Elektron ədəbiyyat və sənət portalı

Skeletimiz nəyə lazımdır?

Bölmə: Elm 03.06.2016

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə, həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Sınmış sümük necə müalicə olunur?

 

İnsan sümüyü o qədər möhkəmdir ki, onların necə sındığı adamda təəccüb doğurur. Sümük kərpicdən 30 dəfə artıq təzyiqə dözməyə qadirdir. Orqanizmin ən sərt sümüyü baldır sümüyüdür. O, 1600 kiloqram ağırlığa dözmək gücündədir. Amma bizə məlum olanı budur ki, sümüklər çox vaxt kənar təzyiqlər nəticəsində sınır. Sınığın hər tipinin öz adı var – bu ad onun necə sınması ilə bağlıdır. Əgər sümük çatlayıbsa, özü də onun lüləsinin bir hissəsi sınıb, qalan hissəsi isə əyilibsə, bu, başqa qisimli sınıqdır. Əgər sümük tam sınıbsa, ona sadə sınıq deyirlər. Lakin əgər sümük ikidən artıq hissəyə parçalanıbsa, bunu qəlpəli sınıq adlandırırlar. Əgər sınıq zamanı əzələlər və dəri zədələnirsə, belə sınığa açıq sınıq deyilir.

Sınmış sümüyün “təmiri” müəyyən mənada sınmış dolçanın təmirinə bənzəyir. Qəlpələr bir-birinə mümkün qədər sıx düzülməlidir. Amma sınığın “təmiri” zamanı doktor heç bir yapışqandan istifadə etmir.

Bu halda yapışqanı sümüyün özünün birləşdirici toxuması əvəz edir. Sümük toxumasının çox qəribə bir özünübərpa funksiyası var. Sümük sınanda onun ətrafındakı sümüklə yumşaq toxumalar cırılır, zədələnir. Zədələnmiş toxumanın bir hissəsi ölüb-gedir. Sınmış sümüklərin ucları və zədəli yumşaq toxumalar olan yer qan laxtası və limfa ilə əhatə olunur. Yalnız bir neçə saatdan sonra həmin yerdə birləşdirici toxumanın ilk hüceyrələri əmələ gəlir və bu, sümüyün bərpası prosesində ilk addım olur. Bu hüceyrələr sürətlə çoxalır və kalsiumla dolurlar.

Sınıqdan 72-96 saat sonra bu hüceyrələr sümüklərin ucunu bir-birinə birləşdirən toxumanı əmələ gətirir! Yeni yaranan bu toxumaya daha çox kalsium yığılır. Nəticədə həmin kalsium sərt toxumanın yaranmasına kömək edir və bu toxuma bir neçə aydan sonra normal sümüyə çevrilir.

Sınmış yerə adətən gips sarğı qoyurlar ki, sümüyün hərəkətinə imkan verməsin və sınığın kənarlarını yerində möhkəm saxlasın.

 

Niyə bizim bir pəncəmiz digərindən böyükdür?

 

Yəqin fikir vermisiniz, ayaqqabı alanda, bir də görürsünüz ki, onun bir tayı digərindən daha rahat oturur. Bəs bu, niyə belə olur? Axı pəncələrin hər ikisi, əslində eyni dərəcədə işləyir, eyni işi görür? Bu onunla əlaqədardır ki, bizim bədənimiz asimmetrikdir, yəni onun sol və sağ yarısı eyni deyil. Bir neçə nümunədə siz özünüz bunun şahidi ola bilərsiniz. Əgər güzgüdə üzünüzə baxsanız, görəcəksiniz ki, üzünüzün sağ yarısı sol yarısından daha çox inkişaf edib. Sağ yanağınız daha artıq qabağa çıxır, sağ tərəfdəki gözünüz və qulağınızın cizgiləri daha itidir. Bu, tək sifətə deyil, bütün bədənə aiddir. Ayaqlar da özünün gücü və cəldliyiylə eyni deyil.

Ürək solda, qara ciyər sağda yerləşir. Deməli bizim daxilimizdə də simmetriya yoxdur. Bunun nəticəsində skeletimiz də qeyri-bərabər inkişaf edir. Bu kiçik fərqlər isə bizim hərəkətlərimizdə dərin izlər buraxır. Bədənin qeyri-bərabər inkişafı yerişimizi bir qədər yöndəmsizləşdirir.

Bunun nəticəsində gözlərimiz bağlı olsa, ya da məsələn, qatı tufana, qasırğaya düşsək, bir də baxacağıq ki, düz getmək əvəzinə dövrə vururuq. Eyni şey heyvanlara da aiddir, çünki onların da bədəni asimmetrikdir.

Əgər biz sağ əli üstün olan adamlarla, sol əli üstün olanlara, yəni solaxaylara diqqət etsək, burada bir çox maraqlı faktlarla qarşılaşacağıq. İnsanların doxsan altı faizi sağəllidir. Lakin bunun səbəbi bədənin simmetrikliyi deyil, beynin asimmetrikliyidir. Beynin sol yarısı bədənin sağ tərəfinə nəzarət edir, sağ yarısı isə sol tərəfə. Beləliklə, beynin sol yarısının sağ üzərində dominantlıq, yəni üstünlük göstərməsi beynin sağ yarısının daha mütəhərrikliyinə, insanların əksəriyyətinin sağəlli olmasına şərait yaradır.

 

Skeletimiz nəyə lazımdır?

 

Skeletin iki əsas vəzifəsi var – o, bizim bədənimizi şaquli vəziyyətdə saxlayır və daxili orqanlarımızı qoruyur. Skelet əsasən, sümüklərdən ibarət karkasdır. Uşaq anadan olanda, onun skeletində 270 sümük olur ki, onların da bəziləri çox xırdadır. Yetkin adamda sümüklərin sayı, adətən 206-dır, çünki onlardan bəziləri sonradan başqa sümüklərə birləşir. Bu birləşmə nöqtələrində sümüklər dəst şəklində olur, onlar bir-birinə bağlar vasitəsiylə möhkəm bağlanır. Bu bağlar ipi, qaytanı xatırladır. Bəzi sümük bağları çox mütəhərrik olur.

Məsələn, siz qaçanda, ayağınızı gah diz oynağından, gah da çanaqdan tərpədirsiniz. Topu atanda əliniz çiyin və dirsək oynaqlarından tərpənir. Bəzi birləşmələr, yaxud oynaqlar, ümumiyyətlə, hərəkətsizdir. Fəqərə sütununun kökündə sümüklər bir-birinə birləşərək başqa sümüyün içinə girən bir sümük əmələ gətirib. Onların heç biri tərpənmir. Bizim kəlləmizin sümükləri də hərəkətsizdir, təbii ki, çənə sümüyünü çıxmaq şərtiylə. Skeletin təmin etdiyi müdafiə sisteminə bizim beynimizi qoruyan kəllə də daxildir.

Qabırğalardan ibarət qəfəs ürəyi və ciyərləri qoruyur. Fəqərə sütunu isə onurğa beynini müdafiə edir – bu beyin sinir ucları üçün magistral xətdir. Fəqərə sütununun özü isə daha xırda sümüklərdən ibarət bir zəncirdir.

Sümüyün canlı materiya olduğunu təsəvvür etmək bizim üçün çətindir, amma bu belədir. İnsan cavan olanda sümükləri böyüyür. Məsələn, omba insan anadan olandan tam yetkinlik yaşına çatana kimi üç dəfə böyüyə bilər. Sümüklər onlara kalsium və digər minerallar daxil olduqca həm uzunluğu, həm də qalınlığı etibariylə böyüyür. Və sümük canlı toxuma olduğundan, o da qidalanmalıdır. Sümüyün üz tərəfində çox nazik və sərt bir təbəqə olur. Onda çoxlu xırdaca qan damarları var ki, qida maddələrini sümüyün hüceyrələrinə çatdırır. İçəridən isə sümük məsaməlidir və sümük iliyi ilə doludur. Sümük iliyinin bir hissəsi piy ehtiyatını saxlayır, digər hissəsi isə qırmızı qan kürəcikləri istehsal edir.

 

Bizim böyüməyimiz nə vaxt dayanır?

 

Yenicə anadan olmuş körpənin boyu orta hesabla 50 santimetr olur. İyirmi il ərzində bu balaca bədən üç dəfədən artıq böyüyür. Kişilərin orta boyu 1,7 metrdir. Amma insan heç onda da böyüməsini dayandırmır. O, hətta iyirmi beş yaşında da böyüyür və boyunun maksimal həddinə təxminən 35-40 yaşında çatır. Bəs bundan sonra nə baş verir? Onun böyüməsi sadəcə olaraq dayanmır, insan “qurumağa” başlayır.

İnsan qırx yaşından sonra hər onillikdə orta hesabla 10 millimetr “quruyur”. Bunun səbəbi oynaqlardakı və fəqərə sütunundakı qığırdaqların qurumasıdır.

Böyümənin sürəti ilin fəslindən asılıdır. Uşaqlar yayda qışla müqayisədə daha sürətlə böyüyürlər. Məsələn, məktəbli uşaqlar yay aylarında qışdan iki dəfə sürətlə böyüyürlər! Yaxşı qida, əlverişli rejim – bu və ya digər amillər hər nəsli özündən əvvəlkilərdən orta hesabla daha hündür edir.

Böyümənin tempi dörd əsas vəziylə müəyyənləşir: qalxanvarı, hipofiz, timus və cinsiyyət vəziləriylə. Bu vəzilər normal fəaliyyət göstərəndə və onların işi balanslaşmış olanda böyümə normal gedir.

Bəs siz bilirsiniz ki, biz səhərlər dünən axşam olduğumuzdan daha hündür oluruq? Amma bu fərq gün ərzində itir və bizim gecələr artan boyumuz qısalır.

 

İnsanın niyə tükü olur?

 

İnsan məməlilərə aiddir, bütün məməlilər isə tüklü olur. Başqa heyvanların timsalında tüklərin nə qədər faydalı olduğunu görə bilərik. Tükün əsas faydası budur ki, bədənin istiliyini saxlayır. Tropik heyvanlarda tüklər onları günəşin birbaşa şüalarından qoruyur. Başdakı uzun tüklər, yəni heyvanın yalı onun boynunu müdafiə edə bilir. Oxlu kirpinin tükləri ona düşmənləriylə mübarizə aparmaqda kömək edir. Yaxşı, bəs insanın tük nəyinə gərəkdir?

Hər şeydən qabaq deməliyik ki, körpə anadan olarkən onun bütün bədəni yumşaq, narın tüklə örtülü olur. Uşaq böyüdükcə onun tük örtüyü böyüklərin tük örtüyünə bənzəməyə başlayır. Böyüklərə xas olan tük örtüyünü isə xüsusi hormonları olan müəyyən vəzilər tənzimləyir.

Kişilərdə bu hormonlar bədəndə və üzdə tüklərin böyüməsinə səbəb olur, həm də eyni zamanda başdakı tüklərin böyüməsini ləngidir. Qadınlarda isə bu hormonlar tamam əksinə fəaliyyət göstərir. Onların bədənində və üzündə az, başında isə daha çox tük bitir. Kişilərlə qadınlarda tüklərin fərqli böyüməsi cinsi əlamətlərdən sayılır. Yəni, bu da iki cinsi bir-birindən fərqləndirmək üsullarından biridir. Kişinin saqqalı yalnız onun kişiliyini göstərmir, həm də sifətinə güclü, ləyaqətli bir insan görkəmi verir.

XIX əsrin məşhur təbiət alimi Çarlz Darvin belə hesab edirdi ki, insan inkişaf etdikcə, ona bədənindəki nazik tüklər tərin və yağış suyunun buxarlanmasına kömək üçün lazımdır. Qaşlar, kirpiklər, qulaqlardakı və burundakı tüklər isə bu dəlikləri tozdan və xırda həşəratlardan qorumaq üçündür.

 

Tüklər necə böyüyür?

 

Xəbəriniz var ki, tüklərlə dırnaqlar eyni mənşəyə malikdirlər? Onlar dərimizin buynuzlaşan təbəqəsindən böyüyür. Tük o vaxt böyüyür ki, həmin o dərinin bir parçası daha aşağı təbəqəyə düşüb orada kök buraxsın. Sonra o, dəri qatından keçərək çölə çıxır. Tüklərin kökündə dörd müxtəlif hüceyrə qatı var. Onlar bölünür, çoxalır və tükü itələyib dəridən bayıra çıxarır.

Tük böyüdükcə, onun hüceyrələri dərinin xarici səthini xatırladan buynuzlaşan maddəyə çevrilir. Tükün səthində hüceyrələr yastılaşır, bir-birinin üstünə döşənir. Onların kök hüceyrələrində iri, girdə piy hüceyrələri olur ki, bu, tükün əmələ gəlməsi üçün zəruri inşaat materialı toplayır. Yeri gəlmişkən, tükün kökü toxumaya elə bağlanır ki, onu dartıb çıxarmaq da mümkün deyil. Ona görə də siz tükünüzü çəkib çıxaranda onun kökü yerində qalır.

Və maraqlı burasıdır ki, tüklər müxtəlif vaxtlarda müxtəlif sürətlə böyüyür. Gecələr tük çox yavaş böyüyür, səhərlər onun sürəti artır, axşama yaxın azalır, sonra yenə artır. Ümumən, yaşlı adamın bədənində 300-500 min  tük olur.

 

Xal nədir?

 

Xal bədəndəki anadangəlmə ləkələrə aiddir. Tibb elmi onların yaranma səbəblərini hələ tam öyrənə bilməyib və təbii ki, onun qarşısını almaq üçün tövsiyələr də verə bilməz. Amma bir məsələ yüz faiz bəllidir: xalın, bətnində uşaq olan qadının hər hansı bir qorxusuna aidiyyəti yoxdur.

Praktiki olaraq hər bir insanın bədəninin hansı yerindəsə azı bir dənə xal olur. Onlar istənilən yerdə, o cümlədən başın dərisində də əmələ gələ bilər. Xallar dərinin hansı qatında əmələ gəlməsindən asılı olaraq, özlərinin xarici görünüşünə görə bir-birindən fərqlənə bilərlər. Xalların əksəriyyəti anadan olanadək, ya da anadan olan kimi əmələ gəlir. Amma bəzən onlar on dörd, on beş yaşından sonra yaranır. Əgər xallara toxunmasan, onların orqanizmə heç bir ziyanı dəyməz.

Xallarla əlaqədar ən böyük təhlükə bundadır ki, onlar zədələnsə, bədxassəli şişə çevrilə bilər. Lakin  bu, nadir hallarda baş verir və xallı adamların əksəriyyətinin narahatlığına səbəb yoxdur.

Dərinin görkəminin dəyişməsiylə müşayiət olunan bir sıra başqa pozğunluqlar var ki,  zahirən xal kimi qiymətləndirilə bilər. Onlardan biri anadan olarkən, ya da dərhal sonra dəridə əmələ gələn qırmızımtıl, yaxud bənövşəyiyə çalan ləkələrdir. Onların rəngi bəzən moruğu, çiyələyi də xatırladır. Əslində bu ləkələr qan damarlarının qeyri-adi halıdır və çox vaxt onları müalicə ilə yox etmək olur. Lakin həkimlərin çoxu elə hesab edir ki, bu ləkələr bədəndən mümkün qədər erkən götürülməlidir ki, yerində çapıqlar qalmasın.

Tibb işçiləri hətta dəridəki çilləri belə “dəri çatışmazlığı” hesab edirlər. Çillər günəş şüalarındakı ultrabənövşəyi şüaların təsirindən yaranır. Dərisi ağ, saçları açıq rəngdə olan insanlarda çillər daha tez-tez əmələ gəlir.

 

Dərimizdə niyə sızanaqlar əmələ gəlir?

 

Dəridə olan sızanaq insanda diskomfort yaradır. Onların əmələgəlmə səbəblərini dəqiq bilsəydik və bu xoşagəlməz şeylərdən qurtulmağın yolunu göstərmək iqtidarında olsaydıq, çox gözəl olardı. Amma, təəssüf ki, bu problem o qədər də sadə deyil. Sızanaqlar daha çox tük kisəciklərində yaranır. Piy vəziləri tük kisəciklərinə düşən piy maddəsi yaradır. Tük kisəciyi qapananda ifraz olunan piy həmin kisəciyin içində qapalı qalır və nəticədə ucunda qara nöqtə olan sızanaqlar yaranır.

Sızanaqlar dərinin ümumi səthdən qalxan hissələridir ki, onların içində çox vaxt irin yığılır. Sızanaqların yaranma səbəblərini tam izah etmək çətindir. Onlar bir çox səbəblərdən, o cümlədən düzgün qidalanmamaqdan, vəzilərin balanslı fəaliyyət göstərməməsindən, yaxud dərinin cüzi infeksiyasından yarana bilər. Amma sızanaqların dərinin inkişafında əhəmiyyətli pozğunluqlardan və hətta ciddi xəstəliklərdən xəbər verməsi də istisna deyil. Ona görə də bədəndə çoxlu sızanaq görsəniz, həkimlə məsləhətləşin. Həkim onların yaranma səbəblərini mütləq tapmağa çalışacaq.

Əgər sızanaqların yaranması hansısa daxili səbəblərlə əlaqədardırsa, dəriyə sürtülən dərmanların xeyri olmayacaq, əksinə, bu dərmanlar dərini daha artıq zədələyəcək.

Sızanaqları sıxmaq olmaz, çünki bu, orqanizmə infeksiya düşməsi ilə nəticələnə bilər.

Yeniyetmə çağlarında bir çox adamlarda sızanaqlar əmələ gəlir. Bunun da səbəbləri çox fərdidir: bəzən bu, qida ilə əlaqədardır, bəzən isə bunun səbəbi vəzilərin düzgün çalışmaması ola bilər. Sızanaqları artan adam düzgün müalicə üsulu üçün mütləq həkimə müraciət etməlidir.

 

Kəpək nədən əmələ gəlir?

 

Tibb elmi hələ kəpəyin əmələ gəlməsinin dəqiq səbəblərini bilmir. Kəpəyi baş dərisinin xəstəliyi də saymaq olar. Belə ki, bu zaman başın dərisində və saçlarda xırda kəpək əmələ gəlir. Bu hadisənin elmi adı seboreyalı ekzemadır. Dərinin bu vəziyyətinin hansısa infeksiyadan yaranmasına dair xeyli sübut var. Lakin bu fərziyyə hələ sübuta yetirilməyib. Çünki belə bir infeksiyanın oyadıcısı da aşkarlanmayıb.

Biz bilirik ki, kəpək, demək olar, həmişə saçın kökü ilə əlaqədar olan vəzilərin ifrat aktivlik nümayiş etdirməsiylə başlanır. Bu vəzilərə piy vəziləri deyirlər və onlar dəri piyi adlanan maddə ifraz etməklə məşğuldurlar. Həmin maddə kəpək əmələ gətirir və bunun nəticəsində baş qaşınmağa başlayır. Bəzən kəpək başdakı bakteriyaların və göbələklərin adi normadan artıq olmasıyla əlaqədar yaranır. Lakin bu faktorların kəpəyin miqdarına təsiri hələ sübut olunmayıb. Onlar sadəcə olaraq, vəziyyəti ağırlaşdırır. Əlbəttə, əgər kəpək möhkəm qaşınma verirsə və insan intensiv olaraq qaşınırsa, bu, infeksiyaya səbəb ola bilər, çünki həmin mikroorqanizmlər zədələnmiş dəridən başa keçə bilər.

Kəpəyin əhəmiyyətsiz dərəcədə artımı müşahidə olunarsa, saçları həftədə bir-iki dəfə yumaq və ifrat piydən, kəpəyin özündən xilas olmaq üçün kəllənin dərisini yaxşıca massaj etmək lazımdır. Bu tədbirlər əksər hallarda kömək edir. Lakin ağır hallarda, hətta başı yumağın özü belə xoşagəlməz təsir edəndə, mütləq həkimə müraciət etmək lazımdır.