Orta əsrlərdə Azərbaycanın elm mərkəzləri

Elm 22.07.2016 214

I yazı

 

Mirzə Kazım bəyin sirri

 

Sankt-Peterburq Universitetinin “Şərq dilləri” fakültəsinin dekanı professor Mirzə Kazım bəy Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçiləndən sonra slavyan alimlərinin ona olan kin-küdurəti daha da artdı. Kazım bəy Şərq ölkələrinin, eləcə də çar Rusiyasının tabeliyində olan Azərbaycanın zəngin fəlsəfə, elm və mədəniyyət tarixini yorulmadan tədqiq edirdi. Qərb və rus alimlərinin adına yazılan elmi ideyaların əksəriyyətinin, əslində Şərq alimlərinə məxsusluğunu irəli sürürdü. Akademiyanın həqiqi üzvü olması professorun üzünə daha geniş qapıların açılması demək idi. Bu səbəbdən Sankt-Peterburq Universitetinin bir qrup alimi Mirzə Kazım bəyin qarşısını kəsməyə çalışırdı. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı akademiki olan Kazım bəyə ən böyük zərbəni isə riyaziyyatçı alim Laboçevski vurdu. Guya Qeyri-Evklid nəzəriyyəsinin banisi sayılan Laboçevski, Kazım bəyin böyük alim, filosof və astronom Nəsirəddin Tusi ilə bağlı bir mühazirəsini dinlədikdən sonra professordan onun əsərlərini xahiş edir. Mirzə Kazım bəy onun xahişini yerə salmır. Tusinin bir neçə əsərini riyaziyyatçıya təqdim edir. Həmin əsərlərin arasında Azərbaycan elm tarixinin ilk çap kitabı hesab edilən “Təhriri- Öqledis” əsəri də var idi. “Təhriri-Öqledis” antik yunan filosofu, astronom və riyaziyyatçısı Evklidin əsərlərinin şərhi əsasında yazılmışdı. Əsərin adı “Evklidin şərhi” olsa da, Tusi yalnız şərhlərlə kifayətlənməmişdi. Onun riyazi nəzəriyyələrinə əks olan başqa bir nəzəriyyə ortaya qoymuş, bir növ Qeyri-Evklid həndəsəsi ideyasını ərsəyə gətirmişdi. Lakin çox təəssüflər olsun ki, Laboçevski Mirzə Kazım bəyin bəxşişindən yararlanaraq, o əsərdəki ideyaları öz adına çıxmış və riyaziyyatda Qeyri-Evklid həndəsəsi adlanan predmetin “əsasını qoymuşdu”.

Laboçevskinin bu addımının əsas səbəbi antik yunan filosofu Evklidə alternativ bir nəzəriyyəni öz adına çıxmaq deyildi. Burada əsas səbəb həmin alternativ nəzəriyyənin bir müsəlman aliminin əlindən alınması idi - bunun ya Laboçevski, ya da başqa alimin adına yazılması məsələnin ikinci tərəfi idi. Mirzə Kazım bəy də səhvini sonradan anladı.

Onun həmin universitetdə oxuduğu başqa bir vacib mühazirə də rus alimlərinin kürkünə birə salmışdı. Orta əsr Azərbaycanında fəaliyyət göstərən elmi akademiyalardan bəhs edən mühazirədə xeyli yeni faktlara toxunulurdu. Burada orta əsr Azərbaycanının elmi qüdrəti ilə yanaşı, kiçik bir ərazinin bütün Şərqə verdiyi töhfədən də bəhs edilirdi. Həmin mühazirədə adları çəkilən elmi mərkəzlər dövrün diktəsi ilə yalnız mədrəsə, rəsədxana adlanırdı. Mirzə Kazım bəy bu elm ocaqları haqqında danışmaqla, oranın yetirmələri olan alimlərin, filosofların Şərq, eləcə də dünya elminə verdikləri töhfələri önə çıxarırdı. Bu səbəbdən də rus alimləri nə yolla olursa-olsun, Azərbaycandakı elmi mərkəzlərlə bağlı mühazirəyə qarşı çıxdılar. Nəticədə həmin mühazirə mətni də it-bata düşdü. Çox təəssüflər olsun ki, bu gün qədim və orta əsrlər Azərbaycanındakı elmi mərkəzlər haqqında geniş danışılmır.

Mirzə Kazım bəyin hər zaman maraq dairəsində olan Azərbaycan elm ocaqlarının bir neçəsi haqqında biz də danışacağıq:

 

Məlhəm Akademiyası

 

Orta əsr mənbələrində Şamaxı Akademiyası kimi də tanınan bu elmi və sağlamlıq ocağının əsası XII əsrdə qoyulub. Məşhur Azərbaycan şairi Xaqani Şirvaninin əmisi Kafiyəddin Ömərin yaratdığı elm ocağına Şərqin bir çox ölkələrindən gəlirdilər. Bura gəlişin iki məqsədi olurdu: bəziləri şəfa tapmaq, sağlamlıqlarına qovuşmaq üçün təşrif buyururdular ki, onların sayı-hesabı yox idi. Bəziləri isə, burada tədris olunan dünyəvi və İlahi elmləri dərindən öyrənmək üçün Məlhəmə pənah gətirirdilər.

Məlhəm Akademiyasının məzunları uzun müddət Azərbaycan və ətraf ölkələrin əsas elm xadimləri kimi tanındılar. Bu xüsusda Xaqaninin əmisi Kafiyəddin Ömərin rolu çox böyük olub. Adı İbn Sina ilə yanaşı çəkilən, böyük təbib-filosof hesab edilən Ömər Osmanoğlu Məlhəm məktəbində təbabəti fəlsəfə və başqa elmlərlə sintez etməyə cəhd göstərirdi. O, xarici mühitin insan fiziologiyası və patologiyasına təsirinin öyrənilməsinə çox geniş yer verirdi. Məsələn, o, Günəşin təsirindən o qədər danışır ki, onun doğulduğu yer “Dədə Günəş” adı ilə tanınır. Qeyd edək ki, həmin ərazi indi də bu adla məşhurdur. Kafiyəddin Ömərin təşkil etdiyi akademiyanın nəzdində kimyaçılar da fəaliyyət göstərirdilər. Ömər və onun davamçılarının elmdə əsas nailiyyətlərindən biri yalnız faktlara və müşahidələrə əsaslanmaları və onların dərin təhlilini vermələri idi. Demək olar ki, onun təşkil etdiyi akademiyanın tibbi şöbəsi ilk növbədə Azərbaycanda klinika tədqiqat metodlarını yaymağa başlayır.

Ömərin Məlhəm Akademiyası ilə yanaşı, ikinci şah əsəri Şərqin böyük şairi, dahi Nizaminin özünə müəllim hesab etdiyi Xaqani Şirvanidir. Xaqani, Öməri özünün əsas müəllimi hesab etmiş və şair kimi formalaşmasında ona borclu olduğunu bildirmişdi:

Əmim simurq kimi sərf edib əmək,
Qanadı altına alaraq, Zal tək –
Qaldırdı biliyin Qafına həmən.
Bəsləndim onun öz yuvasında mən.
O oldu həmişə mənə mehriban,
Yaralı könlümə o qoydu dərman.
Gördü söz mülkünə mən bir hakiməm.
Adımı o qoydu: Həssani-Əcəm.

Məlhəm Şamaxı yaxınlığında yerləşən kənddir. Səfalı təbiəti, şəfalı havası və suyu ilə hər zaman fərqlənib. Məlhəmdə yerləşən elm və sağlamlıq ocağının ikinci funksiyası da müxtəlif xəstəliklər üçün dərmanların, məlhəmlərin hazırlanması olub. Rəvayətə görə, kəndin adının Məlhəm qoyulması da elə bu faktla bağlıdır. Xalq yazıçısı İsa Hüseynovun “Məhşər” romanında Məlhəm Akademiyasından geniş bəhs edilib. Əsərdə ciddi psixoloji sarsıntı keçirən şəxslər Məlhəmdəki gizli ocağa gələrək oradakı hücrələrdə şəfa tapırlar.

Burada Qədim Şərqin, Osmanlının bir çox təbabət üsullarından istifadə edilirdi. Məsələn, ruhi sarsıntı keçirən xəstələrə günün müəyyən saatlarında su səsi dinlədilirdi.

 

“Darüş-Şəfa” və ya Rəşidiyyə mədrəsəsi

 

Azərbaycan tarixinin vəzir-alimlərindən olan Fəzlullah Rəşidəddin, əslində inzibati-idarəetmə işlərini seçməklə elmə ağır zərbə vurmuş oldu. Burada söhbət alimin öz elmi yaradıcılığından gedir. Amma başqa alimlərin yetişməsi üçün isə Elxanilərin vəziri olan Rəşidəddin əlindən gələni edirdi. Onun əsasını qoyduğu “Darüş-Şəfa” elm ocağı Şərqin bir çox ölkələrindən olan şəyirdlərin bilik mənbəyinə çevrilmişdi. Fəzlullah Rəşidəddinin Şərqə və Qərbə miras qoyduğu əsas prinsip və sahələr isə tibb, vergi, idarəetmə və astronomiya ilə bağlı idi. Bundan əlavə, onun təsis etdiyi “Rəbi-Rəşidi” elmi şəhərciyi o zamanın ən böyük intellekt mühiti idi. Burada tibb, astronomiya və dəqiq elmlər sahəsində elmi araşdırmalar aparılırdı. “Rəbi-Rəşidi”nin qazandığı elmi nailiyyətlər uzun müddət Avropa alimlərinin mayakına çevrildi.

Burada da dünyanın müxtəlif yerlərindən toplanmış alimlər işləyirdilər. Hətta Çindən, Misirdən, Hindistandan və Qərb ölkələrindən bura mütəxəssislər gəlir və onlar üçün bütün lazımi şərait yaradılırdı. Bu akademiyanın xarabalıqları indi də həmin yerdədir. Burada o zaman alimlər küçəsi, alimlər evi, alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi. Bu akademiyada əsas yeri tibb, əczaçılıq, botanika sahələri tuturdu. Maraqlıdır ki, həmin akademiyanın yaxınlığında “Fəxrabad” adlı yerdə böyük botanika bağı varmış. Orada akademiyanın klinikalarında müalicə olunan xəstələr üçün indiki dildə desək, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli göy-göyərti və meyvələr becərilirmiş. Arxeoloji tədqiqatlar nəticəsində həmin botanika bağında xüsusi qablarda müxtəlif dərman bitkilərinin toxumlarının olması müşahidə edilib.

Akademiyanın nəzdində hələ o zaman 67 müalicə evi mövcud idi. Burada təşkil olunan ilk sağlamlıq müəssisəsi “Rəşidiyyə” adlanırdı. Burada 50 həkim və onların hər birinin beş köməkçisi var idi. Tibbin bir çox sahələri üzrə mütəxəssislər, hətta stomatoloqlar da burada hazırlanırdı. Akademiyanın nəzdində bir neçə aptek var idi. Burada işləyən həkimlərə yaşamaq üçün evlər verilirmiş.

Rəşidəddin, xüsusilə Azərbaycan alimlərinə böyük qiymət verirdi. O yazırdı ki, Aristotel və Platon öz dövrünün alimləridir. İndi isə başqa dövrdür. O, Azərbaycanın dahi həkimlərindən Mahmud İbn İlyas və Mahzabəddin Təbriziyə böyük önəm verirdi.

Elmin NURİ