Elektron ədəbiyyat və sənət portalı

Kitabla yay

Bölmə: «Aydın Yol»çular 29.07.2016

Uzun və sıxıntılı qış günlərində, dəyişkən yaz aylarında yay istirahətini hardasa, təbiətin mənzərəli və sakit guşələrindən birində keçirməyi arzulamayan adama nadir hallarda rast gələrsən...

Əlbəttə, bu təkcə cismani yox, həm də ruhi tələbatdır...

Yayın bürkülü günləri başlayanda məzuniyyətə çıxanlar, ya da hər həftənin son günləri qayğılardan macal tapanlar dəniz kənarına, istirahət mərkəzlərinə, mənzərəli yerlərə üz tutur, yaxud səyahətə çıxırlar. Sonra da sosial şəbəkələri çimərliklərdə, meşələrdə, göl kənarında, dağ yamacında, şəhər küçələrində... çəkilmiş saysız-hesabsız şəkillər doldurur. Hələ süfrə arxasında, manqal başında, bulaq üstündə... yaddaşa köçürülmüş məqamları demirik. Amma təəssüf ki, hələ birinin əlində, ya da çantasında kitab olduğu faktına rast gəlməmişəm. Elə bil adamlar istirahəti hər şeydən, hətta kitabdan da aralanmaq kimi başa düşürlər. Halbuki istirahət, əslində gerçək dünyadan təcrid olunmaqdır, elə bu səbəbdən də insanın ən etibarlı sığınacaqlarından biri kitablarda təsvir olunan aləmdir.

Bədii əsər yazıçının gerçəkliklə arzulanan aləm arasında yaratdığı körpüdür. Günün qayğılarından yorulan insan bədii əsərlə təmasda olanda cismən də, mənən də dincəlir, ən azı real həyatda yaşaya bilmədiyi hissləri yazıçının təsvir elədiyi aləmdə yaşayır. Hər hansı əsərdə qələmə alınmış hadisələri daha dolğun qavramaqda mütaliə şəraitinin xüsusi rol oynadığını da nəzərə alsaq, təbiət qoynunda keçən sakit məqamları (ən azı istirahətə ayrılan vaxtın bir hissəsini) kitab oxumağa sərf eləmək daha səmərəli olar. Dəniz kənarında, meşədə, yaylaqda, istirahət mərkəzlərində mütaliə, mənalı istirahətin bir parçası olmalıdır.

ABŞ Dövlət Departamenti hər il prezident Barak Obamanın məzuniyyət günlərində mütaliə eləmək üçün hansı kitabları aldığı barədə məlumat verir. Əlbəttə, bu onun nə qədər mütaliə həvəskarı olduğunu açıqlamaqdan çox, cəmiyyətə ötürülən mesajdır.

Artıq bəzi ölkələrin hava limanlarında və dəmiryol vağzallarında sərnişinlərə simvolik qiymətlərlə kitablar və cürbəcür nəşrlər təklif olunur ki, səfərləri daha mənalı keçsin. Hətta mətbuatda həmin nəşrlərin dəyərini biletlərin qiymətinə əlavə etmək, bu yolla insanların mütaliəyə olan həvəsini artırmaqla bağlı təkliflər də irəli sürülür. Əlbəttə, bu uzunmüddətli, səbir tələb edən prosesdir, amma fikrimizcə təqdirəlayiq addıma çevrilə bilər.

İstirahətinizi planlaşdıranda kitabı da yaddan çıxarmayın, illər ərzində aldığınız, müəlliflərin, yaxud dost-tanışlarınızın bağışladıqları, qayğıların əlindən macal tapıb oxuya bilmədiyiniz kitablara göz gəzdirin...

Yəqin ki, o kitablardan bir neçəsinə, ən azı birinə çantanızda yer tapılar...

Yol gedəndə, asudə olanda, yatmazdan əvvəl o kitabları mütaliə eləyin. Onda təkcə cismən yox, həm də ruhən dincələcəksiz...