Elektron ədəbiyyat və sənət portalı

Bütövün hissələri

Bölmə: «Aydın Yol»çular 22.07.2016

Dr. M.Kaplan Türkiyədəki təhsilin ən ciddi çatışmazlıqlarından biri kimi, fənlər arasındakı mütənasibliyin pozulmasını göstərirdi. Yəni dəqiq elmləri seçənlərə humanitar fənlər, humanitar elmlərin arxasınca gedənlərə də dəqiq fənlər tədris olunmadığından, gələcəyin mütəxəssisinin kamilliyindən söhbət açmaq olmaz.

Onun dedikləri müxtəlif münasibətlərin ortaya çıxmasına səbəb oldu. Amma, fikrimizcə, doktor M.Kaplan haqlıdır, həmin çatışmazlığı mövcud təhsil sistemimizə də şamil etmək olar.

Dr. M.Kaplan yazır ki, Ərzurum Atatürk Universitetində amerikalı mütəxəssislərlə birgə dərs proqramları hazırlayırdıq. Həmin vaxt məcburi fənlər kimi, kənd təsərrüfatı ixtisaslarında oxuyanlara ədəbiyyat və mədəniyyət, humanitar ixtisaslarda təhsil alanlara isə dəqiq elmlərin tədris edilməsini şərt kimi irəli sürdük. Eyni zamanda bütün tələbələr kompozisiya fənnini öyrənməli idilər. Çünki kompozisiya fikri açıq və qabarıq ifadə etmək, sözləri və ifadələri yerli-yerində işlətmək üçün son dərəcə vacibdir. Doğrudan da, dilə hakim olmadan, fikirlərini səlis ifadə etmədən nə düzgün düşünmək, nə də düşündüklərini başqalarına çatdırmaq mümkündür.

Əlbəttə, ilk baxışda bu mövqeni qəbul etmək çətindir. Dərhal opponentlər tapıla, orta təhsil almış hər bir kəsin həmin fənləri orta məktəbdə keçdiklərini və ali məktəblərdə təkrar tədrisə ehtiyac olmadığını dəlil-sübut kimi irəli sürə bilərlər. Amma mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində belə məlum olub ki, ədəbiyyatı və mədəniyyəti öyrənmiş mütəxəssislər adamlarla münasibətlərində daha böyük uğurlar əldə edir, dəqiq elmlərdən birinə və ya bir neçəsinə vaqif olan ədəbiyyat və sənət adamları daha səlis və sanballı düşünürlər. Onların fikrincə, insan bir-birinə zidd olan iki aləmdə - sarsılmaz, dəyişməz qanunlara əsaslanan fiziki aləmdə, maddədə, dünyada və kainatda, bir də daim dəyişən, qeyri-müəyyən hisslər, duyğular və ehtiraslar aləmində yaşayır. Buna görə də onların bu iki aləmə uyğunlaşmaları, dərk etmələri üçün hər iki mədəniyyətə - dəqiq elmlərə və humanitar elmlərə (əsasən ədəbiyyata və incəsənətə) böyük ehtiyacları var. Dəqiq elmlər bizə maddi aləmin, humanitar elmlər isə mənəvi aləmin qapılarını açır.

Doğrudan da beyinləri yalnız dəqiq elmlərin ciddi qanunları ilə işləyən adamların cəmiyyətdə ünsiyyət sarıdan nə qədər çətinliklərlə qarşılaşdıqlarının tez-tez şahidi oluruq. Belə adamlar fiziki, yaxud riyazi qanunları insan münasibətlərinə də şamil edir, mənəvi aləmi, hiss və duyğuları gərəksiz sayırlar. Eləcə də həyatın və kainatın dəyişməz qanunlara əsaslandığından xəbəri olmayan kəslər həddən artıq xəyalpərvər bir varlığa çevrilir, həyat gerçəkliklərindən uzaqlaşırlar. Dr. M.Kaplanın ifadə etdiyi kimi, dünyanı öz xəyallarına görə dəyişdirməyə cəhd edən utopistlər və arzularına uyğun gəlmədiyinə görə daim həyatdan gileylənən adamlar meydana çıxırlar.

Tarixi təcrübə də sübut edir ki, kamil adamlar məhz iki aləmi, iki mədəniyyəti özlərində birləşdirmiş insanlardır…

Əksər Qərb ölkələrində artıq bu gerçəyi çoxdan dərk edib, təhsili bu özül üzərində qurublar…

Bəlkə, bu barədə biz də düşünək?!