Elektron ədəbiyyat və sənət portalı

Ürək necə işləyir?

Bölmə: Elm 17.06.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma, təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Pəncənin epidermofitiyası nədir?

Bəzən bu xəstəliyin adına “idmançı pəncəsi” deyirlər. Amma ondan əziyyət çəkmək üçün idmançı olmaq vacib deyil. Bu, əsasən, pəncənin göbələkli infeksiyasıdır və adamların əksəriyyəti ona yoluxa bilər. Amma bəzi adamlar var ki, onlarda göbələk infeksiyalarına xüsusi həssaslıq olur. Belələri epidermofitiyaya daha tez-tez yoluxurlar. Epidermofitiya çox vaxt ümumi duşdan istifadə edən idmançılarda olur.

Xəstəliyin iki əsas növü var. Onun ümumi formasında dəridə çat yaranır. Bu çat çox vaxt dördüncü və beşinci barmaqlar arasında olur. Barmaqlar arasında həm də bir parça ölmüş dəri görünür. Əgər həmin dərini qoparsan, yerində qırmızı və parlaq dəri qalacaq.

Xəstəliyin digər tipi isə barmaqlar arasında dərinin qızarmasından başlanır, sonra dəri qalınlaşır və qabıq verməyə başlayır. Xəstəliyin hər iki tipi bütün pəncəyə yayıla bilər. Xəstəlik həm də hər iki pəncəni əhatə edə bilər, amma çox vaxt pəncələrdən biri digərindən daha artıq zədələnir.

Daha bir neçə xəstəlik var ki, nəticələri bu xəstəliklə eynidir. Epidermofitiyadan müalicə olunmağa hazırlaşan adam mütləq məhz bu xəstəliyə tutulduğunu dəqiq bilməlidir. Ona görə də bu hallarda həkimə müraciət etmək vacibdir. Epidermofitiya üç tip göbələkdən yaranır. Onlar praktiki olaraq daim dəridə olurlar, ona görə də bu infeksiyaya istənilən an yoluxmaq mümkündür. Lakin dəri uzun müddət isti və nəm qalanda göbələk dərinin ölmüş üst qatlarına düşür və böyüməyə başlayır.

Göbələk böyüdükcə dəridə müəyyən maddələr yaradır və əgər insanda həmin maddələrə qarşı allergik reaksiya yoxdursa, göbələklər onu, ümumiyyətlə, narahat etməyə bilər. Belə xəstəliyin sadə formaları, ümumiyyətlə, müalicə tələb etmir və hava nisbətən soyuyan kimi, xəstəliyin əlamətləri özü çəkilib gedir. Lakin daha ciddi hallarda insan ayağını daim quru saxlamalı, corablarını daha tez-tez dəyişməli və müəyyən məlhəmlərdən istifadə etməlidir.

 

Ürək necə işləyir?

 

Yetkin insanın ürəyi təxminən düyünlənmiş yumruq boydadır. Lakin 24 saat ərzində onun istehsal etdiyi enerji 68 min kiloqram yükün, yaxud bir lokomotivin yerdən 30 santimetr qaldırılması üçün bəs edərdi. İyirmi dörd saat ərzində ürək 16-360 litr qan vurur.

Çəkisi 225 qramdan 340 qramadək olan bu ecazkar orqan özünün quruluşuna görə ikimərtəbəli binanı xatırladır. Onun hər hissəsi yuxarıdakı “otaqdan” – qulaqcıqdan və aşağıdakı “otaqdan” – mədəcikdən ibarətdir. Qulaqcıqla mədəcik arasında hər iki tərəfdən klapan adlanan qapı var, lakin sağ və sol tərəflər arasında klapan yoxdur. Mədəciklərdən arteriyalara çıxış, venalardan qulaqcıqlara isə giriş var.

Sağlam ürəkdəki bütün qapılar yerinə çox kip oturur, çünki ürəyin vurduğu qan həmin qapıdan geriyə qayıtmamalıdır. Klapanlar ürəyin hər vurması ilə açılıb-bağlanır.

Ürəkdə praktiki olaraq iki nasos var – hər tərəfdə birisi.

Sol tərəf ağ ciyərlərdən oksigenlə zəngin qanı qaldırıb bədənə qovur, sağ tərəf isə artıq tərkibində oksigenin az, əvəzində karbon iki oksidin çox olduğu qanı alıb ağ ciyərlərə vurur.

İki yuxarı hissələr – qulaqcıqların divarları daha nazikdir, çünki qanı yalnız yaxın məsafələrə - aşağı hissələrə vurur. Sağ mədəcik daha qalın divarlara malikdir, çünki qanı nisbətən uzağa – ağ ciyərlərə vurur.

Ürəyin ən vacib hissəsi ən qalın divarlara malik olan sol mədəcikdir, çünki o, qanı ən uzaq məsafələrə vurmalı olur. Ürək sutka ərzində təxminən 100 min dəfə sıxılıb-boşalır. Uşaq vaxtı nəbz dəqiqədə 90-100 arasında, yetkinlik yaşına çatanlarda isə 70-80 arasında vurur. Siz özünüzü gücə salanda, məsələn, qaçanda, nəbzinizin tezliyi təxminən, üç dəfə yarım çoxala bilər.

 

Ürək tutması nədir?

 

Bizim ürək tutması adlandırdığımız fəsad Qərb dünyasında ölümə səbəb olan ən geniş yayılmış hadisələrdəndir.

Hər dörd haldan üçündə qurban  əlli yaşından yetmiş yaşına kimi kişilər olur. Tipik ürək tutması koronar trombozdan yaranır. Bir çoxları onu sadəcə tromboz adlandırırlar. Xəstəlik ürəyi qanla təmin edən iki qan damarının koronar arteriyalarında başlanır. Bu arteriyalardan biri tutulanda ürəyin bir hissəsinə qanın getməsi kəsilir. Həmin yerdə ürək toxumasının bir hissəsi yara alıbmış kimi, ölməyə başlayır.

Koronar arteriya tutularkən bir müddət onun işini başqa arteriyanın daha kiçik şaxələri öz öhdəsinə götürür. Müəyyən müddətdən sonra ürəyin qan getməyən çox sahələri yaşamaları üçün zəruri olan qanı bu yolla alırlar.

Əgər ikinci arteriya iki arteriyanın işini görə bilsə, insan sağ qalır. Xoşbəxtlikdən, əksərən, ikinci arteriya bunu bacarır və ürəyə həmin vaxt ərzində xeyli kömək edə bilir. Çoxlarında ürək tutması fiziki işdən, əsəb sarsıntısından, bədənin ifrat soyumasından, ağır yeməkdən sonra başlanır: yəni, ürək adi vəziyyətindən daha çox işləməli olduğu hallardan sonra. Amma bütün bunlar heç də həmişə ürək tutmasının səbəbi olmur, arada müəyyən əlaqə isə, hər halda var.

Bir çox hallarda ürək tutması insanın sakit vəziyyətində də baş verə bilər. Ürək tutmasının simptomları adətən sinədəki ağrı ilə əlaqəlidir. Lakin eyni ağrı həm də əllərdə, boyunda, yaxud sol çiyində hiss oluna bilər. Bu zaman adamı tər basır, onun nəbzi yüksəlir. Xəstənin rəngi qaça, o, şok vəziyyətinə düşə bilər, nəbzi isə çox zəifləyər. Belə əlamətlər müşahidə olunanda həkim çağırmaq lazımdır.

 

Orqanizmdə qanın funksiyası nədən ibarətdir?

 

Qan orqanizmin bütün hissələrinin yaşamasından ötrü zəruridir. Bunu anlamaq üçün ilk növbədə dərk etmək lazımdır ki, qanda çox müxtəlif maddələr və hüceyrələr var.

Onun tərkibində qanın özünün plazma adlanan hissəsi də var. Plazmanın içində ərimiş vəziyyətdə bir çox maddələr var.

Gəlin onlardan bəzilərini nəzərdən keçirək və görək ki, onlar nəylə məşğul olur. Karbohidratlar, şəkər qanda bədəni enerji ilə təmin etmək üçün gərəkdir. Piylər yanmaq, yaxud toplanmaq üçündür. Qanda müxtəlif duzlar da var – onlar orqanizmin müxtəlif ehtiyaclarını ödəmək üçündür. Qan plazması qida maddələrini mədədən və bağırsaqlardan hüceyrələrə daşıyır. Bu olmasaydı, hüceyrələr ac qalardı. Bundan başqa, plazma hüceyrələrdəki tullantıları da böyrəklərə və bağırsaqlara çatdırır.

Qanda bir çox vəzilərin ifrazatları olur – onlar da orqanizmin müxtəlif hissələrinə çatdırılır. Qana qırmızı rəng verən qırmızı qan hissəciklərinin (eritrositlərin) tərkibində  hemoqlobin adlanan maddə də var. Hemoqlobin orqanizmə çox lazımdır, çünki o, oksigen və karbon iki oksidi kimi qazlarla asanca birləşir. Eritrositlər oksigeni arteriyalarla, kapillyarlarla orqanizmin bütün hüceyrələrinə daşıyır. Qanın ağ hüceyrələri (leykositlər) də bədən üçün müstəsna əhəmiyyətə malikdir. Onlar bakteriyaları məhv edir.

Digər ağ hüceyrələr də (limfositlər) orqanizmdə bakteriyalarla gedən mübarizənin tərkib hissəsidir. Ağ hüceyrələrin daha bir növü (monositlər) ölmüş toxumalara və orqanizmə kənardan düşə biləcək çirkə cavabdehdir. Qan hüceyrələrinin daha bir tipi – trombositlərdir. Onlar qanın laxtalanmasına cavabdehdirlər. Bu olmasa, hər xırda yara xeyli qan itkisinə səbəb olardı.

 

Bədənimizdə nə qədər qan var?

 

Böyük adamın bədənində təxminən 5,5 litr qan olur. Qan bütün bədəndə elə dövr edir ki, bədənin toxumalarını təşkil edən milyardlarla hüceyrənin hər birinə çata bilər. Qan hər hüceyrəni qida və oksigenlə təmin edir, onlarda toplanan tullantı maddələrini çıxarır, hormonları mənzilbaşına çatdırır, infeksiyalarla mübarizədə, bədənin temperaturunu tənzimləməkdə orqanizmə kömək edir.

Qan əsas etibariylə plazma adlanan şəffaf mayedən ibarətdir. Qana qırmızı rəngi isə bu mayedə üzən qırmızı cisimlər verir.

5 litr qanda olan qan hüceyrələrinin sayını təsəvvür etmək çətindir: təxminən 25 milyard! Qanın bir damcısında 300 milyona yaxın qırmızı kürəciklər var. Əgər bu kürəcikləri təbii ölçülərini saxlamaq şərtiylə sıraya düzsək, yaranan zəncir Yer kürəsinin ətrafına dörd dəfə dolanar. Bu hüceyrələr çox xırda olsa da, nəhəng ərazini tuta bilər.

Məsələn, əgər onları xalı kimi yerə döşəsən, bu xalının ümumi sahəsi 4090 kvadratmetr təşkil edəcək. Qanın dörddə bir hissəsinin daim ağ ciyərlərdə olmasını nəzərə alsaq, bu, o deməkdir ki, qan hüceyrələrinin təxminən 1000 kvadratmetrlik sahəsi havayla təmasda olur.

Hər saniyədə 2 milyard qan hüceyrəsi ağ ciyərlərin hava kisələrindən keçir. Düzənlik yerlərdə havanın böyük təzyiq altında olduğu nəzərə alınsa, deməli, yüksəkliklərin havasından daha çox oksigen yaranır. Ona görə də insan nə qədər hündürdə yaşayırsa, onun qan hüceyrələri bir o qədər çox olur. Bu mənada İçveçrənin dağlıq nahiyələrində yaşayan əhali Londonda yaşayanlardan 50 faiz artıq qan hüceyrəsinə malikdir.

 

Qan təzyiqi nədir?

 

Yaşlı adamların bir çoxunun qan təzyiqi yuxarı olur. Belə hesab edirlər ki, Birləşmiş Ştatlarda əlli yaşı keçəndən sonra həyatını itirməsi halları insanların 15-20 faizinin qan təzyiqinin yüksək olması ucbatından baş verir! Bəs qan təzyiqi nədir? Bu, qana ürəyin və damarların göstərdiyi təzyiq gücüdür. Ürəyin sol mədəciyi yığılanda qanı arteriyalara qovur. Əsas arteriyalar bu qanı buraxmaq üçün genişlənməlidir.

Lakin arteriyaların əzələ qatı bu təzyiqə müqavimət göstərir və qan orqanizmin daha xırda damarlarına qovulur. Ona görə də qan təzyiqi, ürəyin fəaliyyəti və arteriyaların divarlarının təzyiqindən yaranan bir fəsaddır.

Qan təzyiqinin müxtəlif ölçmə üsulları var və təzyiqin müxtəlif dərəcələri insanın müəyyən yaş həddi üçün normal sayılır. Lakin bəzi insanlarda bu təzyiq normal göstəriciləri üstələməyə başlayır və bu hala hipertoniya, yəni qan təzyiqinin yüksəkliyi deyilir. Bu, bir çox səbəblərdən, məsələn, əsəbi gərginlikdən, yaxud daxili sekresiya orqanlarının, böyrəklərin iş rejiminin pozulmasından baş verə bilər. Adətən, bütün səbəbləri aydınlaşdırmaq çətin olur. Əksər hallarda isə təzyiq xəstənin vəziyyətini sürətlə pisləşdirir. Bəs bu zaman nə baş verir? Bu zaman qan dövranı sisteminin kiçik qan damarları qanın axınına müqavimət göstərir.

Bu halda müəyyən simptomlar özünü göstərə bilər. Nəbzin sürətlənməsi, başağrısı, başgicəllənməsi, yorğunluq müşahidə oluna bilər.

Tibb elmi belə xəstələrin müalicəsi üçün çoxlu vasitələrə malikdir – hər şey konkret vəziyyətdən asılıdır. Bu vasitələrin sırasına istirahət, iş fəaliyyətinin dəyişdirilməsi, çəki azaldan pəhrizlər, duz azlığı ilə müşayiət olunan pəhrizlər, cərrahi müdaxilə və s. aiddir.

 

Anemiya nədir?

 

Anemiya qan tərkibinin pozğunluqları ilə əlaqədar müxtəlif halları ifadə edən sözdür. Bu hallar qandakı eritrositlərin normaya cavab vermədiyi, yaxud qan hüceyrələrindəki hemoqlobinin azlığı ilə əlaqədar ola bilər. Anemiyanı qan yaranma sistemindəki pozuntular, hüceyrələrin dağılması, yaxud böyük qan itkisi yaradır. Bu hallar isə öz növbəsində orqanizmin işindəki müxtəlif pozuntulardan yarana bilər.

Ona görə də həkim xəstəni anemiyadan müalicə edərkən, bu xəstəliyin məhz hansı növüylə qarşılaşdığını dəqiq bilməlidir.

Anemiyanın bir növü, məsələn, böyük qan itkisinə səbəb olan yara ilə əlaqədar ola bilər. Qana orqanizmdən başqa mayelər düşər, qan durular və nəticəsi anemiya olar...

Anemiyanın tamam başqa tipi orqanizmin vəziyyətiylə əlaqədar, eritrositlərin dağılması səbəbindən yarana bilər. Bəzi hallarda xəstəlik irsən keçə bilər, yararsız qanın köçürülməsi nəticəsində yarana, güclü yanıqlardan, allergiyadan, yaxud leykemiyadan qaynaqlana bilər. Anemiyanın ən geniş yayılan tiplərindən biri trofik anemiyadır. Bu, anemiyanın ən geniş yayılmış və ən təhlükəli növüdür.

Onun səbəbi orqanizmdə eritrositlərin formalaşdırılması üçün dəmirin çatışmamasıdır.

Dəmir orqanizmə hemoqlobin istehsalı üçün lazımdır.

Bizim qəbul etdiyimiz qidanın əhəmiyyətli hissəsinin tərkibində cüzi miqdarda dəmir olur. Lakin çox adamlar sağlamlıqlarındakı problemlərə görə tərkibində çoxlu dəmir olan qidaları, məsələn, ət, yumurta, tərəvəzlərin bəzi növlərni qəbul edə bilmirlər. Ona görə də qanda dəmirin azlığı elə də nadir hadisə deyil.

Bu cür anemiyanın əlamətləri rəngin solğunluğu, zəiflik, tez yorulma, ürəkgetmə və nəfəs almağın çətinliyidir. Əgər xəstənin yaxşıca dincəlmək, yemək  imkanı varsa, o, əsasən çox qısa zamanda yaxşılaşa bilər.

 

Leykemiya nədir?

 

Bildiyimiz kimi, qan orqanizmin yaşaması üçün vacibdir. Onun tərkibində hərəsi öz vəzifəsini yerinə yetirən müxtəlif maddələr, hüceyrələr var. Lakin bəzən qanın tərkibindəki maddələrin nisbəti hansı səbəblərdənsə pozulur. Qan tərkibinin belə pozuntularından birinə leykemiya deyirlər. Leykemiya ilə xəstələnən insanın qanındakı leykositlərin (ağ qan kürəciklərinin) sayı 50-60 dəfə arta bilər. Bu, çox ciddi haldır, çünki qan istehsal edən orqanların fəaliyyətinin pozğunluğu ilə əlaqədardır. Əvvəllər leykemiyaya tutulan xəstə ümidsiz sayılırdı. İndiyə kimi də leykemiyanın müalicəsi üçün elə bir etibarlı vasitənin olmamasına baxmayaraq, yenə də müəyyən nailiyyətlər əldə olunub. Bu nailiyyətlər, xüsusilə xəstənin ömrünün uzadılması və vəziyyətinin yüngülləşdirilməsi ilə əlaqədardır.

Leykemiyanın bir neçə növü var. Xəstəliyin hər forması insan ömrünün uzanmasına müxtəlif cür təsir edir. Ona görə də hər konkret halda konkret müalicə təyin olunur. Leykemiya iki əsas formada olur: kəskin və xroniki leykemiya. Kəskin leykemiya qəflətən aşkarlana və xəstəlik çox tez tərəqqi edə bilər. Xəstəliyin bu formasını inkişaf etməyincə aşkarlamaq mümkün olmur.

Kəskin leykemiya ilə adətən, 35 yaşından yuxarı insanlar xəstələnir. Ağ qan kürəciklərinin konkret tipindən asılı olaraq leykemiyanın müxtəlif formalarına rast gəlmək mümkündür.

Lakin xəstəliyin çox fərqli formalarının olmasına baxmayaraq, ilkin simptomlar həmişə eynidir. Ona görə də diaqnozun vaxtında qoyulması ən vacib işdir. Leykemiyanın varlığı qanın və sümük iliyinin mikroskop altında tədqiqindən sonra təsbit olunur.

 

Dermatomikoz nədir?

 

Bu, çox geniş yayılmış dəri xəstəliyidir. Ona göbələk infeksiyası səbəb olur. Bu xəstəlik adətən, əllərdə, ayaqlarda olur. Onun ən geniş yayılmış forması dərinin üstündə bir, yaxud bir neçə şişkin yaranın yaranmasıdır. Bu yaraların ortası sağlam görünür, amma kənarları böyüməyə davam edir. Bəzən yaranın sağlam olan ortasına da əlavə infeksiya düşür və onda halqanın içində daha bir halqa əmələ gəlir. Dermatomikozun bəzi hallarında yaranın mərkəzi hissəsində, ümumiyyətlə, çapıqlaşma getmir. Xəstəlik özünün ilkin mərhələsində dəridə azacıq qızararaq şişmiş sahədən ibarət olur. Sonra həmin yer bir az da artıq qızarır, suluqlar əmələ gəlir, yüngül qaşınma, yaxud acıma müşahidə olunur.

Dermatomikozun başqa geniş yayılmış forması baş dərisinin xəstəliyidir. Bu, yoluxucu xəstəlikdir və ona uşaqlar da asanlıqla yoluxa bilər. Dermatomikoza səbəb olan göbələk çox çətin məhv edilir, ona görə də xəstənin müalicəsi adətən, xəstəlik başa çatanadək, infeksiyanın yayılmasının qarşısının alınmasından ibarətdir. Dermatomikoz tezyoluxan xəstəlik olduğuna görə, o, insanlardan heyvanlara da keçə bilər. Xəstələrin toxunduğu əşyalar başqa adamları da yoluxdura bilər.

Xəstəlik erkən aşkar edildikdə müalicə daha effektli olur. Bununla əlaqəli kiçik bir şübhə yaranan kimi, həkimə müraciət etmək lazımdır. Həkim dermatomikozun bədənin başqa hissələrinə keçməsinin qarşısını alacaq və ən qısa müddətdə canınızı xəstəlikdən qurtaracaq.