Elektron ədəbiyyat və sənət portalı

“Əgər millətin də ruhu varsa, bu, şübhəsiz, onun musiqisidir”

Bölmə: Müsahibə 15.09.2015

– Azərbaycan Milli Konservatoriyasının təsis olunmasından 15 il keçir. Bu günlərdə istifadəyə verilən yeni inzibati binanı Konservatoriyanın 15 illiyinə və ümumiyyətlə, musiqimizə töhfə kimi də qiymətləndirmək olar. Maraqlıdır, yeni binada tələbələri nə kimi yeniliklər gözləyir?

– Tamamilə doğru qeyd etdiniz, bu bina Azərbaycan milli musiqisinə, tələbələrimizə, təhsilimizə dövlət tərəfindən verilən böyük bir ərməğan, hədiyyədir. Bunun ən böyük göstəricisi də yeni inzibati-tədris kompleksinin açılışında ölkə Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın şəxsən iştirak etməsi oldu. Açılış zamanı bu binanın Azərbaycan musiqisinin, musiqi təhsilinin inkişafında çox mühüm rol oynayacağı barədə fikirlər səsləndirildi. Çünki bu binada imkanlar daha çoxdur. Çünki Azərbaycan milli musiqisində hələ xeyli həll olunmamış məsələlər, problemlər qalır. Bu problemlər yeni ixtisaslarla, musiqinin yeni istiqamətlərinin öyrənilməsi, tədqiqatı və təbliğatı ilə çözülə bilər. Çözümlə bağlı bütün məsələlər də bu binada tədricən həyata keçiriləcək. Həm emalatxanalar, həm təhsil prosesləri, konsert-yaradıcılıq işləri, xarici kontingentin işə cəlb olunması, bizim musiqiçilərin xaricə ezam olunması, musiqimizin təbliği kimi önəmli məsələlər yeni binada icra olunur və olunacaq. İndiyə qədər Milli Konservatoriyanın inzibati-tədris binası olmadığına görə qəbul planı məhdud sayda aparılırdı. Yerimiz olmadığı üçün qəbul planımız hər il 50-60 nəfər təşkil edirdi. Bundan artıq tələbə qəbul edə bilmirdik, şərait imkan vermirdi. Hazırda dörd yüzdən çox tələbəmiz var, ilbəil qəbul planını artıracağıq. Yaxın gələcəkdə cənab Prezidentin qeyd etdiyi kimi burada min nəfərə qədər tələbənin təhsil alması mümkün olacaq.

 

– Təlim və tədris prosesindən danışdıq. Bu məqamda sizin muğamın orta məktəb dərsliklərinə salınması və düzgün təbliğ olunması barədə təklifinizi xatırlatmaq istərdim. Təklifiniz bu gün nə dərəcədə aktualdır?

– Hesab edirəm ki, hər bir azərbaycanlı öz tarixini, ədəbiyyatını öyrənməklə yanaşı mədəniyyətini, mədəniyyət tarixini də bilməlidir. Azərbaycan mədəniyyətinin nə qədər çoxşaxəli, genişmiqyaslı olduğunu nəzərə alsaq, öyrəniləcək materiallar da çoxdur. Milli mədəniyyətimizin tərkib hissəsi - bəşəri bir musiqi olan muğam bu mənada orta məktəblərdə tədris olunmalıdır. Mən demirəm, muğamın bütün dərinlikləri öyrədilməlidir, heç olmasa informatik bilgilər şagirdlərə çatdırılsa heç də pis olmaz. Bizdə matəm günlərində çox zaman muğam səslənir. Gənclərdə belə bir fikir formalaşır ki, muğam matəm musiqisidir, onlar elə düşünürlər ki, muğam dini musiqidir və hüzr zamanı belə ifalar səslənməlidir. Amma gənclərimiz bilməlidir ki, dini mədəniyyətin öz musiqisi var. Əlbəttə, gənclərimiz muğam mədəniyyətini digər janrlardan ayırmağı bacarmalıdır. Muğam insanın daxili mədəniyyətinin formalaşmasında da mühüm rol oynayır.

Yaxşı olar ki, ümumiyyətlə, məktəblərdə bir neçə tədris ilini əhatə edəcək musiqi dərsi keçirilsin. Niyə idman, rəsm keçilir, qoy şagirdlər musiqini də əhatəli öyrənsinlər. Axı hər bir azərbaycanlı öz milli mədəniyyətini bilməlidir. Söhbət ondan getmir ki, o, sabah böyük musiqiçi və ya ifaçı olacaq. Həyatının müəyyən mərhələsində bu biliklər onun köməyinə çata bilər, hər halda notları tanımaq pis olmaz. Tək nəğmə dərsi ilə kifayətlənmək olmaz, musiqi tariximiz haqda faktlar mütəmadi tədris olunmalı, yeni nəslə çatdırılmalıdır. Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov kimi görkəmli şəxsiyyətləri unutmaq olmaz. Bu gün bir azərbaycanlı, bir millət kimi bütün sferalarda bizə - azərbaycançılığa aid məlumatları mənimsəməliyik.

 

– “Rafiq Babayev mövzudan improzivəyə” kitabında 1950-60-cı illər Bakısında cazın populyarlığı, ciddi musiqiyə kütləvi maraq barədə onlarla maraqlı fakt var. Sonralar siz özünüz də bu axına qoşuldunuz və caz öz populyarlığını 1990-cı illərə qədər qoruyub saxladı. Təəssüf ki, bu gün paytaxtda belə elitar musiqi dinləyənlərin sayı olduqca azdır. Sizcə, dəyişən nədir – zaman, paytaxt, yoxsa insanlar?

– Bu gün texnologiyalar yüksək səviyyədə inkişaf edib, sözün əsl mənasında informasiya bolluğu yaşanır. İstənilən halda, demək olmaz ki, musiqimiz geriləyib, hər şey qaydasındadır, inkişaf meyilləri həmişə var və olacaq. Sadəcə informasiya həddən artıq çoxdur deyə insanların maraqları bir nöqtədə cəmlənə bilmir. Birinin al xoşuna gəlir, digərinin şal. Zövqlər müxtəlifdir.

Əlbəttə, əgər elitar, peşəkar musiqiyə marağın artmasını istəyiriksə biz bu musiqini daha peşəkar və yüksək səviyyədə çatdırmağı bacarmalıyıq. Çatdıra bilmiriksə, bu zaman insanlar internet və digər informasiya mənbələri vasitəsi ilə daha keyfiyyətsiz musiqilər dinləyəcək, başqa istiqamətlər seçəcəklər. Cəmiyyətdə ciddi musiqinin dinləyici problemi varsa, günah peşəkarlardadır. Söhbət bizdən gedir, deməli, keyfiyyətli musiqini lazımi səviyyədə çatdıra bilmirik. Əgər mən istəyirəmsə ki, siz başqa musiqiyə yox, məhz mən istədiyim musiqiyə qulas asasınız, sizdə maraq oyatmalı və öz dinləyicimə çevirməliyəm.

 

– Səyavuş müəllim, bu əlaqədə mətbuat nə dərəcədə rol oynayır? Kütləvi informasiya vasitələrinin bu istiqamətdə gördüyü işlər sizi qane edirmi?

– İnformasiya vasitələrinin təbliğat işində çox böyük köməyi dəyə bilər. Təəssüflər olsun ki, bu gün hər bir televiziya və informasiya vasitələrinin rəhbəri Azərbaycan mədəniyyətini özü qavradığı səviyyədə təbliğ edir və tamaşaçıya bunu aşılamaq istəyir.

Məsələn, Novruz bayramında, əlamətdar günlərdə bölgələrdə bayram konsertləri keçirilir və bu konsertləri yerli icra orqanları təşkil edir. Hər icra hakimiyyəti də bu konsertləri öz zövqünə uyğun reallaşdırır. Sevdiyi ifaçıları çağırır və bir də görürsən ki, bir müğənni eyni vaxtda beş konsertdə çıxış  edir.

Yəni biz o qədər mədəniyyətdən kasıb xalqıq ki, təqdim etməyə nümunəmiz olmasın? Ancaq bir musiqi istiqamətinin nümayəndələrinin ümidinə qalaq və onları təbliğ edək? Niyə o konsertlərdə ciddi, simfonik musiqi səsləndirilmir, balet nümayiş olunmur? Başa düşürəm, bəlkə də rayon yerində bunu normal qarşılamazlar. Ancaq Sovet dövründə məhsul bayramları keçirilirdi, bu bayramlarda təbliğat maşını işləyirdi. Opera da, səslənirdi, muğam da, balet də nümayiş olunurdu. Bu konsertlər kənd zəhmetkeşlərinin mədəni səviyyəsinin yüksəlməsinə xidmət edirdi. Düşünürəm ki, Azərbaycanda dövlətin ideologiyasına xidmət edən və onun himayəsi altında fəaliyyət göstərən ümumi bir mərkəz olsaydı çox gözəl olardı. Bütün sadaladığım məsələlər məhz bu mərkəz vasitəsi ilə idarə olunardı.

Milli Konservatoriyanın müəllim və tələbə heyəti bu gün ölkədə baş verən mədəni hadisələrin ən fəal iştirakçılarıdır. Təhsil ocağında ölkənin bir çox tanınan simaları toplaşıb. Onlar nəinki ölkə daxilində, ölkə sərhədlərindən kənarda da milli musiqimizi yüksək səviyyədə təbliğ edirlər. Mətbuat, informasiya portalları bu təbliğat işində bizə dayaq olmalıdır, çünki bizim buna həqiqətən ehtiyacımız var. Çox istərdim ki, televiziya və mətbuat orqanları keyfiyyətli ifaçı və musiqilərin təbliği ilə məşğul olsunlar.

 

– Bu gün Azərbaycanda bir çox beynəlxalq musiqi festivalları keçirilir, xaricdən gələn musiqi qrupları yerli musiqiçilərlə müştərək layihələr hazırlayır. Hələ 1990-cı ilin ortalarında Norveç xoru, Cənubi Afrika musiqiçiləri ilə həyata keçirdiyiniz layihələr olduqca uğurlu alınmışdı. Bir peşəkar kimi sizin müşahidələrinizi bilmək maraqlı olardı. Əcnəbi musiqiçi və dinləyiciləri Azərbaycan musiqisində ən çox cəlb edən nüanslar hansılardır?

– 1995-ci ildə Norveç və Azərbaycan vokalçıları ortaq bir layihəyə imza atdılar. Həmin layihəyə mən də musiqiçi, aranjimançı kimi dəvət olunmuşdum. Bu, Avropada çox populyar bir layihəyə çevrildi, Türkiyədə, xüsusilə sevildi. Ancaq müəyyən səbəblərə görə Azərbaycanda yalnız məhdud musiqi dairələrində tanındı. 2002-ci ildə Cənubi Amerika və Azərbaycan musiqiçiləri ilə birgə müştərək “Salam hola” beynəlxalq layihəsini də uğurla həyata keçirmişik. Bu yaxınlarda isə Türkiyənin cənubunda-Suriya sərhədində yaşayan süryani xalqının milli musiqisi ilə bağlı Norveçlə birgə həyata keçirilən beynəlxalq musiqi layihəsinə dəvət olunmuşam.

Müşahidələrimə əsasən onu deyə bilərəm ki, Azərbaycan musiqisinin gözəlliyi, təkrarsızlığı, məftun etmək qüdrəti barədə saysız-hesabsız fikirlər eşitmişəm. Avropanın müxtəlif yerlərində gözəl rəylər səslənib. Azərbaycan musiqisi Şərq musiqisidir, bizdə Şərq intonasiyası güclüdür. Əlbəttə, Şərq həmişə dünyada öz incəliyi, naxışları və nağılvarı bəzək əşyaları ilə maraq doğurub. Azərbaycan musiqisi Şərq musiqisinin zirvəsində dayanır.

Mən digər xalqların musiqilərini də sevirəm və böyük dəyər verirəm. Bu məsələdə bir azərbaycanlı kimi yox, bir peşəkar kimi deyə bilərəm ki, dünyada beş zəngin musiqi varsa, onlardan biri Azərbaycan musiqisidir. Dünayda gözəl musiqi mədəniyyətləri çoxdur, bütün dünya xalqlarının musiqisi gözəldir, sadəcə hansınısa başa düşürük, hansınısa yox. Başa düşdüyümüzə də gözəl deyirik.

Bu gün Azərbaycan musiqisinin dünyada təbliğatı yüksək səviyyədə həyata keçirilir. Heydər Əliyev Fondunun uğurlu siyasətinin nəticəsidir ki, istər okeanın o tayında, istər Avropada keçirilən silsilə konsertlər zamanı əcnəbi dinləyicilər öz məftunluqlarını bildirir, mədəniyyətimizə heyran olduqlarını deyirlər. Sadaladığım işlər Azərbaycanı və azərbaycançılığı tanımaq və tanıtmaq istiqamətində kifayət qədər böyük işdir. Bu gün beynəlxalq müstəvidə Azərbaycan mədəniyyətinə qarşı olan bəzi təcavüzlər və haqsızlıqların qarşısını yalnız təbliğatla almaq mümkündür. Əgər millətin də ruhu varsa, bu, şübhəsiz onun musiqisidir. Mədəniyyətə o zaman təcavüz olunur ki, pis qorunur. Milli musiqimizi, incəsənətimizi topla-tüfənglə qoruya bilmərik, bunun üçün onu sadəcə dünyaya layiqincə təqdim etməliyik.

 

– Müasir musiqi elementləri ilə işlədiyiniz “Dilbərim” kompozisiyası bu gün də dinləyicilərin yadındadır. Sosial şəbəkələrdə, musiqi portallarında tez-tez xalq musiqilərinin toxunulmaz olduğu barədə fikirlər səslənir…

– Bu cür fikirlər səsləndirmək Azərbaycan musiqisinə mane olmaq deməkdir. Unutmayaq ki, böyük Üzeyir Hacıbəyov Azərbaycan muğamının tədrisinin notla keçirilməsinin qəti əleyhinə olub. Onun bu uzaqgörən fikri sayəsində muğam mədəniyyəti bu qədər inkişaf edib. Başqa ölkələr muğamı notla öyrənir, necə varsa elə də təkrarlayırlar. Bizdə isə bu musiqi şifahi şəkildə öyrənilir, nəsildən-nəslə ötürülür, hər ifaçı muğama öz nəfəsini gətirir. Azərbaycanda keçirilən muğam müsabiqəsi və festivalı dünyada tanınır və qəbul olunur. Azərbaycan muğam paytaxtı adlandırılır.

Bu gün dünyada musiqinin müxtəlif istiqamətləri və janrları var. Razıyam, biz Azərbaycan xalq mahnılarını öz klassik formasında qoruyub saxlamalıyıq. Ancaq bu mahnıları dünyaya çatdırmaq üçün yeni janrlardan, istiqamətlərdən faydalanmalıyıq. Əlbəttə, uğurlu layihələr kimi uğursuz layihələr də var. Bilirsiniz, yaradıcılıq davamlı prosesdir, burada uzunömürlülük də var, ömürsüzlük də.

Musiqilər yenidən işlənməlidir. Bu mənada, mənim anlamımda ən böyük aranjimançı Üzeyir Hacıbəyovdur. Simfonik muğamları ilə Fikrət Əmirov da onun davamçısıdır. Aranjimançılıq sadəcə kompüter arxasında oturub, texnologiyalardan yararlanmaq demək deyil. Üzeyir bəyin, Fikrət Əmirovun, Tofiq Quliyevin zamanında kompüter yox idi. Onlar Azərbaycan milli musiqisini, onun ənənələrini inkişaf etdirib, yenilərini yaradırdılar.

Aranjimançılar bütün dünyada çox yüksək qiymətləndirilir, kifayət qədər yaxşı qonorar alırlar. Təəssüf ki, ölkəmizdə bu sənət lazımi qiymətini almayıb. Bu da, yəqin ki, bu peşənin sahiblərinin günahıdır. Əgər xörək pis bişibsə, günah aşpazdadır, kartofu, soğanı becərən kəndlini, yaxud ərzaq istehsal edən sahibkarı qınamaq olmaz.

 

– Bildiyim qədəri ilə, musiqiyə gəlişiniz atanızın istəyi ilə baş tutub. Oğlunuz Emin Kərimi də gənc və istedadlı bəstəkarlardan biridir. Sizcə, musiqi zövqü ailədə formalaşır yoxsa bu da irsi məsələdir?

– Atam Əşrəf kişi neftçi idi, musiqini çox sevirdi. Babamın da musiqiyə həvəsi vardı. Onlar İranda yaşayıblar. Atam Quranı çox yaxşı oxuyurdu. Gözəl səsi olduğuna görə məhərrəmlik vaxtı hər bir mahal, kənd çox istəyirmiş ki, atam orada oxusun. O zaman bunun üçün çox pul verirmişlər. Söhbət 1920-30-cu illərdən gedir. Atam demokrat olduğu üçün sonra Bakıya gəlib. Gəncədə anamla tanış olub. Mən Bakıda dünyaya gəlmişəm. Atam neft sənayesində təhlükəsizlik işlərinin aparılması üzrə çox nüfuzlu, tanınmış mütəxəssis olub.

Musiqiçi olmağımın əsas səbəbkarı atamdır. Hardasa, 1960-61-ci illər idi. Nə bilirdim tar nədi, kamança nədi? Atam musiqi istedadımın olduğunu duyub, məni musiqi məktəbinə imtahana apardı. Qabiliyyətimi yoxladılar, dedilər ki, bu uşaq qəbul oluna bilər. Məni tar sinfinə götürdülər. O vaxt gördüyüm və həsəd apardığım musiqiçilərin əksəriyyəti ilə indi birgə çalışırıq. Atam məni məcbur eləyirdi ki, çaldığını oxu. Özü oxuyanda onu müşayiət eləməyimi istəyirdi. Muğam dinləyəndə, atamın söylədiyi tanış qəzəlləri eşidəndə o zamana qayıdıram, kövrəlirəm. O vaxt Bülbül adına orta ixtisas musiqi məktəbi vardı, indiki Bakı Musiqi Akademiyasının binasında yerləşirdi. Atam məni məktəbin direktoru Nazim Əliverdibəyovun yanına apardı, direktor mənə qulaq asdı və məktəbə qəbul etdi. Həmin məktəbdə mən o vaxt televiziyada gördüyüm bir çox tanınmış sənətkarlarla rastlaşdım. Müəllimim Əhsən Dadaşov mənə musiqini daha da sevdirdi. Onun sənəti ilə yanaşı, şəxsiyyəti də tələbələrin musiqiyə daha çox bağlanmasına səbəb olurdu. İlk musiqi əsərlərimi məktəb vaxtında yazmışam. Amma onları üzə çıxarmağa utanırdım. Bəlkə də düşünürdüm ki, kiminsə xoşuna gəlməyə bilər.

Musiqi seçimim atamın sayəsində baş tutsa da, musiqi zövqümü ətrafım, mühit formalaşdırıb. Mənim atam ancaq muğamı sevib, evdə İran musiqisi ilə böyümüşəm. Əslən İrandan olduğu üçün evimizdə İran radiosu səslənib. İran musiqisini yaxşı bilirdim, çalırdım, hətta oxuyurdum da. Buna baxmayaraq, musiqinin digər istiqamətlərinə də üz tutdum. Bu da əhatədən irəli gəlirdi. Səni əhatə edən insanlar, böyüdüyün küçə, təhsil aldğın yer, hamısı zövqünün formalaşmasında müəyyən rol oynayır. Bu mənada oğlumun böyüyüb boya-başa çatdığı ailə musiqi ilə sıx bağlı olub.

Emin gözünü açandan Rafiq Babayevi, Mübariz Tağıyevi, Emin Sabitoğlunu görüb, səhərdən-axşama qədər musiqinin içində olub.

Müxtəlif musiqi janrlarına müraciət yaşla dəyişən proses deyil. Bu daha çox maraqla əlaqəlidir. Mən özümü təkcə rok, caz deyil, bir çox janrlarda, sınamışam. Heç vaxt da nəyəsə nail olduğumu düşünməmişəm. Sadəcə arxaya baxmadan getmişəm, çünki bu, mənim üçün maraqlı olub.

 

– Yuxarıda sadaladığımız janrlar - estrada, caz, rok, milli musiqidən hansını özünüzə daha yaxın hiss edirsiniz?

– Bütün üslublar, istiqamətlər mənə yaxındır. Çünki mən bütün istiqamətlərdə çalışmışam və hamısı da öz istəyimlə baş tutub. Ona görə hər bir istiqamət mənim üçün doğmadır. İstər klassik olsun, istər estrada, istər caz, istər rok, istərsə də milli.

 

– Bu gün sənətə gələn gənclər qısa müddətdən sonra ciddi musiqidən uzaqlaşır, repertuarları toy mahnıları ilə “zənginləşir”. Bu tendensiya onları təhsildən də yayındırır, asan qazanc yolu kimi toylara üz tuturlar...

–  Əgər hansısa gənc, tanınmış insan olmaq fikrindədirsə, iki daşın arasında da olsa, təhsil alacaq. Əgər oxumağa biznes qurmaq üçün gəlibsə, təbii ki, təhsil almayacaq. Deyəcək, mənə lazım olan toydur. Mən başa düşürəm ki, bu gün çoxları oxumaq istəyir. Bəli, oxumaq pis iş deyil. Oxu, amma evdə xörək bişirəndə, təmizlik işi aparanda, yorulanda oxu, daha efirdə, milyonların qarşısında yox. Yəqin, zaman gələcək, bu məsələ də həllini tapacaq.

Mədəniyyət deyəndə ağlınıza ancaq Mədəniyyət və Turizm Nazirliyi gəlməsin. Bayaq dediyim kimi mədəniyyəti ələ tüfəng alıb qorumurlar. Bir tək yolumuz var: özümüz özümüzü yönləndirməliyik. Bütün bunları qorumaq üçün birinci millətin qan yaddaşı möhkəmlənməlidir. Hər şey milli mənafe naminə olmalıdır.

 

– Səyavuş müəllim, yeni yaradıcılıq planlarınız haqda da danışmaq istərdik. Məlumdur ki, bir çox beynəlxalq musiqi layihələrinin müəllifisiniz. Hazırda bu istiqamətdə nə yeniliklər var?

–  Bilirsiniz ki, mənim fəaliyyətim musiqi təhsili ilə bağlıdır. Bu təhsilin bəhrəsini görmək üçün zamana ehtiyac var. Hesab edirəm ki, çalışdığım pedaqoji fəaliyyət sahəsi də bir layihədir. Bunun yaxşı musiqiçilərin ərsəyə gəlməsi, onları düzgün istiqamətləndirmək baxımından çox önəmli bir layihə olduğunu düşünürəm. Buna baxmayaraq, əlbəttə ki, öz yaradıcılığım haqqında da düşünürəm. Hazırda sifarişlər var və bu işlərə vaxt ayırmağa çalışıram. Bu, həm teatr, həm film musiqisi, həm də ayrı-ayrı musiqi parçalarıdır.

Bütün bunlar hələ ki, iş prosesindədir. Bu işləri görüb başa çatdırandan sonra ətraflı məlumat verəcəyəm.yla ƏLİYEVA