Elektron ədəbiyyat və sənət portalı

Berlin tuneli

Bölmə: Tarix 18.09.2015

Dünya kəşfiyyat tarixində araşdırıcıları mat qoyan çox maraqlı hadisələr baş verib. Belə hadisələrdən biri də Berlin tuneli əməliyyatıdır. Amerikalıların, ingilislərin kəşfiyyat xarakterli yazışmasında bu əməliyyat “Gold” (“Qızıl”) adıyla keçirdi və onu haqlı olaraq “soyuq müharibə” dövrünün ən parlaq səhifələrindən sayırlar. Bircə faktı oxucularımızın diqqətinə yetirim ki, bu hadisə sonralar neçə-neçə tədqiqat işinin obyektinə çevrildi, onun motivləri əsasında roman yazıldı, kinofilm çəkildi. Amma məsələ yenə də sonadək çözülmüş sayılmır deyə, bu gün də kəşfiyyat tarixiylə maraqlananların diqqət mərkəzindədir...

“Berlin tuneli” nədir? O, necə yaranıb? Nəyə xidmət edirdi?

Bu sualları cavablandırmaq üçün tunelin tarixçəsinə kiçik bir səyahət etmək, məncə, yerinə düşərdi...

1940-cı ildən etibarən Avstriya və Almaniyadakı sovet diplomatları informasiyanın mərkəzə itkisiz çatdırılması üçün kabel rabitəsinin iki üsulundan istifadə etməyə başladılar. Üsullardan biri teleqraf dirəklərindən asılan adi kabellər idisə, ikincisi müharibəyəqədərki Avstriya və Almaniyanın yeraltı rabitə kabelləriylə paralel çəkilən xətlərdən ibarət idi. Təbii ki, bu kabel Amerika kəşfiyyatı üçün çox qiymətli bir obyekt sayılırdı və onlar “soyuq müharibə”də tərəf-müqabillərinin, yəni Sovetlərin addımlarını kəsərsizləşdirmək üçün hər şeyə hazır idilər...   

1952-ci ildə Avstriyada “Silver” (“Gümüş”) adlı uğurlu əməliyyat keçirməyə nail olan ingilis kəşfiyyatı yeraltı kabellər vasitəsiylə ötürülən telefon danışıqlarını dinləməyə müvəffəq olaraq, Sovet hərbi birləşmələrinin və kəşfiyyat orqanlarının fəaliyyəti barədə çox qiymətli məlumatlar toplaya bilmişdi. Odur ki, Berlində buna oxşar əməliyyatı planlaşdırarkən, onu məhz bu sahədə müəyyən təcrübəsi olan ingilislərlə bir yerdə keçirməyə üstünlük verdilər.

Həmin dövrün ümumi mənzərəsi haqda məlumatı olmayan oxucularımıza bəzi şeylər daha aydın olsun deyə, müəyyən məqamları xüsusi vurğulamaq, məncə, yerinə düşərdi. İkinci Dünya müharibəsində faşist Almaniyasını darmadağın edən müttəfiqlər bu ölkənin gələcəyinə fərqli baxırdılar. Sovet İttifaqı Almaniyada sosializm qurmaq istəyirdi. Qərb isə Almaniyanı birdəfəlik itirməmək üçün onu üç sektora böldü və bu sektorlardan yalnız biri – ölkənin şərq tərəfi Sovetlərin payına düşdü. Eyni bölgüyə ölkənin paytaxtı olan, SSRİ-nin nəzarətindəki sektorda yerləşən Berlin də məruz qaldı, şəhər iki yerə bölündü və az sonra orada rusların payına düşən hissədə ikinci alman dövləti – paytaxt Berlin olmaqla, Almaniya Demokratik Respublikası yarandı və bu yeni ölkə Avropada “sosialist düşərgəsi”nin əsas dayaq nöqtəsinə çevrildi...

Beləliklə, Berlin tuneli ilə uzanan rabitə kabelləriylə bağlı əməliyyatın planlaşdırılmasına başlandı. Birinci hissə sovet qoşunlarının nəzarətində olan Şərqi Berlin poçtunda agentura şəbəkəsi yaratmaqdan, bu yolla həmin kabellərin yeri haqda məlumat toplamaqdan ibarət idi. Amerika və İngiltərə kəşfiyyat orqanları Şərqi Berlindən qərb sektoruna qaçan mühacirlər arasında telefon xətləriylə hər hansı əlaqəsi olanları dindirirdilər.

Bununla yanaşı, Berlindən başqa digər şəhərlərdə - Erfurt, Drüzden, Maqdeburqdakı kommutatorlarda çalışanlar arasında Qərblə əməkdaşlığa hazır olanlar ələ alındı. Almaniya Demokratik Respublikasının Poçt və Kommunikasiya Nazirliyindəki agentlər isə sovet kabellərinin dəqiq yeri göstərilən xəritəni ələ keçirdilər.

Artıq 1953-cü ilin baharında Amerika kəşfiyyatı sovetlərin telefon xəttiylə ötürülən danışıqları saat 23-dən, gecə 2-yədək – agent bu xətləri Qərbi Berlin xətləriylə birləşdirməyə məhz həmin saatlarda müvəffəq olurdu - dinləmək imkanına malik idi. Amma kəşfiyyatçılara bu da azlıq edirdi. Daha mötəbər mənbələrə ehtiyac vardı.

1953-cü ilin avqust ayında Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Allen Dallesə Berlində uzunluğu 600 metr olan yeraltı tunelin layihəsi təqdim olundu. Maraqlı burası idi ki, təmin tunelin yarısı şəhərin rusların nəzarətində olan qisminə düşürdu və tunelin lap axırında, sovet kabelləri keçən yerə çox yaxın olan hissədə Amerika kəşfiyyatçıları dinləmə qurğuları qoymaq fikrindəydilər...

Əməliyyat Amerikanın əzəmətinə layiq bir vüsətlə planlaşdırılmışdı. Buraxılan hədsiz vəsait və əməliyyatın əsl məqsədlərinin tamamilə məxfi saxlanması, ingilislərin bu tikintini ən yeni texnika ilə təmin etməsi müvəffəqiyyətin rəhni idi.

1954-cü ilin yanvarında Allen Dalles tunelin inşası planını təsdiq etdi. Cəmi bir neçə həftədən sonra hazırlıq işləri başlandı, tunelin girişini yad gözlərdən gizləyən böyük yerüstü anqarın inşasına başlandı. Elə həmin ilin 8 sentyabrında, anqar tamam hazır olanda Amerika ordusunun inşaatla məşğul olan hərbi hissələrindən biri tunelə aparacaq şaxtanın qazıntısına başladı. Tunel yer səthindən 5.5 metr dərinlikdə qazılırdı. Aparılan işləri görünməmiş təhlükəsizlik tədbirləri müşayiət edirdi. Gizli müşahidə postlarından birini həmin o anqarın içində qurmuşdular və bu post tunelin keçdiyi bütün ərazini nəzarətdə saxlayırdı. Bütün ərazi boyu gizli mikrofonlar quraşdırılmışdı və bu mikrofonlar vasitəsiylə həmin ətrafdakı bütün insanların, o cümlədən də Şərqi Almaniya polisinin öz aralarında etdiyi söhbətlər belə lentə alınır, əməliyyatdan xəbər tutanın olub-olmamasını vaxtında aydınlaşdırmaq məqsədiylə diqqətlə araşdırılırdı.

Tunelin girişində polad qapılar quraşdırılmışdı. Sovet sektoruna düşən hissə isə telefon xətlərinə birləşmək üçün xüsusi qurğularla təchiz olunmuş otaqla bitirdi. Həmin otaqdan tunelin özünə şaquli şaxta aparırdı. Ondan sonrakı otaqda isə telefon siqnallarını gücləndirən qurğular vardı. Ağır, odadavamlı polad qapı həmin şaxtanı tuneldən ayırırdı və qapının üzərində rus və alman dillərində təhlükəli zonanın başlandığı haqda xəbərdarlıq vardı. Bilavasitə qoşulma otağında isə həssas mikrofonlar quraşdırılmışdı. Bu qurğular otağın içindəki hər hərəkəti qeydə alırdı.

Bir sözlə, həm qurğunun, həm də orada çalışan bütün əməkdaşların təhlükəsiz və tam məxfi fəaliyyətini təmin etmək üçün bütün tədbirlər görülmüşdü...

Tam məxfiliyi qorumaq məqsədiylə tunellə əlaqədar məsələlərin müzakirəsində iştirak edən şəxslər də diqqətlə seçilirdi. Hətta Amerika və İngiltərə kəşfiyyat orqanlarının bəzi yüksək çinli məmurları belə, məsələdən hali deyildi.

Gəlin, tunellə əlaqədar, dekabrın 15,16 və 17-də Londonda keçirilən məxfi müşavirədə iştirak edən şəxslərin siyahısına nəzər salaq; Makkenzi, Yanq, Miln, Gimson, Bleyk, Montalyon, Balmeyn, Teylor, Urvik... Bizə siyahıdakı beşinci şəxs maraqlıdır – mister Bleyk.

Bəli! Bu, məşhur sovet kəşfiyyatçısı Corc Bleykdir! O, tunelin inşası ilə bağlı bütün iclasların iştirakçısı idi və 1955-ci ilədək, yəni Londonu tərk edənədək məxfi tunellə əlaqədar bütün informasiyanı Moskvaya ötürürdü. Deməli, sovet kəşfiyyatı artıq ilk günlərdən hər şeyi bilirdi...

Sonu gələn sayımızda