Elektron ədəbiyyat və sənət portalı

Hər suala bir cavab

Bölmə: Elm 07.09.2015

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Diş protezləri necə yaranıb?

Dişləriniz tökülsə, yəqin ki, çox kifir görünərsiniz. Tək görünüş deyil, dişsiz ağızla əməlli-başlı çeynəmək də olmur. Odur ki, insanlar itirdikləri dişi sünisiylə əvəz etmək fikrinə düşdülər.

Düşmüş dişin sünisiylə əvəz olunmasına protezləşdirmə deyilir. Əsl dişlər töküləndə, onların yerinə ya diş protezi, ya da “körpü” qoyurlar. “Körpülərdə” “yalançı dişin” yükünü boş yerin kənarlarındakı əsl dişlər çəkir. Protezdə süni diş ya damağın üstündə, ya da altında bərkidilir.

Bilsəniz ki, protezləri də, körpüləri də hələ 3000 il qabaq indiki İtaliya ərazisində yaşayan, “qızıl ustaları” kimi şöhrət tapmış etrusk xalqı düzəldirdi, yəqin, təəccüblənərsiniz.

O qədim zamanlarda bu sahədə həll olunası ən ciddi problem onların ağızda düzgün yerləşdirilməsi və süni dişin özü, onun təməli üçün hansı materialdan istifadənin məqsədəuyğunluğunu tapmaq məsələsi idi.

Müasir stomatologiya bu problemləri elə uğurla həll edib ki, indi adamlar protez dişlər vasitəsiylə yeməyi ağzında dişi olanlar kimi həm yaxşıca çeynəyə bilirlər, həm də süni diş ağızda elə təbii diş kimi görünür.

Qədim zamanlarda süni dişləri fil dişindən, yaxud sümüklərindən düzəldirdilər, hərdən hətta begemot dişindən belə istifadə olunurdu! Bəzən bütün protezi sümükdən yonub ağıza yerləşdirirdilər. Sonralar adam dişindən, başqa heyvanların dişindən (xüsusilə qoyununkundan) istifadə etməyə başladılar. Onları qızıldan, yaxud fil dişindən düzəltdikləri təməl üzərində bərkidirdilər.

18-ci əsrin axırlarında çini dişlər dəbə mindi. Onları qızıl, yaxud platin təbəqələrin üzərində quraşdırırdılar. Belə dişlərin materialı elə çini qabların materialındandır. Çini möhkəm struktura, yarımşəffaf rəngə malikdir.

Yüz il əvvəl süni dişləri üzün formasına görə seçməyə başladılar. Bu gün isə protezlər forma və rəngi ilə əsl dişlərə o qədər bənzəyir ki, hərdən onları seçmək çətin olur.

 

İlk eynəyi kim düzəldib?

Bu gün bir çox siyasi xadimlər və digər məşhur adamlar eynək taxırlar. Maraqlıdır, görəsən, keçmiş zamanların da dövlət başçıları eynək taxsaydılar dünya necə görünərdi. Onda imperatorlar, krallar, sultanlar, şahlar bəlkə də dünyaya tamam başqa gözlə baxar, özlərini tamam başqa cür aparardılar.

İlk eynəyi kəşf edən adamı kimsə tanımır. 1266-cı ildə Rocer Bekon kitabın hərflərini böyütmək üçün böyüdücü şüşədən istifadə etdi. Bunu bildik. Yaxşı bəs həmin linzaları gözün qabağında gəzdirmək kimin ağlına gəlib? 1352-ci ilin bir portretində kardinal Yuqon eynəkdədir. Həmin eynək gözlərin düz qarşısında duran, bir-birinə səmlə birləşmiş iki dənə çərçivəli linzadan ibarətdir.

Deməli, eynək hardasa, 1266 və 1352-ci illər arasında ixtira edilib.

İlk çap kitabları meydana çıxandan sonra eynəyə möhkəm ehtiyac yarandı. Ustaların çoxu o zamanlar Şimali İtaliyada və Cənubi Almaniyada idi deyə, 16-cı əsrdə eynəklər əsasən oralarda düzəldilirdi.

1629-cu ildə ingilis kralı Birinci Çarlz eynək istehsalçıları olan ustalar gildiyasının nizamnaməsini təsdiq etdi. 1784-cü ildə isə Bencamin Franklin ikiqat fokuslanan eynək ixtira etdi.

Bu gün eynək adamlara yalnız kitab oxumaq və görmək üçün gərəkli deyil, ondan başqa məqsədlərlə də istifadə olunur. Biz bilirik ki, tünd şüşəli eynəklər gözləri parlaq işıqdan və günəş şüalarından qoruyur. Rəngli linzalardan gözlərin görünməz qalması üçün istifadə edirlər. Gecələr təyyarə sürən pilotlar və fotoqraflar qırmızı linzalar taxırlar. Xizəksürənlər, qütb tədqiqatçıları və alpinistlər üçünsə xüsusi olaraq ultrabənövşəyi və infraqırmızı şüaları udan linzalar düzəldilir. Marten sexlərində çalışan fəhlələrin eynəyi də infraqırmızı şüaları buraxmır. Şüşəüfürənlər isə eynəyi yaxşı görmək üçün taxırlar. Bu gün xüsusi eynək taxılması tələb olunan bütün peşələri sadalasaq, xeyli vaxt aparar.

 

Çəngəl necə yaranıb?

Yemək zamanı hamımızın tanıdığı çəngələbənzər alətin kobud variantından adamlar ilk dəfə, yəqin, min illərlə qabaq istifadə edib. Lakin bizim bu gün nahar zamanı istifadə etdiyimiz çəngəl son vaxtların məhsuludur.

İbtidai insan ət yemək üçün çəngəl kimi, xırda haça budaqdan istifadə edirdi. Bəzi nüfuzlu alimlər belə hesab edir ki, çəngəl əslində oxla eyni vaxtda yaranıb və ondan əvvəllər diş təmizləmək üçün istifadə ediblər.

Bizim adət etdiyimiz çəngəllər ilk dövrlərdə, ümumiyyətlə, yalnız yemək bişirmək üçün istifadə olunurdu: onunla əti tutub doğrayırdılar. İlk çəngəllər çox uzun, ikidişli olurdu, onları dəmirdən, sümükdən, sərt ağacdan düzəldirdilər.

Çəngəlin nahar zamanı, masa arxasında kara gəlməsinədək xeyli zaman keçdi. Hələ 300 il qabaq çəngəl Avropada nadir bir şey sayılırdı. Həqiqətən də, Fransada yeməyi düz 17-ci əsrədək əllə yeyirdilər. Biz XIV Lüdovikin dəbdəbəli sarayı, ordakı ziyafətlər barədə çox oxumuşuq. Amma, yəqin, bilmirsiniz ki, onun əyan-əşrəfi çəngəlin nə olduğundan məlumatsız idi.

Bəzi adamlar sonralar yeməyi çəngəllə yeyəndə qalanları onları lağa qoyur, vasvası adlandırırdılar. XI əsrdə venesiyalı əsilzadə, varlı bir xanım özünə xırda qızıl çəngəl sifariş edəndə onun barəsində lağla belə yazmışdılar: “Bütün başqa adamlar kimi yemək əvəzinə, bu xanım əti xırda tikələrə doğrayaraq ağzına ikidişli çəngəllə qoyur!”

Üstündən 500 il keçdi, amma XVI əsrin Venesiyasında da çəngəldən istifadə edən adamları lağa qoymaqdan əl çəkmirdilər: “Venesiyada hər adama bıçaq-qaşıqdan başqa, əti doğrayarkən tutmaq üçün çəngəl də verirlər, çünki ətə əl vurmaq bu insanların gözündə tərbiyəsizlik hesab olunur”.

XVII əsrdən etibarən, masa arxasında davranış qaydaları müasir qaydalara bənzəməyə başladı. Gümüş çəngəllər bütün İtaliyaya yayıldı. Artıq XVIII əsrin sonlarında isə bütün normal ailələrdə çəngəldən istifadə vacib şərt idi.

 

İlk çörək nə vaxt bişirilib?

Hər ölkədə, dünyanın istənilən nöqtəsində elə xörəklər var ki, yalnız həmin yerə məxsusdur və orada yeyilir. Amma bir ərzaq növü var ki, harda yaşamasından asılı olmayaraq, bütün adamlar onu mütləq yeyir. Bu, çörəkdir.

Ona görə belədir ki, ən qədim insan belə özünün qida rasionunda taxılın oynadığı əvəzsiz rolu başa düşüb. İbtidai insan əvvəllər lazımi enerjini almaq üçün taxılı çeynəyirdi. Sonra onu iki daşın arasında üyütməyə başladı. Misirlilər bunu eramızdan 3000 il qabaq da edirdilər.

Onlar üyüdülmüş taxılın üzərinə su əlavə edərək xəmir tuturdular, sonra kündələyib ocaqda bişirirdilər. Onların ocağı yerdə qazdıqları divarlarına gil çəkilmiş çaladan ibarət idi. Misirlilər hərdən kündəni içində ocaq qaladıqları iri gil qabların çölünə yapırdılar. Bu cür çörək çox kobud və ağır olurdu; onun tərkibində xəmirin “gəlməsinə” səbəb olan, onun yüngül və nəfis çıxmasını təmin edən yumşaldıcı maddələr yox idi.

Yəhudilər xəmiri mayalamaq, yəni acıtmaq üçün çox qədim zamanlardan turş xəmirdən istifadə edirdilər, amma yalnız misirlilər başa düşdü ki, turş xəmirdə maya olur. Onlar maya alıb əməlli çörək bişirməyi birinci öyrənmişdilər. Belə çörəyin nümunəsini misirlilərin ən qədim qəbirlərindən tapıblar.

Yəhudilər hələ çox qədim zamanlardan öz çörəklərini nazik təbəqə şəklində bişirir, onları bıçaqla yox, əllə kəsirdilər. Beləliklə, “çörək kəsmək” ifadəsi yarandı ki, onun da mənası “nəsə yemək” idi. Min illərdir ki, yəhudilər Pasxa bayramlarını “masa” adlandırdıqları, un və sudan ibarət xəmirdən bişirdikləri vafli şəklində çörək yeməklə qeyd edirlər. Xristianların dini mərasimlərdə istifadə etdikləri “prosvirka” da masaya bənzəyir, amma ondan çox kiçik olur.

Planetimizin ən müxtəlif guşələrində çörəyi müxtəlif cür bişirirlər. Bəzi yerlərdə bu məqsədlə lobya, noxud, kartof, cürbəcür otlar, düyüdən istifadə olunur. Uzaq Şərq ölkələrində isə çörəyə palıd və fıstıq qozaları əlavə edilir.

 

Yumurta necə inkişaf edir?

Yumurtadan sadə nə ola bilər? Lakin onun yaranması, dünya üzünə çıxması çox mürəkkəb məsələdir. Quşun bətnində əvvəlcə yumurtanın sarısı əmələ gəlir. Bu, yumurtalıq deyilən xüsusi orqanın içində yaranır.

Yumurtanın sarısı tam formalaşandan sonra, yumurtalıq borusuna doğru hərəkət edir və orada yumurtanın ağı əmələ gəlir. Sonra yumurta, daha doğrusu, onun yuxarı hissəsi borunun aşağı ucuna çatır və orada dərini xatırladan qılaf pərdəsi və yumurtanın qabığı yaranır. Artıq yumurta işıqlı dünyaya çıxmaq üçün tam hazırdır. Onun qabığı kifayət qədər sərtdir, amma çox xırda məsamələri var. Yumurtanın maye hissəsi həmin məsamələrdən buxarlandıqca onun içinə hava dolur ki, yeni yaranmış, inkişafda olan rüşeymi oksigenlə təmin edə bilsin.

Rüşeym yumurtanın sonradan cücəyə çevriləcək hissəsidir. Qabığın içində dəriyəbənzər pərdə olur ki, o da yumurtanın küt ucunda hava qovuğu əmələ gətirir.

Yumurtanın içində həm də albumin deyilən ağı olur. Bu, qoxusuz və dadsız, jeleyəbənzər bir mayedir ki, əsas hissəsini su təşkil edir. Yumurtanın ağında ağ sap kimi tellər görmək olar. Bu tellər yumurtanın sarısını tən ortada saxlamaq, onu zərbədən qorumaq üçündür. Yumurta sarısının özü girdədir: o, rüşeym üçün qida rolunu oynayır. Rüşeymin özü isə sarının üzərindəki kiçik boşluqda yerləşir. Təzə toyuq yumurtasının sarısına diqqətlə baxsaq, rüşeymi görəcəyik. Amma başqa quşların rüşeymi o qədər xırda olur ki, yalnız mikroskop altında görünür.

Yumurtanın ölçüsü həmişə quşun ölçüsündən asılı olmur. O daha çox rüşeymin yumurtadan çıxanadək yeyəcəyi qidanın, yəni yumurtanın sarısının ölçüsündən asılıdır. Qida maddəsi az olan, yəni xırda yumurtalardan quşlar kor, zəif çıxırlar və onlar adətən sağ qalmırlar. 

 

İnsan nə vaxtdan süd içməyə başlayıb?

Bu gün biz süddən danışanda daha çox inək südünü nəzərdə tuturuq, çünki adamlar istifadə etdikləri südün əsas hissəsini inəkdən alır. Lakin yer üzündə başqa heyvanların südlərindən də istifadə olunur. Hindistanda camış südü içirlər. Keçi südü Aralıq dənizi ölkələrində çox geniş yayılıb, şimal marallarının südü isə Avropanın şimalında istifadə olunur.

Bəs insan, görəsən, südün dadına ilk dəfə nə vaxt baxıb, ondan yağı, pendiri nə vaxt alıb? Bu qida məhsullarının tarixə hansı zamandan etibarən daxil olduqlarını indi kimsə bilməz.

Mayalanmış süd, yağ və pendir Asiya otlaqlarında iri və xırdabuynuzlu mal-qarayla birgə yaşayan adamlar üçün adi ərzaq olub. İncildə süd barədə çox söhbət gedir. Adəmin oğlu Habil qoyun otarırdı və yəqin ki, süd də içirdi. Süd barədə ən qədim qeyd İncildə, İakovun öncəgörməsindədir. Bu öncəgörmənin tarixi eramızdan əvvəl 1700-cü ilə təsadüf edir. Onda deyilir ki, İudanın dişləri süddən ağappaq olacaq. Qədim Xanaan torpaqlarına isə “süd və bal diyarı” deyirdilər. Müqəddəs İov da eramızdan əvvəl 1500-cü ildə süddən bəhs edirdi. Bütün bu nümunələr göstərir ki, süd insana çox-çox qədim zamanlardan məlum olub.

Biz elə fikirləşə bilərik ki, qatılaşdırılmış və quru süd ideyası bizim zamanların məhsuludur, amma elə deyil. Əslində hələ 1200-cü ildə qədim türk xalqlarından olan tatarlar qatılaşdırılmış və çox mümkün ki, quru süd də düzəldir, ondan Çingiz Xanın rəhbərliyi altında keçirdikləri yürüşlər zamanı qida kimi istifadə edirdilər.

Qatı südün istehsalı üçün ilk patenti 1856-cı ildə veriblər və bu məhsul Amerikadakı Vətəndaş müharibəsi dövründə geniş istifadə olunub.

İnək südünün 87 faizini su təşkil edir. Onun qalan hissəsi isə insanın gündəlik tələbat duyduğu kalsium, zülal və A-B vitaminindən ibarətdir.

 

Yağı ilk dəfə kim alıb?

Yağ insana çox qədimlərdən bəlli olan və onun ən çox istifadə etdiyi məhsullardandır. Qəribədir ki, qədim zamanlarda yağ dünyanın bir çox ölkələrində qida kimi tanınmırdı. Hindlilər yağdan öz dini mərasimlərində ilahilərə nəzir kimi istifadə edirdilər. Yunanlar və romalılar da yağ yemir, onu dəri xəstəlikləri üçün dərman hesab edirdilər. Onlar inanırdılar ki, yanan yağın hisi göz üçün xeyirlidir. Romalılar yağı dərilərinə və saçlarına məlhəm kimi çəkirdilər.

İspaniyada 300 il qabaq yağ yalnız apteklərdə satılırdı. Ümumiyyətlə, qədim zamanlarda adamların çox az bir qismi cüzi miqdarda yağ yeyirdi və təzə yağdan heç vaxt istifadə etmirdilər. Onu ərinmiş halda saxlayırdılar və elə insanlar vardı ki, yüzillik yağları daha çox qiymətləndirirdilər. Ola bilər ki, qida üçün yağ hazırlanması ənənəsi Avropaya Skandinaviyadan gəlib.

Bu gün yağ çox zəruri ərzaqdır. Onu orqanizm tez mənimsəyir. Yağ kalori cəhətdən də çox zəngin məhsuldur. Yağın bir qiymətli xüsusiyyəti də var ki, ona mədədə çox qalmağa imkan verir və bədən yağdan ehtiyacı olduqca istifadə edir.

Yağın istehsalı inəyin sağılmasından başlanır. Çünki cins inəklərin südü çox yağlı olur deyə, bəzi cinsləri “yağlıq” cinslər adlandırırlar. Süd sağılandan sonra, onun qaymağını alırlar. Sonra qaymaq otaq temperaturunda saxlanılır ki, turşusun. Bu ona müəyyən dad verir və yağalma prosesini asanlaşdırır. Qaymağı pasterizə edirlər ki, içində olan bütün bakteriyalar məhv olsun və yağın yararlılıq müddəti uzansın.

Yağı xüsusi yağ maşınlarında alırlar. Bu maşınlar süd yağını zərdabdan ayırır. Zərdabın tərkibində yağ qalmır. Sonra yağa su əlavə edib onu maşında bir daha yaxşıca qarışdırırlar ki, bütün lazımsız komponentlər kənarlaşsın. Bunun dalınca su da ayrılandan sonra yağ hazır olur. Sonra yağı iri valların arasından keçirib onu yumşaldır, həm dad, həm rəng, həm də forma cəhətdən yekcins hala gətirirlər. Bundan sonra onu paketləyib dükanlara yola salırlar.

 

Qəhvə necə kəşf olunub?

Qəhvənin əmələ gəlməsi haqda da çox əfsanələr var. Amma kimsə bilmir ki, ilk dəfə bir fincan qəhvə içmək kefini yer üzündə kim və nə vaxt yaşayıb.

Lakin bir əfsanə var. Deyilir ki, min il qabaq bir həbəşistanlının diqqətini yanan yabanı koldan yayılan qoxu yaman çəkib və həmin kolun meyvələrindən bir neçəsini götürüb, çeynəməyə başlayıb; dadı onu elə valeh edib ki, onlardan içəcək hazırlayıb – qəhvə belə kəşf olunub.

Biz bilirik ki, Şərqi Afrika həbəşləri (avropalılar bu xalqa abissiniyalılar deyir) qəhvənin dadını bilən ilk insanlardır. Sonra qəhvəni Ərəbistana gətiriblər. Bundan sonra 200 il ərzində bütün dünyaya Şimali Afrikadan, Yəmən torpaqlarından yayılıb.

XVII əsrdə Danimarka Yavada qəhvə becərməyə başlayır və o zamandan etibarən onun pöhrələri qısa bir zamanda bir neçə tropik ölkəyə yayılır. İngilislər onu Yamayka adasından əldə ediblər, sonra Mərkəzi və Cənubi Amerikaya aparıblar. Beləliklə də, qəhvə həm Avropada, həm də Amerikada çox populyar oldu.

Qəhvə tropik iqlimli bütün ölkələrdə bitir, amma onun üçün ən münasib yer torpağı quru olan dağətəyi nahiyələrdir. Torpaq və iqlimi münasib olan yeri Braziliyada tapdılar. Ona görə də bu gün dünyada qəhvə istehsalının dörddən üçü Braziliyanın payına düşür.

Orada dünyanın ən iri qəhvə plantasiyaları yerləşir. Belə plantasiyaların bəzisində ağacların sayı milyonlarladır. Qəhvə bundan başqa Venesuela, Kolumbiya, Qvatemala, Meksika və qərbi Hindistanla Yavanın bəzi yerlərində yetişir.

“Mokko” və “Yava” qəhvə yetişdirilən yerlərin adı idi. Bu gün isə vəziyyət dəyişib. İndi bu sözlərin hər ikisi hamı tərəfindən qəhvə növləri kimi qəbul olunur. Məsələn, Braziliyada bu iki növün hər ikisi yetişir, amma onların “Rio”, “Santos” kimi yerli növləri də var. Dünyanın qəhvə ixrac edən ən iri limanı “Santos” da Braziliyada yerləşir.

Üyüdülməmiş qəhvə gilənara bənzəyən bir meyvənin çəyirdəyidir. Bu meyvə parlaq yarpaqları olan hündür kollarda bitir. Meyvənin içində bir, yaxud yastı üzüylə digərinə söykənmiş iki çəyirdək olur.

Yabanı qəhvənin tropiklərdə bitən 25 növü olsa da, onlardan yalnız ikisi xoş qoxusu olan meyvə verir. Bu qoxu meyvəni qovuranda sezilir.

 

Çay bizə hardan gəlib?

Adama maraqlı gəlir: min illər qabaq adamların xoşuna gələn içəcəklərdən biz bu gün də istifadə edirik! Çay məhz belə içkilərə aiddir.

Çinlilər hələ 4000 il əvvəldən çayın yumşaq, stimullaşdırıcı effektini yüksək qiymətləndirirdilər. Qərb dünyası isə onunla tanış olub sevənədək xeyli zaman keçdi. Ona görə ki, çayın Avropaya gəlişi təxminən 300 il qabaq baş tutub. XVII əsrin əvvəllərində Avropa və Şimali Amerikada da çay içməyə başladılar. Nəticədə Çinin çay ticarəti çiçəkləndi. Şimali Amerika və Avropaya ən yaxşı çay növlərini gətirmək üçün xüsusi sürətli gəmilərdən istifadə olunurdu ki, onların adına “çay kliperləri” deyirdilər.

İngilislər Hindistanın Assam əyalətində yabanı bitən çay kolları aşkar etdilər. Bioloqlar belə hesab edir ki, çayı Hindistana çinlilər öz ehtiyacları üçün gətirərək əkiblər, çünki orda yabanı çay kolları tapa bilməmişdilər. Britaniyalılar isə müşahidə etmişdilər ki, Hindistanda da çay elə Çindəki qədər keyfiyyətli məhsul verir. Tədricən iri çay plantasiyaları əvvəlcə Hindistana, sonra Seylona yayıldı. Seylonda çay istehsalı sənayenin başlıca sahəsidir. 1940-cı ildə ölkə çay ixracına görə Çinin özünü də ötüb keçdi.

Çay Yava, Sumatra, Formoza adalarında da həmişə olub.

Dünyada iki növ çay kolu var. Çində bu kolların hündürlüyü 1 metrə çatır. Hindistanda isə bəzən kol 6 metrədək qalxır.

Bəs siz bilirsinizmi, ingilisləri dünyada ən böyük çay həvəskarı sayırlar? Orta statistik ingilis ildə 4 kiloqrama yaxın çay içir. Müqayisə üçün deyək ki, Birləşmiş Ştatlarda bu rəqəm 0,5 kiloqram təşkil edir.