Elektron ədəbiyyat və sənət portalı

Dənizlə zarafat...

Bölmə: «Aydın Yol»çular 08.08.2016

Ötən həftə bir neçə nəfər suda boğulub, bəziləri isə xilasedicilərin səyi nəticəsində təhlükədən qurtulub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bildirir ki, son 2 ayda 13 suda boğulma hadisəsi qeydə alınıb və bunlardan 9-u ölümlə nəticələnib. 

Bəs göz görə-görə özünün və başqalarının həyatını təhlükəyə atan, çimərlik zonalarında qoyulmuş qayda-qanunlara əməl etməyən, digər insanların istirahətini pozan üzdəniraq “üzgüçülər” barəsində niyə ciddi tədbirlər görülmür?

...İstirahət günü olduğundan Novxanı çimərliyində iynə atsan yerə düşməzdi. Bura şəhərə ən yaxın çimərlik olduğundan əhalinin sevdiyi istirahət məkanıdır. Sahilboyu adamların rahatlığı üçün hər cür şərait yaradılıb. Suda təhlükəsizlik baryerləri quraşdırılıb və xilasedicilər əhalini müntəzəm olaraq təhlükəsizlik qaydaları barədə məlumatlandırır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) Novxanı Sularda Xilasetmə Məntəqəsi isə güclü iş rejimində çalışır.

Məntəqə işçiləri sürətli qayıqlarla tez-tez baryerlərə yaxınlaşır, qayda pozanları təhlükəsiz zonada çimməyə dəvət edir.

Budur, “üzmək yarışı” yarımçıq kəsilmiş bir neçə gənc sahildə məntəqə işçisinə iradını bildirir. Mən də onlara yaxınlaşıram. Gənclərdən biri haqlı olduğunu sübut etməyə çalışır:

- Biz neçə illərdir üzgüçülüklə məşğul oluruq. Bax, mənim idman dərəcəm də var. Hamımız uzaq məsafəyə saatlarla üzə bilirik. Siz isə bizə qadağa qoyursuz. Axı sahilə yaxın yerdə üzmək bizə zövq vermir...

Məntəqə işçisi isə onlara əbəs yerə çimərlikdəki qayda-qanunu izah etməyə çalışır:

- Siz lap üzgüçülük üzrə dünya çempionu olsanız da, bizim üçün adi vətəndaşsınız və burada təhlükəsizliyə biz cavabdehik. Dənizdə çimmək üçün müəyyən edilmiş qaydalar var və hamı ona riayət etməlidir. Əgər çimərlikdə təhlükəsizlik baryerləri quraşdırılıbsa, onları ötüb-keçməklə siz, ilk növbədə həyatınızı təhlükəyə atırsınız.

Mən də gənc “üzgüçüləri” sakitləşdirməyə çalışdım:

- Dostlar, idman hovuzu başqa, dəniz başqa. Dənizin öz şıltaqlığı var. Özü də Xəzər kimi hər an dəyişən dənizin. Burada, hətta dayaz suda elə “sürprizlərlə” qarşılaşa bilərsən ki...

- Amma bizim qolumuzda güc var, istənilən şəraitdə üzüb vəziyyətdən çıxa bilərik...

- Baxın, sahil sularında tez-tez su burulğanları, sualtı axınlar baş verir, güclü dalğaların yaratdığı quyular da uzun müddət qalır. Bütün bunlar ən mahir üzgüçü üçün də təhlükədir.

Məntəqə işçisi onlara öyüd-nəsihət verdi:

- Siz belə əməllərinizlə hansı nümunəni göstərirsiniz? Həm bizim işimizi çətinləşdirirsiniz, həm də istirahətə gələnlərin rahatlığını pozursunuz.

Gənclər dağılışdı. Öyrəndim ki, DSXX-nin müvafiq məntəqələri  ilboyu 24 saat növbətçilik sistemi ilə fəaliyyət göstərir. Çimərlik mövsümü başlayandan isə qurum gücləndirilmiş iş rejiminə keçib. Əməkdaşlar səhər saat 9-dan axşam saat 9-a qədər əraziyə nəzarət  edir, insanların həyatı üçün yaranmış təhlükə riskinin qarşısını alır.

Lakin bütün bu qabaqlayıcı tədbirlərə baxmayaraq, bəzi vətəndaşların səhlənkarlığı üzündən yenə də hadisələr baş verir. Əgər vətəndaşlarımız çimərlikdə müvafiq tələblərə müəyyən dərəcədə əməl edərsə, xilasetmə işlərinə ehtiyac qalmaz və bədbəxt hadisələrin qarşısı alınar.

Unutmayın, dənizlə, xüsusən də Xəzərlə “zarafat” etmək olmaz.