Elektron ədəbiyyat və sənət portalı

Dirilmə

Bölmə: Ədəbiyyat 22.07.2016

Xuan Karlos ONETTİ
(Argentina)

Günortaya yaxın adətən yüngül təmas – yalnız yanımda uzanmış kişinin pəncəsindən qopan qumun yumşaq qıdığını hiss eləyirdim. Yarıyuxulu halda onun gövdəsinin kölgəsində tənbəl-tənbəl gərnəşir, gözlərimi gülümsəyən sifətində sürüşdürə-sürüşdürə çevrilirdim. Adəti üzrə o soyunub çimərlik tumanını geyinirdi. Kişinin qabarıq cizgili sifəti həmişə təbəssümlü, amma həm də anlaşılmaz olurdu. Həmin ifadə mənə naməlum bir heyvanın görkəmini xatırladırdı.

Yalnız aprelin sonunda, artıq buradan çox-çox uzaqlarda olanda, tez-tez dəyişən payız gələndə qəfildən başa düşdüm ki, onun sifəti şən-şaqraq balaca meymun sifətinə oxşayırmış. Ot basmış çökəklikdə uzanıb nə oteli, nə qayaları görə bilirdim. Çimərlik, ətrafında qurtaracağı düz üfüqə söykənən qəribə üçbucağa qədər kiçildi.

Bir dəfə səhər dəniz rəngini dəyişdi, tutqunlaşdı, qəfil qalxan dalğalar qumun üstünə qaçışdı. Üç qız arın-arxayın sahildə gəzişirdi. Mənim qulağıma yalnız onların uzaqdakı, qayalı burundakı dan yeri dalğalarının melodiyasını xatırladan cingiltili, aydın, bir dəqiqə də kəsilməyən gülüşləri gəlib çatırdı.

Dan yeri ağaran vaxt müəyyən saatlarda dalğaların bu musiqisi həmişə eşidilirdi. Harada olsam da, o dalğaların narahat, qaçılmaz varlığını hiss eləyirdim – elə bil qızmış cins atlar dan yerinin alatoranlığında qumlu sahillə dördnala çapırdılar… Qızların çimərlik paltarlarının gülləri yandırıcı günəşin şüaları altında soyuq, süni görünürdü. Yan tərəfdə gedən iki qız tünd-göy çimərlik paltarındaydı, onlardan ən ucaboylusu - göy şalvarlı, ağ qısa köynəkli qızsa, yayxana-yayxana yeriyir, hərdənbir irəli cumur, onların gəlib çatmalarını gözləyirdi.

Mən o qızlara parlaq-sarı, hətta narıncı, yaxud tünd-qırmızı paltar geyindirərdim. Amma sonra başa düşdüm ki, çimərlik paltarlarının tünd-maviliyi, köynəyin ağlığı dənizin rənginə uyğun gəlir. Ucadan gülə-gülə irəli gedəndə, günəş onların yalın ayaqlarından tökülən su damcılarında bərq vuranda, yaxınlıqdasa mehriban dalğalar sakit-sakit çırpınanda qızları yenidən gördüm; hərəkətləri çimərlik paltarlarının rəng ahənglərinə yaman uyğun gəlirdi.

Lap yaxında, alman kafesinin yanında qurulmuş çadırdan yad kişi səsi aydın eşidilirdi, sirli qadın səsi onun səsinə səs verirdi. Qəhqəhə partlayışlarının arasında çığırtı eşidilirdi: «Baxma, buramı heç günəş də görməyib!».

Mən tənhalıqdan səhər saat onacan ləzzət ala bilirdim. Yulğun kolluğunun arasındakı əyri-üyrü cığırda addım səsləri yaxınlaşırdı, bu vaxt sakson danışıqları eşitdim. Cütlük mənim sağ tərəfimdə peyda oldu, iri, güllü günlüyü bərkidib çimərlikdə yerləşdi. Saçları ya xurmayı olan, ya da ağarmağa başlamış idmançı bədənli kişi daim gülümsəyir, sanki deyirdi: «Günəş, hava, çimərlik – füsunkar səhərdir, elə deyilmi?» Onun yüngül gülüşü adətən cavabı tələb olunmayan suallarla yekunlaşırdı. Qadın cavab vermirdi. O, uşağı soyundurur, sonra həvəsə gətirməyə çalışırdı ki, arxasınca qaçsın, yaxud da sürünsün. Əynində çimərlik paltarının üstündən geyindiyi qısa ağ tuman vardı, qara eynək taxmışdı.

Qadın adəti üzrə əllərini arxasına qoyub çimərliyi qətiyyətlə keçib dənizə sarı gedirdi. Hiss olunurdu ki, o, dənizin təbiətinə sonsuz inam bəsləyir. Düz, yaraşıqlı qəddi-qamətli qadın dənizlə salamlaşmaq, ehtiramını bildirmək üçün həmişə suyun lap kənarında ayaq saxlayırdı.

Bu dəfə kişi qısa ağ tumanlı qadını səslədi: «Tuka!» Günorta yaxınlaşırdı, qağayılar onun adını eşidib tanıdıqlarını bildirə-bildirə, çimərliyin bu boş guşəsini qulaqbatırıcı çığırtılarla doldura-doldura havada dövrə vurdular.

Kürəyimin daha yaxşı yanması üçün üzüstə çevrilmək vaxtı gələndə, nəzərlərimi ətrafda gəzdirib müəyyən müddətə çimərliklə vidalaşırdım. Naməlum yeni, hökmlü müdriklik indi bədənimə hakim kəsilir, onun labüdlüyünə tabe olurdum. Üzümü əllərimin çarpazında gizlədib hərəkətsiz uzananda, qəfildən qarışqalar səltənətinə, quru, saralmış otlar arasına düşürdüm. Amma sonadək həşəratların fəallığının mahiyyətinə, onların məqsədsiz ora-bura qaçmalarının, elə hey nəsə axtardıqlarının mənasına vara bilmədim. Qarışqalara gülümsünürdüm, qum dənələrinin onları necə örtmələrini, onlarınsa inadlı səydən sonra təzədən necə üzə çıxdıqlarını, dirildiklərini müşahidə eləyə-eləyə yüngülcə qumu üfürürdüm.

Böyrümdəsə dəniz gözlənilməz qüvvəylə zəif, aciz insan səslərini uda-uda dalğalanır, köpüklənirdi – bütün bunlar məndə dəniz çimərliyi duyğusu oyadırdı. Budur, günəş çiyinlərimi, kürəyimi dözülməz dərəcədə yandıranda, qəfildən hardansa kölgə peyda oldu.

- Yatırdınız?

Salamlaşmaq üçün başımı qaldırdım, yanağıma qum dənələri yapışmışdı… Axşam toranlığının düşməsilə daimi çimərlik qonşumun üzünü unudurdum. Həmin sifəti səhər təzədən tanıyırdım. Sözlərini uzadan təbəssüm, elə bil lap indicə onu həmişə yadda saxlamağa imkan yaradan işarət verib bu qəribə simanın sirrini açacaqdı.

- Hə, bu gün kefiniz necədir?

Özümü yaxşı hiss eləyrdim, amma onun yaxınlaşmasıyla əhvalım bir qədər pozulurdu. Çünki bu kişini başqa aləmin elçisi sayırdım, o aləm haqqında xatirələr məndə həyəcan oyadırdı. Necə olsa da, həmin an yetişdi, yanımda uzanmış kişi dirsəklərinə dayaqlanıb dikəldi, uyuşmuş ayaqlarını havada tərpədə-tərpədə, yaltaqcasına, əvvəlki təbəssümüylə dilləndi:

- Bilirsiniz, bugünkü məktubunda o, mənə nə yazır?

- Kim, Edoardo? Gündə bir məktub yazır? Hərdən mənə elə gəlir, onları uydurursunuz…

- Baxmaq istəmirsiniz? Uzaqdan, əlbəttə… Axı o məktubların hamısı sizin barənizdə deyil.

- Yox, hətta uzaqdan da baxmaq istəmirəm. Daha necə izah eləyim ki, nəhayət, başa düşəsiniz? Mən kimsə barədə heç nə bilmək istəmirəm. Bu dünyadakı hər kəs barədə – istər kişi olsun, istər qadın. Məndən ötrü başqa heç nə mövcud deyil – yalnız mən, bir də çimərlik.

- Təşəkkür eləyirəm.

- Elə sizin özünüz də, əslində, məndən ötrü yoxsunuz – yalnız bu çimərliyin bir parçasısınız, vəssəlam.

- Nə olar ki… Amma niyə siz ona cavab verməyəsiniz axı?

- Bacarmaram. Görürsünüz ki, xoşbəxtəm. Edoardoya deməyə sözüm yoxdur.

Kişi kinayəylə gülümsünüb susdu. Amma çimərlikdən getməzdən qabaq yenə o sözünün üstünə qayıtdı:

- Əlbəttə, Edoardo ağıllı adamdı, hər şeyi başa düşür. Amma indi siz yaxşılaşmısınız. Qayıtmaq vaxtıdır. Əgər cürbəcür bəhanələr uydurmağa hazırlaşırsınızsa…

Vidalaşanda ona əlimi yelləyib təzədən qumun üstündə uzandım.

Yalnız bir dəfə səhər, təsadüfən qısa ağ tumanlı qadının sirri məndən ötrü açıldı. Həmişə olduğu kimi, o, əlləri arxasında düz dənizə doğru gedirdi. Belə erkən bir vaxtda çimərlikdə kimsənin olmadığına əmin halda qadın vərdiş elədiyi mərasimdən əl çəkdi: onun ayaqlarını gah açıb, gah da büküb dənizin sığal çəkməsinə necə imkan verdiyini gördüm… Uşaq anasının kəskin hərəkətlərinə baxa-baxa qəribə tərzdə çaşqın vəziyyətdə iki əli, iki ayağı üstündə donub-qaldı. Mən dəniz xərçənglərinin qarmaqarışıq davranışını xatırladan bu gah qırıq-qırıq, gah sürüşkən hərəkətlərin dəniz təbiətini hiss elədim. Arabir qadının ayaqları gün işığında bərq vura-vura çırpınan balıq kimi havanı yüngül təmaslarla mehribancasına sığallaya-sığallaya azacıq bükülürdü. Dəniz dalğalana-dalğalana onu qucaqlayırdı, yüngül köpük yuxarı dırmaşıb səs-küylə ayaqlarının altına sərilirdi – elə bil səni iyləyib dərhal sakitləşən hansısa bir vəhşi heyvanın xırıltılı nəriltisi kimi xırpdan kəsilirdi.

Xatırlayıram ki, həmin gündən bu zəif, köməksiz qadın ayaqlarının hərəkəti məndə sonsuz riqqət doğururdu.

Artıq bu sərbəstliyi, erkən səhər günəşi altındakı qumlu çimərliyin sərbəstlik duyğusunu qabaqcadan hiss eləyirdim.

İndi həmin duyğu qəlbimi fərəhlə doldururdu, kaş, kimsə, gözəgörünməz bir adam bütün qandallarımı açmağı bacaraydı. Mənə elə gəlirdi ki, guya çox-çox uzaq zamanlara – hələ insan yaşamayan torpağa, ilk qəbilələrin və ilk allahların dövrünə köçmüşəm.

Sahillə üfüq arasında gəmi üzürdü. Quşun ağacı necə dimdiklədiyi eşidilirdi. Həmin o son səhər kişi dilləndi:

- Salam! Sizi oyatdım? Bəs belə gözəl, dəyərli senyorita… Məsələ burasındadır ki… bugünkü məktub ultimatumdur, mənim əzizim. Təxirəsalınmaz ultimatumdur. Gündüz saat birəcən Edoardo sizin zənginizi gözləyirdi, qərara gəlin. Bu soldakı buludları görürsünüz? Tufan başlayır. Qoca dəniz canavarına inanın. Cəmi yarım saat vaxtımız var. İnanıram ki, sonra tövbə eləyəcəksiniz: axı artıq sağlamsınız. Bir gün tez, bir gün gec, onsuz da qayıdacaqsınız. Hə, necədi, qərara aldıq? Baxın, artıq otelin üzərində ildırım çaxır, sizə soyuqlamaq olmaz.

Kişi həmişəki kimi təbəssümlə qalxıb yaxınlaşan buludlara baxdı. Getməzdən qabaq bir daha gülümsədi, həmin məqamda onun sifətində bədxah kinayədən və açıq-aşkar nifrətdən başqa heç nə yox idi. O, əmin idi ki, Edoardoya zəng vuracağam.

Az sonra xalatımı çiynimə atıb qalxdım. Qaralmış səmaya necə uzun-uzadı baxdığım yadımdadır, sonra çimərliyə göz gəzdirdim. Nəzərlərim dənizə zilləndi – sahildəki islaq qum zolağına, oğluyla oynayan ağ tumanlı qadına, uzaqdakı çəmənliklərə toxundu…

Artıq oteldə, nömrə cavab verənəcən telefon budkasında gözləyə-gözləyə şimşək gurultularını, pəncərənin şüşəsilə sel kimi yağan yağışın səsini eşidirdim. «Alo, alo… Hə! Kim? Alo…» Edoardonun uzaqdan gələn səsi eşidilirdi. Edoardonun səsinə qulaq asa-asa, görkəmini təsəvvürümdə canlandıra-canlandıra qəfildən şəhər səs-küyünün, keçmişimin, əzab-əziyyətlərimin, insan həyatının mənasızlığı hissinin yenidən mənə necə qayıtdığını hiss elədim.

Artıq stansiyaya gedən yolda, maşında, hər tərəfdən çamadanlarla sıxılmış halda özümünküləşdirdiyim həmin çimərlik parçasını axırıncı dəfə görmək üçün geri çevrildim. Qumlu sahil, parlaq, adi rənglər, tam xoşbəxtlik hissi – indi bunların hamısını çirkli, köpüklü su basmışdı. Qəfildən sifətimin necə sürətlə qocaldığını, gözgörəsi dəyişdiyini, ağrılarınsa yenidən bədənimə qayıtdığını duydum.

Tərcümə etdi: NƏRİMAN