Elektron ədəbiyyat və sənət portalı

Daşkənddə yaşayan soydaşımıza “Dünya Vətəndaşı” adı verilib

Bölmə: Beynəlxalq 09.07.2016

F.Səfərovu bu ada UNESCO - Strategiya 2014-2021 illərdə qlobal vətəndaşlığın formalaşdırılması proqramı, Yunanıstandakı Dünya Fəlsəfə Forumu (DFF) və Afina şəhərindəki Sokrat Fəlsəfə Məktəbi (SFM) layiq görüb.

DFF-nun fəxri prezidenti, SFM-nin rektoru Evanqelos Mutsopulosun imzası ilə soydaşımıza göndərilən sertifikatda deyilir ki, Səfərov Firudin Səttar oğlu beynəlxalq vətəndaş biliklərinə yiyələndiyi və peşəsinin ustası olduğu üçün “Dünya Vətəndaşı-21-ci əsr” yüksək beynəlxalq statusu daşımağa layiq görülür.

Daşkəndə gəlməzdən əvvəl Firudin Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib, bu mədəniyyət ocağında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş verib .

Tanınmış rejissor artıq 40 ilə yaxındır ki, Daşkənddə fəaliyyət göstərir. O, Bakı və Daşkənd teatrlarında 70-dən artıq müasir və klassik opera tamaşalarına quruluş verib.

Firudin Səfərovun 70 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd olunub və opera sənəti qarşısındakı xidmətlərinə görə, o, Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib.