Elektron ədəbiyyat və sənət portalı

Kriminal xəbərləri yazaqmı?

Bölmə: Müsahibə 15.09.2015

Son dövrlərdə artan cinayət hadisələri mətbuat səhifələrində, saytlarda geniş şəkildə işıqlandırılır. Bu tendensiya artıq medianın reytinq qazanmaq məqsədinə xidmət edir. Saytların ən çox oxunan xəbərlər siyahısında şou xəbərləri ilə yanaşı, kriminal xəbərləri də görməklə belə qanəatə gəlirik ki, bu mövzu cəmiyyətin tələbatına çevrilə bilib. Üstəlik, hadisələrin, sadəcə, görünən tərəfi xəbər obyekti olur, onun fonunda cəmiyyətə heç bir maarifləndirici ismarıc ötürülmür.

Tez-tez belə irad eşidirik ki, cinayət hadislərini mətbuatda yaymaq, kriminial verilişlərin sayını artırmaq insanların psixikasına mənfi təsir edir. Yəni cinayət xəbəri özü növbəti cinayətə yol açır. Bəs mətbuat bu tip xəbərlərlə necə davranmalıdır?

Media eksperti Zeynal Məmmədlinin fikrincə, bu məsələdə ən vacib məqam cinayət hadisəsinin texnologiyasını göstərməməkdir: “Kriminal sahə üzrə ixtisaslaşmış mətbuat orqanı ola bilər. Ancaq cinayəti törədən şəxs öz qurbanını necə öldürdü, ona necə əzab verdi, bütün bunların açıq-aşkar göstərilməsi doğru deyil.

İkincisi, heç bir halda caninin pozitiv obrazını yaratmaq olmaz. Uşaqlar, gənclər bu obrazı bəyənib onu qəhrəman hesab etməməli, ondan örnək götürməməlidir. Ona görə də söhbət istər zərərçəkəndən getsin, istərsə də zərərvurandan, əsas olan gördüklərin, üzə çıxardıqların deyil, məsələnin ictimai əhəmiyyətini önə çıxarmaq lazımdır. Səbəbdən, bütün bu hadisələrin nəyin nəticəsində baş verdiyindən danışılmalıdır. Ancaq Azərbaycan mediasında yalnız nəticədən danışılır və bu kimi hadisələr oxu materialına çevrilir. Yəni bu material, sadəcə, vaxt keçirmə, əyləncə xarakteri daşıyır. Bu, çox qorxulu tendensiyadır. Bununla insanları cinayət xəbərlərinə alışdırırlar. Cəmiyyət artıq bu xəbərlərə biganə yanaşır, insan həyatı onlar üçün önəmini itirir. Əslində, araşdırmaq lazımdır ki, insan niyə belə bozlaşır, niyə bu dərəcədə duyğusuzlaşır, mühafizə orqanları bu hadisələrin təkrarlanmaması üçün hansı işləri görür, məhbəslərdə nələr baş verir, məhbusların sonrakı həyatı necə olur, cəmiyyətə inteqrasiya olunurlarmı? Bu kimi kompleks məsələlər kriminal xəbərlərin tərkib hissəsi olmalıdır”.

Zeynal Məmmədli bildirir ki, bu kimi xəbərlərə qadağa qoymaqla məsələlər həllini tapa bilməz: “Mətbu orqanı reytinq qazanmaq, diqqət çəkərək sponsor cəlb etmək istəyir. Canilərin üzü, ləhcəsi, görüntülər televiziyalar üçün ucuz reytinq qazanmağa yaxşı imkan yaradır. Elə bir mühit yaratmaq lazımdır ki, media bu mövzularda yox, daha önəmli mövzularda reytinq qazanmağa çalışsın. Reytinq populyar olandır. Ancaq populyar olanı faydalı etməyi, faydalı olanı da populyar etməyi bacarmaq lazımdır. O zaman kriminal xəbərlərin bu şəkildə yayılmasının qarşısını ala bilərik”.

Həmsöhbətimiz, ümumiyyətlə, situasiyaya görə hadisəyə fərdi və fərqli yanaşmaq lazım olduğunu deyir: “Cinayətkar uşaq, yeniyetmə və ya gəncdirsə, onun adının çəkilməsinə, üzünün göstərilməsinə ehtiyac yoxdur. Çünki onların həyatı hələ qarşıdadır. Önəmli olan prosesdir. Kimlik üstündə dayanmaq mənasızdır. Ancaq cinayətkar yetkin yaşdadırsa, düşünməlisən ki, onun portreti tamaşaçıda simpatiya yaratmasın.

Jurnalist sual qoymalıdır ki, mən cinayətkarın üzünü göstərməklə, adını çəkməklə nə qazanıram, nə itirirəm? Cəmiyyət bundan daha çox itirirsə, demək, bu meyildən uzaqlaşmaq lazımdır”.

Yazıçı Səfər Alışarlının sözlərinə görə, publisistikanın vəzifəsi faktı təsvir etmək və onun qiymətləndirilməsi üçün yetərli təhlillər verməkdir: “Kriminalın mətbuatda işıqlandırılması bizdə çox aşağı səviyyədədir. Bir şəkil var, bıçaq adamın böyrünə saplanıb, hələ, deyəsən, qan da sızır. Mən onu, demək olar ki, bütün bıçaqlanma hadisələri haqda məlumatlarda görürəm. O halda illüstrasiya məlumatın özündən çox oxunur və ictimai neqativ gətirir. Hadisənin digər həqiqətlərini isə “faktla bağlı polis tərəfindən araşdırma aparılır” ştampı büsbütün özünə yerləşdirir. Məsələnin burası artıq maraqlı deyil. Əslinə qalsa, jurnalist araşdırması elə bundan sonra başlamalıdır.

Bizdə avtoqəzalar çox ciddi problemdir. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, yol hərəkəti qaydaları ilə bağlı qanunvericiliyə yenidən baxılmalı və onun fəlsəfəsi kökündən dəyişdirilməlidir. Mətbuat söz işidir, burada mahiyyətcə bir sözə qadağa, istər-istəməz ikinci, üçüncü, dördüncü və beləcə, sonsuzluğa qədər absurd qadağaların tətbiq olunmasını zəruri edir. Ona görə də qadağadan yox, ictimai tribunadan deyilən sözə peşəkar münasibətdən söhbət getməlidir.

İndi jurnalistika fakültəsində təhsillə bağlı müəyyən yeniliklər edilir. Bunu alqışlamaq lazımdır. Bəlkə də, qəzet, jurnal, sayt işlətmək hüququnu qanunla ayrı-ayrı vətəndaşlara deyil, peşəkarlardan ibarət kollektivlərə vermək lazımdır. Müəyyən təhsili, elmi, mədəni səviyyəsi olmayan adamlara mətbuatda, saytda, teleradioda işləmək birmənalı şəkildə qanunla qadağan edilə bilər. Bu da senzuradır, amma söz azadlığına deyil, fəaliyyət azadlığına toxunur. Bunu həzm etmək olar. Məsələ bununla da bitmir.

Bu gün kriminalı mətbuatımızdan əlli faiz sıxışdırıb çıxarsaq, xəbər buraxılışlarımız hava haqqında məlumatdan ibarət olar. Söz, ifadə azadlığı altında kriminalın tirajlanması onun həyatda da sayını artırır. Tabu olan pis əməllər mətbuat vasitəsi ilə cəmiyyətə ötürüləndə onların təkrarlanması mənəvi-psixoloji baxımdan asanlaşır. Cəmiyyətdə informasiyanın əldə edilməsi üçün müvafiq hüquqi şərait həmişə olmalı, mətbuatın qaldırdığı vacib məsələlərə reaksiya verilməlidir. Bunun üçün çox işləmək, insanları maarifləndirmək, ictimai institutları daim gücləndirmək lazımdır”.

Peşəkar Psixologiya Mərkəzinin direktoru, psixoloq Nuriyyə Quliyeva kriminal xəbərlərin, cinayət hadisələrinin mətbuatda və televiziyada qabardılmasının cəmiyyətə psixoloji təsirindən danışır: “Son dövrlərdə kütləvi informasiya vasitələrində yayımlanan xəbərlərin bir çoxu, demək olar ki, cinayət hadisələri ilə bağlıdır. Müxtəlif məzmunlu kriminal xəbərlərin yanlış şəkildə təqdimatı cəmiyyətdə bir çox fəsadlar yaradır. Xəbər başlıqlarının düzgün seçilməməsi, məzmununda maarifləndirmənin olmaması, cinayət hadisəsinin tam detalları ilə çatdırılması insanları yanlış istiqamətləndirə bilər. Xaraktercə aqressiv və cinayətə meyilli bir insan, bu tipli xəbərlərin təsiri ilə qatilə çevrilə bilir.

Bəzən televiziyada kriminal xəbərlər verilən zaman hadisəni dəqiq görüntülərlə canlandırırlar. Cinayət yeri, cinayətkarın qətli törətmə tərzi, istifadə etdiyi vasitələr detalları ilə elə təsvir olunur ki, bu, bir növ təbliğata çevrilir. Bu kimi xəbərlərin sayəsində cinayətə meyilli şəxs və ya cinayətkar yeni üsullarla tanış olmuş olur.

Ümumiyyətlə, kriminal xəbərlərin bu şəkildə – daha çox və daha qabarıq təqdim edilməsi insanlarda bir-birinə qarşı inamsızlıq yaradır. Həmçinin, insanlar artıq zorakılığı, cinayət hadisəsini adi hal kimi qəbul etməyə başlayırlar. Bu vəziyyətdən daha çox uşaq və yeniyetmələr, tez təsir altına düşən insanlar ziyan görmüş olur. Yaxşı olardı ki, belə xəbərlərin başlıqlarına və məzmununa xüsusi diqqət edilsin və təbliğat xarakteri daşımasın. Ən əsası, cinayəti törədən şəxs heç bir halda qəhrəman kimi təqdim edilməsin”.

SEVİNC