Elektron ədəbiyyat və sənət portalı

Vicdan cinayəti

Bölmə: Ədəbiyyat 29.07.2016

Nadin QORDİMER
(Cənubi Afrika Respublikası)

Təsadüf onları eyni vaxtda, məhkəmənin üçüncü günü qarşılaşdırmışdı. Hər ikisi Ali Məhkəmənin binasında pillələrlə aşağı enirdi. İclasın ilk günü qələbəlik vardı, çoxları məhkəməyə ona görə gəlmişdi ki, müttəhimlər kürsüsündəki bu qəribə adamları öz gözləri ilə görsünlər. Bu necə olur axı? Azadlığı təbliğ edən fikirlərə görə, hər şeydən vaz keçib həbsxananı seçəsən! Ertəsi gün gələnlərin sayı kəskin azaldı, yalnız hövsələsi çatanlar iclasın sonunadək qaldı.

O, jurnalistə, ya da hansısa əcnəbi ölkənin insan hüquqları üzrə müvəkkilinin köməkçisinə bənzəyirdi. Adətən, belə köməkçinin vəzifəsinə adı qara siyahıya düşmüş ölkələrdə siyasi proseslərin gedişinə “nəzarət” daxildir. Əynində qəribə tərzdə tikilmiş velvet kostyum vardı. Amma ağzını açıb danışmağa başlayan kimi bilinirdi ki, yerli adamdır. Bunu daha çox ləhcəsi, işlətdiyi sözlər büruzə verirdi: “Sadəcə, xəbərsizəm... Bu, hələ kinodur! Heç bir-iki saat keçməyib – elə bil məni yapışqanlı kağız rulona qoyub büküblər... nəsə anlaşılmaz bir şeydir...”

Qadın isə başqa aləm idi. Rəvan nitqi, mədəni davranışı ilə evdə tikilmiş ucuz paltarı vəhdət təşkil edib konkret bir obraz yaradırdı. Bu obraza yoqa mərkəzində, təbiəti mühafizə cəmiyyətində, dizayn studiyasında rast gələ bilməzdin. Dərhal görünürdü ki, qadın kasıbdır, itirməli heç nəyi yoxdur. Taxdığı yeganə zinət əşyası dəvəquşu yumurtasının xırda yumru qabıqlarından düzəldilmiş boyunbağı idi. Onu boynuna elə sıx dolamışdı ki, başını tərpədəndə damarları görünürdü. Söhbət əsnasında belə ifadələr işlədirdi: “Vəkillərin adi taktikasıdır, buna artıq əmin olmuşam... Məhkəmənin əvvəlində vəkillər bir-birini çaşdırmağa çalışır...”

Həftəsonu, nahar fasiləsində onlar birlikdə kofe içməyə getmişdilər. O, məhkəmə prosesi barədə bir neçə sadəlövh irad bildirdi, amma bunu elə dedi ki, sanki söylədiklərinə özü də inanırdı. İttiham tərəfi niyə o şahidləri çağırıb ki, onlar bilavasitə rejimi günahlandırır? Deyirlər ki, rejim onların ruhunu, əzmini ayaqlar altına atır, əl-qol açmağa, azad nəfəs almağa imkan vermir. Bəyəm, belə deməklə onlar müdafiə tərəfinin dəyirmanına su tökmür? Axı, söhbət vicdan cinayətindən gedir.

Qadın xovlu xalçaya bənzər sıx saçları olan başını buladı.

- Nəticə çıxarmağa tələsməyin. Bununla inam qazanmaq istəyirlər. Yəni, bizi müttəhimin taleyi maraqlandırır, onun niyə belə dediyini, bu əməlləri niyə törətdiyini başa düşürük. Müdafiə tərəfi isə bütün bunları inkar edir. Hər şey göz qabağındadır.

- İndi, hə. – O, qımışdı, elə bil özü özünə gülürdü, - Səfərdən əvvəl, siyasətlə... daha doğrusu, fəal siyasətlə maraqlanmırdım. Amma qayıdandan sonra...

Qadın söz atdı:

- Səfər uzun çəkdi?

- Təxminən beş il. Əvvəl reklam işi... Sonra kompüterlər... – cümlələr arasındakı pauzalar onun bu sahələrə sönük marağını nümayiş etdirməli idi. - Qəflətən, iki il əvvəl, ev üçün burnumun ucu göynədi, niyəsini bilmirəm. Elə burda da eyni işi görürəm – bu il universitetin nəzdindəki biznes məktəbini bitirmişəm, indi-indi anlamağa başlayıram ki...deyəsən, bu, “bəzi məsələlər”ə aiddir...

Qadının qaşları dartılmışdı, ağzı da açıq qalmışdı. Bu, o demək idi ki, müsahibini diqqətlə dinləyir. Kişi sözünə davam etdi:

- Başa düşürəm ki, dediklərim inandırıcı görünmür. Amma siz, hadisələrin seyrçisinə bənzəmirsiz...

Qadın arıq, uzun əllərini kofe içdikləri stolun üstündə qoymaq üçün yer tapmırdı.

- Niyə belə düşünürsüz?

- Dərhal görünür ki, bu işdə hamıya dərs verərsiz... Yoxsa... hüquq elmini öyrənirsiz?

- Mən? Yox... – Qadın qəhvədən bir-iki qurtum içdi, onun şübhələrini dağıtmağa çalışdı. - Qiyabi institutda işləyirəm.

- Təhsil alırsız?

- Təhsil verirəm. Ömrümdə görmədiyim adamlara.

- Qəribədir. Məncə, siz canlı ünsiyyəti sevən adama bənzəyirsiz.

Bayaqdan qadının nəzakət xatirinə göstərdiyi maraq daha isti münasibətlə əvəz olundu, bu səbəbdən də soruşdu:

- Deməli, Londonda çatışmayan elə bu imiş? Canlı ünsiyyət?

Həmin gün o, özünü təqdim etdi: Derek Feltermen. Bu, əsl adı idi. O, həqiqətən, ömrünün beş ilini Londonda yaşamışdı, əvvəlcə reklam şirkətində, sonra isə kollecdə proqram təminatını öyrənmişdi. Elə o zaman da səfirliyin işçisi tərəfindən xüsusi xidmət orqanı ilə əməkdaşlığa cəlb olunmuşdu. Səfirliyin həmin əməkdaşı diplomat adı altında işləyən casus idi.

Allah bilir, onlar casusluğa namizədləri hansı meyarlarla seçirlər. Bu informasiya çox gizlidir. Əgər sizdə bu sahəyə cüzi həvəs və bacarıq varsa, onu ətrafdakılardan, hətta özünüzdən də gizlətməyə çalışsanız belə, casusluğa yararlığınız orqan əməkdaşının gözündən qaçmayacaq.

Onu casus kimi mühacirlərin arasına göndərmədilər: yeni casus “ləkələnməməli” və Vətənə qayıdıb sahil kənarında yerləşən sakit şəhərdə, daha doğrusu, universitet şəhərciyində kök salmalı idi. Sonra onu şimala, ölkənin mədən sənayesi mərkəzinə yolladılar. Burda kommersiya şirkətlərindən birində işə düzəlməli, yeni əməkdaş kimi əlaqələr qurmalı idi. Rəhbərliyi ən adi məlumatlar da maraqlandırırdı. Ona görə də, yeni əməkdaş mədəniyyət mərkəzinin iclaslarına gedir, piketçilərlə söhbət edir, siyasi məhkəmələr zamanı zalda əyləşənlərlə ünsiyyət qururdu. O, ətrafdakı adamları özünə cəlb edib, şirin söhbət aparmağı bacarırdı. Rəhbərlik məhz bu cəhətinə görə onu seçmişdi və yeni casusa böyük ümid bəsləyirdi. Bir üstünlüyü də vardı: bənzərsiz təbəssümü, qonur gözlərinin parıltısı ilə qadınları ovsunlaya bilirdi.

Qadın əvvəlcə onu zərif cinsin nümayəndəsi kimi maraqlandırmışdı, amma polis idarəsində saxlanılan qovluqdakı sənədlərə baxanda gördü ki, qadın ev dustaqlığında olan rəfiqəsinə gizlincə baş çəkib və buna görə də üç ay həbsdə olub. O, bildirdi ki, adı Elidir: Elison Ceyn Ross.

Felterman şənbə günü axşam onu teatra dəvət eləmişdi. Amma qadın həmin gün evdən-evə köçməyə hazırlaşırdı. Hətta utana-utana soruşmuşdu ki, bəlkə, könlündən ona kömək etmək keçir? O, danışdıqları vaxtda gəldi. Qadın ən yaxın dostlarını ona təqdim etdi. Dostlar da əliboş gəlməmişdi: biri köhnə yedəkli motosikletlə, digəri ressorları olmayan avtofurqonla gələrək, restorandan hazır yeməklər almışdılar. Köç qayğıları sözün əsl mənasında zəhlətökəndir, bu qayğıları yüngülləşdirmək üçün müsbət enerjiyə, şən əhvali-ruhiyyəyə böyük ehtiyac var. Dostlar da məhz bu “sovqatla” gəlmişdi və ona görə də çoxmənzilli binadan kiçik kottecə köçmək su içmək qədər asan oldu. Kottecin bağçasında qoca palma ucalırdı, külək qurumuş şaxlarını oynatdıqca, səsi ətrafa yayılırdı.

Bir ay sonra onlar elə bu nağılabənzər ağacın altında ilk dəfə bir-birlərinə sarıldılar. Məhəbbət dünyasının sevgi cığırında yalnız ikisi əl-ələ tutub yanaşı gedə bilərdi - başqasına burda yer yox idi. Aralarında məhəbbət günəşi doğmağa başlayanda, hələ intim münasibətdən əvvəl, qadın öz keçmişini onun qarşısına süfrə kimi sərmişdi. O, hətta üç ay həbsdə yatmağından da danışmışdı. Amma ucundan-qulağından - məsələn, məhbusların dezinfeksiya edilmiş yataq ağlarından gələn dərman iyi, yaxud həbsxana nəzarətçisinin pişiyindən. Sən demə, bu pişik də öz sahibi ilə birlikdə kameralara baş çəkirmiş. Qadın ondan keçmiş sevgililəri barədə bir kəlmə də soruşmurdu, amma o özü ara-sıra ötən illərə baş vurub həyatındakı qadınlardan danışırdı. Günlərin birində, əlverişli məqamda, qadın heç sıxılmadan, küskünlüyünü bildirmədən başına gələn daha bir əhvalatı söylədi: üç il bir kişi ilə sevişib, sonra həmin adam öz arvadının yanına qayıdıb, o isə bir il sərasər tək-tənha, kişisiz ötüşüb. Amma son vaxtlar şeytanın qıçını qırıb, bir-iki nəfərlə ötəri münasibəti olub.

- Bəzən köhnə dost qəfildən sənin ən yaxın adamına çevrilir, elə bil onu yenidən kəşf edirsən. Amma bir səhər oyanıb görürsən ki, yanılmısan, heç nə dəyişməyib, o, elə əvvəlki adamdır.

- Dostlara böyük önəm verirsən, hə? Demək istəyirəm ki, hamımızın dostu var, amma sən... Onlara görə canından keçməyə hazırsan. Düz demirəm?

O, alnını örtən buruq tellərini yana elədi, üzündəki çillər həbsxanada keçirdiyi üç ayın xatirələri kimi al yanaqlarında əriyib itdi.

- Onlar da mənim üçün canlarını qurban verməyə hazırdırlar.

- Mən deyərdim ki, bu, dostluq yox, qardaşlıqdır. Yəni əsl sərvətdir.

Qadına elə gəldi ki, qarşısındakı adam pəncərədən həyətdəki uşaqların top qovmasını hərisliklə izləyən balaca oğlana bənzəyir. Əyilib onun gözündən öpdü. Əvvəllər heç vaxt belə öpməmişdi: növbə ilə, hər iki gözündən.

Qadın kişiyə görə bütün dostlarından uzaqlaşmışdı. Kişi bu dostların cərgəsində xüsusi yer tutmaq istəyərdi, amma adətən, başlanğıcda sevgililər hamıdan uzaq durmağa can atır. Təbii ki, bu ənənəni pozmaq düzgün olmazdı. Görünür, Feltermen özünə yaxın dostlar qazanmağa macal tapmamışdı: ömrünün beş ilini xaricdə, sonra isə iki il sahil kənarındakı kiçik şəhərdə yaşamışdı.

O, elə əyləncələr təşkil edirdi ki, qadın bunları yalnız uşaqlıqda görmüşdü: su xizəyi sürmək, qayaya dırmanmaq, xalq teatrının tamaşalarına getmək. Qadın isə bu əyləncələr zamanı ona sanki mədəniyyət öyrədirdi, özü də bunu təmənnasız, pafoslu sözlər demədən edirdi.

Qadın diskotekaya getməyi xoşlamırdı, amma bir dəfə kişiyə belə bir şans düşdü: qadının ağ və qaradərili dostları ilə tanış oldu. Bundan sonra kişi onu özü ilə diskotekaya apara bilərdi. Qadın elə gözəl rəqs edirdi ki! Qaradərili dostları ona musiqinin ritmini duymağı, bədəni ritmə uyğun hərəkət etdirməyi öyrətmişdilər. İlahi, rəqs zamanı qadın necə də çılğın, füsunkar görünürdü.

Kişi onun rəqsini masa arxasından qalxmadan, kokteyl içə-içə izləyirdi. Qadın arabir onun masasına yaxınlaşır, əlindəki sinidə içki və qəlyanaltı gətirirdi, gözləri də gəl-gəl deyirdi. Bir neçə aydan sonra kişi onun dostlarla münasibətindəki incəlikləri saf-çürük etməyi öyrəndi. Məsələn, eləsi vardı ki, qanuna görə, qadın onunla ünsiyyət qura bilməzdi: üç ay həbsxanada yatmasına səbəb olmuş qadının adı bu siyahıda birinci idi.

Amma getdikcə ürəklənirdi və sevgilisi üçün hərdən az da olsa, təhlükəli sayıla biləcək məqamlar yaradırdı. Özü də kənardan baxıb onun “bəzi məsələlər”ə marağının dərəcəsini müəyyən etmək istəyirdi: doğrudanmı onun Vətənə dönməsində həmin bu “bəzi məsələlər” əsas rol oynayıb?

Qadından, hətta bir gecəlik belə ayrılmaq, onun üçün getdikcə çətinləşirdi. Külək həmişəki kimi qoca palmanı əsdirir, kişi də ətrafa yayılan bu səs-küyün altında görüş yerini tərk edirdi. Onun evi iş otağına çevrilmişdi, burdakı əşyaların heç birindən istifadə etmirdi. Lazım olan şey yalnız stul və üzərini toz basmış masadakı yazı makinası idi. Raportları burda yazırdı. Bəs harada yazsın, kottecdə?

Qadın əvvəlkindən fərqli olaraq, indi daha tez-tez həbsxana həyatından söz açırdı, belə söhbətlər üçün bəhanəni də özü tapırdı. O, qaranlıq otaqda kişinin ağuşuna girmişdi. Burda onu güdmürdülər, dinləmə cihazları ilə söhbətlərinə qulaq asmırdılar, bununla belə əsas məsələni – həbsinin səbəbini açıb söyləməyə cürət etmirdi. Elə bil acgözlüklə gözləyirdi ki, kişi parolu söyləsin.

Parol – kişi onu bilmirdi. Bu şərti siqnalı ona deməmişdilər.

Nəhayət, ağlına gəldi və parolu özü tapdı:

- Məni qoyublar ki, səni güdüm.

Qadının qorxudan gözləri bərəldi, sifəti ölüm təhlükəsi ilə üzləşmiş, yumurlanıb hələ tikanlarını çıxarmağa macal tapmamış kirpinin üzünə bənzədi. Amma bir göz qırpımında hər şey dəyişdi və sifətinin ifadəsi əvvəlki halına döndü. Kişi başına silah dirənmiş adam kimi üzünü çevirdiyindən bunları sezmədi.

Qadın çarpayı boyunca sürünərək ona çatdı, kişinin başını əlləri arasına alıb sinəsinə sıxdı.

Tərcümə etdi: Fərhad FATEH