Elektron ədəbiyyat və sənət portalı

Bəzən uşaq kimi, ən ürəksizdən,
Məhəbbət umandır qadın ürəyi

Bölmə: Ədəbiyyat 29.07.2016

 

Sözə, bədii mətnlərə tarixin bütün dönəmlərində ehtiyac olub. Söz – zamanın biləyindən yapışan, onun nəbzini yoxlayan bir təbib olub həmişə.  Gərdişin əli hər yerdən üzüləndə, dünya  qələmin gücünə, bədii sözə söykənib. Bunu zaman-zaman sınaqlardan keçən ədəbiyyatımız da təsdiqləyir. Təəssüf ki, yazılan gözəl əsərlərlə yanaşı, bu günün mənzərəsi fonunda yaşanan xaotik bir söz bumuna da şahid oluruq. Bu, əsl sözə qiymət verən oxucularda bir xəyal qırıqlığı yaradır. Ədəbi mühitdə yaşananlar, məsələn, yaşından, təcrübəsindən, istedadından asılı olmayaraq, romançılığa  aludə olmağın bu gün bir dəb halını alması, nəticədə sözün urvatdan düşməsi ədəbiyyatsevərləri məyus edir. Belədə yazarlarımızın tarixin dolanbaclarından keçib gəlmiş əsərlərinə bir daha üz tutmağa dərin ehtiyac duyulur. Bu baxımdan, dəyərli ədəbi nümunələrdən örnəklər verməyi planlaşdırmışıq. Beləliklə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Tofiq Bayramın şeirləri ilə missiyamızı davam etdiririk.

 

Azərbaycan deyəndə

 

Vətən mənim bu günüm,

Sabahkı toy-düyünüm.

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə!

Ürəklərdə döyünüm

Azərbaycan deyəndə!

 

Hər ölkəyə, hər elə

Olsun hörmət deyirəm.

Vətənimdir Vətənim

İlk məhəbbət deyirəm.

Onun şöhrət tacıdır

Şeir-sənət deyirəm.

 

Mən Vətənə Füzuli,

Abbas Səhhət deyirəm.

Mən Vətənə Sabiri

Doğan qeyrət deyirəm.

Mən Vətənə Üzeyir,

Müşfiq, Səməd deyirəm,

Günəş kimi müqəddəs

Bir həqiqət deyirəm

Azərbaycan deyəndə!

Dünya məni dinləsin:

- Diqqət! Diqqət! - deyirəm!

Azərbaycan deyəndə!

Azərbaycan deyəndə!

Ləpələr şairləşir.

Anaların bətnində

Qara gözlü körpələr

Pələngləşir, şirləşir.

Azərbaycan deyəndə!

Müdrik qocalar kimi

Dağlar da fikirləşir.

Azərbaycan deyəndə!

Haralısan? - Sualı

Verənlərə ar olur.

Qeyrətlilər birləşir,

Qeyrətsizlər xar olur

Azərbaycan deyəndə!

 

Dostdan sovqat, muştuluq,

Düşməndən bac alaram

Azərbaycan deyəndə!

İşıq sütunu kimi

Sabaha ucalıram

Azərbaycan deyəndə!

Körpüləri, sədləri

Sinəmlə parçalaram.

Sərhəd məftillərində

Bu kobud əllərimlə,

Bir muğamat çalaram

Azərbaycan deyəndə!

 

Azərbaycan! - Bu nida

Qayaları silkələr.

Sal daşların köksündə

Çiçək bitər, gül gələr.

Azərbaycan deyəndə!

Təbim coşar, sel gələr.

Sanma, şöhrət pərdəsi

Ürəyimi kölgələr

Azərbaycan deyəndə!

Gözümdə doğmalaşar

Bütün xalqlar, ölkələr

Azərbaycan deyəndə!

 

 

Məhəbbət

 

Bir masanın arxasında ikimiz,

Gələn gündən otururuq yanaşı.

Neçə dostdan eşitmişik burda biz,

Gör necə də bir-birinə yaraşır.

 

Ürəyimi açmasam da özünə,

Təkcə onu düşünürəm, anıram.

Bir gözaltı baxmaq üçün üzünə,

Dəftərinə gizlincə boylanıram.

 

Bir oğlan var,

                burda qazdan ayıqdır.

Vızıldayır qulağıma arıtək:

- Elə baxma, müəllimdən ayıbdır,

Gəlsənə öz yerimizi dəyişək?

 

Yox, - deyirəm, - gözüm bura öyrəşib,

Burda yaxşı eşidirəm dərsi mən.

Görürəm ki, qız rahatca əyləşib,

Gülümsəyir, -

                Razı qalıb sözümdən.

 

Qəlbimizin hər sevinci, hər qəmi

Dinməsək də, gözümüzdən oxunur.

Mürəkkəbə batıranda qələmi,

Əllərimiz bir-birinə toxunur.

 

Sevgi var ki, vurulasan uzaqdan,

Sevdiyini ildə bir yol görəsən.

Nə yamanmış nəfəsini duyasan,

Ürəyini açmayasan ona sən.

 

Mən qızlarla danışıram ürəkdən,

Hər biriylə zarafat da edirəm.

Titrəyirəm görən kimi onu mən,

Nitqim batır, dərin fikrə gedirəm.

 

O, çoxbilmiş oğlan görüb halımı,

Göz də vurur: - Belə boyun bükərsən.

Ürəyimdə deyirəm o zalıma:

“Mən çəkəni sən də bir vaxt çəkərsən”.

 

Bəzən dərsdən axşamçağı tək gedir,

İstəyirəm evlərinə ötürəm.

Hansı qüvvə ürəyimi titrədir,

Ancaq ona “sağ ol” deyib ötürəm.

 

Deməyin ki, nağıl açıb sevgidən,

Unutmuşam nədir bilik, imtahan.

Ya geciksəm, ya dərsimi bilməsəm,

Hamıdan çox utanıram o qızdan

 

 

Qadın ürəyi

 

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi.

 

Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir,

O, əsl qayğının, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o.

Damladır, ümmandır qadın ürəyi.

 

Onunla dünyadır sənə qəfəs də,

Onsuz heç yaşama bu torpaq üstə.

Sevən bir ürəyə axır nəfəsdə,

Ən gözəl dərmandır qadın ürəyi.

 

Onu alçaldan da,

                                ucaldan da biz,

Dərd verib vədəsiz

                qocaldan da biz.

Qədrini biləndə

                bu cahanda biz,

Həmişə cavandır

                qadın ürəyi.

 

Bəzən gültək solar acı bir sözdən,

Ağlayar xəlvəti, gülsə də üzdən.

Bəzən uşaq kimi ən ürəksizdən,

Məhəbbət umandır qadın ürəyi.

 

Bir namərd əlindən zəhər içəndə,

Keçirər ömrünü o, yas içində.

Bəzən ən qiymətli libas içində

Nalədir, fəğandır qadın ürəyi.

 

Ömrə zinət verən, səadət quran,

Kişi ürəyini nurla dolduran.

İsməti bir nəsli göyə qaldıran,

Eşqə hökmrandır qadın ürəyi.

 

Sənsiz əl çəkərəm arzudan, kamdan.

Nə çıxar sevgisiz – sənsiz ilhamdan?

İncitsən dözərəm,

                Tofiq Bayramdan

İncimə, amandır, qadın ürəyi!

 

 

Səttar möcüzəsi

 

Şəninə hər yerdə tərif, söz olub,

Rəqibin az olub desəm, düz olmaz.

Neçə siyahıdan adın pozulub,

Tarixə yazılan heç vaxt pozulmaz!

 

Məcnunu olduğun təbiət kimi,

Xalqın ürəyində sən dahiləşdin.

Bütün paxıllara bir ibrət kimi

Rəqiblər kiçildi, sən dahiləşdin!

 

Bu dilsiz ağaclar necə oxuyur?

Necə şair deyir bu lal qayalar?

Nə gözüm yorulur, nə könlüm doyur,

Dil açıb danışır rənglər, boyalar.

 

Rəssamlıq ilahi vergiydi səndə

Bəs necə oxutdun gülü, çiçəyi?

Görünür, üç ürək varmış səsində:

Füzuli, Üzeyir, Səttar ürəyi.

 

 

Cavidin məzarı

 

Qəlbimizdə xəlvəti

Çəkdik ahu-zarını,

Səsinə həsrət qaldıq

Şairlər yığnağında,

Yağıdan gizlədib

Onun söz gülzarını,

Şerini pıçıldadıq

Dodaqaltı, xəlvəti.

Axır ki, itkin saldıq

Bu qorxu azarını,

Yıxdıq qəmin, həsrətin

Quşqonmaz hasarını

ölümünə qol çəkən

Rütbəli alçağın da,

Alçağa yançağın da

Bağladıq bazarını.

Biz də qeyrətə gəldik

Dünyanın düz çağında

Qırx il donub buzlayan

Cavidin məzarını

İsidib nəfəsimizlə

Əritdik buz qarını.

Hər çiçəyin telində,

Hər gülün saçağında,

Hər ürəkdə bəslədik

Onun laləzarını.

 

 

Şövkət Ələkbərovaya

 

Oxudun “Qarabağ şikəstəsini”,

Ürəyim alışıb, yandı közünə.

Yağdırdım başına gül dəstəsini,

Döndü geniş salon Cıdır düzünə.

 

Mən bir uşaq oldum, sən də bır cavan,

Təzədən yaşadın xoşbəxt ömrünü.

Ordan Vaqif gəldi, burdan Natəvan,

Çatdı Qarabağın toy-bayram günü!

 

 

Uşaq və dəniz

 

Gün çıxır, od tutub yanır üfüqlər,

Dəniz də qızınır göyün odundan.

Qızıl balıq kimi qızıl şəfəqlər

Üzür ləpələrin göy qanadında.

 

Qızarmış oğlumun gül yanaqları,

Bu gözəl səhnədən o göz çəkməyir,

İstəyir yerisin sulara sarı,

Ləpə iməkləyir, o iməkləyir.

 

Xurmayı saçını dağıdır külək,

Qəlbinin inadı oxunur üzdən.

Bir istək aparır, onu bir istək:

Qızıl şəfəqləri alsın dənizdən.

 

Güclənir, hay salır bu an ləpələr,

Qoparmaq istəyir o, duran yeri.

Sahilə şir kimi cuman ləpələr,

Sahildən quzutək qayıdır geri.

 

Qıvrıla-qıvrıla cumur təzədən,

Tumbul əllərində sıxılıb qalır.

Elə bil yorulub mübarizədən,

Sular ayağına yıxılıb qalır.

 

 

Xəzər çimərliyində

 

Nədir ürəyimi burda incidən?

- Çimərlik qapqara, sahil natəmiz.

Xəzəri ayırmaq olmaz zəncidən.

Bu mavi dənizdir, ya Qara dəniz?

 

Hər ləkə qonanda sular qabarır,

Mazutlu div kimi pəncələşirik.

Zəncilər Bakıda gəlib ağarır,

Biz burda qaralıb zənciləşirik.