç saxlamaq həvəslərini büruzə verdilər. Fransada XIV Lüdovik zamanında bütün fransız əsilzadələri pariklərinin uzunluğu, saçlarının daha səliqəli burulması məsələsində sanki bir-birləriylə bəhsə girmişdilər!

Saç dəbi gah bu, gah da başqa istiqamətdə düz XIX əsrədək dəyişdi, axırda kişilər üçün birdəfəlik qısa saç saxlamaq dəbə mindi. Bu münasibət 1950-ci illərin axırlarında, rok musiqisinin dəbə minməsi və o vaxtın yeniyetmələri üçün pərəstiş, təqlid obyektinə çevrilən “The Beatles” qrupunun səhnəyə uzun saçla çıxmasından sonra bir də dəyişdi. Amma bu proses də uzun sürmədi və faktiki olaraq, 80-ci illərin əvvəllərindən etibarən kişilər yenə qısa saç düzümünə qayıtdılar.

Bu gün bəzi Avropa ölkələrində hakimlər və vəkillər məhkəmə proseslərinə uzun pariklərdə çıxırlar, amma bu sadəcə, peşə etiketinin qəribəliklərindən başqa bir şey deyil.

 

Dünyanın ilk kosmonavtı kim olub?

 

Planetlərarası səyahət ideyası çoxdan yaranıb, amma yalnız son 50-60 ildə kosmonavtika bir reallığa çevrildi. Hələ 1903-cü ildə rus alimi Tsiolkovski kosmik fəzanın tədqiqatı üçün raketlərdən istifadəni təklif etmişdi, Çünki raketlər hava şəraitindən asılı olmayan raket mühərrikləri ilə hərəkətə gəlirdi. Onun daha bir qiymətli təklifi raketlərdə maye yanacaqdan istifadə etmək olmuşdu, çünki bərk yanacaqlı raketlərin dartma gücü çox az idi və onlarda yanacaq sərfiyyatını nəzarətdə saxlamaq daha çətin olurdu.

1926-cı ildə amerikalı Qoddard müasir tipli, maye yanacaqla işləyən ilk raketi havaya buraxdı. Lakin bu sahədə ən ciddi iş Almaniyada gedirdi və bunun nəticəsində maye yanacaqla işləyən məşhur “Fau-2” raketləri yarandı.

Almanlar bu raketlərdən İkinci Dünya müharibəsi zamanı İngiltərənin bombardmanında istifadə etdilər.

Müharibədən sonra kosmik texnika üzərində iş, əsasən SSRİ və Birləşmiş Ştatlarda aparılırdı. Bu iki dövlət dünyada hakim mövqe qazanmaq üçün öz rəqabətlərini kosmosda da davam etdirirdi. Amerikanın daha geniş maliyyə imkanlarına baxmayaraq, kosmosa qalxmaq üzrə yarışı SSRİ-nin udduğunu söyləsək, yəqin ki, yanılmarıq.

1957-ci ildə SSRİ kosmosa yerin ilk süni peykini çıxardı.

1959-cu ildə daha bir sovet raketi Aya qalxdı.

1961-ci ilin 12 aprelində isə ilk sovet kosmonavtı Yuri Qaqarin kosmosa uçdu və planetimizin başına bir dövrə vuraraq sağ-salamat yerə endi.

 

İlk dəniz quldurları nə zaman yaranıb?

 

Dəniz quldurları, yaxud piratlar artıq neçə min illərdir ki, var. Hətta qədim yunan və roma gəmiləri də Egey və Aralıq dənizlərində dəniz quldurlarının hücumlarına məruz qalırdılar. Piratlar o qədər qüdrətli idilər ki, bir zamanlar indiki Türkiyə ərazisində özlərinin dövlətlərini də yaratmışdılar. Onları darmadağın etmək üçün romalılar eramızdan əvvəl 67-ci ildə xüsusi ekspedisiya təşkil etməli olmuşdular.

Piratlığın ən geniş yayıldığı dövr 1300-1800-çü illər arasına təsadüf edir. Dəniz quldurları Şimali Afrikanın Mərakeş, Əlcəzair, Tunis və Liviya kimi ölkələrinin limanlarında məskən salmışdılar. Onlar Aralıq dənizində üzən Avropa gəmilərini tutaraq qarət edir, sərnişinləri, dənizçiləri əsir götürərək ya qul bazarlarında satır, ya da əvəzində fidyə alanadək saxlayırdılar.

Piratların dənizlərdə ağalığı düz 1830-cu ilə – Əlcəzairin fransızlar tərəfindən istilasınadək davam etdi. Sonralar ingilis və fransız donanmalarının güclənməsi ilə dəniz quldurlarının hökmranlığına son qoyuldu.

O zamanlar piratlara həm də “bukanir” deyirdilər. Bu ad XVI əsrin sonları, XVII əsrin əvvəllərində İspaniya Meynində fəaliyyət göstərən dəniz quldurlarına aid edilirdi.

Əvvəllər “İspaniya Meyni” ərazisi Mərkəzi və Cənubi Amerikanın Qəraib dənizi hövzəsi sayılırdı. Bukanirlərin zamanında isə bu ad bütün Qəraib dənizinə aid edilirdi . Bukanirlər adi dənizçilər, müxtəlif ölkələrdən qaçqın düşən insanlar idi. Onlar Şərqi Hindistanın ada və limanlarında yığışırdılar. Bu adamlar vəhşi heyvanları ovlayır, onları “bukan” adlanan  xüsusi qurğularda hisə verir, sonra da ya dənizçilərə, ya da tacirlərə satırdılar. Bukanirlərin adı da elə ordan yaranmışdı.

Dəniz quldurları tez-tez qarət etdikləri qızıl-gümüşü, daş-qaşı müxtəlif yerlərdə gizlədir və bu xəzinələrinin yerini kimsəyə söyləmirdilər. İndiyədək çoxları inanır ki, Amerikanın Florida və Texas sahillərində hələ aşkarlanmamış xəzinələr çoxdur.

 

Ananas nədir?

 

Yəqin ki, ananasa baxanda qarşınızda bir dənə meyvə olduğunu düşünürsünüz. Əslində isə ananas bir meyvə deyil, bir-birinə sıxılmış çoxlu meyvələrdir. Bu xırda meyvələrin hər biri ayrı-ayrılıqda balaca cənnət almasını (ona mürəbbə alması da deyirlər) xatırladır. Fikir vermisinizsə, ananasın ortasında bir sərt zoğ olur, xırda meyvələr də həmin zoğun üzərində qərar tutur. Amma bizim gördüyümüz iri ananasın quruluşu çox yekə şam qozasını xatırladır.

İspanlar ananası ilk dəfə Cənubi Amerikaya səyahətləri zamanı görüblər və bu qəribə meyvəni Avropaya gətiriblər. Zəngin avropalılar isə o vaxtdan bəri ananası özlərinin şəxsi bağlarında, istixanalarda yetişdiriblər və bu o zamanlar üçün, bəlkə də, ən nadir və qiymətli meyvə sayılıb. Lakin gəmiçilik inkişaf etdikcə tropiklərdə yetişdirilən meyvələr ticarət məqsədiylə Avropanın nisbətən soyuq ölkələrinə də gəlib çıxdı. Müasir zamanda ananas artıq çox yerdə bitir: Florida, Şimali Afrika, Havay adaları, Azor adaları, Avstraliya...

Sizcə, ananas boyda meyvənin ağacı nə boyda olar? İndi çoxunuzun gözləri qabağında, yəqin, azı 15-20 metrlik palmalar canlanır... Amma elə deyil, çünki ananas ağacda yox, hündürlüyü bir metrə yaxın kollarda bitir və ilin istənilən fəslində meyvə verir. Bitki yetkinlik çağına çatanda onun gövdəsinin aşağılarından yeni pöhrələr çıxır və onlar da məhsul verir. Bir ananas kolu uzun illər məhsul verə bilər. Ananasın yarpaqlarından alınan lifdən parça da toxuyurlar.

Ananası toxumdan bitirmək çox çətindir. Onu adətən, pöhrələri vasitəsiylə çoxaldırlar. Cavan pöhrələr özünü ən yaxşı qumlu torpaqlarda tutur. Bitkini həm ifrat istidən, həm də soyuqdan qorumaq lazımdır.

 

Kələmin vətəni haradır?

 

Kələm çox qədim bitkidir, ondan yemək üçün yararlı olan bir xeyli bitki törəyib və onların sırasında elələri də var ki, kələmə aid olduğu qətiyyən ağlınıza gəlməz! Min illər qabaq kələm gərəksiz bir bitki idi və Avropanın bütün dənizkənarı ərazilərində bol-bol bitirdi. Onun sarı çiçəkləri, bürüşük yarpaqları vardı. Amma bu yabanı əcdaddan yüz əllidən artıq mədəni bitki törədi.

Onların arasında ən çox tanınanı adi kələm, yem kələmi, Brüssel kələmi, gülkələm, brokkoli və kolrabi adlanan kələn növləridir. Adi kələmin bir mərkəzi zoğu olur və onun ətrafında bir-birinə möhkəm sıxılmış iri yarpaqlar bitir. Qırmızı və ağ kələmin yarpaqları hamar olur. Təzə ağ kələmi həm çiy, həm də bişmiş şəkildə yemək olar.

Yemkələmi isə özünün yabanı əcdadına daha çox bənzəyir, çünki onun yarpaqları bir-birinə sıxılmır və çox yekə olur. Brüssel kələmi isə həm ağ kələmə, həm də yemlik kələmə bənzəyir.

Gülkələmdə isə yarpaqları deyil, incə qoxusu olan çiçək qönçələrini yeyirlər. Bu qönçələrdə bitkinin ətli, bərk hissəsi və onların ətrafında cəmi bir neçə yarpaq olur. Gülkələm yetişdirmək çox çətin olduğundan italiyalılar onun daha bəsit formasını – brokkoli kələmini yetişdiriblər.

Kolrabi kələminin isə zoğlarında, lap torpağa yaxın yerdə girdə düyünləri olur. Bitki cavan olanda bu düyünlər də incə və çox yeməli olur, onlardan cürbəcür xörəklər bişirirlər.

 

Qarpız harda meydana gəlib?

 

Qarpız-yemişi sevməyən adam, yəqin ki, yoxdur. Amma, bəlkə də, bilmirsiniz ki, bu gözəl nemətlər insanları neçə minillərdir ki, sevindirir! Qarpızın da, yemişin də vətəni Asiyadır – orda bu giləmeyvələrin yabanı növlərinə hələ də rast gəlmək mümkündür. Çox ola bilər ki, bu meyvələr min illər qabaq dünyaya da elə oradan yayılıb.

Qarpız hələ qədim misirlilərdə ləziz nemət sayılırdı. Qədim romalılar və bəlkə də, lap elə yunanlar da qarpızı elə bizim qədər sevirdilər. Amma bizim zəmanəyə nisbətən yaxın olan  dövrləri götürsək, deyə bilərik ki, təxminən 300 il qabaq onu Fransada yetişdirməyə başlayıblar. Bir şeyi də diqqətinizə çatdıraq ki, qarpız-yemiş də xiyar və balqabaqların mənsub olduğu bitki ailəsinə aiddir. Bütün bu nemətlər mülayim iqlimdə, çürüntüsü bol olan az gilli torpaqlarda yetişir. Daha soyuq yerlərdə bu bitkiləri istixanalarda əkirlər. Bütün qarpızlar və yemişlər iki əsas bitkidən törəyib. Yemiş və qarpız lap əvvəllər Cənubi Asiyada bitirdi. Lakin yüzillər ərzində onlar çox yerə yayıldı və indi həm qarpızın, həm yemişin xeyli növü var.

 

Bal toplamağa nə vaxtdan başlayıblar?

 

Bal ən ecazkar təbii nemətlərdəndir. İnsan lap qədim zamanlardan baldan istifadə edib. O vaxtlar şəkərin yeganə mənbəyi bal idi. Qədim zamanlarda baldan daha çox müalicə məqsədi ilə istifadə edirdilər: ondan alkoqollu içkilər düzəldir, hərdən şərabla balı qarışdırırdılar. Misirdə bal meyitlərin mumiyalanmasında zəruri vasitələrdən sayılırdı.

Qədim Hindistanda meyvələri uzun müddət saxlamaq üçün bala yatırır, ondan cürbəcür yeməklər bişirirdilər. Bal İncil, Quran kimi müqəddəs kitablarda, qədim yunan müəlliflərinin əsərlərində xatırlanır. Odur ki, baldan istifadənin çox qədim zamanlara gedib çıxmasına şübhə yoxdur.

Bal müasir zamanda da əvəzolunmaz bir nemətdir. O yeməklərə, meyvələrə, şirniyyata bənzərsiz dad verir. Baldan dondurmalarda, körpələrin qidalanmasında istifadə edirlər. Bal həm də tibbi nöqteyi-nəzərdən insanın immunitetini yüksəldən, orqanizmin mikroelementlərə ehtiyacını tam təmin edə bilən əvəzsiz bir vasitədir. İdmançılar üçünsə ondan gözəl enerji mənbəyi tapılmaz.

Balın daha bir diqqətəlayiq cəhəti onun dezinfeksiyaedici xassəsidir. Azərbaycanda da hələ çox qədim zamanlardan balın bu xüsusiyyətindən istifadə ediblər, çətin sağalan yaralara ballı məlhəm çəkərək sağaldıblar.

İndi isə düzəlməsində baldan istifadə olunan, amma heç birinizin ağlına gəlməyəcək bir-iki məhsulun adını çəkək. Belə ki, demə, bal əl üçün məlhəm, siqaret, antifriz və qolf toplarının istehsalında da kara gəlirmiş?