Elektron ədəbiyyat və sənət portalı

Qürbətdəki narahat ruh

Bölmə: «Aydın Yol»çular 11.07.2016

Uzaq Amerikada Haqqa qovuşmağından az qala bir il ötür. Yəqin, bu dünyayla qürbətdə vidalaşacağı heç özünün də ağlına gəlməzdi. Amma olan oldu, mədəniyyətimiz bir sənətçisini də vaxtsız itirdi...

Onu xarıtlamaq üçün təxminən 35 il əvvələ qayıdım...

Bakı Dövlət Universitetini bitirəndən sonra təyinatla Daşkəsən rayonuna göndərilmişdim. Vəliəhd də həmin rayonun Əmirvar kəndində doğulmuş, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini, məşhur rejissor-aktyor, SSRİ Xalq artisti Yevgeni Matveyevin emalatxanasını bir neçə il idi ki, bitirmişdi. 1982-ci ildə rejissorlar Elxan Qasımov və Yefim Abramov yazıçı Əhmədağa Muğanlının ssenarisi əsasında “Çobanbayatı” filmini çəkmək üçün Daşkəsənə gəlmişdilər. Vəliəhd də həmin ekran əsərində əsas rollardan birini oynayırdı. Quruluşçu operator Zaur Məhərrəmovun lentə aldığı filmdə Xalq artistləri Ələddin Abbasov, Əlabbas Qədirov, Şahmar Ələkbərov, o zaman hələ cavan olan Rasim Balayev, daha da gənc aktyorlar Fəxrəddin Manafov, Firəngiz Mütəllibova... çəkilirdilər.

Vəliəhdlə tanışlığımız orada baş tutdu. Daşkəsəndə doğulduğuna görə, demək olar, “qonaqlar”ın bütün məsuliyyətini öz üzərinə götürmüşdü. Çox səmimi, deyib-gülməyi, zarafatı, xudmani məclisləri sevən insan idi. Filmin ikinci operatoru Nizami Abbasla çox yaxın olduğumuzdan onunla da tez dostlaşdıq. Az qala çəkilişdən kənar bütün vaxtımızı bir yerdə keçirirdik.

O vaxt Vəliəhd “Anlamaq istəyirəm” filmindəki roluyla böyük ekranda ilk addımını atmışdı. Sonra “Papaq”, “Qara gölün cəngavərləri”, “Əzablı yollar”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qanlı zəmi”, “Qorxma, mən səninləyəm”, “Özgə həyat”, “Şeytan göz qabağında”, “Ölsəm, bağışla” lentlərində ikincidərəcəli və epizodik rollar ifa elədi.

1990-cı illərin əvvəllərində artıq mən də kinostudiyada işləyirdim, “Yaddaş” studiyasında redaktor-ssenariçi idim. Onda Vəliəhd kinoprodüserliyə başlamış, müstəqil “PAKT” kinostudiyasını yaratmışdı. Böyük arzuları və planları vardı.

İlk işlərindən biri İranın “Laləfilm” kinostudiyası ilə birgə ekran əsərinin lentə alınması idi. Film üçün “Divlər zindanı” adlı ssenari yazmağı da gənclərə etibar elədi. Ssenarini yazıçı Yaşarla (mərhum qələm dostumuz Eyvaz Əlləzoğlunun iştirakı ilə) çox qısa müddətdə - 15 günə yazdıq. Sonra Cəmşid Əmirovun “Qara Volqa” əsərinin motivləri üzrə ssenari yazmaq mənim qismətimə düşdü. Film 1993-cü ildə çəkildi. Vəliəhd özü də həmin ekran əsərində, eyni vaxtda “Pəncərə”, “Şahid qız”, “Yapon və yaponiyalı” lentlərində epizodik və ikincidərəcəli rollar ifa elədi. Amma ona elə gəlirdi ki, kiçik rollarla yaradıcılıq potensialını tam gerçəkləşdirə bilmir. Yəqin, buna görə də sənətdən get-gedə uzaqlaşırdı.

Həmin vaxt Vəliəhdin oğlu ABŞ-da təhsil alırdı, səhv eləmirəmsə, 1992-ci ildə onun yanına getdi, qayıdandan sonra qəti qərara gəldi ki, köçüb gedəcək. Çox dilə tutduq, amma fikrindən dönmədi. Aradan keçən təxminən 15 il ərzində cəmi bir dəfə görüşə bilmişdik, hərdən əlaqə saxlayırdıq. Həyatından razı idi.

Amma, təəssüf ki, onu sənətçi kimi itirdik...

Sənətə böyük arzularla gəlmiş Vəliəhd Vəliyevdən indi bizlərə qalan yalnız xarirələr, bir də çəkildiyi filmlərdi...