Elektron ədəbiyyat və sənət portalı

Mədə xorası nədən əmələ gəlir?

Bölmə: Elm 10.06.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər nəsə öyrənməyəcək. Mütləq öyrənəcək. Çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiklərimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Parotit nədən yaranır?

 

Parotit tüpürcək vəzilərinin şişməsi ilə müşayiət olunan infeksion xəstəlikdir. Bu zaman ən çox qulaq nahiyəsindəki tüpürcək vəziləri ziyan görür. Parotitin yaranma səbəbi bu vəzilərə düşən virusdur. Xəstəlik, demək olar ki, həmişə xəstə insanlarla birbaşa təmasdan əmələ gəlir. Həmin virus tüpürcəkdə və burundan gələn selikli ifrazatda olur.

Parotitə yoluxmuş xəstənin görkəmi hamıya tanışdır: onların qulaqlarının ətrafında və çənələrindəki şişlər aydın görünür. Çox vaxt bu, xəstəliyin ilk görünən əlaməti olur. Bu zaman həm də hərarətin kəskin şəkildə, təxminən 40 dərəcəyədək qalxması, başağrısı, ürəkbulanması müşahidə olunur.

Parotit əsasən uşaqlarda və yeniyetmələrdə olan xəstəlikdir, amma bəzən ona böyüklər də yoluxa bilər. Adətən, beş yaşından on beş yaşınadək olan, amma yeddi-doqquz yaş arasında uşaqlar parotitə daha çox  məruz qalır. Əksər hallarda parotitə yoluxan xəstə sağalandan sonra immunitet qazanır. Uşaqlarda müşahidə olunan parotit ziyansız xəstəlik sayılır, təbii ki, əgər onu vaxtında aşkar edərək, düzgün müalicə aparılsa. Burada xüsusi həkim müdaxiləsinə ehtiyac yoxdur. Amma ağır hallar istisna təşkil edir – bu zaman həkimə müraciət vacibdir.

Xəstəyə adətən, şiş yatanadək, temperatur enənədək yataq rejimi tövsiyə olunur. Parotitin bir şəxsdən başqasına keçmə ehtimalı olduğundan xəstələr, adətən, karantində saxlanılır ki, xəstəliyin yayılmasının qarşısı alınsın.

 

Meningit nədir?

 

Meningit konkret bir xəstəlik deyil, beyin qabığının iltihabıdır. Beyin qabığı baş və onurğa beyinlərinin üstünü örtən təbəqəyə deyirlər. Bu xəstəliyin yaranmasına müxtəlif bakteriyalar səbəb ola bilsə də, onu ən çox meninqokokk adlanan bakteriya törədir. Meningit başın zədələnməsi və infeksiyası ilə, habelə vərəm, göy öskürək, ağ ciyər iltihabı, qrip və skarlatin kimi xəstəliklərlə əlaqədar əmələ gələ bilər. Əksər hallarda bu bakteriya orqanizmə boğazdan düşür. Bəzi insanlar özləri xəstələnməsə də, bakteriya daşıyıcısı ola bilər. Daşıyıcı adlanan insanlar xəstəliyin yayılmasına daha çox səbəb olurlar.

Bu infeksiyaya uşaqlar daha çox məruz qalır. Hər 5-10 ildə çoxlu xəstəlik hallarının qeydə alındığı epidemiyalar baş verə bilər.

Xəstəlik, əvvəlcə qanda çoxalan bakteriyalarla başlanır, bunun nəticəsində temperatur yüksəlir, titrətmə başlanır, dəridə qırmızı səpgilər əmələ gəlir. Tezliklə bakteriyalar beyin qabıqlarına keçir və onların iltihabına səbəb olur. Bu baş verəndə, başda qəribə təzyiq əmələ gəlir və bunun nəticəsində möhkəm başağrıları yaranır. Bunun ardınca boyun, elə bil ağaca dönür. Xəstə boynunu hərəkətsiz saxlamağa çalışır, çünki azacıq tərpətsə, dəhşətli ağrılardan əziyyət çəkir. Xəstə tez-tez huşunu itirir, qusur. Onun bədənində nəzarət edə bilmədiyi qıcolma halları, səyrimə baş verə bilər.

Bu ağır xəstəliklə mübarizə üçün həkimlər sulfamid preparatlardan, antibiotiklərdən istifadə edirlər. Hal-hazırda bu xəstəlikdə ölüm hallarını 10 faizə endirmək mümkün olub. Lakin müalicə aparılmasa, hər dörd xəstədən üçü ölər.

 

Skarlatin nədən baş verir?

 

Skarlatin burunun və boğazın selikli qişasını zədələyən xəstəlikdir və adətən, dəridə səpki ilə müşayiət olunur. Bu yoluxucu xəstəlik streptokokklar adlanan bakteriyalardan törənir. Xəstəliyin artıq ciddi hesab edilməməsinə rəğmən, skarlatinin ardınca başqa, daha ciddi xəstəliklər gələ bilər. Onların iki ən təhlükəlisi bunlardır: revmatik hücumlar və nefrit (böyrəklərin xəstəliyi). Skarlatin daha çox qışda baş verir. Skarlatin hallarının tən yarısı 3-8 yaş arası, 90 faizi isə on beş yaşınadək olan uşaqlarda baş verir.

İnsan bu xəstəliyə bir dəfə tutulanda, onun bədənində skarlatinə qarşı immunitet yaranır.

Bir çoxları bu xəstəliyin törədicisi olan bakteriyaları burunlarında, boğazlarında daşıyırlar. Onlar həmin bakteriyaları öskürək və asqırıqla başqalarına keçirirlər. İnsan skarlatinə yoluxandan iki-beş gün sonra xəstəlik özünü yüksək temperatur, titrətmə və qusma ilə göstərir. Bu zaman boğaz möhkəm ağrıyır. O qızarır, şişir və ağ ləkələrlə örtülür. Dil də qızarır və onun üzərində kiçik şişlər əmələ gəlir.

Xəstəliyin ikinci günü bütün bədən, qollar, qıçlar xırda, qırmızı səpgilərlə örtülür. Bu səpkilər bakteriyaların zəhərli ifrazatı nəticəsində əmələ gəlir. Bu toksik maddə dəridəki xırda qan damarlarını zədələyir, onların böyüməsinə səbəb olur. 7-8 gündən sonra səpki solur, temperatur enir, boğaz təmizlənir. Ayaqların altında və əllərdə dəri üzərində kəpək əmələ gəlir. Xəstəliyin ikinci həftəsində üzün və bədənin dərisində də eyni proses baş verir – dəri qabıqlayır və onun üst qatı tökülür.

 

Mədə xorası nədən əmələ gəlir?

 

Avropa və Amerikada insanların 10-12 faizi həyatlarının hansı dövründəsə mədə-bağırsaq xoralarından əziyyət çəkirlər. Bəs xora özü nədir və hansı səbəblərdən yaranır? Mədədə əmələ gələn mədə şirəsinin tərkibində kükürd turşusu, selik və ferment olur ki, onun adına pepsin deyirlər.

Pepsin qidada olan proteini daha sadə birləşmələrə parçalayır. Lakin bəzən pepsinlə turşunun qarışığı həzm yollarının divarlarına mənfi təsir göstərib orada yaralar əmələ gətirə bilir. Belə yaralar, adətən, mədənin divarlarında yaranır. Bu yaralar, əsasən mədə şirəsində turşunun konsentrasiyası normadan artıq olan şəxslərdə əmələ gəlir.

Xoraların yaranmasının, müalicənin pis getməsinin başqa səbəbləri də var. Belə ki, əsəbi adamlar mədə xorasından daha çox əziyyət çəkirlər. Siqaret çəkmək də xoranın vəziyyətini ağırlaşdırır, yaxud onun müalicəsinə əngəl olur. Kobud qidanın da xoraların yaranmasına müəyyən təsiri ola bilər. Amma ümumi götürəndə, istənilən yaşda olan hər bir insan (on yaşınadək uşaqlarda bu, çox nadir hallarda baş verir) mədə xorasına tutula bilər.

Kişilər bu xəstəliyə qadınlardan dörd dəfə çox məruz qalır. Yaxşı, bəs sizdə mədə xorasının olduğundan necə xəbər tuta bilərsiniz? Bunu sizə ağrının özü xəbər verəcək! Ağrı yeməkdən 30-60 dəqiqə sonra baş verir. Belə ağrılar səhərlər nadir hallarda olur, amma nahardan, şamdan sonra adi bir hala çevrilir. Ağrı gecələr, gecəyarısından sonra da baş verə bilər.

Mədə ağrısı, adətən, yeməyin ucbatından olur. Adamda mədə xorası olanda həkim ona yumşaq qida, əsasən süd məhsullarından ibarət pəhriz tövsiyə edir, xəstə çox dincəlməli, əsəbiləşməməlidir.

 

Revmatik hücum nədir?

 

Revmatik hücum ürək xəstəliyidir. O, yalnız cavan adamlarda olur. Təəssüf ki, bu xəstəlik ürəyin çox ciddi və sağalmaz pozuntularına səbəb ola bilər. Buna görə də xəstəliyi keçirmiş insan daim ehtiyatlı olmalıdır. Amma bu, heç də o demək deyil ki, revmatik hücumlara məruz qalan şəxs aktiv həyat tərzi keçirə bilməz.

Revmatik hücumların səbəbi, müəyyən bakteriyalardır. Zahirən elə görünür ki, guya xəstənin həmin bu bakteriyaya qarşı allergiyası var. Bunun səbəbi irsiyyət də ola bilər. Bir də, görünür, insanın yaşının bu xəstəlik üçün böyük əhəmiyyəti var.

Xəstəliyə ən çox altı yaşdan on doqquz yaşadək tutulurlar. Bu yaşlarda olmayan insanların revmatik hücumlara məruz qalması ehtimalı azdır. Revmatik hücumların, demək olar ki, bütün bəlli halları streptokokklar adlanan bakteriyalara yoluxma ilə əlaqədardır. Ona görə də xəstəliyə yoluxma ehtimalı boğazın streptokokk infeksiyalarından sonra – tonzillitlər, burun-boğaz infeksiyaları və skarlatindən sonra daha yüksək olur. Burdan belə nəticə çıxır ki, bu xəstəliklər zamanı həkim nəzarətində olmaq zəruri şərtdir.

Çox vaxt revmatik hücumların əlamətləri, simptomları o qədər cüzi olur ki, insan onlara qəti əhəmiyyət vermir. Lakin həkim xəstəliyi vaxtında müəyyən edə bilər və onun işə müdaxiləsi xəstəliyin ciddi şəkildə inkişafına mane olar. Bəzən biz uşaqların ayaq, yaxud başqa nahiyələrində olan ağrılara böyümə ağrısı deyərək, əhəmiyyət vermirik. Amma əslində, onlar bəlkə də yüngül revmatik hücumlara məruz qalır. Buna görə də belə hallarda uşaqları təcili olaraq həkimə göstərmək lazımdır.

Revmatik hücumlarla əlaqədar ağrılar, adətən, oynaqlarda, xüsusilə də dizlərdə və dirsəklərdə olur. Ciddi hallarda temperatur da yüksələ bilər. Oynaqlar şişir, qızarır, zəifləyir və ağrıyır. Hərdən dərinin altında şişmələr də hiss olunur ki, bu da xəsləliyin ciddiliyindən xəbər verir. Bu xəstəliyin müalicəsi daimi tibbi qulluq tələb edir.

 

Revmatizm nədir?

 

Revmatizm bədən oynaqlarının iltihabı ilə əlaqədar olan xəstəlikdir. Bu xəstəliyə nəzarət olunmasa, insanın vəziyyəti pisləşir və axırda o, əlil də ola bilər.

Xəstəlik diz, dirsək və əl oynaqlarını  bürüyən nazik təbəqənin iltihabı ilə başlanır. Bu zaman qığırdaqlar da zədələnir, hətta sümüklərdə də dəyişikliklər əmələ gəlir. Sümük tərkibindəki bəzi mineral maddələri itirir, məsaməli olur. Oynağın mütəhərrikliyi pozulur, bəzən ən xırda hərəkət belə əzaba çevrilir.

Revmatizmin yaranması ilə əlaqədar çoxlu nəzəriyyə olmasına baxmayaraq, onların heç birini isbata yetirmək mümkün olmayıb. Bu nəzəriyyələrdən birinə əsasən, revmatizm üç yolla əmələ gələ bilən infeksiyanın nəticəsidir: oynaqlara qanla bir yerdə düşən bakteriyaların, hansısa başqa infeksiyanın nəticəsində əmələ gələn toksik maddələrin, yaxud hansısa mikroorqanizmlərə oynaqların allergik reaksiyasının.

Bəzi həkimlər hesab edir ki, müəyyən tip şəxslərin revmatizmə yoluxma ehtimalları daha böyük olur. Bu şəxslər iyirmi-qırx yaş arasında, zəif bədən quruluşlu, zəif, tez əldən düşən insanlardır. Xəstəlik yenicə başlananda adamın hərarəti qalxır, bir, yaxud bir neçə oynağında şişkinlik əmələ gəlir. Xəstə yorğunluqdan şikayətlənir, arıqlayır, ayaqlarında, əllərində keyimə müşahidə olunur.

Xəstəliyin əlamətlərindən biri barmaqların orta oynaqlarında ağrılar və şişkinlikdir. Bəzən barmaqların hərəkəti belə ağrı gətirir. Başqa hallarda orqanizmin bu nahiyələri zədələnir: əl oynaqları, ayaq barmaqları, biləklər, dizlər, dirsəklər, çiyinlər və ombalar. Amma praktiki olaraq istənilən oynaq bu xəstəliyin qurbanına çevrilə bilər. Bu xəstəliyin yaranma səbəbini dəqiq bilmədiyimizə və onun müxtəlif insanlarda müxtəlif cür cərəyan etdiyinə görə bütün hallarda buna kömək edə biləcək vahid müalicə üsulu da yoxdur. Hər konkret halda xəstəyə fərdi müalicə təyin olunur.

 

Sərxoşluq nədir?

 

Bizim orqanizmimizdə az miqdarda alkoqol daim var. Nişastanın  və şəkərin parçalanması zamanı alkoqol yaranır və ona görə də onun müəyyən miqdarı hər qida qəbulundan sonra qana düşür. Bizim orqanizmimizdə daim təxminən bir qram alkoqol olur. Lakin biz alkoqollu içki qəbul edəndə, bu miqdar artır. Alkoqol praktiki olaraq, narkotik kimi bir şeydir, amma ondan qat-qat zəif olur. Narkotik isə sinir hüceyrələrinə düşərək onlara iflicedici təsir göstərir. Lakin o, sinir hüceyrələrini iflic edənədək onların aktivliyini stimullaşdırır və oyadır.

İnsan alkoqol qəbul edəndə ilk baş verən hadisə onun ağzında və boğazındakı selikli qişanın stimullaşdırılması olur. Bunun nəticəsində tüpürcək və mədə şirəsinin intensiv ifrazı başlanır. Ona görə də bəzi şəxslər şam yeməyi ərəfəsində müəyyən qədər alkoqol qəbul edirlər ki, iştahaları açılsın. Alkoqol həm də bədənin əzələlərinə təsir edir. O, əzələlərdə işçi enerjiyə çevrilə bilən maddələrin miqdarını artırır. Görünür, buna görə də alkoqol müəyyən fiziki işləri daha yaxşı yerinə yetirməyə kömək edir. Lakin bundan sonra adam elə gücsüzləşir ki, bunun xeyrindən çox, ziyanı var. Zahirən elə görünə bilər ki, alkoqol beynin işləməsini də stimullaşdırır.

İnsan alkoqolun təsirindən daha zirək hərəkət edir, daha ehtirasla danışır. Onun dərisi qızarır, qan təzyiqi artır, nəbzi və tənəffüsü tezləşir. Amma əslində, alkoqol beynin fəaliyyətinə əzici təsir göstərir. O, beynin düşünmə, müşahidə qabiliyyəti, diqqət  kimi bütün mühüm funksiyalarına təsir göstərir. İnsan özü üzərində nəzarətini itirir və eyni zamanda onun ətrafa nəzarət imkanları da məhdudlaşır.

Belə hala düşmək üçün nə qədər alkoqol qəbul etmək lazım olduğu bir çox faktorlardan asılıdır. Lakin bizim məstlik, sərxoşluq adlandırdığımız bu hal məsuliyyətli işlərlə məşğul olan, məsələn, avtomobili idarə edən insan üçün çox təhlükəlidir.

 

Appendiks nədir?

 

Appendiks, ya da öz dilimizdə desək, kor bağırsaq bədənin bir üzvü hesab oluna bilər və adama elə gəlir ki, o olmadan, biz keçinə bilmərik. Amma appendiks zədələnməyincə, biz onun varlığından xəbərsiz oluruq, orqanizmdə gördüyü işin nədən ibarət olduğunu bilmirik. Appendiks, təxminən, 8-15 santimetr uzunluğu olan içiboş borudur. Onun bir ucu qapalı olur. Başqa sözlə desək, bu “kor boru” heç yerə birləşmir. Appendiks qalın bağıqsağın başlanğıcında, qarın boşluğunun aşağısında, sağ tərəfdə yerləşir. Deməli, appendiks qalın bağırsağın bir törəməsidir. Divarları da bağırsağın divarları kimidir – onlar eyni təbəqələrdən ibarətdir. Appendiksin daxili təbəqəsi yapışqanlı selik ifraz edir. Onun altında limfoid toxumadan ibarət daha bir qat var. Bütün xoşagəlməzliklər də məhz həmin qatda baş verir. Bədəndə infeksiya olanda bu qatın toxuması şişə bilər. Bağırsağın içindəkilər də bəzən appendiksə düşür və oradan çox çətinliklə çıxa bilir.

Toxumada iltihab olanda kor bağırsağın içindəkilər orda qala, daşlaşa bilər. Appendiksin qan damarları həmin o bərkimiş maddə tərəfindən sıxılaraq infeksiya mənbəyinə çevrilə bilər. Appendisit, yaxud kor bağırsağın iltihabı adlanan xəstəlik tez-tez baş verdiyindən, bir çox insanlar onun simptomlarına qarşı diqqətlidirlər.

Appendisitin tipik əlamətləri ağrı, zəiflik və qarnın sağ tərəfindəki spazmalardır. Bəzən ağrı canaqda başlanır, sonra isə qarının sağ tərəfinə keçir. Uşaqlarda appendisitin ilk əlamətləri ağlamaq, qusmaq, yeməkdən imtina ola bilər. Bəzən valideynlər belə hallarda uşağa qarın işlədən dərman verirlər ki, bu da çox təhlükəlidir. Belə simptomlar müşahidə olunanda həmişə həkimə müraciət etmək lazımdır.

Kimdəsə kəskin appendisit olanda bircə müalicə üsulu var: təcili cərrahiyyə əməliyyatıyla appendiksin çıxarılması. Bu, çox sadə əməliyyatdır və heç bir fəsadı olmur.