Elektron ədəbiyyat və sənət portalı

Ramazan sürprizi

Bölmə: «Aydın Yol»çular 11.07.2016

Kütlə meydanda gəzişir, xırdavat və hədiyyəlik əşya satanlar müştəriləri səsləyir. 10 yaşlı bir oğlan rəngbərəng hava şarları satır. O, bığlı, daz kişiyə yaxınlaşır:

- Əmican, şar istəmirsiz? Bir baxın, nə qəşəngdir, üstündə yazısı da var. Noolar, alın da...

Kişi cib yaylığını çıxarıb tərini silir:

- Üstündə nə yazılıb?

- Bilmirəm, əmican, imkanımız olmayıb, mən də məktəbə getməmişəm. Yazmağı, oxumağı bilmirəm.

- Bəs niyə satırsan? Küçük!

Kişi uşağa bir şillə, sonra da yumruq ilişdirir. Uşaq “ay ana!” deyib yıxılır. Səs-küy çoxalır. Adamlar onların başına toplaşır. Günahsız uşağa yumruq vuran kişi ətrafdakılara hədə-qorxu gəlir:

- Mən İrəvan meriyasında Ticarət idarəsinin rəhbəri Arman Edoyanam. Bu küçüyü ona görə vurdum ki, satdığı şarın üstündə nə yazıldığını bilmir! Bəlkə, yazıda erməniləri söyürlər, hə?

Uşağın burnundan qan axır. O, hələ yerdə uzanıb. Kütlənin içindən başqa bir adam çıxır:

- Düz eləmisən, belələrini çarmıxa çəkmək də azdır. Məni tanıyırsınız, Ermənistanın ikinci prezidenti Robert Köçəryanam. Qızım Qayane ilə gəzintiyə çıxmışıq. Qayane, bir özünü göstər!

Qayane podiumdakı modellər kimi, ora-bura yellənərək adamlara hava öpüşü göndərir.

- Afərin qızım, Fransadakı dostların köməyi ilə Qayane, kosmetika mallarının satış şəbəkəsini açır. Əvvəla, bu murdar oğlan lüks mağazalarımızın görünüşünü korlayır, ikincisi də, Qayane hər ənlik-kirşanın üstündə nə yazıldığını bilir, bu küçük isə şarın üstündə yazılanlardan bixəbərdir, bəlkə, orda rəqiblərimizin reklamı var?

Milliyyətcə rusa bənzəyən bir kişi yerdə uzanmış uşağa yaxınlaşır.

- Hər necə olsa, uşağa əl qaldırmaq olmaz!

- Bura bax, ey! Uşağa belə canın yanır? Şarların hamısını al, millətin canı qurtarsın!

- Ala bilmərəm!

- Niyə? Dramın yoxdur?

- Yalnız barter. Mən sizə qaz, siz mənə şar. Necədi?

- Keçmədi. Sənin od qiymətinə olan qazını almaqdansa, şarın ipinin ucundan yapışıb havaya uçmaq daha sərfəlidir.

- E... Orda noolub yenə?

Elə bil qurbağa gölünə daş atırlar. Meriya işçisi prezident administrasiyasının pəncərəsindən meydana boylanan balacaboy kişini görən kimi farağat dayanır.

- Fövqəladə hal, cənab prezident!

- Yeni erməni konyakının pulsuz dequstasiyası keçirilir bəyəm?

- Xeyr, cənab prezident! Ondan da dəhşətli iş baş verib. Bu uşaq şarın üstündə nə yazıldığını bilmir.

- Ay uzunqulaq, o bilmir, sən oxu!

- Heroqliflər çox mürəkkəbdi, cənab prezident!

- Axmaq. Dünyada iki mürəkkəb heroqlif var: yapon və erməni heroqlifləri. Qalanları boş şeydir. Yəqin, orda “Qarabağ” yazılıb... (hələ də yerdə uzanmış uşağa müraciət edir) Ay uşaq, sən, yəqin ki, ac-yalavac qalmış Qarabağ ermənilərindənsən. Şar satmaqdan bir şey çıxmaz. Biznesi dəyişmək lazımdır. Dayan, indi tapşıraram, mühafizə xidmətinin uşaqları sənə bir-iki yeşik silah-sursat gətirər, satıb pul eləyərsən, çörəkdən, basdırmadan alarsan özünçün.

Ağzınadək dolu silah yeşikləri gətirirlər. Meriya işçisi hələ də farağat dayanıb.

- Cənab prezident, mifoloq-alim Sedrakyan da həmişəki kimi burdadır, bəlkə, şarın üstündə yazılanları o oxuya bildi?

- Bu, latın əlifbasıdır, yazılıb ki, “Ramazan sürprizi”...

Onun sözü ağzında qalır. Uşaq silah yeşiyindəki əl qumbarasından birini götürüb ora-burasına baxır, onu daş parçası zənn edib acığını çıxmaq üçün meriyanın işçisinə atır. Güclü partlayış aləmi bir-birinə qatır. Pərdə bağlanır.

P.S. İrəvan meriyasının əməkdaşı A. Edoyan şar satan uşağı vəhşicəsinə döyüb. Kimsəsiz zavallı ömürlük şikəst qalıb...