Elektron ədəbiyyat və sənət portalı

Cod kətan üzərində akvarellə çəkilmiş etüdlər

Bölmə: Ədəbiyyat 22.07.2016

Məlumat üçün: Elçin (Əfəndiyev Elçin İlyas oğlu) – Azərbaycanın Xalq yazıçısı, onlarla xarici dilə çevrilmiş məşhur hekayələrin, romanların, pyeslərin, kinossenarilərin müəllifidir. Bu yaxınlarda rus dilində çapdan çıxmış hekayələr toplusuna («Rasskazı») yazıçının 1968-ci ildən 2012-ci ilə qədər müxtəlif nəşriyyatlarda dərc olunmuş əsərlərindən nümunələr daxil edilib.

Toplunun tərtibçiləri xronoloji ardıcıllığın bu dərəcədə gözlənilməz tarixi-dərk effekti yaradacağını qabaqcadan, yəqin ki, ağıllarına belə gətirə bilməzdilər. Diqqətli oxucunun gözləri önündə Azərbaycanın, demək olar ki, yarım əsrlik mənzərəsi canlanır: sovetlər dövründəki həyat tərzi, bu mərhələnin nailiyyət və qüsurları, yeni cəmiyyət quruculuğunun gərgin illəri və bizim zəmanəmizdə baş verənlər.

Təqdim olunan hekayələr həm məzmununa, həm də formasına görə rəngarəng və çoxşaxəlidir. Özündə satira və lirizmi, düşüncə və təhlili cəmləyən bu hekayələr xarakter müxtəlifliyi və psixoloji dərinlikləri ilə fərqlənir. Elçini cəmiyyətin bütün təbəqələri maraqlandırır. O, elmi işçini, var-dövlət sahibi, malikanələr sakini olan harınlamış iş adamını, taleyin hökmülə «həyatın dibində» qərarlaşmış kasıb, fağır insanları eyni ölçüdə səciyyələndirir.

Topluya daxil edilmiş novellaları bu cür ayırmaq olar: sosial cəhətdən kəskin novellalar; siyasi məzmunlu novellalar; psixoloji novellalar; fentezi elementlərinin üstünlük təşkil etdiyi simvolist novellalar.

Vaxtilə Elçinin hekayələrini səciyyələndirən Lev Anninski yazmışdı: «Bunlar sanki cod kətan üzərində akvarellə çəkilmiş psixoloji etüdlərdir».

Bu fikrin təsdiqi kimi, müəllifin əsərlərindən bir neçə obrazı misal gətirirəm: “... sonra bütün bu genişliyi, əvvəlsizliyi və axırsızlığı bir səda bürüdü və o səda altında, elə bil ki, o yarğanın dibi ilə köpüklənə-köpüklənə axan o çayın, o dağların, o yamyaşıl döşlərin özü o sədaya söz söyləməyə başladı... ... sonra o şıdırğı yağış kəsəcəkdi, sonra axşam düşəcəkdi, sonra da bütün bu yerlərə bir qaranlıq çökəcəkdi, amma o səda da, o mahnı da yenə bu yerlərlə birlikdə olacaqdı...” («Sarı gəlin» hekayəsindən). Bu, xalq çalğı aləti olan balabanın incə səs assosiasiyasının nəsrdə unikal əksidir.

İndi isə diqqət yetirin ki, canavarlar ailəsinin instinktiv həyatı yazıçı qələmi ilə nə qədər təsirli təsvir olunub: «Şərqdən  gələn  o  rütubət  qoxusu  indi açıq-aydın  hiss  edilirdi,  qoxu,  görünür,  Ana  canavara  bu  yolçuluğun sona çatacağından xəbər  verirdi  və  qancıq  bir  müddət  o  qoxu  gələn  səmtə  baxdı,  sonra  mırıldayıb  başını  küçüklərə  tərəf  çevirdi. Küçüklər qancığın  o mırıltısında,  elə  bil,  nəsə  hiss  edib  zingiltilərini  kəsdilər  və  titrəyən  ayaqları  üstə  güclə  dayanaraq, getdikcə artan bir təlaşla analarına baxdılar. Qancıq quyruğunu o tərəf-bu tərəfə  bulaya-bulaya  diqqətlə  küçüklərə  baxırdı  və  o  dəm  onun  o  diqqətli  baxışları ilə  nə  dediyini,  yəqin,  yalnız  özü,  bir  də  küçüklərin  gen  yaddaşı  başa  düşürdü”  («Canavarlar» hekayəsindən).

Elçin ilk məhəbbətin sehrli duyğusunu öz oxucusuna son dərəcə heyrətamiz bir incəliklə çatdırır: «Gecə yorğan-döşəyinə girəndə Allahverdiyə elə gəldi ki, səhərə kimi yata bilməyəcək, amma yatdı Allahverdi, yatdı və bütün həyatında ilk dəfə rəngli yuxu gördü... O qədər rəng vardı ki, Allahverdi ömründə bu qədər rəng görməmişdi – gümüşü, narıncı, məxməri... Allahverdi bilirdi ki, bu yuxudur və onu da bilirdi ki, bu, Sədəfin yuxusudur. Sədəf özü yox idi, amma

Allahverdi bilirdi ki, bütün bu rənglər Sədəfdən ötrüdür və əslində, bütün bu rənglər Sədəfin özüdü…» («Gümüşü, narıncı, məxməri…» hekayəsindən).

Elçinin təfəkküründə zaman başlıca yerlərdən birini tutur. Zaman gerçəyi nizama salır, ona müəyyən istiqamət verir, insanın həyat yolunu göstərir. Elçinin qəhrəmanları keçmişi tez-tez yada salır və gələcək barədə düşünürlər.

Yazıçı diqqəti ona yetirir ki, zaman sadəcə keçmişə qovuşmur, o, nəsillərin yaşadığı dövrləri də, onların bütöv cərgəsini də özüylə aparır. Olumla ölüm insanın mövcudluq sərhədlərini müəyyənləşdirir. Qeyd edək ki, «Ölümü yaddan çıxartma» prinsipi hələ Qədim Yunanıstanda, stoisizm fəlsəfəsində əsaslandırılmışdı – yəni, həmişə elə hərəkət elə, elə davran ki, sanki gördüyün iş həyatda son işin, yaxud söylədiyin söz həyatda son sözündür. Bu prinsip insanları haqsız əməllərdən çəkindirmək məqsədi güdürdü. Təəssüf ki, bu həqiqəti dərk etməyə heç də hamı qadir deyil. «Göy üzünün ulduzlu vaxtları» hekayəsində Qızıl Müseyib ləqəbli diş həkimi sağalmaz xəstəliyə mübtəla olduğundan xəbərdardır, bilir ki, barmaqla sayılası günləri qalıb, bununla belə, yanına ucuz protez almağa gələn avam, sadəlövh Əliqulunu aldadır.

«Talvar» hekayəsinin qəhrəmanı Əliabbas kişi isə, əksinə, ölümün buz nəfəsini hiss edərkən insanlara özündən daha bir yadigar qoymaq istəyir – öz əllərinin zəhməti hesabına küçədə onlar üçün talvar düzəldir.

Humanizm, qarşılıqlı anlaşma, insanların bir-birinə inam və etimadı. Elçinin daim müraciət etdiyi bu vacib məsələlər onun hekayələrini daxilən bir-birinə bağlayan mühüm cəhətdir. Yazıçı bu mühüm amilləri ayrı-ayrı obrazlar, konkret sosial proseslər vasitəsilə açır.

Cəmiyyətin hamını narahat edən müasir durumuna gəlincə, ondan çıxış yolu mədəniyyət sahəsində köklü islahatlar, təbii dəyərlərin bərpası və humanist cəmiyyət quruculuğu hesabına mümkündür. Elçinin hekayələrindən belə bir nəticəyə gəlmək olar: cəmiyyətin inkişafı, onun sosial təşkili hər bir insanın maraq və tələbatlarına cavab verməli, onlara tabe olmalıdır. O zaman cəmiyyətdə inam güclənər, insanların sosial nizamdan, həmçinin bir-birindən təcridi aradan qalxar, eyni zamanda təbiətlə münasibətlərin harmoniyası üçün vacib şərait və zəmin yaranmış olar. Mahiyyət etibarilə, bu yol UNESKO-nun son illər dünya ictimaiyyətini fəal şəkildə dəvət etdiyi yeni humanizmin formalaşması yoludur. Əgər bu böyük məqsədi həyata keçirmək mümkün olmasa, onda müəyyən müddətdən sonra Yer üzündəki həyat cəhənnəm mənzərələrini xatırladacaq, etnik zəmində baş verən münaqişələr, qanlı toqquşmalar, ekoloji fəlakətlər adi hal alacaq. O zaman planetimizin sakinlərinə həyatın çətinliklərindən xilas olmaq üçün yalnız «Göy üzünün ulduzlu vaxtları» hekayəsinin qəhrəmanı, butulkayığan Əliqulu kimi sadəlövhcəsinə arzulamaq qalacaq: «Əliqulu çox istəyirdi, günlərin bir gözəl günündə o əcaib-qəraib məxluqlar gəlib onu da eləcə oğurlayıb aparsınlar, aparsınlar o uzaq-uzaq yerlərə, həmişəlik aparsınlar, bir də heç vaxt kürreyi-ərzə qayıtmasın”.

Nizami MƏMMƏDOV,
Fəlsəfə elmləri doktoru, professor, Yazıçı və publisistlərin Beynəlxalq assosiasiyasının üzvü, UNESKO-nun eksperti