Elektron ədəbiyyat və sənət portalı

Güləşin neçə yaşı var?

Bölmə: Elm 08.07.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

İdman güləşinin neçə yaşı var?

 

Güləş insana bəlli olan ən qədim idman növlərindəndir. Qədim Misirdəki məqbərələrin divarlarında güləşən insanların yüzlərlə təsviri var. Bu şəkillərdə müasir güləşdə istifadə olunan, demək olar ki, bütün duruşlar, tutuşlar göstərilir. Beləliklə, bəlli olur ki, güləş artıq 5000 il əvvəl çox inkişaf etmiş bir idman növü idi!

Mütəşəkkil, elmi cəhətdən əsaslandırılmış idman növü kimi güləş Yunanıstana, yəqin ki, ya Misirdən, ya da Asiyadan keçib. Lakin bir yunan əfsanəsinə əsasən, güləşi qədim qəhrəman Tezey ixtira edib. Qədim yunan idman oyunları sistemində güləşin müstəsna yeri vardı. Yunan güləşçiləri öz bədənlərinə yağ çəkir, sonra etibarlı tutuşu təmin etmək üçün yağın üzərinə qum səpirdilər. Qədim dünyanın ən yaxşı güləşçisi Krotonlu Milon ölkə çempionatlarında 32 qələbə qazanmış, altı Olimpiadanın qalibi olmuşdu. Güləşin çox populyar olduğu Yaponiyada isə rəsmən qeyd olunmuş ilk yarış eramızdan əvvəl 23-cü ildə keçirilmişdi.

Yaponların özlərinə məxsus bir güləş növü də var ki, onun adına sumo deyirlər. Bu növdə əsas olan güləşçilərin çəkisidir. Sumo çempionlarının çəkisi adətən, 135 kiloqrama yaxın olur. Onlar fövqəladə güclü olmaqla yanaşı, yaxşı güləşmək üçün müstəsna cəldlik göstərməlidirlər.

Böyük Britaniyada da güləşlə çoxdan məşğuldurlar. Hətta kral VIII Henrix də güləşlə məşğul olur, yaxşı idmançı sayılırdı?

 

Bəzi uşaq oyunları necə yaranıb?

 

Bizim zamanlarda gizlənqaçı əyləncə məqsədi ilə oynayırlar. Lakin gizlənqaç lap çoxdan yarananda bu oyunun onu oynayan insanlar üçün tamam başqa mənası vardı. Onu, adətən, uşaqlar yox, yaşlılar oynayardı. İngiltərənin bəzi yerlərində belə bir ənənə vardı – bahar gələndə insanlar meşələrə, çöllərə çıxıb mövsümi quşları, bitkiləri tapar, öz kəndlərinə gətirərdilər ki, yazın həqiqətən gəldiyini hamı görsün.

Baharın meşələrdə gizlənən əlamətlərini tapmaq gizlənpaç oyununun da əsasını qoydu. Bu oyunun yaranmasından xeyli zaman keçdiyinə baxmayaraq, bizim günlərdə də bəzi ölkələrdə gizlənqaç oynayarkən gizlənən adamlar müəyyən quşların səsini çıxarırlar. Maraqlıdır ki, praktiki olaraq bütün uşaq oyunları oyun kimi yox, hansısa tarixi hadisə, yaxud insanların inandığı hansısa əfsanə ilə əlaqədar olurdu.

Oyunlar bəzən hansısa xoş hadisələrdən, bəzən də kədərli olaylardan qaynaqlanırdı. İngiltərədə məşhur olan “London körpüsü aşır” oyunu çox ciddi bir hadisə ilə əlaqədar yaranıb. Bu oyunun, əslində heç Londona da aidiyyəti yoxdur! Bu oyun insanların öləndən sonra o biri dünyaya düşmək üçün hansısa tilsimli körpüdən keçməli olduqlarına inandıqları dövrlərlə əlaqəlidir. Bəziləri qızıl körpüdən keçib göylərə qalxır, digərləri isə köhnə, sınıq-salxaq körpü ilə İblisin görüşünə gedirdilər. Bizim də bununla bağlı inanclarımız var – ölənlər mütləq Qıl körpüdən keçməlidir...

Beləliklə, bu oyun dünyanın əksər ölkələrində var və hərə ona bir ad qoyur.

 

Konkini kim kəşf edib?

 

İnsan artıq 500 ildən çoxdur ki, konkidə sürüşür! Ümumiyyətlə, buz üstə sürüşməyinsə yaşı təkərli konki sürməkdən qat-qat artıqdır, çünki ilk təkərli konkilər yalnız on səkkizinci əsrdə yaranıb. Təkərli konkidən Hollandiyanın yollarında 200 il bundan əvvəl istifadə etməyə başlayıblar və biz bunu ilk dəfə kimin etdiyindən xəbərsizik. 1863-cü ildə Nyu-Yorkun C.L.Plimpton adlı bir sakini dörd təkəri olan bir konki düzəldir. Həmin konkini xüsusi rezin döşəmədə sürürdülər. Konkinin məhz bu növü onu bütün dünyada populyar etdi.

Təkərli konkilərin inkişafında növbəti addım təkərlərində podşipnik olan konkilərin yaranmasıyla atıldı. İlk təkərli konkilərin təkəri şümşad ağacından düzəlirdi, amma təkərlərin qıraqları tez ovulur, yeyilirdi. Az sonra təkərləri sərt xəlitələrdən, poladdan düzəltməyə başladılar. Təxminən 1910-cu ilədək təkərli konki yarışları Amerikada çox populyar idi, amma sonralar onu motosiklet və idman avtomobillərinin yarışı sıxışdırıb aradan çıxardı. Amma təkərli konki yarışlarının bu gün də cavanların sevimli əyləncəsi olduğuna şübhə yoxdur.

Konki ilə buz üstündə sürüşmək ənənəsi isə təxminən XVI əsrdə yaranıb. O zamanlar skandinaviyalılar ayaqlarına heyvan sümüklərindən düzəltdikləri konkilər bağlayır, buzun üstündə sürüşürdülər. Sonra metal konkilər əmələ gəldi və bügünkü polad konkilər də onlardan yarandı. Bir zamanlar konkini ayağa uzun qayışlar vasitəsiylə bağlayırdılar. Sonralar onu xüsusi sıxıcılar və xırda qayışlarla ayağa bərkitməyə keçdilər. İndi isə konkilər artıq xüsusi çəkmələrin altına boltlar vasitəsiylə birdəfəlik birləşdirilir və adamlar konki ilə çəkməni bir yerdə alırlar.

 

Xizək nə vaxt yaranıb?

 

Yəqin xizəyi müasir idman növlərindən biri sayırsınız, amma əslində, xizəklə gəzmək hərəkətin ən qədim üsullarından biridir. İngilis dilində “xizək” mənasında işlənən söz island dilində olan “Skidh” sözündən (mənası “qar çəkməsi” deməkdir) yaranıb. Bəzi tarixçilər hesab edirlər ki, ilk xizəklərin yaranması hələ daş dövrünə aiddir, çünki üzərində xizəkli insanlar təsvir olunan qayaüstü rəsmlər aşkar olunub.

Hələ xristianlığın qədim laplandlar arasında yayılmasınadək Skandinaviyada onları “skrid-finnen”, yəni “sürüşənlər” adlandırırdılar. Onların hətta xizək ilahəsi də vardı, qış allahı isə burnu yuxarı əyilmiş xizəklərdə təsvir olunurdu. Bizə bəlli olan ilk xizəklər çox vaxt heyvan sümüklərindən düzələn uzun, əyri bir vasitə idi. Onları ayağa qayışlarla bağlayırdılar. Təxminən 900 il əvvəl daş üstündə çəkilmiş, üzərində xizəkli insan fiquru olan təsvir də tapılıb.

Xizəksürmə idmanı Norveçdə, Telemark əyalətində yaranıb. Və həqiqətən də bu Norveş əyalətinin Morgedal şəhəri xizək yarışmalarının beşiyi sayılır. Ölkənin bu rayonlarında qış ayları çox qarlı olduğundan, yerli əhali xizəkdən hərəkət vasitəsi kimi istifadə etməyə məcbur idi. Onlar hara getsələr də – istər ova, istər yarmarkaya, istər qonşu kənddəki qohumlarına baş çəkməyə, – hər yerdə yalnız xizəklə hərəkət edirdilər. Əgər siz xizəyi müasir ixtiralardan sayırsınızsa, yəqin belə bir fakta təəccüblənəcəksiniz: Norveçdə qalibləri mükafatlandırılan ilk xizək yarışması hələ 1767-ci ildə keçirilib!

 

Buz üstündə xokkey harada yaranıb?

 

Buz üstündə xokkey dünyanın ən sürətli oyunu sayılır. Xokkeyi hər birində altı nəfər olmaqla, iki komanda oynayır. Əlavə oyunçular, yaxud ehtiyat oyunçular meydançanın hər iki yanında oturub növbələrini gözləyirlər. Hər komanda iki vəzifənin öhdəsindən gəlməyə can atır: “şayba” adlanan balaca rezin diski rəqibin qapısından keçirmək və rəqibin eyni işi görməsinə imkan verməmək. Bizim zamanda xokkey xüsusi toxmağa bənzəyən xokkey ağacı və topla oynanan oyunlardan biridir.

Belə hesab olunur ki, buna bənzər oyunlar qədim İran və Azərbaycan ərazisində çövkən adıyla yaranıb. Amma bu da bəllidir ki, qədim yunanlarda da xokkeyə bənzəyən bir oyun olub və Olimpiya oyunları proqramına daxil edilib. Yunanıstanın paytaxtı olan Afina şəhərində yaşı 2400 il olan bir divar var. Onun üzərində müasir ot üstündə xokkeyi xatırladan oyunu oynayan adamların şəkli çəkilib.

Buz üzərində xokkey isə təxminən yüz il bundan qabaq Kanadada yaranıb. Belə iddia edirlər ki, 1867-ci ildə ingilis əsgərləri Kinqston nahiyəsindəki donmuş Ontario gölündə xokkeyə bənzəyən bir oyun oynayırmışlar və buz üstündə xokkeyin tarixi də o zamandan başlanır. Bu gün ilk xokkey liqasının vətəni adına Kinqston və Monreal iddia edir.

Dəqiq bəllidir ki, 1885-ci ildə Kinqstonda buz üstündə xokkey liqası vardı. 1890-cı ildə Ontario xokkey liqası yarandı ki, onun tərkibində artıq 10 komanda fəaliyyət göstərirdi. 1904-cü ildə Xokkey həvəskarlarının Kanada liqası təşkil olundu.

Bu liqada bir neçə min oyunçu vardı. Beləliklə, Kanada xokkeyin vətənidir, amma Birləşmiş Ştatlarda buz üzərində xokkey peşəkar əsaslarla fəaliyyət göstərirdi.

1904-1905-ci illərdə Miçiqan ştatının Hyuton şəhərində peşəkar xokkey liqası yarandı. Dünyanın əsas peşəkar xokkey liqasının – Milli Xokkey Liqasının təməli isə 1910-cu ildə qoyulub.

 

Duellər necə yaranıb?

 

Bildiyimiz kimi, duel qabaqcadan razılaşdırılmış, müəyyən qaydalara əsasən, ölümcül silahla silahlanmış iki şəxs arasında şəxsiyyətə toxunan məsələlərlə bağlı mübahisənin çözülməsi üçün keçirilən qarşılaşmadır. Bu təyinə görə iki şəxs arasında bəzi məşhur döyüşlər duel sayılmır. Məsələn, belə güman edilir ki, Hektorla Axilles bir-biri ilə döyüşüb, amma bu döyüş duel sayılmır. Məsələ bundadır ki, qədim zamanlarda məhkəmə dueli adlanan bir anlayış vardı. Bu təkbətək qarşılaşmanın qanuna uyğunlaşdırılmış forması idi və onun köməyiylə əsasən şəxsiyyətin təhqiri ilə əlaqədar olan məsələlər yox, hüquqi məsələlər həll edilirdi.

Məsələn, bəzən müharibə təhlükəsi reallaşanda düşmən qəbilədən əsir düşən bir döyüşçüyə silah verərək onun qarşısına özlərinin ən yaxşı döyüşçülərini çıxarırdılar.

Belə döyüşün nəticəsi ilahi işarə kimi qəbul olunurdu, çünki o zamanlar insanlar qələbənin Allah neməti olduğuna inanırdılar. Daha sonralar duellər məhkəmə hökmlərini əvəz etməyə başladı. Lakin bir müddətdən sonra belə duellər qadağan olundu, lakin əvəzində şərəf duelləri dəbə mindi. Bu, on altıncı yüzillikdə baş vermişdi.

Münasibətlərin duel yoluyla aydınlaşdırılması üsulu o qədər populyar idi ki, 1601-1609-cu illər arasında duellərdə 2000-dən artıq fransız əsilzadəsi həlak olmuşdu! Kilsə və mülki hökümət bu ənənəni pisləyirdi və 1602-ci ildə Fransa kralı bir fərman verdi. Bu fərmana əsasən, duelə dəvət göndərən, bu dəvəti qəbul edən, yaxud dueldə sekundant kimi iştirak edənlərin hamısı ölüm cəzasına məhkum olunurdu. Bu qayda az sonra çox sərt hesab edildi və 1609-cu ildə belə bir qayda qüvvəyə mindi ki, duelə icazəni yalnız kral verə bilər.

Duellər İngiltərədə də yayılmışdı, lakin orada da çoxsaylı etirazlarla əlaqədar, bir müddətdən sonra duel qanundankənar elan edildi. Lakin Almaniyada tələbə duelləri nisbətən yaxın zamanlara kimi qüvvədə idi. Tələbələr belə duellərdə iştirak etməyi şərəf işi sayırdılar.

 

Kart oyunları ilk dəfə harada yaranıb?

 

Kart oyunları o qədər qədim zamanlardan var ki, indi kimsə onun nə vaxt və harada yarandığı barədə dəqiq bir şey söyləyə bilməz. Mütəxəssislərin çoxu hesab edir ki, oyun kartları Asiyadan gəlib. Belə bir rəvayət var ki, hindlilər və müsəlmanlar qədim zamanlarda əylənmək üçün dairəvi kartlarla müxtəlif oyunlar oynayırdılar. Amma bu rəvayəti təsdiqləyən faktlar ortada yoxdur.

Bu barədə ilk sənədli şahidlik XIV əsrə aiddir. Çinlilər iddia edir ki, kart onlarda artıq 1120-ci ildə olub və guya onu imperator Cyan Xo zamanında saray əyanlarının əylənməsi üçün ixtira ediblər. Bizə bəllidir ki, artıq XIV əsrin sonları üçün kart oyunları Fransada möhkəm dəbdə idi. Kart o qədər geniş yayılmışdı ki, iş-güc adamlarının gün ərzində onu oynamasına qadağa da qoyuldu!

İlk kartlar əsasən düzbucaqlı, yaxud kvadrat idi, amma bəzi yerlərdə girdə kartlarla da oynayırdılar. İlk kart dəstləri 86 vərəqdən ibarət idi. Vərəqlərdən birinin nömrəsi yox idi, ona “sarsaq” deyirdilər. Bizim zamanlarda həmin kart “coker” adlanır. XV əsrdə Avropada ağac üzərində qravürlər çox geniş yayılmağa başladı. O zamanadək oyun kartları əllə bəzənirdi və çox baha idi deyə, yalnız varlı adamların onları almaq imkanı vardı. Lakin ağac üzərində qravür üsuluyla daha ucuz kartlar düzəltmək imkanı yarandı və əhalinin daha aşağı təbəqələri başlarını kart oyunlarıyla qatmağa başladılar.

XVI əsrdə ilk dəfə Fransada kartların indiyə kimi istifadə etdiyimiz dörd işarəsi dəbə mindi: ürək, toxmaq, xaç və kərpic.

 

Qolf harada yaranıb?

 

Bizə məlum olduğu qədər, qolf Şotlandiyada yaranıb. Lakin tarixin dərinliklərinə baş vursaq, qolfun öz kökləriylə qədim zamanlara gedib çıxdığının şahidi olarıq. Roma imperiyasının yaranış dövrlərində Paqanika adlı bir oyun vardı. Onu içi quş tükü ilə dolu dəri topla və ağzı əyri ağacla, yəni toxmaqla oynayırdılar. Sübutlar var ki, qolfa bənzər oyun İngiltərədə təxminən XIV əsrin ortalarında olub. Britaniya muzeyində isə XVI əsrdə yazılmış bir kitabda yuvanın yanında durmuş üç oyunçunun şəkli verilir. Onların hər birinin topu və toxmağı var.

XV əsrdə qolf Şotlandiyada o qədər populyar oldu ki, hətta insanların bu oyunu oynamasına qadağalar da qoyuldu, çünki bu oyun çox vaxt aparırdı. Bütün bunlarla yanaşı, qolf həm də insanların hərbi hazırlıqdan yayınmalarına, kilsəyə müntəzəm deyil, ara-sıra getmələrinə səbəb olmuşdu. Bu oyun lap çoxdan nəcib və qədim bir əyləncə növü kimi tanınırdı.

Az sonra qolf oyunuyla kral sülaləsindən olan zadəganlar - IV Yakov, V Yakov, Mariya Stüart da maraqlandı. XVIII əsrdə qolf-klublar yaranmağa başladı. Onların arasında ilk klub, görünür, 1744-cü ildə əsası qoyulmuş bir klub idi. Klubun adı “Edinburqun qolf oyunçuları Nəcib Kompaniyası” idi. 1754-cü ildə yaranmış “Kral və Müqəddəs Andrey Qədim qolf-klubu” isə oyunun qaydalarına düzəlişlər edib onları tənzimlədi. Bu klubun qərarları hər yerdə, bütün klublarda qəbul olundu, təkcə Birləşmiş Ştatlardan başqa.

1951-ci ildə Birləşmiş Ştatların Qolf Assosiasiyası ümumi qaydalarla razılaşdı. Amerikada qolfu 1799-cu ildən oynayırlar. Lakin yüz il gərək oldu ki, bu oyun ölkədə müntəzəm oynanmağa başlasın. ABŞ-ın ilk qolf-klubu 1888-ci ildə Nyu-York ştatının Yonkers şəhərində yaranıb.