Elektron ədəbiyyat və sənət portalı

“Avdi Kallistratov xətti romanda, sadəcə, bir yamaqdı”

Bölmə: Müsahibə 01.07.2016

“Natiq Səfərov dedi ki, bu əsər mənlik deyil”

 

- Vaqif müəllim, necə oldu ki, bu romanı tərcümə etmək fikrinə düşdünüz?

- Çingiz Aytmatovun “Qiyamət” romanı dərin fəlsəfəsi olan bir əsərdi. SSRİ və dünya miqyasında “Edam kötüyü” adı ilə tanınır. Amma qırğız ədəbiyyatının özündə “Qiyamət” adlanır. Fikrimcə, keçmiş sovet ədəbiyyatında o cür fəlsəfi yükdə, ağırlıqda olan ikinci bir əsər yoxdu. Çünki o dövrün rus nəsri əsasən realist istiqamətdə inkişaf edirdi. Kənd prozası, şəhər prozası orada əsas yaradıcı xətt idi. Bu əsərdə təsvir olunan təbiət-insan probleminə bircə Valentin Rasputində rast gəlmək olardı. Əsəri 1990-cı ildə tərcümə etmişəm. Rəhmətlik Natiq Səfərov “Azərbaycan” jurnalında tərcümə şöbəsinin rəhbəri idi. Mənə bu işi o tapşırdı. Dedi, əvvəlcə istədim özüm tərcümə edim, amma ilk abzasını oxudum, gördüm ki, mənlik deyil.

 

- Natiq Səfərov da çox peşəkar və istedadlı tərcüməçi idi. O, nəyi əsas gətirərək əsəri özü tərcümə etmədi və bunu sizdən xahiş etdi?

- Natiq Səfərov çox böyük tərcüməçi idi. Hər halda onun da bildiyi nəsə var idi. Əsərdəki həm kənd, həm şəhər üslubu, oradakı dərin fəlsəfi qat üst-üstə qalanmışdı. O da, yəqin, bunları nəzərə alaraq, romanın tərcüməsini mənə tapşırmışdı.

 

- Romanın adı ilə bağlı bir neçə versiya var: “Edam kötüyü”, ”Qiyamət”, “Dişi qurdun röyası”. Türklər də onu “Dar ağacı” kimi tərcümə edib. Sizcə, əsərin adı ilə bağlı fikir müxtəlifliyi nədən qaynaqlanır?

- Aytmatovun bu romanında bir neçə süjet xətti var. Əsərin süjet xətti Bulqakovun “Ustad və Marqarita”, Yusif Səmədoğlunun “Qətl günü”, romanının strukturu ilə eynidir. Yəni, burada roman içində roman mexanizmindən istifadə olunub. Bulqakovda da elədir: İncil motivləri ilə yanaşı, Ustad və Marqarita xətti də paralel gedir. Bu struktur birinci Bulqakovdan başlayıb və Aytmatov da ondan istifadə edib. Şəxsən mənə qalsa, “Qiyamət”də dini motivli Avdi Kallistratov - xaçpərəst dünyasından gələn istiqamət yox, canavarlarla bağlı süjet xətti daha mükəmməldir. O xətt sadəcə olaraq dahiyanə təsvir edilib. Türklərdə adı “Dar ağacı” kimi tərcümə olunub, bizdə də uzun müddət “Edam kötüyü” kimi bilinib. Belə bir fikir var ki, hər bir insan vaxtı yetişdiyi məqamda başını cəllad kötüyünün üstünə qoymalı olur. Yəni hesabat verir. Bu məntiqlə yanaşanda romanın adının “Dar ağacı”, “Edam kötüyü” olması heç də yanlış deyil. Aytmatov, düşünürəm ki, romanın adında da xaçpərəstliyə meyil edib. “Plaxa” adını seçməklə dünya oxucusunu nəzərə almağa çalışıb. Nobel mükafatı üçün cəhd göstərib. Sonradan yazdığı “Kassandra damğası” də bu cəhdin ardı idi.

 

- Deməli, sizcə, “Qiyamət”də və “Kassandra damğası”ndakı xristianlığa aid dini motivlər sırf Nobel üçün edilən cəhdlər idi?

- Məncə, elə idi. Bunlar eyni zamanda bəşəri motivlərdi. Amma mənə elə gəlir ki, həm də eyni zamanda yazıçı bicliyidi. Amma onu da deyim ki, Aytmatov hələ o əsərləri yazmazdan əvvəl Nobel mükafatına layiq idi. Hələ “Bəyaz gəmi” povesti çıxanda mən kinostudiyada işləyirdim. Bir seminara getmişdik. Orada qadağan olunmuş filmlərdən də bəhs olunurdu. Qırğızların baş redaktoru dedi ki, isveçlilər Aytmatov haqqında sənədli film çəkirlər. Bu yaxınlarda ona Nobel mükafatı verəcəklər. Amma bu, baş vermədi. “Əlvida, Gülsarı” povestinə görə SSRİ ona Dövlət Mükafatı verdi. Ardıyca da, Sosialist Əmək Qəhrəmanı adına layiq gördü və bununla da Nobel söhbətləri bağlandı.

 

“Bu tərcüməmlə bağlı tərifə ehtiyacım var idi”

 

- “Qiyamət”i sizin tərcümənizdə oxumuşam. Burada dialekt sözlər və şivələrdən çox istifadə olunub. Sizcə, dialekt sözlərdən izafi istifadə oxucu kütləsi üçün çətinlik yaratmır ki?

- Belə düşünmürəm. İri çayların hamısı onlara gəlib tökülən sısqa çayların, kiçik qolların hesabına formalaşır. Dialekt sözlər də burada həmin kiçik çayların rolunu oynayır, dili zənginləşdirir. Mən tez-tez kitab mağazalarına gedirəm və Azərbaycan dilinə tərcümə olunan kitablarla maraqlanıram. Əksər tərcümələr bərbad haldadı. Hamısı bir-birinə oxşayır. Yaxşı olar ki, bütün tərcümələr orijinaldan edilsin. Orijinaldan edilmədiyinə görə, xeyli nöqsanlar meydana çıxır. Gözüm yemədiyi yeganə yazıçı Platonovdu. O, tərcüməyə gəlmir. Amma Platonov xüsusi yanaşma ilə tərcümə olunmalıdı.

“Qiyamət” romanını mən 1990-cı ildə tərcümə etmişəm. Bir-iki dəfə eşitmişəm ki, heç tanımadığım adamlar o tərcümənin adını çəkib, bəyəndiklərini deyib. Bir dəfə də rəhmətlik Arif Əmrahoğlu mənim tərcüməmin adını çəkdi. İclasda durdu dedi ki, o boyda əsəri Vaqif ustalıqla tərcümə edib. Çox təriflədi. Ondan sonra mən bu tərcüməmlə bağlı tərif eşitməmişəm. Halbuki mənim buna ehtiyacım var idi. Pislə yaxşıya qiymət verilməlidir.

 

- Siz tərcümənizin adını “Qiyamət” qoymusuz. Aytmatovun qiyamətinin mahiyyəti nədən ibarətdir?

- Aytmatov onu dahiyanə fikirləşib. İnsan Yer üzünə həm də təbii fəlakət kimi gəlir. Hər bir insan potensial olaraq təbii fəlakət mənbəyidir.

Buradakı insan, fəlakətin yaradıcısıdır. Planı doldurmaq üçün təbiəti, sayqakları qırır, qarşısına çıxan hər şeyi məhv edir. Amma bu gün təbiət də öz intiqamını alır. Dünyanı su basır, başqa fəlakətlər çoxalır, sonrası necə olacaq? Bunu heç kəs bilmir.

 

- Deməli, Aytmatovun “Qiyamət”ini nə zamansa baş verəcək qiyamətin ismarıcı kimi anlaya bilərik?

- Bəli! Haqlısız! O da Çingiz Aytmatovun bizlərə ismarıcıdır. Bu gün qütblərdə buzlar əriyir. Nüvə silahının sınaqları atmosferi zəhərləyir. Ötən il Moskvada 40 dərəcə isti oldu. Mən orada üç il hərbi xidmətdə olmuşam. 20 dərəcə isti olanda torf meşələrinin iyindən dayanmaq olmurdu. İndi görün, 40 dərəcədə necə olur?! Bütün iqlim dəyişir. İnsan təbii fəlakət mənbəyi olandan sonra yavaş-yavaş öz sonunu da hazırlayır. Oradakı canavar obrazları - Ağbərə ilə Daşçeynərin həyatı insan üçün əsl nümunədir.

 

- Aytmatov romandakı canavar və insan münasibətlərində İlahi ədalət fenomenini necə təsvir edib?

- İlahi ədalətin tərənnümü çox uğurlu alınıb. Romanda yalançı sovet ideologiyası yoxdu. Reallıq necədirsə, o cür də təsvir olunub. Aytmatov canavar və insan qarşıdurmasında ikincinin getdiyi yolun konturlarını cızır. Yəni ki, ay insan, sən bu fəlakətə doğru gedirsən!

 

“Aytmatov bəzi məqamlarda Bulqakovu təkrarlayıb”

 

- Xristian mifologiyası ilə qədim türkün xilas totemi olan canavar xəttinin sintezi əsərdə nə dərəcədə uğurlu alınıb?

- Məncə, xristian mifologiyasının təbliğinə aid olan Avdi Kallistratov xətti romanda, sadəcə, bir yamaqdı. Yazıçı bununla, guya bəşəri ideyaya xidmət etmək istəyib. Bəşəri ideyanın təsviri üçün canavarlar bəs idi. Həm o canavarlar - Ağbərə və Daşçeynər, onların yaşadığı və ölüm-dirim mücadiləsi apardığı çöl bəşəri ideyanın təsviri üçün bəs edirdi. Çölün öz poetikası, musiqisi, ritmi nəyə desən dəyərdi. Əsərdəki xaçpərəst xətti, təəssüf ki, bu cür gözəl təsvirlərə yamaqlandı.

 

- Biz ikinci süjet xəttini çölün poetikasına xəyanət kimi anlaya bilərik?

- Mənə qalsa, bəli! Amma, təbii ki, o da böyük yazıçıdı. İndi belə yazıbsa, deməli, bu cür görüb. Amma mən düşünürəm ki, o xətt Aytmatovdan kənardı. Aytmatovun düşüncəsindən, milli yaddaş sistemindən qıraqdadır. Amma nə üçünsə yazıb. Əsərdəki Ponti Pilat, İsa Məsih xətti Aytmatovun düşüncə tərzinə yaddı. Həm də ki, bunları Bulqakov yazıb da. O, yeni bir şey eləməyib. Bulqakovun strukturunu təkrarlayıb. Bulqakovdakı Ponti Pilat mənə daha xoş gəlir. Çünki onun Ponti Pilatı orijinal idi.

 

“Aytmatov Avropanın xoşuna gəlmək istəyib”

 

- Romanda bütün dinləri eyni həqiqət altında toplamaq meyli var. Amma buna baxmayaraq, Avdi ölən zaman köməyə qurdu çağırır...

- ...Bir daha təkrar edirəm: Oradakı xaçpərəst xətti əsərin ümumi məzmununa yamaqdı. O süjet xətti romanın ümumi qayəsinə yapışmır. Amma yazıçı nə üçünsə edib bunu. Yəqin Avropanın xoşuna gəlmək istəyib (gülür).

 

- Əsərdə xristianlıq xətti qabarıq təsvir olunub. Hətta Türkiyədə bu əsər tərcümə olunanda xristianlığın təbliği kimi etirazla qarşılandı. Az qaldı ki, Aytmatova missioner damğası vurulsun...

- ...Bu, dar düşüncənin göstəricisidir. Bütün peyğəmbərlər bizimdi, hamımızındı. Qurani-Kərimdə də, görün, neçə dəfə İsanın adı çəkilir. Çox təəssüf ki, bu, orada etirazla qarşılanıb. Bunu yalnız dar düşüncə ilə əlaqələndirmək olar. Heç başqa şeylərə etiraz etmirlər, amma İsaya etiraz edirlər. Bu, bəşəri ideyadır. İnsanlar Puşkin muzeyində kilsə xorunu necə dinləyirlərsə, mən də özümü orada, o musiqinin sədaları altında hiss edə-edə romanı tərcümə etdim. Türkiyədə tanınmaq üçün gərək Avropadan fırlanıb gələsən. Vaxtilə Araqon “Cəmilə” povestini tərcümə etməsəydi, Aytmatov heç Türkiyədə məşhurlaşmazdı. Nə danışırlar, missioner nədir?! Aytmatova məgər Türkiyə lazım idi?! Sadəcə, onu Türkiyəyə ruhu, ürəyi, yaddaşı çəkirdi. Yaddaşın dəhşətli cazibə gücü var.

 

- Yaddaşın bu cazibə gücü Aytmatova bir yazıçı kimi nə qazandırdı?

- Aytmatovun bütün əsərlərində mifoloji qat güclü idi. Mif elə onun bədənində yerləşmişdi. Bütün əsərləri ruhundakı miflərdən axıb gəlirdi. Bu, ona bir yazıçı və bir şəxsiyyət kimi çox şey qazandırdı.

Elmin NURİ