Elektron ədəbiyyat və sənət portalı

26 Bakı komissarı...

Bölmə: Tarix 18.09.2015

20 sentyabr 1918-ci il “26 Bakı komissarı”nın güllələndiyi gündür. “Aydın yol” qəzeti bu hadisə ilə əlaqədar publisit Şirin Manafovun “26 Bakı komissarı haqqında həqiqət” məqaləsini oxuculara təqdim edir.

1918-ci il iyunun 4-də Osmanlı imperiyası və Azərbaycan Respublikası arasında Batumi sazişi imzalandı. Sazişə əsasən, Türkiyə Azərbaycana hərbi yardım göstərə bilərdi. Sözügedən saziş Bakı hadisələrinin gedişatına böyük təsir göstərdi.

Qeyd edək ki, 20 sentyabr Sovet İttifaqının təqvimində ən əlamətdar günlərdən biri kimi qeyd olunub. Həmin gün Türkmənistanın keçmiş Krasnovodsk şəhəri ətrafında güllələnən 26 Bakı komissarı yad edilib.

1970-80-ci illərdə Bakıda əsl turizm bumu yaşanırdı, ən populyar marşrut isə “Şəhərin inqilabi yerlərinə səyahət“ adlanırdı. Axı Bakı “Şərqdə inqilabın dayağı” hesab olunurdu.

İndi vaxtilə cəsur döyüşçülər Fioletov, Əzizbəyov, Avakyan, Şaumyan, Zevin, Basinin adını daşıyan küçələrlə addımlayır və düşünürsən ki, görəsən, 26 Bakı komissarı əslində kim olub?

Görəsən, bu alovlu qəhrəmanlar proletariatın lideri Vladimir İliç Leninə necə kələk gələ bilib? 1917-18-ci il Bakısının inqilabi səhifələri yalan və saxtakarlıq himnidir. Bu yazını oxuya-oxuya siz də şəhərin “inqilabi yerləri”nə səyahət edin, səyahət edin və dünya inqilabının Şərq variantı, onun nəzəriyyə və praktikasına özünəməxsus töhfələr verən 26 Bakı fırıldaqçısının “ixtiraları” barədə düşünün.

 

26 komissar və Lenin

Şaumyan proletariat lideri ilə tanış olduğu ilk gündən Lenini istədiyi kimi idarə edə bilib. Lenin Şaumyanın partiyaya və ona sədaqətlə bağlı olduğuna inanıb. “Şanlı” keçmişimizin “şanlı” səhifələrini vərəqləyəndə neçə-neçə nəslin 26 Bakı komissarı adlanan nağılla tərbiyə olunduğunu xatırlamaq və buna heyrətlənməmək mümkün deyil.

Moskvadakı Lenin muzeyinin direktoru, tarix elmləri doktoru Melniçenko yazır ki, müasirləri arasında da Vladimir İliçin əleyhdarları kifayət qədər olub. Məsələn, yazıçı Aleksandr Kuprin Lenini “orta ağıllı” hesab edib, filosof Berdyayev isə Lenin fenomeninin əqli cəhətdən kasadlıq çəkdiyini vurğulayıb.

İlk sosialist respublikanın qurucusu Leninlə ingilis casusu Stepan Şaumyanın münasibətləri də bu mənada istisna deyil. Şaumyan İliçi peşəkar təxribatçı, alman əks-kəşfiyyatının ən uğurlu layihəsi hesab edirdi. 

Peşəkar fırıldaqçı Stepan yaxşı bilirdi ki, əgər bir nəfər böyük işlərə qol qoyursa, deməli, arxasında kimsə və ya kimlərsə dayanıb. Xalq faktoru nəzərə alınmırdı, çünki şaumyanlar üçün xalq, sadəcə, ağıldankəm və bir ideyanın arxasınca kor-koranə qaçan kütlə demək idi. Bir şərqli kimi Şaumyan xalq hakimiyyəti adlanan cəfəng ideyaya, proletarlar və kəndlilər haqda fikirlərə, sadəcə, gülürdü. İşıqlı gələcək haqda nitqləri isə yalnız bir məqsəd naminə - 25 Bakı komissarı adlanan axmaqlar dəstəsinə başçılıq etmək üçün söyləyirdi.

 

Kələkbaz

26-lardan heç biri xalqın inqilabi ruhu barədə xam xəyallara qapılmırdı. Stepan Şaumyana gəlincə isə, o, Leninin uzaqgörənliyindən bəhrələnib, onun kimi “26-lar”dan faydalanmağa çalışırdı. Uzaqgörən Lenin elə düşünürdü ki, Şaumyan ona it kimi sadiqdir və gələcəyi olduqca parlaqdır. Yazışmalara inansaq, Lenin və Şaumyanın bir-birinə heyran olduğunu demək olar. Müraciətlər çox isti və doğmadır. “Sizin möhkəm və sarsılmaz siyasətiniz qarşısında heyrətimizi gizlətmək mümkünsüzdür”, - deyə Lenin Sürixdən yazırdı.

“Ömürlük qardaş” adlı topluda yer alan 197 nömrəli sənədə əsasən, İrandakı ingilis komandanlığı Bakı daşnakları, eserləri və menşevikləri ilə əlaqə yaradır. Bu barədə dərhal Moskvaya məlumat verilir. İngilislərin məqsədi Bakını işğal etmək idi və bu məsələdə onlar Leninlə həmrəy idilər.

Vladimir İliçi dediyindən döndərmək elə də asan deyildi, ancaq etiraf edək ki, “26-lar” bunu yaxşı bacarmışdı. 1917-ci ildə Sovet Rusiyasına göndərilən 1 milyon pud neftin əvəzində 26 Bakı komissarı xeyli sayda silah, zirehli texnika və ərzaq ehtiyatı alır. Şaumyan sadaladığımız qəniməti daşnak hərbi hissələrinə göndərir, bunun müqabilində erməni millətindən olan neft sənayesi sahiblərindən külli miqdarda pul qoparır.

 

Şaumyan öz mənfəəti üçün çalışır

Heç bir işə yaramayan Bakı Müdafiə Komitəsi adı altında gizlənən Şaumyan bu dəfə proletariatın liderindən Çariçinodakı bütün mühərrikli hidroplanları və döyüş təyyarələrini dərhal Bakıya göndərməsini xahiş edib. Əvəzində Stepan Moskvanı Bakı proletariatına yüksək səviyyədə inqilabi ruh aşılayacağına əmin edir.

Qəfildən ildırım çaxır: “Nəhayət, dünən gecə biz ingilis-fransız imperializminin Bakıda qurduğu oyun barədə məlumat almışıq. Onlar Bakı Sovetində səs çoxluğu qazanıb. İngilis-Fransız ittifaqı partiyamıza - bolşeviklərə qarşı 30 səs artıq toplamağa müvəffəq olub. İmperializm qüvvələri bu uğura bir vaxtlar bizimlə çiyin-çiyinə vuruşan və indi müttəfiq qüvvələrin tərəfinə keçən Daşnaksütun Partiyasının bir qrup üzvünün dəstəyi sayəsində nail olub” - 1918-ci il, 20 iyul, Leninin Fövqəladə Komissiyanın iclasındakı çıxışından.

 

Lenin heyrət içində

Kreml rəhbəri heyrət içindədir, axı bu, necə ola bilər?

Bir yandan artıq illərdir ki, dostu Stepan Şaumyan onu kəndlilərin neft sənayesi sahiblərinə qarşı günü-gündən artan nifrətinə inandırmağa çalışır. O, bolşeviklərin Bakıdakı nüfuzundan ağızdolusu danışır. Məktublarında Şaumyan Bakını Rusiya Sovet Respublikasının alınmaz qalası, dayaq nöqtəsi adlandırır. Digər yandan öz qardaşları – daşnaklar ona xəyanət edir. Lenin hadisələrin gedişatını görür və Stepandan şübhələnməyə başlayır. “Deyəsən, mən qoynumda daha bir ilan böyütmüşəm”, – deyə Vladimir İliç köks ötürür. Çoxları onu milliyyətçi-sosialistlərə inanmağa çağırırdı. Daşnaklara isə, ümumiyyətlə, güvənmək olmaz, axı onlar “Böyük Ermənistan” vəd edən şeytana da xidmət etməyə hazırdılar.

Ancaq dünya proletariatının lideri sadəlövhcəsinə Şaumyana və onun silahdaşlarına inanırdı. 1918-ci il iyulun 29-u Leninin yaddaşına qara gün kimi həkk olunur. Vladimir İliç cəmi iki gün sonra  hadisələrin daha faciəvi sonluqla bitəcəyindən xəbərsiz idi. Belə ki, iyulun 31-də Stepan Şaumyanın rəhbərlik etdiyi Xalq Komissarları Soveti hakimiyyətdən getdiyini açıqlayır. Yerinə isə «Mərkəzi  Kaspi və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyətinin Diktaturası” hakimiyyəti quruldu. Bu hökumətdə rus menşevikləri və ermənilər çoxluq təşkil edirdilər. Ancaq əsl icraedici qüvvə erməni daşnaklarının əlində cəmlənmişdi.

İnqilabın oksigen mənbəyi olan Bakı nefti artıq bolşeviklərin əlində deyildi. İndi Lenin Bakı kimi həyati əhəmiyyətli məntəqəni fırıldaqçı və mənfəətcil bir erməniyə etibar etdiyini anlayırdı. Çıxış yolu isə bu səhvi kiminsə üstünə atıb, qaçmaq idi. O kimsə də Stalin idi.

 

Şok

1918-ci il avqustun 9-da Lenin Həştərxan Hərbi Şurasının sədri N.Anisimova olduqca qəribə bir teleqram göndərir: “Bakıdakı vəziyyət mənə hələ də aydın deyil. Hakimiyyət başında kimlərdir?”

Ardınca “Stepan Şaumyan hardadır? Stalindən soruşun və situasiyaya uyğun hərəkət edin. Bilirsiniz ki, Şaumyana inamım sonsuzdur” deyən Lenin Stalini “26-lar”ın kuratoru təyin edir. Beləliklə, o, məğlubiyyəti öz üzərindən atmağa çalışıb. Bir müddət sonra İosif Vissarionoviç bu məğlubiyyəti Leninə kifayət qədər sərt şəkildə xatırladır: “Stepan Şaumyan adlı bir fırıldaqçı və axmağın illərlə barmağına doladığı və ən əsası, heç bir vicdan əzabı çəkmədən satdığı bir adama hörmət etmək çətin məsələdir”.

Stalin, Stepan və onun silahdaşları Kamo, Qabrielyan, Lalayan, Amazasp kimilərini yaxşı tanıyırdı. Bakıda olduğu müddətdə Şaumyanın erməni neft maqnatları hesabına dolandığı da Stalin üçün sirr deyildi.

Bakı rayonunun hərbi komissarı Q.K.Petrov Leninə Şaumyanın ingilis mənşəyi barədə dəfələrlə yazıb. “İndi Rusiyada adını belə eşitmədiyiniz partiyalarla mübarizə aparmaq məcburiyyətindəyik. Məsələn biri elə “Daşnaksütun”. Ən dəhşətlisi odur ki, bu partiyaların əksəriyyəti ingilis mənşəlidir. Kort özü sizə hansı çətinliklərlə bu ingilis yönlü qüvvələrə qalib gəldiyimiz barədə danışacaq”.

 

Məğlubiyyət

Əslində Petrov yalan deyirdi, qələbədən söhbət gedə bilməzdi. Bakı cəbhəsi ingilis qüvvələrinə çoxdan məğlub olmuşdu. İndi hərbi komissar əlavə qüvvə və texnika tələb edir, Lenin isə Bakıya göndərilən qənimətlərin Şaumyan və silahdaşları tərəfindən mənimsənildiyini hələ indi anlayırdı.

Petrov yazır ki, burada heç kim ingilislərə müqavimət göstərmək fikrində deyil. Tezliklə Petrovun Moskvadan gözlədiyi hərbi qüvvə Bakıya çatsa da, heç nəyə müvəffəq olmur. Onlar cəbhəni inqilabiləşdirə bilmirlər, çünki Bakıda müdafiə cəbhəsi ümumiyyətlə yox idi.

Məşədi Əzizbəyovun sözlərinə görə, Bakı min nəfər kəndli və ərəbdən ibarət ingilis korpusu tərəfindən nəzarətə alınıb. Əslində isə Bakı min hindistanlı və ingilis silahı hesabına işğal olunmuşdu. Bu fakt özü “26 Bakı komissarı” adlanan mifin əsl sifəti barədə çox şey deyir.

Davamı gələn sayımızda

Leyla ƏLİYEVA