Elektron ədəbiyyat və sənət portalı

Kenzi Maruyama - poetik nəsrin ustası

Bölmə: Ədəbiyyat 15.07.2016

Kenzi Maruyama (Kenji Maruyama, 1943) Naqano prefekturasında, dağların qoynundakı kiçik şəhərdə doğulub, indiyədək də öz yurdunda yaşayır. Yazmağa erkən yaşlarında, universitetdə oxuyanda başlayıb. İyirmi üç yaşında “Yay axarı” povestinə görə Yaponiyanın böyük ədəbi mükafatı olan Akutaqava mükafatının ən gənc laureatı olub. Onun hekayə, povest və romanları artıq çoxdan ölkənin hüdudlarını aşıb, dünyanın bir çox dillərinə çevrilib,  “Ürək döyüntüsü” (1983), “Planetlərin mənbəyi” (1986), “Çölə düşən ulduz” (1990) romanları  elitar oxucu təbəqəsi tərəfindən rəğbətlə qarşılanıb.

K.Maruyamanın ilk uğurlu əsəri olan “Yay axarı” povesti dağların ətəyində yerləşən şəhərciyin həyatından bəhs edir. Həmin şəhərcikdə həbsxana binası, orada isə ölümə məhkum olunmuş adamların saxlandığı korpus var. Hekayənin qəhrəmanı Sasaki o korpusda mühafizəçi işləyir. Onun gözəl ailəsi – arvadı, iki oğlu var, üçüncü övladlarının dünyaya gəlməsini gözləyirlər. Sasakinin dostları da elə iş yoldaşları - əvəzedicisi Xoribe və təcrübəsiz Nakaqavadır.

Cani barədə hökm iki gündən sonra yerinə yetiriləcək. Həmin gün isə Sasaki və Nakaqava növbətçidirlər. Ölüm hökmünün yerinə yetirilməsində iştirak edənlərə, əlavə əməkhaqqı və istirahət günü verirlər. Bu, cəlbedici də olsa, ən təcrübəli mühafizəçi belə, hökmün yerinə yetirilməsində iştirak etməyi arzulamır. Bu, yenicə mühafizəçi işləyən Nakaqava üçün xüsusilə dözülməzdir. Amma onun əksinə, Xoribe az qala ölmüş adamı o dünyaya göndərməkdən zövq alır.

Edam səhnəsi hekayənin ən gərgin epizodudur. Müəllif həmin gərginliyi çatdırmaq üçün əlinə bıçaq götürmüş cərrah kimi hərəkət edir. Hakimiyyət nümayəndələri üçün baş verənlər adi mərasimdən başqa bir şey deyil. Amma oxucu caninin törətdiyi cinayətin təfərrüatından xəbər tutmasa da, onun ölümqabağı əzabını aydın hiss edə bilir. Həmin çox qısa müddət ərzində edam iştirakçılarının xarakteri də daha aydın nəzərə çarpır.

Kenzi Maruyama sanki baş verənləri kənardan seyr edir. O, olub-keçənlərdən hər hansı əxlaqi nəticə çıxarmağı oxucuların öhdəsinə buraxır, üstəlik, bunu əsl yapon minimallığı – təfərrüatların dəqiqliyi və ifadələrin yığcamlığı ilə gerçəkləşdirir.

K.Maruyamanın “Qar içində” hekayəsi balaca Tadaonun bir gününü əks etdirir. Həmin gün onun nənəsi vəfat edib, doğma adamlarının hərəsi bu itkini bir cür qəbul edir. Hekayədə insan və təbiətin qarşılıqlı münasibətləri bir-birinə zidd çalarlarla (ağ-qara, uşaq-qoca, insan-heyvan, tələskənlik-sakitlik) təsvir olunur.

Tadao babasıyla dovşan ovuna getdiyi gün nənəsinin ölümü ikinci plana keçir, nəvə ilə baba arasındakı məhrəm münasibətlər qabardılır. Onlar müxtəlif mövzularda söhbət edirlər, axırda isə oğlan maraqlanır: “İnsan öləndə niyə sopsoyuq olur?” Yatmazdan qabaq isə babasına öləndən sonra insanın həqiqətən tənha olub-olmadığı barədə sual verir. Baba suala sinəsindən qopan inilti və çiyinlərinin titrəməsi ilə cavab verir. Qalan hər şey qalın qarın altında qalıb, baharın intizarındadır.    

İnsanla təbiətin qarşılıqlı münasibəti Kenzi Maruyamanın “İstirahət günümüz” və “Səmada yenə göyqurşağı” hekayələrində də ön plana çəkilir. Birinci hekayə qızmar istirahət gününü dostları ilə çimərlikdə keçirən gəncin yaşantıları haqqındadır. Əlbəttə, o da bütün yaşıdları kimi, kiçik və darıxdırıcı əyalət şəhərindən getmək istəyir. Amma təkcə arzulamaqla hər şeyə nail olmaq mümkün deyil.

İkinci hekayə isə, qəribə də olsa, köhnə fotoaparatın dili ilə oxuculara çatdırılır. Fotoaparatın obyektivi qarşısında iki nəfər – səyyar arıçı və onun qadını sevişirlər. Hər şeyi görən və qeybət etməyi sevən adamın xatirələrinə bənzər şüur axını oxucunu öz sehrinə salıb aparır. Söylənənlər yay günündə kəpənəyin uçuşu kimi, yüngül, məhrəm və ötəridir.

Həmin bir qədər qəribə, qeyri-adi uçuş, bütün hekayədən keçir, təbiətinə görə bu cür incə notları duyan oxucuların qəlbinə təsir edir. Hekayədə köhnə fotoaparat – həyat, ölüm, sevgi, göyqurşağı haqqında mülahizələrini elə incə və dəqiq tərzdə yürüdür ki, oxucunun yazılanlara qulaq asmaqdan və inanmaqdan başqa yolu  qalmır. Onun təsvir etdiyi obrazlar isə özlərini çox gerçək aparır, məişət ziddiyyətlərini belə unutmurlar. Buna görə də qadının bir o qədər səfeh, kişininsə göründüyü qədər kütbeyin olmadığına inanırsan. Həm də hekayədə Qadın və Kişinin yay günlərindən duyduqları qeyri-adi heyrət ifadəsi özunu aydın göstərir. Amma sevgililər meşədə tək deyillər, onları bir cüt göz də izləyir. Həmin gözlər gördüklərini bütün təfərrüatları ilə öz yaddaşına yazır.

Kenzi Maruyamanın nəsri poetik ovqatla köklənib. “Ay üçün ağı” (1986) povesti yazıçının üslubunu, duyumunu və ədəbi istiqamətlərini oxucuya çatdırmaq baxımından çox maraqlıdır. Sivilizasiyanın insan qəlbinə, hisslərinə və münasibətlərinə dağıdıcı təsirini bu qədər poetik, obrazlı şəkildə ifadə etmək, şübhəsiz ki, fövqəladə istedad tələb edir. Üstəlik, dəyişkən ədəbi dəblərə uymamaq, insan psixologiyasının dolanbaclarından bu qədər gözəl baş çıxarmaq Kenzi Maruyamanın yazıçı xoşbəxtliyidir.

Hekayətin çıxış nöqtəsi – üzərində ilin bir fəsli və ortasında bivalı (simli musiqi aləti) rahib təsvir edilmiş pərdədir. Əhvalatı danışanın 40 yaşı var, o, ömrünün yaşanmış illərinə nəzər salıb özünü on bir yaşında görür: adyala bürünüb fəsillər, bir də bivalı rahib təsvir olunmuş pərdənin qarşısında oturub. Oğlan həmkəndlilərinin üz çevirdikləri kişi və onun qızı Yaekonun xoşagəlməz taleyi barədə düşünür. Yaeko on ildən sonra oğlanın sevgilisi olacaq.

Onlar kənddə yaşayır, alma yetişdirməklə məşğul olur, məhsulun yarısını satır, yarısından isə öz ehtiyacları üçün istifadə edirlər. Oğlanın təxəyyülündə əzilmiş və ruhdan düşmüş insanların pənah gətirdikləri alma ağacının təsviri var.

Pərdədə yay yazla əvəz olunur: artıq oğlan iyirmi yaşındadır. Onun yaşıdlarının əksəriyyəti kəndi və valideynlərini atıb başqa həyat arxasınca şəhərə gedir. Amma oğlanın atası qətlə yetirdiyi həmkəndlisinin qızı ilə öz oğlunun məhrəm münasibət saxlamasından razı deyil.

Pərdədə payız fəsli və tamamilə görkəmini dəyişmiş rahib təsvir olunub. Ötən on il ərzində evlərində rəngli televizor, üç dəst təzə yorğan-döşək  peyda olub, bununla yanaşı, onun evlənməsi ilə bağlı söz-söhbət də yığışdırılıb.

“Qış” pərdəsinin qarşısında qırx bir il doqquz ay yaşamış yetkin kişi əyləşib. Onun ata-anası dörd il əvvəl dünyasını dəyişib. Kişini kənddə yalnız alma ağaclarına olan sevgisi saxlayır. Kişinin həyatında Yaekodan və alma ağaclarından başqa işıqlı xatirə yoxdur. Alma ağacları yazdan payızadək, insan isə ümiddən o ümidi tamamilə itirənədək yaşayır.

Povestdə gəzərgi rahib, alma ağaclarının olduğu kəndə gələn qaçqın, fəsillərin bir-birini əvəz etmələri – qəhrəmanın gerçək həyatı ilə çulğaşır. Gecələr oğlanın təxəyyülündə canlanan mənzərələr ən azı otuz il əvvəl baş verən hadisələri daha da mənalandırır. Müəllif sanki poemanın sətirləri kimi, tez-tez nəfəsini dərir. Sanki alma bağından əsən meh həmin aralıqlardan keçməlidir.

“Səma nəsə qəfildən tutuldu...” – Kenzi Maruyamanın “Ürək döyüntüsü” romanı bu sözlərlə başlayır və... əsərin tənha qəhrəmanının son üç ildə durğunluqla davam edən həyatı qəfildən dəyişir: oğlan yayın axırlarında tələbəlik çağlarından tanıdığı, on yeddi ildən bəri görmədiyi tanışından gözlənilməz təklif alır: S. onunla əməkdaşlıq etmək istəyir, vəzifəsi də yalnız telefonla aldığı tapşırıqları yerinə yetirməkdən ibarət olacaq.

Müəllif, romanda insan və yer adlarından istifadə etmir, yapon həyatının gerçəklərini qələmə almır. Bu üslub – kosmopolitik ab-hava, təsvir olunan hadisələrin dünyanın istənilən guşəsində baş verə biləcəyi barədə təəssürat yaratmaq - Akutaqavanın yaradıcılığından da tanışdır.

Qəhrəmanın əvəzi səxavətlə ödənən vəzifəsi kurortların birindəki villada təxminən öz həmyaşı olan cavan oğlanın məişət qayğılarını həll etmək, onun sürücüsü, aşpazı, həmsöhbəti olmaqdır. O, elə əvvəldən duyur ki, iştirakçısı olduğu bu iş gələcəkdə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olacaq, amma məsələnin mahiyyətini dəqiq dərk edə bilmir. Romandakı əhvalat birinci şəxsin dilindən nəql edilir, bu da təxminlərin tədricən çozülən yumağı təsirini bağışlayır. Amma yumaq açılmır, əksinə, daha da dolaşır. Kenzi Maruyama üslubunun başlıca özünəməxsusluğu da elə bundan ibarətdir. Bu üslub oxucunu heyran edir, az qala öz əsirinə çevirir.

Əvvəlcə bizə elə gəlir ki, qəhrəmanın himayəsində olan oğlan öz “sürücü-aşpaz”ının tamamilə əksidir. Həddən artıq həyatsevər olan qəribə oğlan yerinə yetirəcəyi mühüm tapşırıq ərəfəsində beynindən çox, bədəniylə məşğul olur, sağlam həyat sürür, fiziki və ruhi müvazinətini heyrətamiz soyuqqanlıqla saxlayır. Onların gizlin mübarizəsi balıq ovunda başlayıb hadisələr başa çatanadək davam edir.

S.-nin növbəti zəngi artıq hərəkətə keçmək vaxtının yetişdiyini bildirir – müəllif oxucunun marağını ustalıqla artıra-artıra onu qarşıya qoyulmuş məqsədə doğru aparır.  Oxucu könüllü olaraq müəllif oyununa qoşulur, beynini işlədir, öz variantını düşünüb tapır. Bu da öz bəhrəsini verir – oxucu əsas mükafatını bütün hadisəni aydınlaşdıran finala ala bilir.

NƏRİMAN