Elektron ədəbiyyat və sənət portalı

İlk avtomobili kim düzəldib?

Bölmə: Elm 22.07.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

İlk şəkillər nə vaxt yaranıb?

 

Bir çox müasir rəssamlar dünyamızı təsvir etməyə çalışaraq şəkillər, tablolar çəkirlər. Lakin insan ilk şəkilləri çəkməyə başlayanda öz qarşısında belə bir vəzifə qoymurdu. Min illərlə bundan qabaq yaşamış ibtidai insanların mağaralarında heyvanları ustalıqla əks etdirən qayaüstü təsvirlər tapılıb. Həmin təsvirlərdən ibarət çox geniş bir kolleksiya Azərbaycanda, Qobustandakı qədim insan məskəni olmuş qayalardadır. İnsanlar orada daş dövründə yaşayıblar.

Neçə min il əvvəl, Misir sivilizasiyası yarananda da şəkillər real həyatı əks etdirirdi. Misirlilər ölümdən sonrakı həyata inanırdılar və ona görə də sərdabələrində həyatları boyu rast gəldikləri şeylərin təsvirini çəkirdilər. Kişi, qadın, uşaq, heyvan, qayıq və daha nələr...

Əgər çinliləri çıxsaq, yəqin, qədim yunanları bütün zamanların ən istedadlı rəssamları saymaq olar. Onlar şöhrətlərinin zirvəsinə eramızdan əvvəl V əsrdə çatmışdılar. Yunan sənətkarları öz qarşılarına bütün gördüklərini daş heykəllərdə təsvir etmək kimi bir vəzifə qoymuşdular. Onların əsərlərində həyat əks olunurdu, amma adi həyat yox, kamil həyat, ideal həyat.

Yaxın Şərqdə yaranan xristianlıq incəsənətə əhəmiyyətli dəyişikliklər gətirdi.

Qədim incəsənətin naturalizmi Şərq üslubunda simvolizmlə əvəz olundu. Orta əsrlərdə, təxminən V- XV yüzilliklər arasında freska və kitab illüstrasiyası sənəti inkişaf etdi. Freskalar fırça ilə hələ nəm olan suvağın üzərində çəkilirdi deyə, quruyandan sonra təsvir divarla birlikdə sərtləşərək daha möhkəm olur və əsrlər boyu yaşayırdı. Əlyazmaları, yaxud kitablar üçün illüstrasiyaları isə rahiblər çəkirdi. Onlar maraqlı və mürəkkəb baş hərflər yaradır, bütöv səhifələrdə gözəl şəkillər çəkirdilər. Bir çox kalliqrafik şriftlər də məhz onlar tərəfindən yaradılıb.

 

Papirus nədir?

 

Üzərində yazmağın mümkün olduğu ilk material papirus adlanan bitkidən hazırlanırdı. Bu ixtiranı misirlilər eramızdan təxminən 2000 il qabaq ediblər. Təqribən 2500 il ərzində papirus yazı yazmaq üçün yeganə material idi. Papirus qamışkimilərə aid, cillər fəsiləsindən olan bir bitkidir. Onun hündürlüyü 1-3 metr arasında, saplağı yumşaq, qalınlığı isə bəzən insan əli boyda olur. Saplağın başında aşağı sallanan nazik saçaqlar var – pırtlaşıq, cod qadın saçına bənzəyir. Papirusun yarpaqları xırda, kökü güclüdür. Roma tarixçisi Pliniy papirusun hazırlanması prosesini yazmışdı. Bitkinin saplağını doğrayır və düzləyirdilər. Ən enli və daha qiymətli hissə saplağın ortaları olurdu.

Bu zolaqları yan-yana düzürdülər, üstlərinə başqa zolaqlar düz bucaq altında köndələninə düzülürdü. Sonra onları bir-birinə Nil çayının lilli suyu, ya da buğda nişastası ilə yapışdırırdılar. Bu yolla alınan vərəqləri hamarlayır və günün altında qurudurdular. Bir zamanlar papirus Misirdə istehsal olunan ən əsas əmtəə sayılırdı.

Uzun əsrlər boyu bütün diplomatik sənədlər papirus üzərində yazılardı – onda hələ perqament ixtira olunmamışdı. Hər vərəqin üzərinə onun keyfiyyətinə dəlalət edən möhür basılırdı. Papirusun nazik zoğlarından zənbil də hörürdülər. Daha qalın zoğlar həsir, yelkən istehsalına gedirdi, bitkinin orta, ətli hissəsindən yoxsullar şorba bişirir, qurudulmuş papirus isə yanacaq kimi kara gəlirdi. Beləliklə, siz artıq gördünüz ki, bu bitkinin qədim zamanlarda necə böyük əhəmiyyəti vardı...

 

Tütün çəkməyə nə vaxt başlayıblar?

 

Tütünü ilk olaraq yetişdirən, onun tüstüsünü ciyərlərinə çəkən Şimali və Cənubi Amerika hinduları olub. Xristofor Kolumb və digər səyyahlar Amerika torpaqlarına gələndə aşkar olunub ki, yerli xalqlar tütündən ən müxtəlif məqsədlərlə istifadə edirlər. Məsələn, onlar “sülh çubuğu” adlanan çubuqlara tütün dolduraraq onu sülh niyyətində olduqlarını nümayiş etdirmək üçün çəkirdilər. Hindular həm də belə güman edirdilər ki, tütünün müalicəvi xassələri də az deyil. Ona görə də özlərini müxtəlif xəstəliklərdən qorumaq üçün tütün çəkirdilər.

İlk dəfə tütün Avropaya XVI əsrdə gətirilib, çünki onun müalicəvi əhəmiyyətinə avropalılar da inanırdı. Tütün çəkmək üçün çubuğu isə Virciniyanın ilk qubernatoru Ralf Leyn gətirmişdi. 1856-cı ildə o, hindu çubuğunu ser Uolter Reyliyə bağışlamış, istifadə qaydalarını ona öyrətmişdi.

1609-cu il üçün artıq Londonda o qədər çox çubuq, qəlyan düzəldilirdi ki, onun istehsalı ilə məşğul olan sənətkarlar bir sexdə birləşdilər. Bizim zamanlarda tütünün əksər hissəsi, təbii ki, siqaretlər şəklində işlədilir. Siqaret çəkməyin də köhnə tarixçəsi var. Hələ ilk ispan səyyahları Vest-Hindistan və Meksikada yaşayan hindu xalqlarının siqaret çəkdiklərini öz gözləriylə görmüşdülər.

Vest-Hindistanda tütünü nazik palma qabığına bükürdülər. Meksikada isə bu məqsədlə qarğıdalı yarpaqlarından istifadə olunurdu. Siqaret üçün ilk dəfə kağızdan istifadə edən ispanlar olub. Siqaret çəkmək Aralıq dənizi və Qara dəniz ətrafındakı ölkələrdə, əsasən də türklərin təsiri altında olan yerlərdə geniş yayılmışdı. Krım müharibəsində iştirak edən ingilis ordusu türk siqaretlərini ilk  dəfə Londona gətirdi. Bir neçə ildən sonra Londonda ilk siqaret fabriki açıldı.

 

İlk avtomobili kim düzəldib?

 

Benzin mühərriki ilə çalışan ilk avtomobili kimin düzəltdiyini demək çətindir. Alman Qotlib Daymler özünün ilk benzin avtomobilini 1887-ci ildə düzəldib; elə həmin il iki fransız mütəxəssisi qoşma qurğusu və sürət ötürücüsünün patentini aldı. Demək lazımdır ki, bu iki qurğu ingilis avtomobillərində, əsasən, eləcə də qalır. Təbii ki, hal-hazırda bəzi ingilis avtomobillərinin avtomatik sürət qutusu var, amma bu ixtira Amerikada daha populyardır.

İngiltərədə avtomobil istehsalının pioneri F.U.Lançester olub. O, özünün ilk avtomobilini 1895-ci ildə istehsal edib. Həmin avtomobilin o zaman üçün iki müasir təkmilləşdirməsi pnevmatik şinlər və milləri olan təkərlərdən ibarət idi. Həmin andan etibarən avtomobilin inkişafı çox sürətləndi. Əvvəllər avtomobillərin istehsalına potensial investorların diqqətini cəlb etmək çox çətin idi. Gənc amerikalı ixtiraçı Henri Ford elə bir avtomobil layihələndirdi ki, insanlara çox ucuz satıla biləcəkdi.

Avtomobil istehsalının başlanğıc dövrlərində maşınlar yalnız varlı insanların ixtiyarında idi deyə, Fordun eksperimenti uğurlu oldu. Bu, dünyanın ən iri avtomobil zavodunun – Ford zavodunun yaranması ilə nəticələndi. Bu zavod bütün dünya əhalisi  üçün əlçatan, nisbətən ucuz, etibarlı maşınların istehsalı ilə məşğul idi. Henri Ford avtomobil sənayesinə iki yenilik gətirdi: standartlaşdırma və kütləvi istehsal.

 

İlk sikkələr nə vaxt düzəldilib?

 

Sikkə müəyyən çəkidə olan metal parçasıdır. Hər sikkənin üzərində onun harada buraxıldığını göstərən qeyd olur. İlk sikkələr eramızdan əvvəl VII əsrdə lidiyalılar tərəfindən buraxılıb. Lidiyalılar Kiçik Asiyanın ən qüdrətli xalqlarından idi. Həmin o ilk sikkələri elektron adlanan materialdan hazırlayırdılar. Onun 75 faizi qızıl, 25 faizi gümüş idi. Stater, yaxud standart adlanan bu pullar ölçüsünə və formasına görə noxudu xatırladırdı. Bu sikkələri görən yunanlar onların xeyirini anlamış, özləri də sikkələr vurmağa başlamışdılar.

Təxminən yüz ildən sonra Yunanıstanın, Kiçik Asiyanın bir çox şəhərlərində, Egey dənizi adalarında və Siciliyada, habelə İtaliyanın cənubunda belə sikkələr düzəldilirdi. Ən qiymətlisi qızıl sikkələr idi. Sonra gümüş və nəhayət, mis sikkələr gəlirdi. Yunanlar belə sikkələri təxminən 500 il ərzində zərb edirdilər. Bu ideyanı onlardan götürən romalılar da təxminən 500 il bununla məşğul oldular. Lakin sonralar sikkəçilik sənəti özünün tənəzzül dövrünü yaşadı, təxminən 500-cü ildən 1400-cü ilədək sikkələr çox nazik və yöndəmsiz olurdu.

Lakin XV əsrdə zərb sənətinin çiçəklənməsi dövrü başlandı. Sikkələrə daha çox metal sərf olunmağa başlandı, onların görkəmini gözəlləşdirmək üçünsə istedadlı rəssamlar cəlb edildi. Britaniyanın ilk sikkələri hələ Roma istilasınadək düzəldilirdi. Normand istilası dövründə isə ölkədə 70 zərbxana vardı. Lakin 1850-ci ildə Kral zərbxanası sikkə istehsal edən yeganə müəssisə oldu.

 

İlk pullar nə vaxt yaranıb?

 

İnsan kifayət qədər uzun müddət pulsuz keçinib. O, bizim indi barter adlandırdığımız müamilələrdən istifadə edirdi. Əgər kiminsə özünün düzəltmədiyi bir şeyə ehtiyacı olurdusa, ona lazımlı malı olan şəxsi tapır və həmin malın əvəzində nəsə təklif edirdi. İbtidai insanların istifadə etdiyi ilk “pul” adətən geymək, yaxud yemək mümkün olan şeylər idi. Amerika hinduları bu məqsədlə “vampum” adlandırdıqları oyma balıqqulaqlarından istifadə edirdilər.

Pulun başqa növü tütün, taxıl, heyvan dərisi, duz və paxla idi. Lakin axırda metal parçaları pulun bütün qalan növlərini sıxışdırıb çıxardır. Metaldan pul kimi istifadə edən ilk xalq lidiyalılar olub. Bu xalq Kiçik Asiyada yaşayırdı. Eramızdan əvvəl VIII əsrdə onlar çəkisi və görkəmi eyni olan, asanlıqla tanınan metal pullar düzəltməyə başladılar. Əslində, qızıl və gümüşdən əvvəllərdə pul kimi istifadə olunurdu, amma onda bu qiymətli materiallar pul şəklində deyildi.

O zamanlar hər iki metaldan külçələr tökülürdü və müamilə üçün gərək olan tikəni külçədən kəsirdilər. Amma bu külçələrin təmizliyinə, kəsilən tikələrin dəyərinə heç bir zəmanət yox idi. İlk dəfə məhz lidiyalıların ağlına gəlib ki, pulların üzərinə zəmanət nişanəsi olaraq, cürbəcür təsvirlər çəksinlər.

Başqa xalqlar da bu ideyanı onlardan alaraq işə girişdilər və tədricən puldan istifadə hər yana yayıldı. Sonralar kiminsə ağlına gəldi ki, inanılmış bir adamın dilindən pul verəcəyi barədə alınan söz özü də elə pul hesab oluna bilər. Ona görə də zərgərlər, tacirlər və sələmçilər ilk tələbdə pul ödəyəcəkləri haqda yazılı iltizamnamələr hazırlamağa başladılar.

Bu “kağız pullar” həqiqətən kağız olduğuna görə onunla davranmaq qızıl-gümüşlə davranmaqdan daha təhlükəsiz idi. Tezliklə, əvvəlcə banklar, sonra isə hökumətlər belə kağız zəmanətnamələrin hazırlanmasına başladılar. Kağız pullar belə yarandı.

 

İlk təyyarə havaya nə vaxt qalxıb?

 

Qədim miflərdə uçmağa çalışan insanlar dəfələrlə xatırlanır. Məsələn, Dedalın oğlu İkar. O, lələk və mumdan düzəltdiyi qanadları taxıb uçmuşdu. İkarın nümunəsi sonralar, uzun əsrlər boyu özünü yüksək yerlərdən tullayaraq belinə bağladığı kövrək qanadlar vasitəsiylə uçmağa cəhd göstərən insanların həlak olmasına səbəb oldu. Tədricən insanlar anlamağa başladılar ki, onlar heç vaxt quş kimi uça bilməzlər. Uçmaq üçün tamam yeni bir üsul gərək idi.

Bizim bildiyimiz qədər, belə bir ideyanı ilk dəfə Rojer Bekon (1214-1292) ifadə etmişdi: “Uçmaq üçün ortasında adam oturan mühərriklər düzəltmək mümkün bir şeydir...” XVII yüzillikdə insan havadan yüngül olan aparatlar vasitəsiylə uçmaq üzərində işə başladı və içinə isti hava, yaxid hidrogen qazı doldurulmuş hava şarında ilk uçuşlar başlandı.

Lakin hava şarlarının böyük qüsuru bu idi ki, onun sərnişinləri tamamilə havanın şıltaqlıqlarından asılı idilər və belə uçuş aparatları səmtini, istiqamətini daim itirərək tamam başqa yerlərə gedib çıxırdı.

İnsan əsl uçuşlardan hələ də çox uzaq idi. Havadan ağır uçan maşının ilk modeli 1804-cü ildə meydana çıxdı. Bu, sahəsi 994 kvadrat santimetr olan quyruqlu çərpələng idi. 1848-ci ildə Con Strinqfellou adlı birisi 9 metrlik maili sim üzərində buxar mühərriki ilə çalışan monoplanın sınağını keçirdi. Aparat simin üzəriylə yuxarı uçur və onun sonundakı kətan ekrana dirənib dururdu.

Bəzi məlumatlara əsasən, 1882-ci ildə rus ixtiraçısı Aleksandr Mojayski buxar mühərriki ilə çalışan nəhəng təyyarədə havaya qalxmışdı. 1896-cı ildə isə doktor Samuel Pirpont Lenqli 5 metrlik qanadları olan biplanda uğurlu uçuş keçirərək 925 metr məsafə qət etmişdi. 1903-cü ilin 17 dekabrında isə Orvil Rayt öz təyyarəsinin mühərrikini işə salaraq, havaya qalxdı.

İndiki meyarlarla götürəndə Raytın uçuşu elə bir şey deyildi: o, cəmi 36 metr uçmuşdu. Lakin bu, bəs etdi ki, Orvil və onun qardaşı Uilbur ilk təyyarəni düzəldən və onu idarə edərək uça bilən ilk insanlar kimi qəbul olunsun.

İlk uğurlu uçuş 1902-ci ildə Santos-Düpon mühərrikiylə işləyən biplanda Preston Uotson adlı birisinin cəhdi sayılır, amma bu faktın rəsmi təsdiqi yoxdur.

 

Bizim adlarımızın mənası nədir?

 

Təbii ki, adın əsas vəzifəsi onu daşıyan adamın başqalarından fərqləndirilməsidir. Bəşər tarixinin başlanğıcından körpələrə ad ya anadan olan kimi, ya da sonra verilirdi.

Lakin qədim zamanlarda valideynlər öz övladlarına ad verərkən, istəyirdilər ki, bu adların bir mənası olsun. Məsələn, onlarda uşağın hansısa zahiri əlaməti öz əksini tapsın, yaxud ad əzizləmə anlamı daşısın. Xristian adları adətən, öz başlanğıcını qədim dillərdən götürür. Məsələn, Bencamin (Veniamin) adı yəhudi dilindən, Endrü (Andrey) yunan dilindən, Alfred anqlo-saks dilindəndir.

İlk dövrlərdə mütləq adların nəsə bir mənası vardı. Aclıq əyyamında anadan olan qızlara Una (kelt dilində “aclıq”) adı verə bilərdilər. Qızılı saçları olan qıza Flaviya (latın dilində “sarı”), yaxud Blanş (fransız dilində “ağ”) adı qoyardılar. Müəyyən mənası olan adlara nümunələr gətirmək də olar: David (sevimli), Süzen (zanbaq), Debora (arı), Marqaret (mirvari).

İngiltərə və Birləşmiş Ştatlarda valideynlər uşağa istənilən adı qoya bilərlər – bu, onların özündən asılıdır. Lakin Fransa və Almaniyada körpənin adı mütləq mövcud rəsmi siyahıdan seçilməlidir. Bir dildən digərinə tərcümə edəndə adlar tez-tez çox maraqlı dəyişikliklərə məruz qalır. Məsələn, Henri tevton adıdır, mənası “evin başçısı” deməkdir. Bu ad ingilis dilində Harri və Helə; fransız dilində Anriyə, alman dilində Henrixə, italyan dilində Enrikoya, danimarka dilində Hendrikə çevrilir.

Soyadları təxminən 900 il qabaq yayılmağa başlayıb. Onları adlara əlavə edirdilər, çünki insanları yalnız adlarına görə fərqləndirmək çətin olurdu. Soyadları müxtəlif üsullarla əmələ gəlirdi: ata, şəhər, peşə, yaxud sənət adıyla və sairə.