Elektron ədəbiyyat və sənət portalı

Odessada azərbaycanlı rejissorun filminin təqdimatı olub

Bölmə: Beynəlxalq 09.07.2016

Şahnaz Abdullayeva AzərTAc-a bildirib ki, təqdimat Odessanın dövlət səviyyəsində tədbirlərinin keçirildiyi ən böyük məkan olan dəniz vağzalının konsert zalında baş tutub.

“İnam, ümid, sevgi” adlanan sənədli film həyatın müxtəlif sferalarında yaşayan üç xristian qadın haqqındadır. Hər üç qadın birinci dəfə kamera qarşısında otururlar. Qəhrəmanlar - xəstə ərinin qayğısına qalan təqaüdçü qadın, sevgisi uğrunda əllərini qana batırmış məhkum və həyatını Allaha sevgiyə həsr etmiş rahibə inam, ümid və sevgi haqqında fikirlərini bölüşürlər. Filmin çəkilişləri iki il yarım davam edib.

Təqdimat mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, müxtəlif dini təbəqələr, diplomatlar, deputatlar və Odessa sakinləri iştirak edib. Müsəlman rejissorun xristianlıq dəyərlərini belə incəliklə, həssaslıqla təqdim etməsi filmi izləyənlərdə yüksək təəssürat oyadıb. Təqdimatda Ukraynanın KİV nümayəndələri də iştirak edib və medianı ən çox maraqlandıran sual məhz müsəlman rejissorun xristianlıq haqqında film çəkməsi olub.

Mərasimdə çıxış edən rejissor Nadir Maçanov bu sualı belə cavablandırıb: “Mən Azərbaycan kimi tolerant bir ölkənin vətəndaşıyam. Elə buna görə də mənim digər dinlərə, o cümlədən də xristianlığa olan münasibətim başqa cür ola bilməzdi. Bu mənim bir müsəlman olaraq xristianlara hədiyyəmdir”.

“Dinimiz fərqli olsa da, Allahımız birdir” deyən rejissoru tamaşaçılar alqışlarla dəstəkləyiblər. Təqdimatda diqqət çəkən məqamlardan biri də operator və bəstəkar işlərinin yüksək qiymətləndirilməsi olub. Filmin operatoru Rahid Abbasov, bəstəkarı isə Emil Həşimovdur.

Təqdimatın sonunda filmin qəhrəmanlarından biri olan məhbus qadının səhnəyə dəvəti isə təşkilatçıların rejissora sürprizi olub.