Elektron ədəbiyyat və sənət portalı

20-ci illərin iki filmi

Bölmə: Mədəniyyət 01.07.2016

«Azdövkino»nun bu cəhətdən ilk addımlarından biri «sovet hakimiyyətinin ilk illərində Azərbaycanda neft sənayesinin inkişafı uğrunda fəhlə sinfinin mübarizəsi»nə həsr olunmuşdu. «Müxtəlif sahillərdə» («Əlbəyaxa», bəzi araşdırmalarda «Üz-üzə» də adlanır) adlanan yeni ekran əsərinin ssenari müəllifləri A.Litvinov, P.Vaynşteyn və İ.Tartakovski idilər. A.Litvinov və İ.Tartakovski eyni zamanda filmdə quruluşçu-pejissor və quruluşçu-operator kimi çalışırdılar. Filmin tərtibatını A.Plaksin və M.Vlasov vermişdilər. Əsas rolları M.Əliyev, M.Mərdanov, P.Vendelin, S.Troitski, P.Kirillov, K.Vyaznova və başqaları ifa edirdilər. Lakin bütün cəhdlərə baxmayaraq, istehsalı başa çatdırılmış və 1926-cı ilin aprelindən Ümumittifaq ekranlarına buraxılmış bu lent tamaşaçılar arasında uğur qazana bilmədi.

Film detektiv janrında, Qərb və Amerika filmlərinin təsiri altında çəkilmişdi. Amerikadan neft təsərrüfatının bərpası məqsədilə Azərbaycana dəvət olunmuş mütəxəssislərin sözü bir yerə qoyub, pozuculuq fəaliyyətilə məşğul olmaları, onlara təhkim edilmiş sovet mütəxəssislərinin ayıq-sayıqlığı, nəticədə əcnəbi təxribatçıların ifşa olunmaları bu ekran əsərinin süjet xəttini təşkil edirdi. «Müxtəlif sahillərdə bütün ölçülərinə (ssenarisinə, rejissor işinə, aktyor oyununa, rəssam işinə...) görə bəsit və sönük, bədii cəhətdən zəif idi. Filmdə rejissor assistenti işləmiş M.Mikayılovun şəhadətinə görə, «obrazların münasibəti çox açıq, hadisələr bəsit və sxematik idi, belə ki, ekranda baş verən hadisələri tamaşaçı qabaqcadan danışa bilərdi».

Təbii ki, lent zəifliyinin ilkin səbəbi ssenaridə idi. Bu tammetrajlı ekran əsərində yeganə konflikt əcnəbi mütəxəssislərlə sovet mütəxəssisləri arasında baş verən münaqişədən ibarət idi. Süjet boyu bitkin obraz yaradılmadı, bədii cəhətdən bütöv epizod işlənmədi. Təbii ki, ssenaristlər və rejissor Azərbaycan həyatını, xalqımızın adət-ənənələrini və məişət xüsusiyyətlərini yetərincə bilmədiklərindən, dolaşıq süjetdən və qondarma konfliktdən səviyyəli ekran əsəri ortaya çıxarmağı bacarmayıblar. A.Litvinov qərb və sovet düşüncə tərzinin toqquşmasını yalnız zahiri görünüşlə (damalı kepkalar, qısa pencəklər, qadın şlyapaları və s.) tamaşaçıya çatdırmağa çalışmışdı. Bununla yanaşı, operatorun bir və ya iki nöqtədən çəkdiyi ayrı-ayrı planlar, kadrlar... filmin bədii dəyərindən danışmağa imkan vermirdi.

«Sovet həyat tərzinin üstünlükləri»ni təbliğ etmək məqsədi güdən «Müxtəlif sahillərdə» filmi aktyor oyunu və rəssam işi sarıdan da diqqəti çəkmirdi. Hətta M.Əliyev və M.Mərdanov kimi təcrübəli və populyar aktyorların ifası filmi xilas etmək iqtidarında deyildi.

(Onu da qeyd edək ki, bəzi araşdırıcılar filmdə səhvən A.M.Şərifzadənin də çəkildiyini yazırlar). Filmdəki rəssam işi daha çox Qərb kinolarının təsirini və anlaşılmaz rəmzləri ifadə edirdi. Tədqiqatçı N.Sadıxovun qənaətinə görə, film saxlanmamışdır.

Mənbələr 1927-ci ildə «Balıqçılar» adlı qısametrajlı bədii filmin çəkildiyi barədə xəbər verir. İkihissəli bu lentin quruluşçu-rejissoru R.Təhmasib, quruluşçu-operatoru İ.Tartakovski idi. Rolları C.Cabbarlı və A.Quliyev ifa etmişlər. İki balıqçının başına gələn əhvalatı əks etdirən bu ekran əsəri, çox güman ki, həm də C.Cabbarlının ssenarisi üzrə çəkilmişdi. Təəssüf ki, film saxlanmadığından, hələ əlimizdə bunu sübut edəcək fakt yoxdur.

Detektiv sahədəki uğursuzluq 1927-ci ildə respublikanın kino rəhbərliyini başqa mövzular axtarmağa məcbur etdi. Bu dəfə çəkiləcək film tamamilə fərqli bir mövzuya - 1920-ci ildə İranda qalxmış milli-azadlıq hərəkatına, şah və ingilis qoşunlarının güclü təzyiqi altında «Gilanın faciəli süqutuna» həsr olundu. Yazıçı Y.Slyozkinin «Tunc ay» romanının motivləri üzrə çəkilmiş «Gilan qızı» tammetrajlı bədii filmi məhz rejissor, operator, rəssam işi cəhətdən, aktyor oyunu sarıdan nisbətən bitkin və maraqlıdır.

«Gilan qızı»nın ssenarisini quruluşçu-rejissor Leo Mur (leonid Muraşko) A.Bıxlovski ilə birlikdə yazmışdı. Filmi 20-ci illər Azərbaycan kinosunun ən təcrübəli operatorlarından biri olan İ.Frolov lentə almışdı, rəssam isə A.Qonçarski idi.

Əsas rolları S.Ruhulla (Hacı Zəkidar), S.Makuxina (Səkinə), A.Bəzirganov (Hacı Mübarək), L.Səfərov (Gülgül), G.Parisaşvili (Kiçik xan), Əhsənulla (Əhsənulla xan), A.Qlinski (Əlisahib), V.Qorelov (Həsən), Z.Tsis (rəqqasə Maro), A.Aleksandrovski, Mirseyfəddin Kırmanşahlı, A.Quliyev, (Əli), Q.Zeynalov (Hacıbəy) ifa edirdilər. Filmin süjetinə görə, İranın ingilis və çar hökuməti tərəfindən işğal edilməsindən sonra milli-azadlıq hərəkatı canlanır, 1918-1928-ci illərdə Gilan əyalətində şah və ingilis qoşunlarını partizanlarla cəngəllilər məğlub etsələr də, Kiçik xanının başçılığı altında müvəqqəti hökumət yaradılır. Bu hökumətin onların mənafeyinə cavab vermədiyini görən gilanlılar Kiçik xana qarşı çıxır, Əhsənulla xanın rəhbərliyi ilə hakimiyyəti öz əllərinə alırlar. Lakin «şah və ingilis müdaxiləçiləri gənc Gilan Respublikasını qan içində boğurlar».

Körpüdə yük daşıyan fəhlələrin güclənən etirazını görən Hacı Zəkidar üsyançılara rəhbərlik edir. Qardaşı Hacı Mübarək onun bu addımının qarşısını almaq üçün müxtəlif yollardan istifadə edir, hətta Hacı Zəkidarın arvadı Səkinəyə də böhtan atır. Hacı Zəkidar fəhlələrlə birlikdə dağlara çəkilib, cəngəlliklərlə ingilis işğal ordusuna qarşı döyüşə hazırlaşmağa başlayır. Bu zaman yerli xanlar Hacı Zəkidarın öldürülməsi üçün tədbir tökürlər. Səkinə öldürülən ərinin xəncərini götürüb partizanların yanına qaçır. Onu ələ keçirmək üçün Hacı Mübarək Səkinənin oğlu Gülgülü oğurladır. Gülgülü xilas edən Həsən uşağı dağlara qaçırır. Yolda baş verən atışmada Səkinə Hacı Mübarəki öldürür. Lakin hücuma keçən şah və ingilis ordusuna qarşı döyüşdə partizanlarla çiyin-çiyinə döyüşən bu qorxmaz qadın həlak olur. Hacı Zəkidarın xəncərini oğlu Gülgül götürür.

Kinoşünas N.Sadıxov filmi ətraflı araşdırdığına görə, onun gəldiyi qənaətlərlə razılaşmamaq mümkün deyil. Əvvəla o, haqlı olaraq qeyd edir ki, «romanı oxumadan və ya həmin dövrün hadisələrini bilmədən filmdəki obrazları anlamaq, fikirləri başa düşmək çox çətindir». Çünki filmin titr yazılarında söhbət gedən hadisələr barədə epizodlarda nəinki danışılmır, hətta bu ziddiyyət süni qarışıqlığın yaranmasına səbəb olur. «Ekranda gördüklərimiz titr yazıları ilə uzlaşmır, həqiqi tarix əvəzinə təhrif olunmuş hadisələr, xırda və intim məişət məsələləri verilir». Xüsusilə hadisələrin inqilabi pafosla yüklənməsi, lakin bu pafosun belə, lazımi kinematoqrafik səviyyəyə  qaldırılmaması filmin bədii dəyərinə xələl gətirir.

İkincisi, filmin adından göründüyü kimi, bu ekran əsəri Gilan qızına - qadının milli-azadlıq hərəkatında iştirakına həsr olunmalı idi. Lakin Səkinə filmin süjet xəttindən aparıcı obraza çevrilməmiş, baş verən hadisələrə onun münasibəti tamamilə naməlum qalmışdır. Ərinin qardaşı tərəfindən təqib olunan (həm də intim məqsədlə) Səkinə partizanların düşərgəsinə gedib çıxsa da, tamaşaçının təsəvvüründə yalnız xırda məişət detalları (məsələn, qolbaq əhvalatı) ilə qalır. Üçüncüsü, ssenarinin mövzusu və rejissorun məqsədi inqilabi hadisələrin əks etdirilməsinə yönəldilsə də, bu, yalnız titrlərdən bəlli olur, «kino dilində, kino priyomları və kino detalları ilə aydın ifadə edilmir, vuruşma səhnələri əsaslandırılmır, xüsusən ikinci yarısında bol atışma epizodları olsa da, xalqın artmaqda olan inqilabi ruhu hiss olunmur». Bütün bunlar bədii cəhətdən böyük ümid bağlanan ekran əsərinin dəyərini azaldır. Dördüncüsü, filmdəki obrazlar da kifayət qədər bitkin səviyyəyə qaldırılmayıb. Məsələn, son epizodlara qədər tamaşaçı Hacı Zəkidarla Hacı Mübarəkin qardaş olduqlarını bilmir, çünki onların qarşılıqlı münasibəti həddən artıq bəsit və sünidir.

Bütün bu kəm-kəsirlərinə baxmayaraq, «Gilan qızı» filmi Azərbaycan kinosunda mövzu axtarışları sarıdan müsbət addım kimi diqqəti çəkir. Onu da qeyd edək ki, bu ekran əsəri istehsalata «Tunc ay» adı ilə buraxılmışdı. Çəkiliş getdiyi dövrdə mətbuatda yazıçı Seyid Hüseynin «Gilan qızı» adlı hekayəsi dərc olunmuş, qısa müddət ərzində oxucular arasında geniş yayılmışdı. «Gilan qızı» hekayəsi də «Tunc ay» romanında və filmdə təsvir olunan hadisələrdən bəhs etdiyindən, rejissor L.Mur lenti bu adla adlandırmağı qərara almışdı. Amma bununla belə, böyük dramaturqumuz C.Cabbarlı Azərbaycan kinosunun vəziyyətinə həsr etdiyi məqaləsində lenti, bayağı filmlərdən sayır.

Azərbaycan hökuməti kinematoqrafiyadan hələ də gözlədiyi səmərəni ala bilmədiyindən, başlıca çıxış yolunu təşkilati yenidənqurmada görürdü. 1928-ci ilin axırında Xalq Komissarları Sovetinin qərarı əsasında respublikada kino istehsalına və nümayişinə rəhbərliyin yaxşılaşdırılması məqsədilə AFKİ-nin quruluşunda dəyişikliklər aparıldı və onun bazasında «Azdövkino» yenidən təşkil olundu. Bu qurumun tərkibinə Dövlət Kino-fabriki (Bakı kinostudiyası), Dövlət Kinoprokat Kontoru və s. idarələr daxil oldu. Görkəmli kino təşkilatçısı Ş.Mahmudbəyov bu yenidənqurma nəticəsində «Azdövkino»nun rəhbərliyindən uzaqlaşdırıldı, AK(b)P, onun Bakı Şəhər Komitəsi XMK-nın Baş Siyasi-Maarif İdarəsi və s. siyasi-ideoloji təşkilatlar kinematoqrafdan təbliğat-təşviqat vasitəsi kimi istifadə edilməsinə diqqəti daha da artırdılar. Həmin ərəfədə keçirilən XVII Ümumbakı partiya konfransının qətnaməsində də bu işin zəruriliyi xüsusi qeyd olunurdu. Konfrans kino işinin «Azdövkino»nun əlində birləşməsini düzgün saymış, bu quruma «öz kinofilmlərinin istehsalını gücləndirməyi, məhsulun keyfiyyətinə diqqəti artırmağı, filmləri türk yazıları ilə kino təşkilatlarına kino bazarlarını ideoloji cəhətdən kifayət qədər sağlam filmlərlə təchiz etməyi, ilk növbədə bu filmləri fəhlə rayonlarında nümayiş etdirməyi, Bakı uyezdində filmlərin təchizini və səyyar xidməti yaxşılaşdırmağı» bir vəzifə kimi qarşıya qoymuşdu.

Nəriman ƏBDÜLRƏHMANLI