Elektron ədəbiyyat və sənət portalı

Soğan niyə bizi ağladır?

Bölmə: Elm 24.06.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Difteriya ilə necə mübarizə aparmalı?

 

Difteriya bakteriyaların törətdiyi ciddi xəstəlikdir. Bakteriya orqanizmə daxil olandan bir neçə gün sonra xəstəlik başlanır. Difteriya bakteriyaları, adətən orqanizmə ağızdan və burundan daxil olaraq, ilk növbədə boğaza zərər yetirir. Bu halda boğazda iltihab əmələ gəlir, temperatur qalxır və ümumi əzginlik hiss olunur. Badamcıqlarda və boğazın arxa hissəsində boz, yaxud ağımtıl təbəqə yaranır. İnfeksiya qırtlağa da keçə bilər, onda nəfəs almaq çətinləşəcək.

Difteriya orqanizmin başqa hissələrinə də ciddi təsir göstərir. Bunun səbəbi orqanizmin ifraz etdiyi toksinlər, başqa sözlə desək, zəhərlərdir. Bu halda ürəyə və sinir sisteminə ciddi ziyan dəyir. Difteriyaya ən çox iki-beş yaş arasında uşaqlar yoluxur.

Difteriyanın səbəbi çubuqşəkilli xırda basildir. Bu basil 1883-cü ildə kəşf olunub. Mikroorqanizmin xəstəlik törədən toksin ifraz etdiyi aşkarlanan kimi, növbəti addım bu zəhəri neytrallaşdıra bilən antitoksin hazırlamaq oldu. Bunun öhdəsindən 1890-cı ildə Emil fon Berinq adlı bir mütəxəssis gəldi. Antitoksin bu xəstəliyin ciddi zəhərləyici təsirindən can qurtarmağa imkan verir, amma infeksiyanın özü hələ də qalır.

Bizim zamanlarda difteriyaya daha gec-gec rast gəlmək olar. Çünki indi onun qarşısının qismən alınması üçün müəyyən vasitələr mövcuddur.

Elə üsullar var ki, toksini zərərsizləşdirir. İnsana belə ziyansız toksin (belə toksinlərə toksoid deyirlər) vurulanda, orqanizmdə anticisimlər yaranır və onlar orqanizmi bakteriyalardan qoruyur. Uşaqda difteriyaya qarşı immunitetin dərəcəsini müəyyən etmək üçün xüsusi test var. Bu testi 1913-cü ildə Bela Şik hazırlayıb. Dərinin altına difteriya toksininin kiçik bir miqdarı yeridilir. Əgər uşağın orqanizmində kifayət qədər antitoksin varsa, onun dərisində 4-7 gün ərzində qırmızı ləkə əmələ gələcək. Bu zaman, xəstələnmək ehtimalı böyük olan uşaqları bakteriyadan qorumaq üçün müalicə aparılır.

 

Niyə fiziki təmrinlərdən sonra əzələlər ağrıyır?

 

İnsan bədənində 639 əzələ var və onların hər birinin öz adı olur! Bütün bu əzələlər bir yerdə bədəni əmələ gətirir. Əzələlərdən çoxu skeletin sümüklərinə möhkəm bağlıdır. Skelet karkas yaradır, əzələlər isə bədənin müxtəlif hissələrini hərəkətə gətirir. Onlar olmadan insan yaşaya bilməzdi. Nəinki yemək, nəfəs almaq, danışmaq mümkün olar, hətta ürək də dayanar, çünki onun da işini əzələlər təmin edir.

Bütün əzələlər əzələ lifi adlanan uzun, nazik hüceyrələrdən ibarətdir. Lakin əzələlər bir-birlərindən gördükləri işə görə də fərqlənirlər. Onların forması, xarici görünüşü və başqa cəhətləri də fərqli olur. Əzələ yığılanda, süd turşusu adlanan bir turşu ifraz edir. Süd turşusunun təsirindən insanda yorğunluq yaranır.  Özünün təsirinə görə o, zəhəri xatırladır. Məhz bu turşu əzələləri yorulmağa məcbur edir.

Əgər yorğun əzələdən süd turşusunu çıxara bilsək, əzələ işə tam hazır olacaq. Lakin, təbii ki, süd turşusu adi şəraitdə, sizin fiziki təmrinlərlə məşğul olduğunuz, işlədiyiniz vaxt əzələdən çıxa bilməz. Bundan başqa, əzələlər aktiv fəaliyyətdə olanda digər toksinlər də yarana bilər. Bu toksinlər qan vasitəsiylə orqanizmin hər tərəfinə daşınır və yorğunluğu yalnız əzələlərə yox, bütün bədənə, xüsusilə də, beyinə yayır. Ona görə də əzələ işləyəndən sonra yorğunluq hissiyyatı, əslində orqanizmdə baş verən daxili zəhərlənmənin bir növünün göstəricisidir.

Amma digər tərəfdən, yorğunluq hissi də orqanizmə lazımdır, çünki onu dincəlməyə məcbur edir. Dincələn zaman tullantıların bədəndən çıxması nəticəsində hüceyrələr təmizlənir, sinir hüceyrələri öz akkumulyatorlarına təzədən enerji yığır, oynaqlar işlətdiyi sürtkü yağlarını bərpa edir və sairə. Odur ki, fiziki təmrinlər bütün orqanizm üçün, əzələlər üçün çox faydalı olsa da, dincəlmək heç də ondan az əhəmiyyət daşımır!

 

İnsult nədir?

 

İnsult beynin zədələnmə formalarından biridir. Onun başqa adı apopleksiyadır. İnsult, beynin hansısa hissəsinə qanın çatmasının qəfil dayanması nəticəsində baş verir. Bu zaman həmin nahiyə ilə bağlı bütün srtrukturlar zədələnir. Beynin hansısa sahəsinə qan nəqlinin pozğunluğu bir neçə səbəbdən ola bilər. Hansısa qan damarı zədələnə bilər ki, bu da qanaxmaya səbəb olar. Qan damarında tromb yaranar və bu tromb damarı tutar. Bunun adına tromboz deyirlər. Bu halda arteriyanın spazmı baş verə bilər. Qan damarı hansısa xırda bir hissəciklə, daha çox qanda üzən laxta ilə tutula bilər. Bunun adına isə embol deyilir. Embol adətən, ürək xəstəlikləriylə əlaqədar olur, amma tamam başqa səbəblər də ola bilər.

Xəstəliyin nəticələrinə gəlincə, burada insultun nədən baş verməsinin elə bir əhəmiyyəti yoxdur. İnsult bu zaman bizim hərəkətlərimizi, hissiyyat orqanlarımızı, temperaturumuzu və görmə qabiliyyətimizi tənzimləyən beyin mərkəzlərini zədələyə bilər. İnsultin ən geniş yayılmış səbəbi trombozdur. Nə qədər qəribə olsa da, belə tip zədələr hətta sakit vəziyyətdə də baş verə bilər. Məsələn, səhər yuxudan duran adam bir də görər ki, əli, ayağı, yaxud bədəninin bir yarısı hərəkət edə bilmir. Yaxud, danışığını qismən itirmiş ola bilər. Belə zədələrə məruz qalmış adamların sağalmaq imkanı o qədər də az deyil, amma adətən, xəstəliyin bəzi fəsadları sağaldıqdan sonra da qalır. Bu xəstəliyi müalicə edən həkim onun səbəblərini aydınlaşdırmalıdır. Elə buna görə də həkim pasiyentinə əziyyət verən xəstəliyin tam tarixini öyrənməyə ehtiyac duyur.

Beyin insultu nəticəsində əlil olan şəxslər özlərinin əvvəlki vəziyyətlərinə çox vaxt məşqlər hesabına qayıdırlar. Bu, həm də əzələlərin hərəkət qabiliyyətinin, danışmaq qabiliyyətinin bərpasına aiddir.

 

Soğan niyə bizi ağladır?

 

Siz bilirsinizmi, əslində bütün gün ərzində ağlayırsınız? Hər dəfə gözünüzü qırpanda, siz ağlayırsınız! Məsələ bundadır ki, hər iki gözün kənar qıraqlarında piy vəziləri yerləşir. Hər dəfə siz gözünüzü yumanda o tərpənir və nəticədə göz yaşı vəzilərindən müəyyən miqdar maye çıxır. Bu mayeni biz göz yaşı adlandırırıq. Adi şəraitdə həmin maye bir vəzifə yerinə yetirir: o, gözün buynuz qişasını isladır ki, onu qurumaqdan qorusun. Yaxşı, bəs gözə kənardan qıcıqlandırıcı nəsə düşərsə? Onda gözlər avtomatik qırpılır və göz yaşı əmələ gəlir ki, gözü yuyaraq qıcıqlanmanın təsirindən qorusun.

Hamımız bilirik ki, gözə tüstü dolanda yaşarır. Soğan da qıcıq yaradan bir şeydir. Soğanın elə yağı var ki, onun tərkibinə kükürd daxildir və bu  da soğana kəskin qoxu verməklə yanaşı, həm də gözü qıcıqlandırır. Gözün buna reaksiyası isə gözlərin tez-tez qırpılması, göz yaşının axması və qıcıqlandırıcı maddənin yuyulması olur! Odur ki, hər şey çox sadədir. Soğan şox maraqlı tərəvəz növünə aiddir.

O, Asiyada əmələ gəlib və soğanaqlılar sinfinə aiddir. Soğandan bir ərzaq kimi min illərdir istifadə edirlər.

Soğanın qohumları göy soğan və sarımsaqdır. Hər iki bitki Avropada geniş yayılıb. Şalot adlanan soğan növünün sarımsağa nisbətən daha yumşaq dadı var. Birləşmiş Ştatlarda ispan soğanı çox populyardır – onun bir dənəsi 450 qram gəlir. Bu, dadına görə ən yumşaq, ölçüsünə görə ən iri soğan növüdür.

 

Əsəb nədir?

 

Vəzifəsi orqanizmi ərtaf mühitdəki şəraitdən xəbərdar etmək olan hüceyrələrə əsəb hüceyrələri deyirlər. Həyatın ibtidai formalarında əsəb hüceyrələri dəridə yerləşir və informasiyanı birbaşa daxili orqanlara ötürür. Lakin insanlarda və başqa mürəkkəb orqanizmlərdə əsəb hüceyrələrinin çoxu bədəndədir, baxmayaraq ki, onlar xəbəri nazik “antenlərin” köməyiylə həm də dəridən ala bilirlər. Əsəb hüceyrələrinin vəzifəsi informasiyanı bütün orqanizmə çatdırmaqdır – hər informasiyanı öz ünvanına. Bu xəbərlərin ötürüldüyü sinir lifləri yüksək keçiricilik qabiliyyətinə malik kabelə bənzəyir.

Əsəb hüceyrələrinin, yaxud sinirlərin dörd növü var. Orqanizmdə bir-birindən qəti asılı olmayan əsəb hüceyrələri dəstləri var və bu dəstlərin hər biri müəyyən vəzifənin yerinə yetirilməsi üçündür. Bir tipdən olan hüceyrələr xarici aləmdən istilik, soyuq, işıq və ağrı informasiyasını alır, məlumatı orqanizmə ötürür. Onlara sensor demək olar. Başqa tip hüceyrələr isə motorlu adlanır. Onlar sensor hüceyrələrindən informasiyanı alıb siqnalı orqanizmin müxtəlif hissələrinə, məsələn, əzələlərə, vəzilərə göndərməklə onlara reaksiya verir. Bunun nəticəsində əmələ gələn reaksiyaya isə refleks deyirlər.

Məsələn, istilik siqnalı müəyyən əzələlərə yığılmaq komandası verir və əl, onu yandıran isti obyektdən çəkilir. Əsəb hüceyrələrinin üçüncü tipi rabitə ilə məşğuldur. Onlar orqanizmdəki siqnalları böyük məsafələrə ötürür. Bu hüceyrələr bədənin bir hissəsində olan motorlu hüceyrələri tamam başqa hissədəki sensorlarla birləşdirir. Əsəb hüceyrələrinin dördüncü tipi isə xarici mühitdən gələn informasiyaları ötürür. Soyuq, isti və ağrı haqda informasiya beyinə ötürülür və orada “hissiyyata” çevrilir.

 

Biz necə oxuyuruq?

 

Biz oxuyanda nəsə bir məna tapa biləcəyimiz simvolları nəzərdən keçiririk. Məsələn, biz yol nişanlarını nəzərdən keçirəndə də, mühəndis sxemdəki işarələrə baxanda da, yaxud hindu ovçusu tüstü siqnalı görəndə də təxminən, oxuma prosesinə bənzəyən bir proses baş verir. Oxumaq haqda danışanda, biz adətən, çap olunmuş, yaxud əllə yazılmış bir materialı nəzərdə tuturuq. Amma bu halda da söhbət simvolları anlamaqdan gedir.

Oxumağı öyrənəndə mənimsəməli olduğumuz ilk şey simvolları, yaxud hərfləri tanımaq və onları başqalarından fərqləndirməkdir. Sonra biz hər hansı bir sözün (yaxud simvollar qrupunun) ifadə etdiyi ideyanı anlamalıyıq. İlk öncə isə  biz həmin simvolları, yaxud sözü öz şəxsi təcrübəmizlə uyğunlaşdırmalıyıq.

Uşaqlar bir neçə il ərzində müxtəlif üsullarla oxumaq öyrənirlər. Orfoqrafik metod uşağa hərflərin adlarını əlifba sırasıyla öyrətməkdən ibarətdir. Sonra o, iki hərfi, üç hərfi birlikdə öyrənir, daha sonra onları yazaraq hecaları tələffüz edir. Bunun dalınca onlardan ibarət sözlər, cümlələr düzəldir. Əvvəlcə lap qısa sözlərdən başlayaraq daha böyük sözlərədək irəliləyir. Başqa metodla öyrənəndə isə uşaq sözün necə göründüyünü yadda saxlayır.

Fərqli təlim metodu zamanı uşaq sözün, yaxud cümlənin necə səslənməsini və xarici görünüşünü yadda saxlayır. Lakin biz oxumağı buna tam hazır olanda öyrənirik. Bunun üçünsə biz sözlər və simvollar arasında bənzərlik və fərqləri anlamalıyıq, sözün formasını, fikirləri ifadə edən sözlərin ardıcıllığını mənimsəməliyik; bu və ya başqa sözlə ifadə olunan əşyaları təsəvvür etməliyik; səhifədə  nəzərlərimizi soldan sağa aparmağı və bir çox başqa şeyləri öyrənməliyik!

 

Adamlar niyə yuxuda gəzir?

 

Belə hadisələr tez-tez olmur. Lakin yuxuda gəzmək müəyyən davranış forması olduğundan, burada sirli bir şey yoxdur. Bu halı anlamaq üçün əvvəlcə elə yuxunun özündən başlamaq lazımdır. Yuxu bizə yorğun orqanlarımıza və orqanizmimizin toxumalarına dinclik vermək, onların iş qabiliyyətini bərpa etmək üçün lazımdır.

Biz hələ də niyə və necə yatdığımızın dəqiq elmi izahını verə bilmirik, amma belə qəbul olunub ki, beyində xüsusi yuxu mərkəzi var və o, orqanizmin yuxuda və oyaqlıqdakı vəziyyətini tənzimləyir.

Yaxşı, bəs həmin bu yuxu mərkəzi nəyə nəzarət edir? Qana! Orqanizmin bütün gün ərzindəki fəaliyyəti nəticəsində qana müəyyən maddələr daxil olur. Bu maddələrdən biri – kalsium qana girərək yuxu mərkəzini stimullaşdırır. Buna qədər isə yuxu mərkəzi xüsusi maddələrlə “oyaq” saxlanır ki, kalsiuma reaksiya verə bilsin. Yuxu mərkəzi fəaliyyətə başlayanda, əsasən iki iş görür: Birincisi, beynin bir hissəsini qapayır ki, daha nəsə etməyə həvəsimiz olmasın. Və bu zaman biz demək olar ki, şüursuz vəziyyətə düşürük. Bu hala beynin yuxusu da demək olar. İkincisi isə, o, onurğa beyninin kökündə  müəyyən sinirləri kilidləyir ki, daxili orqanlarımız, ətraflarımız yatsın. Gəlin, buna da bədənin yuxusu deyək. Normal vəziyyətdə orqanizmin bu iki reaksiyası, yaxud yuxunun bu iki növü bir-biriylə bağlıdır.

Lakin müəyyən şəraitdə onlar bir-birindən ayrıla bilər. Beyin yatar, bədən isə oyaq qalar. Bu, sinir sistemi pozulmuş adamlarda olur və onda insan yatağından qalxıb beyni yata-yata gəzməyə başlayır! Beynin və bədənin yuxuları aralarındakı əlaqə itir və bunun nəticəsində “lunatik” dediyimiz, gecələr gəzən insanlar peyda olur.

 

Beyin görməyə necə kömək edir?

 

Təbii ki, biz gözlərimizlə görürük. Amma görmə üçün beyinin çox böyük əhəmiyyəti var. Mexaniki nöqteyi-nəzərdən görmə zamanı bu baş verir. İşıq dalğaları gözün bəbəyindən keçir və təsviri torlu qişada yaradır. Torlu qişa göz almasının arxa divarındakı hüceyrələrdən ibarət xüsusi təbəqədir. Onun 130 milyon hüceyrəsindən hər biri işığa həssasdır. Hüceyrənin üzərinə işıq düşərkən kimyəvi dəyişikliklər baş verir. Bu dəyişıkliklər sinir uclarında impuls yaradır və bu impuls görmə siniri vasitəsiylə baş beynin görmə mərkəzindəki müvafiq nöqtəyə çatdırılır.

Amma bu, hələ işin hamısı deyil. Beynin gördüyü, torlu qişadakı təsvirdən çox fərqlənir. Məsələn, sizin gözləriniz çox nadir hallarda hərəkətsiz olur. Küçədə durub ətrafınızda olan nəyəsə baxırsınızsa, gözlər yalnız bir an otun, ağacların, buludun, quşun, dələnin üzərində dayanır. Beyin bütün bunları ani fotoqrafik şəkillər kimi görə bilmir. Onun görmə hissəsi hər şəkli özündə fiksasiya edərək yadda saxlayır. Sonra bu, onları birləşdirib məna verir – biz ona görə şəkilləri ayrı-ayrılıqda deyil, tam şəkildə görə bilirik. Gördüyümüz təsvir, bir göz qırpımında yaddaşımızda olan təsvirlə tutuşdurulur. Ağac, bulud, dələ - bütün bunları biz əvvəllər də görmüşük. İndi isə, bircə dəfə nəzər salmaq kifayət edir ki, onları tanıyaq.

Beləliklə, görmə prosesinə gözün, görmə sinirinin və görmə ilə, təsvirin yozulması ilə əlaqədar olan beyin mərkəzinin bütün hissələrinin birlikdə fəaliyyəti daxildir. Ona görə də uşaqlar gördüklərindən istifadə etməyi öyrənməlidirlər. Deyək ki, onda görmə ilə əlaqədar prosesin mexaniki hissəsi yaxşı çalışır. Amma o, hələ yaxşı görə bilmir. Niyə? Çünki hələ gördüklərini anlamaq iqtidarında deyil. Yəni onun beyni hələ görmə prosesinə tam qoşulmayıb.

 

Optik illüziya nədir?

 

Optik illüziyanı təsvir etməyin ən sadə yolu gözlərimizin bizə göstərdiyi fokusu yada salmaqdır. Bizə elə gəlir ki, əslində olmayan bir şeyi görürük. Ya da biz eyni əşyanı iki üsulla görə bilərik. Əgər gözümüz normal fəaliyyət göstərirsə və qarşımızda olanları dəqiq əks etdirirsə, onda bu nə fokuslardır? Göz bunu necə edir? Həmin prosesi izah edək, sualınıza cavab verməyə çalışaq.

Görmə fiziki proses deyil. Amma onun sırf mexaniki bir şey olan fotoqrafik təsvirə də aidiyyəti yoxdur. Həqiqətdə görmə psixoloji hadisədir, çünki görən göz deyil, beyindir! Gözlər isə təsvirin alınması üçün mexaniki alətdən başqa bir şey deyil. Lakin bu təsvirlər beyinə çatanda alınmış informasiyanın qiymətləndirilməsi prosesi baş verir.

Beyinin hüceyrələri həmin bu obraz haqda nə fikirləşdiyini müəyyənləşdirməlidir.

Bunu müəyyən etməkdə beyinə nə yardım edir? Göz əzələlərinin əşyanı görmək üçün etdiyi hərəkətlər bu baxımdan çox böyük əhəmiyyət daşıyır. Məsafəni, əşyaların fəzada qarşılıqlı yerləşməsinin bucaqlarını və sairəni təyin etmək üçün gözlərimiz gah bu, gah digər tərəfə baxır. Beynimiz gözümüzün bu konkret görmə prosesində sağa-sola, aşağı-yuxarı baxmaqla keçdiyi yolu qiymətləndirir, çünki beyin gözün həmin hərəkəti üçün sərf olunan enerji və zaman haqda məlumatlıdır.

Buna görə optik illüziyaların səbəblərindən biri bizə aydındır. Təsəvvür edək ki, qarşımızda eyni uzunluqda olan iki xətt var və onlardan biri şaquli, digəri üfiqi yerləşdirilib. Üfiqi xətt bizə qısa görünəcək, çünki göz alması üçün sağdan-sola hərəkət etmək yuxarı-aşağı hərəkət etməkdən çox asandır. Ona görə də beyin bu qənaətə gəlir ki, üfiqi xətt daha qısadır!