Elektron ədəbiyyat və sənət portalı

Əlvida...

Bölmə: Ədəbiyyat 15.07.2016

Co QORES
(ABŞ)

Maşından düşüb Minnesotun buz kimi havasını ciyərlərimə çəkdim. Dünən maşınla İllinoys ştatından, Sprinqfilddən Çikaqoya, oradan da başqa avtomobillə bura gəlib çıxmışdım. Köhnə avtovağzalın vitrin şüşəsində öz əksimə - hündür, arıq, solğunbənizli, boyuna görə qısa plaş geymiş adama baxdım. Şüşədə başqa birini də gördüm – polis formasında idi, - tüküm ürpəndi. Doğrudanmı onlar mənim avtomobil qəzasında ölmədiyimi bilirlər? Polis, arxasında çarpazladığı əllərinin barmaqlarını oynada-oynada çevrilib getdi, dərin bir nəfəs aldım. Taksi dayanacağındakı maşına yaxınlaşıb, açıq pəncərədən sürücüdən soruşdum:

- Millerlərin mülkünə necə gedə bilərəm? Şəhərin qərb hissəsində olmalıdı.

- Tanıyıram. Beş dollara apararam.

- Oldu. Gedək.

İki gün əvvəl İndiana ştatının federal türməsindən qaçmışdım. Meşənin və təpələrin sayəsində təqibdən canımı qurtara bilmişdim. Mən yemək qalıqlarını donuz fermasına aparan yük maşınının yük yerində plastik torbanın içində gizlənərək türmə qapılarından adlaya bilmişdim. Sonra yük maşınından tullandım, özümü qamışlığa vurdum, ştatın sərhədini keçdim, İllinoysa qaçdım.

Sürücü maşını döngədə saxlayıb tərəddüdlə dedi:

- Burdan o tərəfə getməyə icazəm yoxdu. Risk edə bilərəm, amma sonra şikayət edilsə....

- Risk eləməyə ehtiyac yoxdu, piyada gedərəm, - dedim və düşdüm.

Qapıya yaxınlaşıb zəngin düyməsini basdım. Qapını gəlinimiz Edvina açdı, Rodun arvadı. Məndən cəmi üç yaş kiçik olsa da, artıq korset taxırdı.

- Aman Allah, Kris! Mən....

Sözünü bitirməyə imkan verməyib əlimlə ağzını yumdum:

- Anam yazmışdı ki, evin sahibi ağır xəstədi.

Hə, anam, doğrudan da, mənə yazmışdı: “Atan ölüm ayağındadı. Amma sənin nə vecinə, ölmüşük, qalmışıq...”

Deyəsən, mənim barışdırıcı səs tonum Edvinaya başından böyük danışmaq cəsarəti verdi:

- Bilmirəm, burda necə peyda olmusan, vaxtından əvvəl polis nəzarətilə buraxılmısan, ya başqa yolla gəlmisən, amma indi bu gəlişinin bir mənası yoxdu.

Onun sözlərindən belə başa düşdüm ki, mən burada heç kimə lazım deyiləm, - Əgər ailəmizi yenə zibilə salmaq istəyirsənsə...

Mən onu kənara itələdim və holla daxil oldum.

- Atam hardadı?

- O, ölüm ayağındadı, biz heç nə edə bilmərik.

Gəlin bu sözləri, gizlədə bilmədiyi bir sevinclə dedi. Ağzının üstündən şillə çəkmək istədim, amma yenə özümü saxladım, başımı bulayıb qonaq otağına keçdim. İkinci mərtəbədən anamın səsini eşitdim.

- Edvina, gələn kimdi?

- Heç, bank işçisidi, doktor gedənəcən aşağıda gözləyəcək.

Doktor?! Demək, atam hələ sağdı, özümü vaxtında yetirmişəm. Bir qədər sonra həkim aşağı düşdü, Edvina onu tez yola salmağa çalışırdı ki, mən söhbət eləyə bilməyim.

- Bağışlayın, doktor, - dedim, - sizi bir dəqiqə olar? Qoca Millerin vəziyyəti ilə əlaqədar danışmaq istəyirəm.

- Yol verin, cavan oğlan, mən....

Yaxasından tutub necə silkələdimsə, üzü qıpqırmızı oldu, eynəyi isə burnunun ucuna sürüşdü.

- Mən ailənin köhnə dostuyam, doktor. Açıq deyin, vəziyyəti necədi? - Başımla ikinci mərtəbəyə işarə elədim.

Polis istənilən an maşında yanmış meyitin mənə aid olmadığını aşkarlaya bilərdi. Hərçənd, hadisə yerindən qaçmazdan əvvəl, maşının da, meyitin də üstünə bir bak benzin tökmüşdüm. Heç bir dəlil, barmaq izi qalmamalıydı; - sürücünün qəsdən kənara tulladığım ayaqqabılarından başqa. Birdən onlar mənim düşündüyümdən ağıllı olsalar, onda necə? Bəlkə mənim qaçışım haqda artıq məlumatları var? Birdən meyitin dişlərini, türmə həkiminin mənim dişlərim barəsində doldurduğu kartoqramla müqayisə eləsələr? Əgər elədirsə, onda əvvəl-axır, bura gəlib çıxacaq və sorğu-sual edəcəklər.

Həkim üst-başını düzəltdi və qürurlu bir görkəm aldı.

- O... Hakim Miller çox zəifdi. O qədər zəifdi ki, tərpənə də bilmir. Bir həftədən artıq yaşamaz, yəqin.

Üzümə zillənmiş baxışları orada kədər izləri axtarırdı. Amma federal türmədə yatmaq insana öz hisslərini gizləməyi öyrədir.

Naümid halda əlavə elədi:

- Ağ ciyər xərçənginin son mərhələsidi. Yol üstədi. Amma ağrılarını hiss eləmir.

Yenə başımla işarə elədim, bu səfər qapıya sarı.

- Çıxışı tanıyırsız. Sizi ötürməyəcəm.

Qapının ağzında durmuş Edvina, sözün əsl mənasında, oynayırdı. Guya mənim həkimlə danışığımdan hiddətlənib. Rod onunla evləndiyi gündən belə süni tamaşalar bizim evdə adi hala çevrilmişdi. Atamla mən bu tamaşalarda iştirak eləmirdik.

- Axı, sənə dedim ki, atan ölümcül xəstədi. Qadağan eləyirəm sənə...

- Sən Roda qadağan eləyərsən. Deyəsən, sənin qadağaların onun xoşuna gəlir.

Yataq otağına girəndə atamın çarpayıdan sallanan hərəkətsiz əlini gördüm. Barmaqlarının arasında tutduğu siqaretin tüstüsü incə-incə burulub tavana qalxırdı. Bir zamanlar bu əlin güclü əzələləri vardı, uşaqlıqda mənə ilişdirdiyi şapalaqları yaxşı xatırlayıram. İndi siqareti tutmağa belə gücü qalmamışdı. Onu bu cür köməksiz görmək ürəyimi sıxdı, atama yazığım gəldi; bir zamanlar qəzəblənmiş ayı ov itimizi parçalayanda buna bənzər hisslər keçirmişdim. Bənizi ağarmış anam çarpayının yanındakı kreslodan qalxdı. Onu qucaqladım.

- Salam, ana!

Qollarımda necə gərildiyini hiss elədim. Amma arxayın idim ki, məni itələməz. Atamın otağında bunu eləməz.

Atam səsimi eşidib üzünü bizə tərəf çevirdi. Saçının gümüşü bəyazlığı parıldadı. Yaxınlaşan ölüm gözlərini şəffaflaşdırmışdı; - gözləri mavi buludun qar üstünə düşən kölgəsi kimiydi.

- Kris, sənsən? Allah cəzanı verməsin. Səni görməyimə çox şadam, - səsi güclə eşidilirdi.

- Mən də şadam. Tənbəl olub getmisən, qoca,- şəfqətlə cavab verdim. İt damı boşdu, necə ov eləyəcəyik?

- Yetər, Kris, - anam söhbətə qarışıb əvvəllər olduğu kimi, əmr eləmək istədi.

- Bir az atamın yanında oturacam, – ona mümkün qədər yumşaq şəkildə etiraz eləməyə çalışdım. Atamın son dəqiqələrini bölüşmək istəyirdim.

Anam, görünür, nə edəcəyini bilmədiyi üçün susdu. Onun qara kölgəsi bir qədər qapıda donub qaldı, sonra səssiz yoxa çıxdı. Əmin idim ki, Roda zəng eləmək üçün o biri otağa keçib.

İki saata yaxın təklikdə qaldıq. Bu müddət ərzində ancaq mən danışırdım. Yamacları dolaşıb qızıl mədəni axtarmağımızdan, quldur oyunları oynamağımızdan, bir dəfə marala təlim keçib evə qədər gətirməyimizdən və atamın onu şaxla vurub geriyə qaytarmasından danışdıqca, arada bir dodağına xəfif təbəssüm qonurdu. O, məhkəmə hakimi seçiləndən sonra elə bil bir-birimizdən uzaqlaşmışdıq. İyirmi yaşım vardı və görünür, qaynar həyata can atmağım mənə atamdan keçmişdi. Amma atam məndən otuz yaş böyük idi və özünü saxlaya bilirdi. Mənsə dərəylə üzüaşağı yüyürürdüm.

Saat yeddidə qardaşım Rod məni qonaq otağına çağırdı. Atamın yanından çıxdım və qapını bağladım. Rod məndən hündür və daha təmkinli idi. Amma heç vaxt mərd olmamışdı. Ağzını ayırıb mənə baxırdı.

- Eşitdim, arvadımla kobud danışmısan, - elə bir tonla sözə başladı ki, elə bil işçisindən hesab tələb eləyirdi, - biz sənin davranışlarını anamla müzakirə elədik və istəyirik ki, çıxıb gedəsən. Biz istəyirik ki...

- Siz istəyirsiz? Nə qədər ki, atam nəfəs alır, bu ev onundu. Elə deyil?

Rod yumruğunu düyünləyib üstümə atıldı. Mən zərbədən yayına bildim, qardaşımı divara tərəf itələdim. Qarnına birini ilişdirib, onu iki yerə qatlayar, sonra yumruğumla boynundan vurar, dizimlə əngini əzib yerə sərərdim. Bu, mənə çox böyük zövq verərdi. Amma buna görə türmədən qaçmağa, min mil yol gəlməyə, polisi öldüyümə inandırmağa dəyməzdi. Buna görə də davam eləmədim. Həm də Rodun qorxduğunu gördüm, elə bil qətiyyəti də itdi.

- Murdar, heyvan!

Arvad kimi əlini yanağına qoyub bu sözü mənim ünvanıma deyirdi. Birdən gözlərinin necə böyüdüyünü gördüm; deyəsən, mənim durumumun indi fərqinə varmışdı.

- Qaçmısan? – qışqırdı, - türmədən qaçmısan?

- Elədi. Amma azadlıqda qalmaq fikrim yoxdu. Sizin hamınızı yaxşı tanıyıram. Siz polisin gəlib məni tutmasını hamıdan çox istəyirsiz. - Onun təkəbbürlü tonunu yamsıladım:

- Necə böyük qalmaqal yaşanacaq, ilahi!

- Səni axtarırlar?

- Məni ölmüş bilirlər. İllinoysda oğurluq maşını yol kənarındakı hərəkət göstəricisinə çırpdım. Avtomobil partladı və mənimlə birlikdə yandı.

- Demək istəyirsən ki maşında meyit vardı? - boğuq səslə dedi.

Bilirəm nə fikirləşirdi. Amma olub bitəni izah eləmək ağlıma gəlməmişdi.

- Yoldakı hərəkət göstəricinə çırpılan mən deyildim, məni Sprinqfildə gətirən yaşlı fermer idi. Pencəyimin cibində sıxıb saxladığım yumruğumu görüb tapança zənn etmişdi. Və bu “silahı” ona tuşlamışdım. Zərbə məni maşından bayıra atdı, əzilməmişdim. Sükan sürücünün sinəsini sıxmış, elə ordaca ölmüşdü. Mən onun çəkmələrini çıxartdım, öz çəkməmin bir tayını ona geydirdim. Əl izlərim olan ikinci tayını bir kənara atdım ki, yanmasın və onu tapsınlar.

Bütün bunları Roda niyə danışdığımı bilmirəm; onsuz da bunun gerçək olduğuna inanmayacaqdı. Əslində, məni tutsalar da, heç kim dediklərimə inanmayacaq.

Atamın çarpayısının yanındakı kresloda oturduğum otuz yeddi saat ərzində qulağım telefon səsində, qapı zəngindəydi. Hər dəfə fikirləşirdim ki, dalımca gəliblər. Atamın son nəfəsində yanında olmaq istəyirdim. Sonra nə olur, olsun. Son dəqiqələrində Rod, Edvina və anam çarpayıya yaxınlaşdılar. Doktor da buradaydı, elə bil qonorarının əldən çıxacağından qorxurdu. Atamın ağappaq olmuş əli yüngülcə tərpəndi, anam diziüstə çöküb əlini tutdu. Anam balaca, arıq, ciddi sifətilə baxır, ağlamırdı, əksinə, daha təmkinliydi.

- Əlimi sıx... Bax belə... Sıx ki, qorxmayım.

Can verən atam gülümsədi və gözlərini yumdu. Biz onun canını tapşırmasını ayaq üstə izləyirdik. Ağır-ağır nəfəs alırdı; elə bil dayanmaqda olan daş saatın kəfgiri yavaşıyırdı. Heç kim dillənmirdi. Otaqdakılara göz gəzdirdim. Ölüm qorxusu qarşısında elə yazıq görünürdülər ki, özümü qoyun sürüsü içindəki qurd kimi hiss elədim...

Anam bərkdən hönkürüb ağladı.

Soyuq, qarlı qış günü idi. Cipi vida mərasiminin keçirildiyi kilsənin yanında saxladım, donmuş pillələrlə içəri keçdim. Uzaqdan tabutun içində atam canlı kimi görünürdü. Yaxından üzündəki kirşan daha aydın sezilirdi, boynu köynəyin yaxası üçün çox nazik idi. Əlimi əlinə vurdum və buz kimi soyuğu hiss elədim. Uzun, əyri dırnaqlarından başqa, mənə heç nə tanış deyildi. Arxamda duran Rod yavaşca qulağıma dedi:

- Bu gün rədd olub gedirsən burdan. Səni öz evimdə görmək istəmirəm!

- Bir az utan, qardaşım. Vəsiyyətnamə elan olunmamış bu barədə danışmaq? – Mən də pıçıltıyla qulağına dedim.

Qəbiristanlığın qar basmış yoluyla katafalkın arxasınca addımlayırdıq. Qəbirqazanlar tabutu qazdıqları çuxurda eninə düzülmüş taxtaların üstünə yerləşdirdilər. Keşiş dua oxumağa başlayanda mən uzaqlaşdım; ona görə yox ki, ölümün bu qədər yaxın olmasından yorulmuşdum, ona görə ki, doğma yerlərdə gəzib dolaşmaq istəyirdim. Həm də qohumlar dəfndən qayıtmamış evdən bəzi şeylər götürməliydim. Silah və patronları qarajda tapdım. Yəqin, Rod gizlətmişdi; güllə səsindən it kimi qorxurdu. İyirmi iki çaplı əla, yüngül silahı seçib götürdüm.

Əlvida, ata! Əlvida, təpələrin o tayında etdiyimiz maral ovu! Əlvida, sahilboyu meşələrdəki çöl ördəyi ovumuz! Əlvida, içdiyimiz viskiyə ətir qatan meşə qoxusu! Əlvida, həyatımın, fərqinə varmadığım ən qiymətli parçası...

Dönüb cipə sarı getmək istədim və yerimdə donub qaldım. Onların necə yaxınlaşdığını hiss eləməmişdim. Dörd nəfər idilər, üzlərində ciddi ifadə vardı, elə bil başsağlığı verirdilər. Müəyyən mənada haqlı idilər, çünki mən də onların gözündə potensial ölü idim. Yəqin, güman edirdilər ki, yanan maşındakı fermeri mən öldürmüşəm.

Bir az gərildim və yadıma plaşımın altında çiynimdən ağzı aşağı asdığım kiçik çaplı silahım düşdü. Hə, silahım vardı. Amma, dörd polis üçün bu nə idi ki; uşaq oyuncağı. Ah, əgər atam daha iriçaplı silah saxlasaydı. Amma, onun gedişiylə atışma mənimçün bitmişdi...

Qurğuşun kimi ağırlaşmış əllərimi ehmalca qaldrııb başımın arxasına qoydum.

Tərcümə edən: GÜLDƏSTƏ