Elektron ədəbiyyat və sənət portalı

Vaqif Aslanın “Ruhlarla söhbət”i

Bölmə: Ədəbiyyat 08.08.2016

Vaqifin şeirlərinin mərkəzində həmişə insan, onun hiss və həyəcanları durur. Həm də onun bəhs etdiyi, haqqında düşündüyü insan quru, sxematik əmək aləti deyildir. Xalq şairi Səməd Vurğunun dediyi kimi, “... bu canlı insan bəzən sevir, sevilir, bəzən iztirab çəkir, xəyallara dalır, bəzən müxtəlif təbiət gözəlliklərindən daha saf, daha dərin təsirlər alır”. Onun yolu əyilməz idrak, səmimi qəlb, öz imkanarı daxilində insanlara səadət gətirməyi bacarmaq yoludur.

Aydın MƏMMƏDOV

 

RUHLARLA SÖHBƏT

 

Qəbiristan üzərində yazı

Ey əslini, nəslini, kökünü axtaran kəs,

Burda ehtiyatla gəz!

Bura-qəbiristan yeri.

Qəbiristan-bostan yeri.

Soyuq olsan, göyərməz

Bura əkilən toxum.

Yer üstdə olan-varın,

Yer altda qalan-yoxun.

Yox olmasa, var olmaz.

Bir ağac - min bir budaq,

Hər budaqda bar olmaz.

Düşünmə bu dünyanın suyu, günəşi bol-bol,

Kökünə muğayat ol.

Ey əslini, nəslini, kökünü axtaran kəs,

Bura əkilən toxum imisti göz yaşıyla

Sulanmasa, göyərməz.

 

 

ULU RUHLA GÖRÜŞ

 

Qəbiristan...Hər tərəf somsoyuq sükut,..

Hər məzar üstündə bir Ruh oturmuş.

Bir səs pıçıldayır: -O Ruhu ovut,

Gör niyə əlləri qoynunda durmuş,

Bismillah eləyib, söylədim:-Salam.

Aldı salamımı nurani bir kəs.

Dedim:-Bəs göyərib yolların nədən?

Dedi ki, üstümə yox gəlib-gedən.

Dedim:-Ziyarətə gəlmişəm səni.

Dedi:-Qurumuşdum, göyərtdin məni.

Ən qoca quluyam ulu Tanrının,

Səninçün açıqdır yolu Tanrının.

Bu yoldur alnına yazılan yazı.

Ruhlar görəcəksən yola tamarzı.

Onlar səni görüb ləliyəcəklər,

Üstəlik salam da diləyəcəklər.

Olmaya-olmaya salam verərsən,

Versən, özünü də yolsuz görərsən.

 

 

XEYİR-DUA

 

Atamın, anamın qoşa məzarı

Çəkir xəyalımı özünə sarı.

Həmən o yerdədir köklərim mənim.

Yaddaşı toz bassa, kəsilər qənim kökünə insan.

Göyərmək çətindir, qurumaq asan.

Bəs məndən o qoşa məzara sarı

Uzanan bu yolun sonu o Ruhmu?

Atamın, anamın, əziz ruhları

Mənim gəlişimdən görən duyuqmu?

Çıxarkən ömrümdən uzun yollara

Ən ulu bir Ruhla tapışdım, atam.

İşin asanını qoyub kənara,

İşin çətinindən yapışdım, atam.

Tutub ətəyindən ulu Tanrının

Haqqın haqq yoluna suvar olmuşam.

İnanıb gücünə göz yaşlarının,

İnsan bostanında cuvar olmuşam.

Anamın qəlbinə düşməmiş olmaz,

Yəqin, ruhu gəzir başımın  üstə.

Üz qoyub dincimi alıram bir az

Atamın, anamın daşının üstə.

Balışdan yumşaqdır, yorğandan isti,

Bu torpaq mənə.

Atam da, anam da sordu əlüstü:

- Ay oğul, səfərin haradır yenə?

Dedim: -Bu gün varsa, dünənimiz var,

Bizim min bir arxa dönənimiz var.

Kimdən kimə qədər uzanır bu kök?

- Oğlum, gəl bu daşı ətəyindən tök:

Türk qoca palıddır yer üzərində,

Başı göylərdədir, kökü-dərində.

Allaha çatarsan yuxarı qalxsan,

Gözlərin qaralar aşağı baxsan.

Altına girmisən çox ağır yükün,

Birinci qatdadır, kökləri türkün.

Nə vaxt ki, edilib bu dünya bina,

Türk qövmü ilk sakin olubdur ona.

Bu qatdan o qata getmək olarmı?

Bu kökün sonuna yetmək olarmı?

-Arxa duracaqdır Ulu Ruh mənə.

-Qulaq as, nə deyir gör anan sənə.

-Mənim gözəl balam, ağıllı balam,

Şirinli, şəkərli, noğullu balam,

Atanın sözünə qulaq as, qayıt.

Bu yola bir ömür bəs olmaz, qayıt!

Anacan, üz vurma, aman günüdür.

Bu günlər türklərin yaman günüdür!

Bir nəsil yetişib, yaramaz nəsil,

Çoxu haramzada, çoxu bədəsil.

Başları yadların qapazı altda,

Hərə-bir ləqəbdə, hərə-bir adda.

Haram qatışıbdır halala, anam!

Bizi hədələyir min bəla, anam.

Qorxuram, türk qövmü kökündən qopub,

Cırlaşa-cırlaşa heç olub gedər.

Mən yola çıxmışam, gec olub gedər.

Atamın, anamın kövrəldi ruhu:

- Daşa toxunmasın heç kimin oxu.

Sevinib çağırdım: -Nənə, ay nənə,

Gedirəm, dur, xeyir-dua ver mənə.

-Buğda cütləyirdim, tək gəlib,- dedi.

Narahat ürəyim dincəlib,- dedi.

Evim-eşiyim, balam.

Dolu beşiyim, balam.

Haqq yolun yolçusu ol,

Çəkim keşiyin, balam.

 

 

QONUŞMA, YAXUD ƏHVALPÜRSANLIQ

 

Yaşıl bir çəməndə bir kəs oturmuş,

Yanında mələklər dövrələr vurmuş.

Baxınca tanıdım ulu Sabiri.

Gördüm rəhmətliyin cənnətdir yeri.

Dedim: -Haqq da varmış, divan da varmış.

Allahın dərgahı uca olarmış.

Hörmətlə baş əydim ustada bu an.

Dedi: - Düz gedirsən, çıxma yolundan.

Amma söylə görüm, nə var, nə yoxdur?

Orda yatanmı çox, oyaqmı çoxdur?

Dedim: -Eləsi var, ayılan deyil,

Vallah, Sur düdüyü çalsa İsrafil.

Dedi: -Uçitellər yenə acdımı?

Hörmətə- izzətə mör-möhtacdımı?

 

 

ULU RUHUN CAVABI

 

Çiynimdə yapıncım, əldə tatarım,

Yolu döşünə al, a kürən atım.

Günəşdir bayrağım, səmadır Tanrım,

Coşub sellər kimi köpürən atım.

Gecənin, gündüzün bağrını üz, keç

Tələs ki, ömür-gün gəlib gedəndir.

Şığı ildırımtək, ox kimi süz, keç,

Dırnağın haraya dəysə, Vətəndir.

Büdrəmə, büdrəmə, amandır, atım,

Yarı yolda qalmaq yamandır, atım.

Od ol ki, adına söyləyim qor at,

At nədir? –Murad.

At-igidə ad.

Şan, şərəf, namus.

Bu el, bu ulus

Yəhərli, yüyənli, kəhər belində

Min ildir yol gedir, yorulub yatmır.

Günəşi bayraqtək tutub əlində,

Onunçün türklərin Günəşi batmır.

Çevirdim üzümü Ulu Ruha mən:

-Hansı türk oğludur bu şərqi deyən?

Dedi: - Oğuzların ozanıdır o.

Gələcək talelər yazanıdır o.

İlhamı taledən alıb o atlı,

Sözü kəsərlidir, atı-qanadlı.

Özün görəcəksən, türkün yolları

Yarı qaranlıqdır, yarı işıqdır.

Yollar yolçusudur türk oğulları,

Biri cahangirdir, biri aşıqdır.

Dedim: - Qılıncla saz gedərmi yola?

Dedi: -Uşaqsanmış hələ, ay bala.

Qılıncı olmayan millət boy atmaz,

Doğudan batıya əlləri çatmaz.

Ad - qılınc, san - qılınc, şərəf-şan - qılınc.

Bərq vurub gün kimi alışan qılınc.

Dar gündə parlayan şimşəklər kimi,

Sinədən sıyrılan ürəklər kimi

Titrəyər Vətənin başı üstə o.

Torpağı üstə o, daşı üstə o.

Sazdan ovxar alıb par-par yanar o.

Bir dəli şövq ilə havalanar o.

-Ulu ruh , bəs sazın qəmi nədəndir?

Zilini anladım, bəmi nədəndir?

Bəzən göynərtisi, sızıltısı var,

Canımda gəzişən giziltisi var.

- Sazın da, sözün də sirri var, balam,

Qılınc da ad alar mərdin əlində,

Namərdin əlində alçalar, balam.

Sazsa inildəyər dərdin əlində.

Yaltağın əlində pas atar qılınc,

Ölən şöhrətinə yas tutar qılınc.

Yaltaq nə utanar, nə də ar eylər.

Qılıncı hörmətdən salıb xar eylər.

Paxılın çatınca əli qılınca,

Çalışar milləti candan salınca.

Qolundan qüvvətli qolları kəsər,

Sabaha açılan yolları kəsər.

Özündən hündürün baxar boyuna,

Sac üstə qorğatək qovrular paxıl.

Hərəni bir cürə salar oyuna,

Əfi ilan kimi qıvrılar paxıl.

Silosun, löyünsüz, hüştürüm, hütün

Çoxalar sayı.

Korların, çolağın, topalın, kütün

Əlindən alınıb yeyilər payı.

Qorxağın əlinə keçərsə qılınc,

Başının altına qoyub nazbalınc

Saxlar qılıncını yastığın altda.

Guya gün ağlayar yaman gün üçün.

Bir kərə doğulur insan həyatda,

Taleyə vurulan kor düyün üçün

Qılıncı endirən əl gərək bizə.

Yoxsa üstün gələr gecə gündüzə.

Yaltağın belinin düzəlməz şaxı,

Paxılın qəlbinin pası silinməz.

Əsən dizlərindən tanı qorxağı,

Qar üstə gəzsə də, izi bilinməz.

Dünya mərdlər ilə bərqərar olmuş,

İgidi var isə millət var olmuş.

Gedək, yolçu yolda gərək deyiblər.

Verin çörəkçiyə çörək deyiblər.

 

 

 

SƏSLƏR. ANA SÖZÜ

 

Getdiyim yolların hər tərəfi nur.

Ruhlar hər tərəfdən məni qoruyur.

Yollarım üstünə çıxıb dururlar,

Xoş gəldin deyərək, əhval sorurlar.

Qucur xanım-xatun analar məni:

- Çoxdandır gözləyir Bur-Arıq səni

Niyə piyadasan, bəs atın hanı?

At-türkün qanadı, qanadın hanı?

- At vardı... minənlər minib getdilər.

Bizləri beləcə qəssab etdilər.

Onda igidlərin sındı qanadı.

Açıldı hər yerdə ət kombinatı,

Zor ilə əllərdən alındı atlar.

Dəmir çığ içinə salındı atlar.

Kişnəyib-kişnəyib şahə qalxdılar,

Duyub bir andaca qan qoxusunu.

Dönüb yiyəsinə elə baxdılar,

Çoxları itirdi öz yuxusunu.

Toka bənd edilmiş çubuq gücünə,

Ölüm növbəsinə düzüldü atlar.

Dəmir qarmaqların keçib ucuna,

Qoyun-quzu kimi kəsildi atlar.

Kolbasa düzəldib ipdən asdılar.

Maşınlı uşaqlar at görən kimi,

Bu nədir?-deyərək fitə basdılar.

Atlar da o gündən od görən kimi,

Fınxırıb insandan uzaqlaşdılar.

Boş qaldı beləcə yəhərlər, anam.

Yoxdur o kürənlər, kəhərlər, anam.

-Qızlar at belində köçmürsə gəlin,

Qorxağı çox olar obanın, elin.

Bizdən yurd qalıbdır sizə, qulaq as.

Torpaq nə cehizdir, nə xalça, palaz.

Tutub dülüngündən bölənə yazıq!

Bölünə-bölünə ölənə yazıq!

Ayrıldıq, kövrəldi Buğ-Arıq xatun.

Arxamca su atdı: - yolların aydın!

Görsən xanım-xatun Çiçək xanımı,

Ona çatdırarsan sən salamımı.