Elektron ədəbiyyat və sənət portalı

65 il əvvəlin “Otello”su

Bölmə: Mədəniyyət 01.07.2016

L.BORİSOV

Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının nümayiş etdirdiyi «Otello» tamaşası paytaxt Daşkənddə diqqətlə izlənildi və böyük maraq doğurdu.

Böyük ingilis dramaturqu Şekspirin kllasik faciə əsərinin qardaş Azərbaycan xalqının teatrı tərəfindən özbək teatrı səhnəsində tamaşaya qoyulması son dərəcə əhəmiyyətli hadisədir.

Mübaliğəsiz olaraq deyə bilərik ki, məhz Sovet İttifaqında, çarizm dövründə əzilən xalqların əsl mədəni inqilab etdiyi ölkədə Şekspir dühası ikinci dəfə dünyaya gəlir.

Dünyanın heç yerində Şekspirin əsərləri, Sovet teatrı səhnəsində olduğu kimi, tez-tez səhnələşdirilmir. Milyonlarla insan bu tamaşaları xüsusi maraq və həyəcanla izləyir. Dünyanın heç yerində Şekspirin yaradıcılığı Sovet sənətində olduğu qədər dərindən, əhatəli, real qiymətini almayıb.

Şekspirin Sovet teatrında səhnələşdirilən əsərlərinin içərisində «Otello» xüsusi yer tutur. Dünya və rus səhnə ustalarının yaratdığı ən yaxşı «Otello» obrazları qalereyası gözümüz önündəcə müttəfiq respublikaların teatrlarının ərsəyə gətirdiyi obrazlarla zənginləşir. Ölkəmizin xalqları arasında bir-birinin ardınca ölməz Şekspir obrazlarının istedadlı ifaçıları və şərhçiləri meydana çıxır.

Gürcü artist Xorava, erməni aktyorlar Nersesyan və Canibekyan, tacik aktyor Kasımov, osetin Txvisayev və digərlərinin ifa etdikləri Otello obrazı sovet teatr mədəniyyətinin tarixinə daxil olub. Həmzə adına teatrda «Otello» tamaşası üç yüz dəfədən çox səhnəyə qoyulub. Burada mavr rolunu özbək xalqının yetirməsi Abrar Hidoyatov böyük istedadla ifa edir.

Əzizbəyov adına Azərbaycan Dram teatrının tamaşasında Otello rolunu Azərbaycan SSR-in xalq artisti Ələsgər Ələkbərov oynayır.

Ələkbərovun Otellosu böyük sənətkarın və səhnə ustasının son dərəcə diqqətli, ciddi əməyinin bəhrəsidir. Otello rolunun görkəmli ifaçılarının ən yaxşı ənənələrini davam etdirən Ələkbərov bu obrazın realistik şərhini ilkin Puşkin tərifi ilə uzlaşdırır: «Otello öz təbiəti etibarilə qısqanc deyil, əksinə, hamıya inanan, sadəlövh adamdır». Venesiyalı mavr, Ələkbərovun ifasında təbiətən ağıllı, gözəl ürək sahibi, ehtiraslı, güclü iradəsi olan, onu əhatə edən Venesiya mühitindən bir baş yuxarıda dayanan insan kimi təsvir olunur.

Döyüşçü və insan – Otello cəsarətli, hökmlü, eyni zamanda sərt, tələbkar və mərhəmətlidir. Otello böyük həyat təcrübəsinə baxmayaraq, səmimi-qəlbdən sevdiyi, aşiq olduğu Dezdemonaya qarşı çox sadəlövh davranır, çünki bu sevginin qarşılıqlı olduğuna hədsiz dərəcədə inanır və bu inanc günəşin həyat bəxş edən şüaları kimi onun qəlbini isidir. Ona görə də hadisələrin düyününün açılması ağır, faciəvi şəkil alır. Yaqonun alçaq yalanı ona gətirib çıxarır ki, Otello Dezdemonanın ona xəyanət etdiyinə inanır, qəhrəman baş verənlərin dəhşətini ağlına sığışdıra bilmir. Arzularının bu şəkildə puç olması, həyatında gözəl, işıqlı nə varsa, hamısının ələ salınması, sevgi səadəti, dostluq və inamın məhv edilməsi onu tamamilə dəyişdirir. Dezdemona Otellonun gözündə yalan, fitnəkarlıq, əxlaqsızlıq və pozğunluq mücəssəməsinə çevrilir. Ancaq bu, qısqanclıq faciəsi deyil.

Otellonun qəfildən şübhəyə düşməsi səhnəsini Ələkbərov çox gözəl canlandırıb: Dezdemona ağdərili, o – qaradərilidir. Bəlkə, Dezdemonanın Otelloya münasibətinin dəyişməsi ikrah hissi ilə bağlıdır? «Mən qarayam, bəlkə, budur günahım?» Qeyd edək ki, faciənin bu epizodu müasir Amerikanın – irqi diskriminasiyanın güclü olduğu bu ölkənin teatrlarında çıxış edən qaradərili artist Pol Robsonun ifasında möhtəşəm təsir bağışlayır.

Ələkbərovun oyunundakı bəzi qüsurları göstərməyi də unutmamalıyıq. Hər şeydən əvvəl, qeyd edək ki, artistin başqalarından fərqlənən, parlaq, coşqun səhnə temperamenti bəzən Otellonun qəlbinin təmizliyi, həssaslığı, onun Dezdemonaya sonsuz məhəbbəti ilə, insani keyfiyyətlərini xarakterizə edən fikirlərilə və hisslərilə uyuşmur. Məsələn, üçüncü pərdənin ikinci şəklində («Əlvida, rahatlıq») Otellonun məşhur monoloqu səslənərkən məhz bunun şahidi oluruq. Burada çətinliklərlə dolu, şərəfli həyatı Otellonun gözləri önündə canlanır. Otellonun ürəyinin dərinliyində hələ də sevdiyi, ancaq ölümə məhkum etdiyi Dezdemona ilə vidalaşdığı son səhnədə də bunu müşahidə edirik.

Bu, o demək deyil ki, Ədəkbərov Otellonun həmin hisslərini ifadə edə bilməyib və ya buna çalışmayıb. Artistin jestləri və mimikası mükəmməldir, intonasiyaları zəngin və rangarəngdir. Ancaq, təkrar edirik, onun temperamenti bəzən bu hisslərin açılmasına şərait yaratmır. Bəzən artist oyuna aludə olaraq, yüksək notlar götürməklə sui-istifadə hallarına yol verir ki, bu da lazımsız yeknəsəqliyə gətirib çıxarır. Nəhayət, artistin tez-tez danışmağa, oyun tempini artırmağa meyillənməsi heç də həmişə yerinə düşmür. Bəzi yerlərdə zəruri pauzaların olmaması Yaqonun ona doğru, yoxsa yalan danışması ilə bağlı Otellonun daxili, əzablı düşüncələrini tamaşaçıya çatdırmağa mane olur.

Yaqo rolunun ifaçısı, Azərbaycan SSR-nin xalq artisti, Stalin mükafatı laureatı Rza Əfqanlı da, Otello – Ələkbərovun tərəf-müqabili kimi, gözəl oyun nümayiş etdirir. Artistin ifası bu rola yeni çalarlar verir. Çox vaxt Yaqo obrazının aşağıdakı şərhi əsas götürülür: mətndə ötəri olaraq qeyd olunur ki, Yaqonun Otellonun və digərlərinin başına gətirdiklərinin səbəbi qısqanclıqdır; şayiələrə görə, onun arvadı Emiliya Otellonun sevgilisidir. Guya Yaqo məhz buna görə Otellodan qisas alır. Bu yanaşmayla Yaqonun rolunun mahiyyətini açmaq mümkün deyil. Axı Şekspirin özü də qeyd edir ki, Emiliya və Otello ilə bağlı gəzən şayiələrə Yaqo özü də inanmır:

«Mavra nifrət edirəm, deyirlər, guya,
Mənim arvadımla gəzir Otello.
Buna inanmıram, ancaq qoy olsun,
Bu, mübarizəmdə mənə haqq verər».

Qısqanclıq burada yırtıcı, yaramaz təbiətli Yaqo üçün özünə haqq qazandırmaq vasitəsidir. Yaqo yuxarı təbəqələri amansızlıq, ikiüzlülük, satqınlıq və tamahkarlıqda ad çıxarmış orta əsrlər Venesiyasının ictimai mühitinin məhsuludur. O, Otellonun ləyaqətinə, uğurlarına, xoşbəxtliyinə həsəd aparır, Mavrın qəlbinin saflığına, özündə olmayan hisslərinə nifrət edir, onun məhəbbət mücəssəməsi olduğunu qəbul etmir.  Otello ilə Yaqo burada yalnız iki qısqanc insan deyil, onlar bir-birinə zidd iki başlanğıcı, iki dünyagörüşünü təmsil edir. Faciənin fəlsəfi məramı, dərin humanizmi məhz burada üzə çıxır ki, bizim sovet teatrı bu məqamı bütün təfərrüatı ilə göstərməyə nail olub. Sovet teatı üçün Şekspir yaradıcılığı məhz Karl Marksın qiymətləndirdiyi cəhətləri ilə yaxın və doğmadır. Marks dramaturqun əsərlərində, hər şeydən əvvəl, müdrik və cəsarəti fikirlər, insanlara sevgi, həyat bilgiləri və onların doğru-dürüst təsvirinə böyük qiymət verirdi.

Yaqo – Əfqanlı teatrallaşmış cinayətkar yox, tədbirli, ehtiyatlı, hamıya nifrət edən bəşər düşmənidir. Artistin nümayiş etdirdiyi yüngül demonizm Yaqo obrazının realistik şərhi ilə ziddiyyət təşkil etmir. Əfqanlı çox da qabarıq olmayan, ancaq son dərəcə ifadəli mimikaya malikdir.

Biz qarşımızda güclü, ancaq alçaq, rəzil ehtirasların çulğadığı insan sifəti görürük. Əfqanlı heç yerdə oyuna aludə olub, qəsdən effektli pozalardan və jestlərdən istifadə etmir, ancaq bu, onun ifasında Yaqo  obrazının məşum təbiətinin üzə çıxmasına mane olmur. Məhz bu cür adi, son dərəcə saf, yaxşı yoldaş kimi tanınan Yaqo daha qorxuludur. «Mənim vəfalı, xeyirxah dostum Yaqo» - Yaqonun amansızcasına başdan çıxardığı Otello belə deyir.

Azərbaycan SSR-nin xalq artisti Barat Şəkinskayanın ifa etdiyi Dezdemona rolunu qiymətləndirmək daha çətindir. Ayrı-ayrı səhnələrdə və epizodlarda Şəkinskaya Dezdemona rolunun ifası ilə bağlı mövcud səhnə ənənəsinin tilsimindən çıxa bilir. Bu zaman tamaşaçı artistin parlaq yaradıcı yanaşmasını, özünəməxsusluğunu və səmimiyyətini hiss edə bilir. Ancaq bütövlükdə Dezdemona – Şəkinskaya onilliklər boyu sxemə çevrilmiş ənənə çərçivəsində qalır. Şekspirin əsərində Dezdemona intibah dövrünün iradəli və qətiyyətli qadın obrazını təcəssüm etdirir. Onu aşağıdakı fakt çox yaxşı xarakterizə edir: o, minlərlə mövhumi, xurafat səciyyəli inancların hökm sürdüyü orta əsrlər Venesiyasında, patriarxal ailədə tərbiyə alıb. Buna baxmayaraq, Dezdemona yad ölkədən, başqa irqdən olan «qara» adamla evlənmək üçün özündə iradə və güc tapır.

Biz səhnədə Dezdemonanın birtərəfli, məzmunlaşdırılmış obrazını görürük. Burada əsas motiv Dezdemonanın sentimental danışıqları, gerçəkliklə bir araya sığmayan süni ağlamsınmalarıdır. Dezdemona öz taleyi ilə barışmış müti qadın kimi çıxış edir. Yalnız oyun elementi kimi istifadə oluna biləcək motivlər burada obrazın ümumi səciyyəsinə xələl gətirir.

Sovet teatrı Otello obrazını yenidən mənalandırmış, bu obrazı gözünü qan örtmüş, qısqanc, ekzotik şərq ehtiraslarının əsiri kimi təqdim edən yanaşmalardan çoxdan imtina etmişdir. Bizim səhnələrimizdə tamamilə axmaq Rodriqo obrazına da az-az rast gəlinir. O, uzağı görə bilməyən, aldadılmış, hər şeyə tez inanan tragikomik insan obrazıdır. Azərbaycan teatrının tamaşasında, Azərbaycan SSR-nin əməkdar artisti Fate Fətullayevin ifasında biz məhz belə bir obraz görürük. Yaqonun arvadı Emiliya da burada yalnız yüngülməzac, sögzgəzdirən adam kimi təsvir olunmayıb. Təsadüfi deyil ki, Azərbaycan SSR-nin xalq artisti, Emiliya rolunun ifaçısı Fatma Qədri öz oyununun ağırlıq nöqtəsini, haqlı olaraq, beşinci pərdənin son səhnəsinə salıb. Fatma Qədri burada Emiliyanın ifşaedici monoloqunu daha ehtirasla ifa edir və bu zaman böyük ustalıq nümayiş etdirir.

Dəqiqəbaşı ağlamsınan, deyingən Dezdemona obrazı, demək olar, tamamilə keçmişdə qalıb. Köhnə teatr zövqsüz tamaşaçıları hər vəchlə riqqətə gətirməyə, vəhşi Mavrın qətlə yetirdiyi məsum Dezdemonanın halına acıyan, kövrələn insanların hisslərini istismar etməyə çalışırdı. Guya Dezdemonanın mənəvi saflığını, əzablarının dərinliyini göstərməyin, onun zərif, təsirli, poeziya ilə süslənmiş obrazını yaratmağın başqa üsulları yoxdur…

Yuxarda deyilənləri Şəkinskayanın ifasına şamil etmək olmaz. Lakin tamaşanın quruluşçu rejissoru, Azərbaycan SSR-nin Xalq artisti, Stalin mükafatı laureatı Adil İskəndərov və teatrın bütün kollektivi Dezdemona obrazının yenidən mənaladırılması ilə bağlı yaradıcı təşəbbüslərini davam etdirməlidirlər.

Kassio rolununun ifaçısı, Azərbaycan SSR-nin Xalq artisti Əjdər Sultanov səhnədə bir qədər statik təsir bağışlayır. Azərbaycan SSR-nin Xalq artisti Əli Qurbanovun ifasında Brabansio – Dezdemonanın atasının obrazı ifadəli alınıb.

Tamaşanın səhnə tərtibatını, ansamblın uyğunluğunu və ahəngini də (rəssamlar – Nüsrət Fətullayev və Bədurə Əfqanlı) qeyd etməliyik.  Teatrın öz yaradıcı işində ən böyük müqavimət xəttinə istinad etməsi, Şekspirin əsərində edilən ixtisarların minimuma endirilməsinə imkan yaradıb. Edilən ixtisarlar isə, ümumi səciyyə daşıyır.

«Otello» - Əzizbəyov adına Teatrın möhtəşəm, parlaq tamaşası kimi yadda qaldı. Ələkbərovun ifa etdiyi Otello obrazının məziyyətləri və ümumiyyətlə, tamaşanın yüksək keyfiyyəti Azərbaycanın Əzizbəyov adına Teatrının bu uğurunu bütün sovet teatrının uğuru kimi qiymətləndirməyə imkan verir.

Tərcümə edən: Etimad BAŞKEÇİD