Elektron ədəbiyyat və sənət portalı

“Bu layihə gənclərin yaradıcılığını küll halında görməyə imkan yaradacaq”

Bölmə: Müsahibə 08.08.2016

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc yazıçı və şairlərin bədii əsərlərinin toplanacağı “Ən yeni ədəbiyyat” adlı antologiya hazırlayır. Sizcə, bu layihənin çağdaş ədəbiyyatımıza təsiri və səmərəsi nələrdən ibarət olacaq?

- Mənə elə gəlir ki, bu layihə ədəbiyyatımızın inkişafı baxımından bir sıra problemlərin çözülməsinə imkan yaradan önəmli bir layihədir. Belə ki, bu layihə ədəbiyyatımıza son illərdə gələn gənclərin yaradıcılığını küll halında, bir panoram şəklində görməyə imkan yaradacaq. Həqiqət müqayisədə üzə çıxır. Ona görə də, bu yazıçıların, şairlərin hansının hansı səviyyədə bədii istedad sahibi olduğu bir daha aydın görünəcək. Bundan başqa layihədə iştirak edən gənclərin əsərləri xarici dillərə çevriləcək və dünya oxucusuna təqdim olunacaq. Bu mənada dünya oxucusu da Azərbaycanın ən son ədəbiyyatı ilə tanış olmaq imkanı əldə edəcək. Bura daxil olan əsərlər ədəbi tənqidin təhlil süzgəcindən keçiriləcək. Mən bu layihənin önəminin ilk baxışdan görünən tərəflərini sadaladım. Ona görə də hesab edirəm ki, bu çox lazımlı bir layihədir. Bu işin həyata keçirilməsi üçün təşəbbüsdə bulunan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, xüsusən də qurumun direktoru Afaq Məsudun çox gərəkli addım atdığını düşünürəm. Layihəyə qatılmaqdan dolayı məmnunam. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldam.

 

- Təqdim olunan nümunələrlə tanışlıq sizə ədəbiyyatımızın gələcəyi haqqında nə kimi mülahizələr yürütməyə imkan verir?

- Əsərlərlə tanışlıq mənə ən son dövrdə ədəbiyyata gələn gəncliyi küll halında görməyə, onlar arasında müqayisə aparmağa imkan yaratdı. Baxmayaraq ki, onların böyük əksəriyyətinin yaradıcılığı ilə illər öncə tanış idim. Amma antologiya mənə tanıdıqlarımın yaradıcılığının ən son dönəmini müşahidə etmək üçün bir fürsət oldu. Bəzilərinin əsərləri ilə isə ilk dəfə tanış oldum. Onların içində məni yaxşı mənada təəccübləndirənlər də oldu. Aralarında təbii ki, müəyyən mənada zəif materiallar da var. Biz təbii ki, onları saf-çürük edəcəyik və kitaba ən yaxşı mətnlərin düşməsinə çalışacağıq. Amma istər poeziya, istərsə də nəsr nümunələri ilə tanışlıq mənə belə bir qənaətə gəlməyə əsas verdi ki, bizdə nəsrlə müqayisədə poeziya daha güclüdü. Amma bu o demək deyil ki, nəsr zəifdi.

Çünki ciddi perspektiv vəd edən gənc nasirlər də mövcuddur və onların sayı getdikcə artmaqdadır.

 

- Nəsrdən danışdınız, elə burdan çıxış edib bir sual vermək istərdim: gənc yazarların poeziyaya nisbətən nəsr və dramaturgiyaya marağının azlığının səbəblərini nə ilə əlaqələndirərsiniz?

- Deməzdim ki, nəsrə maraq azdı. Xüsusən də son beş-altı ildə nəsrə maraq poeziyaya olan marağı sürətlə üstələməkdədir. Ola bilsin ki, tam üstələməyib, amma perspektivdə olan gələcək beş-on il ərzində nəsrin poeziyanı üstələməsi şübhəsizdir. Bu, getdikcə güclənməkdə olan tendensiyanın təzahürüdür. Artıq Azərbaycan bədii təfəkkürünün əsas ağırlığı şeir sahəsindən nəsr sahəsinə keçməyə başlayacaq. Ola bilsin ki, bu gün hələ keçməyib, amma o keçid çox gözləniləndir, potensial şəkildə artıq mövcuddur. O ki, qaldı dramaturgiyaya, bu spesifik istedad tələb edən çətin bir janrdı. Şair, ya nasir olmaq üçün deyərdim ki, fitri istedad və janrla ötəri tanışlıq kifayət edir. Məsələn, şair və nasir olmaq üçün fitri istedad və 10-15 ən güclü şairin, yazıçının poeziyası ilə tanışlıq bəs edir. Amma dramaturq olmaq üçün sadəcə dram əsərləri ilə tanışlıq və istedad kifayət etmir. Sahənin bir sıra praktiki tərəfləri ilə tanış olmalısan, spesifik teatr sənətini bilməlisən, səhnə qanunlarını öyrənməlisən, rəssamlıqdan, səhnə tərtibatından baş çıxarmalısan, hətta işıq işini də bilməlisən. Çünki dramaturgiya teatr sənəti ilə bağlıdır. Teatr da sinkretik sənətdir: özündə musiqini rəssamlığı, tərtibatçılığı və digər sahələri birləşdirir. Ona görə də dramaturq uşaq yaşlarından teatral bir mühitdə böyüməlidir, teatr tamaşalarını izləməlidir ki, 18-20 yaşlarından sonra ilk qələm məşqlərinə başlaya bilsin. Lakin çox təəssüf ki, son 20-30 ildə teatr sənətinə maraq sovet dövrü ilə müqayisədə zəifləyib. Bir sıra gənclərimiz teatrlara getmir. Bu da avtomatik olaraq dram sənətinə marağı azaldır. Teatra getməyən gənc yazarlar oranın qanunlarını da bilmirlər. Ona görə də dramaturji cəhdlər göstərsələr də, bu qanunları bilmədiklərindən yazdıqları istədikləri səviyyədə olmur. Ümumiyyətlə, deyim ki, orta əsrlərdə teatr sənəti ən mürəkkəb sənət sayılırdı və bütün sənətlərin tacı hesab olunurdu. Çünki o, nəsrin, poeziyanın, bədii yaradıcılığın bütün növlərini özündə ehtiva edən çox mürəkkəb bir sənətdi. Məsələn, baxın, son 100-150 ildə Azərbaycan ədəbiyyatında yüzlərlə şair və nasir meydana çıxıb. Amma silkələsən Axundovdan üzü bəri sözün həqiqi mənasında dramaturji istedadı olan 10-15 dramaturqun adını çəkmək olar, ya olmaz. Hər 20 ilə bir dramaturq düşür. Bu gün Azərbaycan ədəbiyyatının gənc dramaturqlara çox böyük ehtiyacı var.

 

- Dramaturgiyadan çox danışdıq, yenidən nəsrə və antologiyaya qayıdaq. Sizcə, yeni toplu çağdaş ədəbi nəsrimizə güzgü tuta biləcəkmi?

- 25 ildən artıqdır ki, ədəbi tənqidi fəaliyyətlə məşğulam, çox imzaları tanıyıram. Son dövrdə ədəbiyyata gələn gənc imzalarla da müəyyən qədər tanışam. Antologiyaya təqdim olunan əsərlər, təxminən 18-20 yaşından tutmuş 40 yaşına qədərki istedadlı ədəbi gəncliyi özündə ehtiva edir. Bu mənada, bəli, antologiya ədəbiyyatımıza güzgü tuta biləcək. Sizə deyim ki, bu işdə mənim də müəyyən qədər rolum olduğundan maksimum çalışıram ki, ədəbiyyatımız o güzgüdə gözəl görünsün. Antologiyaya təqdim olunan hər hansı müəllifin üç hekayəsindən ən yaxşısını seçmişəm. Gənc şairin təqdim etdiyi 20 şeirdən, ən üstün 5-6-nı seçmişəm. Hamısını dəfələrlə, çox diqqətlə oxumuşam. Ekspertlərdən biri kimi mən də bu etimada məsuliyyətlə yanaşmışam.

 

- Toplunun redaksiya heyətində sizinlə bərabər başqa ciddi yazar və tənqidçilərimiz var. Onlarla əsasən hansı detalları müzakirə edirsiniz?

- Antologiyanın redaksiya heyətinin iclasında müzakirə etdiyimiz məsələ antologiyaya hansı müəlliflərin daxil edilməsi olub. Ondan sonra bəzi müəlliflər var idi ki, onlar antologiyadan kənarda qalmışdılar. Redaksiya heyətinin iclasında kənarda qalan bəzi yazarların adları siyahıya daxil edildi, hər müəllifdən hansı həcmdə şeir və neçə hekayə daxil edilməsi məsələsi müəyyənləşdi, antologiyaya ön sözün kim tərəfindən yazılması müzakirə olundu.

 

- Antologiyanın başqa dillərə tərcümə edilməsi, ümumiyyətlə, gənc yazarlarımızın əsərlərinin xarici dillərə çevrilməsi bizim ədəbiyyatımız haqqında müsbət fikir yarada biləcəkmi?

- Mənə elə gəlir ki, yarada biləcək. Çünki müasir ədəbi gəncliyin yaradıcılığı ilə küll halında tanış olandan sonra bu qərara gəldim ki, onlar müasir dünya kinosunun, ədəbiyyatının, teatrının ən önəmli istiqamətini tutmağa çalışan çevik təfəkkürlü gənclərdi. Onların hekayələrində müasir insanın zövqünə uyğun məqamlar çoxdu. Onlardan bəziləri öz hekayələri ilə Azərbaycana, onun insanına, o insanın psixoloji problemlərinə, tutaq ki, bir amerikalının gözü ilə baxmağa çalışırlar. Müasir ədəbi gəncliyin 20-30 il bundan əvvəlki gənclikdən əsas fərqi budur ki, o, özümüzə müasir dünyanın gözü ilə baxmağa çalışır. Çünki o artıq müasir dünya mədəniyyətinin nümayəndəsidir, qapalı sovet mədəniyyətinin yox!

 

- Topluya təqdim edilən nümunələrdə ən çox rast gəlinən problemləri sadalayıb, onlardan çıxış yollarını qeyd etməyiniz zənnimcə, gənclər üçün faydalı olardı...

- Sırf poeziya ilə bağlı deyim ki, mənim ən çox rastlaşdığım problem onların fərdi üslubunun hələ ki formalaşmamasıdır. Əksərinin dili digərini xatırladır. İkincisi, bəzən yaşamadıqları hadisələri, prosesləri yazmağa cəhd edirlər. Tutaq ki, Qarabağ müharibəsini yaşamayan gənc öz yazısında özünü o ağrıları yaşamış kimi göstərir və bu qeyri-səmimiyyət dərhal hiss olunur.

Üçüncüsü, gənclər bəzən şeirlərində səmimiyyət baxımından həddi çox aşırlar. Açıq-saçıqlığı, kobudluğu, qabalığı səmimiyyət kimi başa düşürlər. Bu gün poeziya və nəsrdə çox müşahidə olunan hallardan biri də plagiatlıqdır. Yazılarında baxdıqları filmlərdən, oxuduqları əsərlərdən təsirlənmələr çox hiss olunur. Əlbəttə, zamanla onların yaşı və təcrübəsi arta-arta bu mənfi hal keçib gedəcək. Amma 30 yaşdan sonra da təsirlənmənin izləri keçib getmirsə, o adamın ədəbiyyatla məşğul olmasını qeyri-ciddi sayıram. Bu problemlərdən bir çıxış yolu var: özünü axtarmaq, öz üslubunu tapmaq, öz sözünü demək, özü olmaq, bacara bildiyini demək. Ədəbiyyatın əsas özəlliyi də yenilik və özünəməxsusluqdur. Özünəməxsusluq olan yerdə yenilik də olacaq. Özünəməxsusluq - daim yeniləşən düşüncə deməkdir. Nəsrdə dilin cilalı olması vacibdir. Sovet dövründə yazan nasirlərimizin dil və üslubundan çox şeylər əxz edə bilərlər. O demək deyil ki, sovet nəsri birmənalı şəkildə rədd edilməlidir. Hər ədəbiyyatdan yaxşı nəsə mənimsəmək olar. Nəsrdə ən çox rast gəlinən problemlərdən biri də, bəzən əhvalatla hekayənin səhv salınmasıdır. Onlar unudurlar ki, hekayə sadəcə əhvalat deyil, bədiiləşdirilmiş əhvalatdır. Bəzən xarakter ətrafında mozaik gəzişmələr olur. Bu da oxucunu darıxdırır. 1960-70-ci illər nəsrinin mövzularını xatırladan əsərlər yazılır. Halbuki, 2016-cı ildir. Müasir insanı düşündürən problemlər müasir üslubda da yazılmalıdır. Sonda deyim ki, ən əsası istedadlı olmaqdı. İstedad olan yerdə sadaladığım bu problemlərin hamısı gec–tez öz müsbət həllini tapacaq.

Elmin NURİ