Elektron ədəbiyyat və sənət portalı

“Yaradıcılıq mətbəxinin detallarını bölüşməyi doğru hesab etmirəm”

Bölmə: Müsahibə 15.07.2016

“Aydın yol” qəzeti gənc bəstəkar Türkər Qasımzadə ilə müsahibəni təqdim edir. Qeyd edək ki, Türkər mərhum şair Qasım Qasımzadənin nəvəsi, dinşünas-alim, şair Nəriman Qasımoğlunun oğludur:

- Türkər müəllim, əvvəlcə zəhmət olmasa, özünüz haqqında məlumat verin. Sizi Bakı Musiqi Akademiyasından nüfuzlu Amerika universitetinə aparan uğurdan danışardınız...

- Bakı Musiqi Akademiyasını böyük orkestr üçün yazdığım iki simfoniya və balet süitası ilə bitirərək sənədlərimi və əsərlərimi Amerikanın ən nüfuzlu konservatoriyalarından birinə - Nyu-York şəhərində yerləşən Manhetten Musiqi Məktəbinə yolladım. Onlardan  təhsilimi bu musiqi təhsili ocağında magistratura dərəcəsində davam etdirmək üçün dəvət aldım. Magistraturada oxuyarkən müasir musiqi sahəsində kifayət qədər tanınmış isimlərdən biri, alman əsilli bəstəkar Reiko Fuetingin sinfində bəstəkarlıq, ABŞ-ın görkəmli bəstəkarlarından olan Nils Vigelandın sinfində isə nəzəriyyə dərsləri keçdim. Magistratura təhsilimi başa vurduqdan sonra bəstəkarlıq üzrə doktorluq dərəcəsinə, yəni Musiqi Sənətləri Doktoru dərəcəsinə yiyələnmək üçün sənədlərimi və əsərlərimi ABŞ-ın Ohayo Ştatında yerləşən Sinsinnati Universitetinə yolladım. Burada isə ABŞ-dakı müasir musiqi sahəsində xeyli məşhur isimlərdən olan Mara Helmuth, Michael Fidaydan bəstəkarlıq dərsləri aldım və 2014-cü ildə, nəhayət ki, Musiqi Sənətləri Doktoru dərəcəsinə yiyələndim.

- Amerika universitetində bəstəkarlığın, musiqinin sirlərinin tədrisi məsuliyyətindən danışaq...

- Doktorluq təhsilimi davam etdirərkən Sinsinnati Universitetində professor assistenti qismində bəstəkarlıq və elektron musiqi dərslərini tələbələr üçün tədris etdim. Doktorluq dərəcəsini alandan sonra isə bir il həmin universitetdə müəllim kimi fəaliyyətimi davam etdirərək, Orta Şərq Musiqisi fənnindən də dərs keçdim. Məsuliyyət anlayışı hər sahədə vacibdir, xüsusən də tədrisdə. Tələbkar və diqqətcil amerikalı tələbələrlə işləməyin məsuliyyəti çox yüksəkdir.

- Pianonun dilləri, o dillərdən çıxan musiqi ilə kainatı qucaqlamaq mümkündürmü?

- Poeziya ilə musiqi hər zaman iç-içədir. Bu birgəlik haqqında məşhur bəstəkarların, filosofların sözlərini xatırlamaq olar. Biz isə məşhur rus şairi Osip Mandelştamın “Silentium” şeirindəki misranı xatırlayaq: “ey söz, musiqiyə qayıt”. Poeziyanın musiqiyə çevrilməsi mümkündürsə, deməli, musiqi ilə kainatı qucaqlamaq da mümkündür.

- Şərq musiqisindəki mistikanı, irrasionallığı praqmatik Avropa və  ABŞ insanı necə qəbul edir?

- Nəzərə alsaq ki, musiqi, ümumiyyətlə, bu anlayışların vəhdətindən ibarətdir, belə bir fikrə gəlmək mümkündür ki, musiqi haqqında Şərq-Qərb tipli fərqləndirmələrin özü mahiyyət etibarilə şərtidir. İnsan qulağı 20 herz səs tezliyi ilə 20000 herz səs tezliyi arasındakı bütün tezlikləri eşitmə qabiliyyətinə malikdir. Qeyd etdiyim bu tezliklərin sahəsi yuxarıdan və aşağıdan azacıq daraldığı halda isə insan qulağı, ümumiyyətlə, narahat olmur, yəni normal qəbul edir.

- Azərbaycanda Xəyyam Mirzəzadə, Aydın Əzimov kimi bəstəkarlardan dərs almısınız. Buradakı bəstəkarlıq məktəbi  musiqinin dünyadakı inkişaf tempi ilə nə dərəcədə ayaqlaşa bilir?

- Qeyd etdiyiniz siyahıya dünyasını çox erkən dəyişmiş gözəl bəstəkarımız İsmayıl Hacıbəyovu da əlavə edərdim. Qələm tutmağı öyrədən ibtidai sinif müəlliminə necə minnətdarlıq hissi keçiririksə, eləcə də, Xəyyam müəllimin ilk yaradıcılıq addımlarımı professional tərzdə yönəltməsi, məndə ona qarşı məhrəm duyğular yaşadır.

İsmayıl müəllimdən, Aydın müəllimdən aldığım bəstəkarlıq dərslərinə görə özümü çox şanslı hesab edirəm. Bu bəstəkarlardan dərslər almaq şərəfi mənə onların yaradıcılığı ilə tanış olmaq, həm də Azərbaycan musiqisinin çox önəmli səhifələrini təhlil etmək imkanı yaratdı.

Azərbaycan bəstəkarlıq məktəbi dünyadakı inkişaf tempi ilə ayaqlaşa bilirmi - sualına cavabım isə birmənalı deyil. “Ayaqlaşa bilmir” cavabı versəm, Ayaz Qəmbərli, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdinin haradan yetişdiyi sualı ilə üz-üzə qalacağam.

Bu suala “daha çox şəxsi motivasiyaları və “məktəbdənxaric oxu” hesabına yetişdilər”, cavabı verməli olsam, o halda da məcburam deyim ki, hazırkı bəstəkarlıq məktəbi nəticə etibarilə dünyadakı inkişaf tempilə ayaqlaşa bilmir. Hər bir halda, bizlər, Azərbaycan bəstəkarlıq məktəbinin yetirmələri, dünya musiqisinin inkişaf tempi ilə nə qədər ayaqlaşa bilsək də, heç şübhəsiz, yaxşı anlayırıq ki, hər iki konservatoriyamızda bəstəkarlıq dərsi keçən fakültələri tamamilə yenilənməli, dəyişməlidir.

Konservatoriya siniflərində rus bəstəkarı Prokofyevi, macar bəstəkarı Bartoku müasir bəstəkarlar kimi qələmə verən müəllimlərin yerini, əlbəttə, yeni təfəkkürlü şəxslər, dünya musiqisinin ən yeni istiqamətlərindən məlumatı olan müəllimlər tutmalıdırlar.

- Sizcə, Azərbaycanda akademik musiqinin geniş kütlələrə açılan qapıları nə üçün qıfıllıdır?

- Akademik musiqi, ümumiyyətlə, geniş kütlələr üçün nəzərdə tutulmur. Əyləncə xüsusiyyətindən xali olduğu üçün belə musiqi əsasən intellektual dinləyiciyə hesablanır. Bu musiqinin qapıları isə dinləyicilərin üzünə hər zaman açıq olub. Arzu edərdim ki, oxucularınızın hər biri öz-özünə bu sualı versin: dünyanın məşhur musiqiçilərinin, bəstəkarlarının qatıldığı Qara Qarayev müasir musiqi festivallarında dinləyici kimi iştirak edibmi?

- O qapıları hansı üsullarla açmaq olar?

- Sosial şəbəkələri, mətbuatı izləmək, internetdə Google və digər axtarış sistemlərindən istifadə etməklə.

- Niyə, indiyə qədər “musiqi nədir” sualına hələ də konkret cavab verən yoxdur?

- Bu suala riyazi konkretliklə səciyyələnən cavab “həyat nədir”, “poeziya nədir” suallarına cavab qədərincə mümkünsüzdür və doğru olmazdı. Qədim yunan sözü kimi qələmə verilən “musiqi” sözü “muzalar Sənəti” kimi qəbul olunsa da və bu suala musiqi tarixində, demək olar, hər bəstəkarın öz cavabı olsa da, gəlin, bu sözün Oksford Lüğətindəki açıqlanmasına üstünlük verək: “Musiqi - insanın, musiqi alətinin, yaxud eyni zamanda hər  ikisindən ibarət səslərin elə bir şəkildə birləşməsidir ki, bu birləşmə formanın, harmoniyanın və emosional ifadənin gözəlliyini özündə ehtiva edir.”

- Bir az absurd dünyaya varaq: piano ifa edən zaman gözlərinizin qarşısında açılan tablonu bizim üçün rəsvir edin. Təbii ki, bu, musiqidən musiqiyə dəyişir. Amma siz nümunə olaraq birini deyin...

- Yaradıcılıq mətbəxinin detallarını bölüşməyi doğru hesab etməsəm də, deməliyəm ki, gözlərim qarşısında hər hansı bir tablonun açılmasını müşahidə etməmişəm. Yaradıcılığın mahiyyətində meditativlik və güclü konsentrasiya olduğundan, çox güman ki, bu tablo yalnız ağ vərəqdən ibarətdir. Dinləyicilərin isə musiqi dinlərkən gözlərinin qabağına hansısa səhnələri gətirmələrinə çox təbii yanaşıram.

- Ədəbiyyatla, fəlsəfə ilə musiqinin əlaqəsindən danışaq. Sizcə, hansı müəlliflərin romanları, hansı filosofların əsərlərinə həm də estetik musiqi kimi baxmaq olar?

- İstənilən kompozisiyada forma, dramaturgiya elementlərinin təzahürünü musiqidə görmək və ya bu prosesi tam tərsinə də müşahidə etmək olar. Fransız simvolist şairi Stefan Mallarmenin “Favnın gündüz istirahəti” adlı mətninə eyniadlı musiqi əsəri yazan impressionist bəstəkar Klod Debussi, premyera baş tutandan sonra şairdən belə bir məktub almışdı: “Konsertdən çıxdım, çox təsirlənmişəm. Sənin mətnimə verdiyin musiqi illüstrasiyası yazdığımla yalnız o mənada dissonans təşkil edir ki, sənin musiqin incəliklə, zənginliklə, hissiyyatla mətndən daha da dərinə, nostalji və işığın içinə doğru gedir.” Doğrusu, intellekti artırmaq üçün xeyli oxunmalı müəlliflər var, istəməzdim, burada bir siyahı səsləndirim. Üstünlük verdiyim müəlliflərlə maraqlanan oxucularınızla isə ayrıca olaraq bu barədə şəxsən ünsiyyətə açığam.

- Türkər müəllim, sonda gələcək planlarınızdan danışardız...

- İyul ayının sonlarına qədər bu il müxtəlif səpkili əsərlərimin son redaktə işlərini başa çatdırmaq, gələn aylarda isə böyük orkestr üçün bir əsər üzərində işləməyi planlaşdırmışam.

Elmin NURİ