Elektron ədəbiyyat və sənət portalı

Təbili kim ixtira edib?

Bölmə: Elm 15.07.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

İlk musiqi necə yaranıb?

 

Musiqinin yaranmasına həsr olunmuş çoxlu əfsanə var. İncildə bütün musiqiçilərin əcdadı İuvalın adı çəkilir. Qədim bir ispan kitabında deyilir ki, bir dəfə İuval dəmirçi Tuvalkainin emalatxanasında olanda diqqət yetirir ki, usta çəkici zindana vuranda müəxtəlif yüksəklikdə səslər çıxır. O, həmin səsləri təqlid etməyə çalışır və oxumaq öyrənir.

Yunan miflərində tütəyi ixtira edən Pan adlı bir çobandan söz açılır. Bir dəfə Pan qamışlıqda oturub bir parça qamış götürərək üfürürmüş. Bir də görür ki, qamışdan keçən nəfəs qüssəli, həzin səslər çıxarır. O da müxtəlif uzunluqda qamışlar kəsib onlardan dəstə bağlayır və nəticədə gözəl bir musiqi aləti yaranır... Əlbəttə, bunlar yalnız əfsanədir.

Görünür, müxtəlif musiqi alətləri ibtidai insanlarda da olub. Lakin onların musiqisi yalnız əyləncə deyildi. Musiqi onların həyatında çox böyük rol oynayırdı. Musiqinin ən qədim növü olan xalq musiqisi, qeyri-peşəkar müqənnilər öz mahnılarını fikirləşməyə başlayanda yarandı.

Qədim yunanlar musiqini poeziya və dramatik incəsənətlə bir tuturdular. Onlar arfa, lira, fleyta kimi alətlərdən istifadə edirdilər. Müsiqi sənəti Avropada özünün inkişafına görə erkən xristian kilsəsinə minnətdardır.

Bir müddətdən sonra kilsə musiqisindən yeni forma və istiqamətlər yarandı və musiqi incəsənətin aparıcı növlərindən birinə çevrildi.

 

İlk musiqini yazan kim olub?

 

Yəqin ki, ibtidai insanların da öz musiqisi olub. Lakin onların çıxardığı səslər müasir səslərdən çox fərqlənirdi. İbtidai musiqi uzun və uca səslə inilti, çığırtı, ulartı kimi səslərin sintezindən ibarət idi. Oxuma rəqslərlə, əlçalma və təbil zərbələriylə müşayiət olunurdu. Xalq musiqisi əsrlər boyu mövcud olaraq ağızdan-ağıza keçir, nəsildən-nəslə ötürülürdü. Artıq neçə əsrlərdir ki, müxtəlif insanlar musiqi də bəstələyir.

Bütün qədim mədəniyyətlərdə: yunanlarda çinlilərdə, hindlilərdə, misirlilərdə, assuriyalılarda və yəhudilərdə musiqi olub. O musiqi əsas etibariylə bizim müasir musiqimizə bənzəmirdi. Yunanlar notları bir yerdə yığaraq müasir qammalara bənzəyən mürəkkəb musiqilər fikirləşirdilər. Həmin musiqi parçalarını yazmaq üçün onlar əlifbanın işarələrindən istifadə edir, həmin işarələri sözlərin əlaqədar işarələri üzərində yazırdılar. Yunanlardan və musiqini onlardan götürən romalılardan sonra musiqinin inkişafında əhəmiyyətli rolu xristian kilsəsi oynadı. Müqəddəs Ambroz və Müqəddəs Qriqori sadə oxuma adlanan musiqi üslubunun əsasını qoydu.

Bu üsulla oxumada notlar bir-birinin ardınca gəlirdi ki, bu da hələ qədim yunanların işləyib hazırladığı metodla üst-üstə düşürdü. Kilsədə musiqi ilə məşğul olanlar da musiqini yazılı qeyd etməyi öyrəndilər. Musiqinin müasir yazı qaydaları isə özünün başlanğıcını elə həmin qədim sistemdən götürür.

1600-cü ildə Cakopo Peri “Evridika” adlanan ilk operasını yazdı. Sonralar Monteverdi kimi bəstəkarlar yalnız operalar deyil, həm də instrumental musiqi yazırdılar – məsələn, skripka üçün. Ardınca saray rəqsləri, karnaval və teatr tamaşaları üçün də musiqi yazılmağa başlandı. Bir müddətdən sonra isə musiqisindən bugünədək nəhayətsiz zövq aldığımız dahi bəstəkarlar meydana gəldi - Bax, Gendel, Haydn, Motsart, Bethoven...

 

Akkordeonu kim ixtira edib?

 

Akkordeon dəmirçi körüyü prinsipi ilə düzəlmiş musiqi alətidir. Səs ondan metal təbəqələrdən keçən hava hesabına çıxır. Bu alətin inkişafı uzun illər çəkib. Akkordeonun bir hissəsi olan metal təbəqələrdən ilk dəfə qədim çinlilər tərəfindən “Çenq” adlanan musiqi alətində istifadə olunub.

16-cı əsrdə körüklərdə ağac çərçivələrdən istifadə etmək ideyası yarandı. Körükləri basıb-buraxanda təbəqələri vibrasiyaya gətirən hava axını yaranır və həmin təbəqələrlə əlaqədar olan dillərə basılır. Bu təbəqələrin vibrasiyası akkordeonun səsini əmələ gətirir. Yalnız akkordeonda deyil, həm də pianinolarda istifadə olunan dilləri isə XII əsrdə ixtira ediblər.

Müasir akkordeonun əcdadı sayıla bilən ilk musiqi alətini Damian adlı bir avstriyalı 1829-cu ildə hazırlayıb. 1910-cu ilədək konsert akkordeonu adlanan bu alət yalnız Avropa ölkələrində tanınırdı. Sonra o, Amerika estradasında göründü. O zamandan etibarən akkordeon xeyli təkmilləşdi və 1937-ci ildə ilk dəfə simfonik orkestrin tərkibində çıxış etdi. Konsert akkordeonunun bir tərəfində 120 bəm dili, digər tərəfində 41 zil dili olur.

 

Təbili kim ixtira edib?

 

Bir və ya bir neçə ixtiraçı tərəfindən düzəldilən musiqi alətlərindən fərqli olaraq, təbil hələ ibtidai icma quruluşundan var. Əksəriyyəti tarix səhnəsini artıq çoxdan tərk etmiş ən qədim xalqlar dünyanın hər yerində cürbəcür təbillərdən istifadə edirdilər. Görünür, ilk təbil qəbilənin üzvlərini bir yerə toplamaq üçün istifadə olunurdu. Bu, təxminən, hərbi siqnala bənzər bir alət sayılırdı.

Bir müddətdən sonra təbil ibtidai insanların “şər ruhlarla” mübarizədə istifadə etdikləri musiqinin əsas tərkib hissəsinə çevrildi. Həmin insanlar üçün təbilin səsi dini anlam daşıyırdı. Bir çox mərasimlər rəqsin müşayiəti ilə davam etdiyi üçün təbil çox münasib alət idi. İbtidai insanlar müxtəlif materiallardan düzələn təbillərdən istifadə edirdilər. Bu alətlərin bəziləri içiboş ağac gövdələrinə çəkilən heyvan dərilərindən ibarət olurdu. Bambuk təbillər içiboş bambukdan kəsilən uzun parçalardan düzəldilir, həmin parçalara ağacla zərbə endirib, səs çıxarılırdı. Bəzi insanlar yerdə uzanaraq öz bədənlərinə zərbələr endirirdilər ki, təbil səsinə bənzəyən səslər çıxarsınlar! Qədim misirlilər də təbillərdən geniş istifadə edirdilər.

Tipik Misir təbili iri deyildi, onu əllə götürürdülər. Qədim yəhudilərdə də dəflərin bir növü olan təbillər vardı, onları çubuqla çalırdılar. Çinlilərdə, yaponlarda da təbildən hələ lap qədim zamanlardan istifadə edirdilər. Amerika hinduları təbillərdən təkcə siqnal vermək, yaxud rəqsləri müşayiət etmək üçün deyil, həm də havanın necə olacağını qabaqcadan söyləmək üçün istifadə edirdilər! Yağışlı hava yaxınlaşanda təbilə çəkilən dəri dartılır, onun səsi başqa cür çıxırdı...

 

İlk səs yazısı nə vaxt yaranıb?

 

İlk səs yazısını 1877-ci ildə Tomas Edison qeyd edib. Onun ilk səsyazma maşını üstündəki dəstək vasitəsiylə çevrilən silindrdən ibarət idi. Onun üstündə həm də qıfabənzər bir element və ucuküt iynə vardı. Həmin qıf kimi detalın dar ağzında nazik membran dururdu. Qıfın geniş ağzından girən səs, üzərinə iynə bərkidilmiş membranı titrədirdi. İynə səsin təsiri altında yuxarı-aşağı hərəkət edirdi.

Silindrin üzərinə isə nazik qalay təbəqə - folqa çəkilirdi. İynə bu təbəqədə özünə yer eləyir, qıfla iynə isə dəstəyi çevirdikcə silindr boyu aramla hərəkət edirdi. Beləliklə, silindrin ətrafında dəfələrlə dolanan iynə folqada iz salırdı. Kimsə ağzını həmin qıfa tutub danışanda, yaxud mahnı oxuyanda iynə yuxarı-aşağı hərəkət edirdi və aşağı düşəndə açdığı cığır daha dərin, yuxarı qalxanda dayaz olurdu. Cığırın dərinliyinin dəyişməsi danışarkən, yaxud oxuyarkən yaranan səs dalğalarını əks etdirirdi.

Səsin yazılması prosesi belə gerçəkləşirdi. Həmin səsi oxutmaq üçünsə qıfla iynəni cığırın əvvəlinə yerləşdirirdilər. İynə cığırla hərəkət edəndə, nazik membranı səsin yazılması zamanı olan ardıcıllıqla vibrasiyaya məcbur edirdi.  Bu isə qıfda havanın titrəməsinə səbəb olur və nəticədə bayaq səslənən səsi xatırladan səs eşidilirdi!

 

İlk fotonu kim çəkib?

 

İnsanın ətrafında gördüklərini əbədiləşdirmək həvəsinin neçə yüz illər yaşı var. XI əsrdən XVI əsrədək kamera-obskur adlanan bir qurğu olub. Bu qurğu fotoqraf makinasının əcdadı olub. Kamera-obskur vasitəsiylə təsvir, kağızın üzərinə proyeksiya olunurdu. Onun konturlarını adi qələmlə çəkməklə həmin təsvirin dəqiq surətini almaq mümkün idi. 1802-ci ildə Uecvud və Hamfri adlı iki ixtiraçı irəliyə doğru böyük bir addım atdılar. Onlar kontakt çapı vasitəsiylə şüşə üzərindəki təsvirlərin siluetlərini azotlu gümüşlə örtülmüş kağızın üzərinə köçürə bildilər. Lakin həmin təsvirləri qoruyub saxlaya bilmədilər.

1816-cı ildə Cozef Neps neqativ təsvir əldə etməyə imkan verən fotoaparat düzəltdi. 1835-ci ildə isə Uilyam Talbot daimi təsvir ala bildi. Talbot neqativlərdən pozitiv təsvir alan ilk şəxs idi. O, bununla yanaşı foto çapını da ixtira etdi və 1844-cü ildə fotoşəkillərlə illüstrasiya olunmuş kitab da nəşr etdi. O zamandan etibarən bu sahədə yeni-yeni ixtiralara yol açıldı.

Hamının yaxşı tanıdığı Kodak fotokamerası bazarda 1888-ci ildə göründü. Bax, müasir fotoqrafiya o zamandan başlanır. Fotoqrafik proseslərdən çoxu bu fakta söykənir ki, işığın təsiri altında gümüş nitritləri qaralır. Bu prosesi isə XVII əsrin kimyagərləri təsadüfən açmışdı. Onlar adi metalları qızıla çevirmək üçün təcrübələr aparırdılar.

 

İlk kitab nə vaxt yazılıb?

 

İnsana neçə minilliklər lazım oldu ki, müasir kitabları, heç olmasa, uzaqdan-uzağa xatırladan bir şey yarada bilsin. Ona görə də biz ilk kitab haqda danışanda nəsə başqa bir şeyi nəzərdə tutmalıyıq. Əslində bizə bəlli olan ən qədim kitablar müasir anlamda heç kitab deyildi. Neçə min il əvvəl babillilər və assuriyalılar gil lövhələr düzəldirdilər. Bu lövhələrin üzərində saxlamaq istədikləri qeydləri yazırdılar. Ucu itilənmiş çubuqlarla hələ nəm olan gildə mixi işarələr qoyurdular. Bu işarələrə ona görə mixi deyilir ki, bütün işarələrin elementləri bir dənə mıxşəkilli işarədən əmələ gəlirdi.

Babillilər bu lövhələrin xarab olmaması üçün onları sobalarda yandırıb kaşıya çevirirdilər.

Bəzən bu yazılar uzun olur, onları qeyd etmək üçün belə gil lövhələr çox işlənirdi. Belə lövhə dəstlərini hardasa kitabda saymaq olar. Qədim misirlilər isə kitab barədə bizim müasir anlayışlarımıza bir xeyli yaxınlaşdılar. Onlar papirus adlanan qamışdan qaba kağıza bənzər bir şey hazırlayırdılar. Bu vərəqlər əllə hazırlanırdı, bundan sonra açıq-sarı rəngdə vərəqlər uzun zolaqlar şəklində bir-birinə yapışdırılır, lap axırda da ağac, yaxud sümükdən hazırlanan çubuqlara sarınırdı. Suda həll edilmiş hisdən düzəltdikləri məhluldan mürəkkəb kimi istifadə edərək misirlilər şeirlərini, hekayətlərini, cürbəcür məlumatları heroqliflərdən (onlara həm də “şəkilli yazılar” deyilir) istifadə edərək həmin papiruslara yazırdılar. Həmin sarmalarda yazmaq rahat olmadığından bəzən qeydlər ayrı-ayrı vərəqlərdə aparılırdı. Sonra bu vərəqlər bir yerdə bağlanır və təxminən kitab kimi bir şey əmələ gəlirdi.

Qədim dünyanın digər xalqları, o cümlədən yunanlar və romalılar da kitablarını misirlilər kimi, çubuğa sarıyırdılar.

 

Kitab çapını kim ixtira edib?

 

Çap üsulu hansısa təsvirlərin təkrar olunması məqsədiylə V əsrdə çinlilərdə və yaponlarda yaranıb. O zamanlar və ondan sonrakı neçə əsrlər ərzində kitab o qədər nadir bir şey idi, oxumağı o qədər az adam bilirdi ki, bu səbəbdən özünün şəxsi kitabı olan adamlar lap az idi və buna görə də kitab çapına əslində ehtiyac olmurdu.

İlk kitab naşirləri klişe, yaxud basmaqəlib kimi ağac lövhələrdən istifadə edirdilər. Onların üzərində şəkillər qazılır, sonra bu formalara rəng çəkilir və o zamanların yöndəmsiz preslərinin köməyiylə həmin təsvir kağıza köçürülürdü. Sonralar şəkilləri sözlə şərh etməyə başladılar. Amma sözlər də gərək basmaqəlibdə qazılaydı. Hər ağacın üzərində hərflər qazmaq kimi ağır prosesi asanlaşdırmaq üçün yeni üsullar lazım idi.

Təxminən min il keçdi ki, yazılı sözü təkrar-təkrar nüsxələməyə imkan verən real dəyişikliklər əmələ gəlsin. Bunun üzərində bir çox ixtiraçılar çalışırdı. Belə hesab edirlər ki, problemi ilk olaraq İohann Qutenberq adlı Mayns şəhərindən olan bir çapçı həll edə bildi. Qutenberqin ağlına gəldi ki, metal hərflərdən isitfadə etsin. Bu üsul vasitəsiylə o, özünün ilk kitabını – məşhur Qutenberq İncilini 1453-1456-cı illər arasında çap etdi.

Qutenberqin şriftləri kassada, hər hərf ayrıca saxlanırdı. Əgər yeşiklərdən hərfləri bir-bir götürsən, sözləri, sətirləri, səhifələri yığmaq çox asan idi. Usta mətni yığıb səhifəni çap edəndən sonra hərfləri sökür və hərəsini yenə öz yerinə qaytarırdı və bundan sonra növbəti səhifəni yığmağa başlayırdı. Bu sistem indiyədək işləyir, amma bu zaman ərzində prosesi sürətləndirmək üçün saysız-hesabsız ixtiralar edilib.