Elektron ədəbiyyat və sənət portalı

İşıq dilində danışan film

Bölmə: Ədəbiyyat 01.07.2016

İşıq dilində danışanlar

İctimai Televiziya və Radio Yayımları şirkətinin direktoru, rejissor Cəmil Quliyevin ideyası əsasında çəkilən filmin rejissoru Mahirə Cabbarovadır. Film sanki “Avesta” mətnlərindəki işıqla-qaranlığın aramsız mübarizəsinin ekrana köçürülmüş formasıdır. Bir göz həkimi haqqında çəkilən filmin əsas qayəsinin işıqla qaranlığın mücadiləsi kimi təsviri anlaşılandır. Filmin əvvəlində elə Paşa Qəlbinur tərəfindən deyilən  “Yaza da bilirəm işıq dilində, kəsə də bilirəm zülmət gecəni” misraları sonrakı hadisələri, təsvirləri və onun haqqında olan çıxışları öz arxasınca aparır.  Film qəhrəmanın xarakterini tam açmaq üçün onun mənsub olduğu sahələrə uyğun olaraq bir neçə yerə bölünür: cərrah, alim, şair və müəllim. Bu böyük dördlüyün əsas missiyası isə birləşərək şəxsiyyətə aparan yolu göstərməkdir. Rejissor Mahirə Cabbarova qəhrəmanın monoloqundan çox istifadə edərək buna nail olub. Amma cərrah, şair Paşa Qəlbinuru təkcə filmdəki Paşa Qəlbinur obrazı tamaşaçılara təqdim etmir. Vaxtilə Paşa müəllimin müalicə, hətta əməliyyat etdiyi məşhurlar - mərhum xalq şairi Cabir Novruz, xalq artisti Şəfiqə Axundova, professor Zəhra Quliyeva, eləcə də Flora Kərimova,  Arif Məlikov, Nəriman Məmmədov kimi sənətkarlar, xarakterin bizə tanıdılmasında yardımçı olurlar.

Özünün dediyi kimi, “qədim Zərdüşt təqviminin Sağlamlıq ayında” dünyaya göz açan və göz açan kimi bir işıq topası ilə qarşılaşan Paşa Qəlbinurun bütün həyatı, əslində həmin işığı əllərinə köçürmək olub. Bəzən əlindəki qələmə, bəzən isə bıçağa keçən həmin işıq o qələmdən də, o bıçaqdan da süzülərək başqalarına işıq bəxş edib. Filmdə də biz hərəkət edən, bir insandan başqa insana ötürülən İşıq fenomenini görürük. İşıq burada həm həqiqi, həm də məcazi mənada yerdəyişmələr edir. Göz həkimi Paşa Qəlbinurun cərrah bıçağından keçib həqiqi kateqoriya kimi xəstə gözündə dirilir. Şair, esseist Paşa Qəlbinurun qələmindən süzülərək  rəmzi məfhum kimi insan ruhunda canlanır. Filmdə təbabətlə poeziyanı ziya, nur rəmzləri vasitəsilə birləşdirən Paşa Qəlbinur obrazı  “Avesta” mətnlərindəki şərq qüvvə olan Əhrimənlə döyüşən Hörmüz əsgərinə bənzəyir. Filmdə bu xətt, obrazın monoloqu və onun səsləndirdiyi şeirlərin hesabına  açılır:

Əllərimin hakimiyyəti bərqərar olur,
Əməliyyat vaxtı.
Qaranlıqla işığın radar tutmayan
Sərhədinə uçur əllərim.
Ürəyim kimidir,
Mən yatanda da oyaq olur əllərim.

Filmdə alim haqqında səsləndirilən bəzi  vacib faktlara diqqət edək:

“Tanınmış Azərbaycan aliminin elm sahəsində qazandığı ən yüksək nailiyyətlərdən biri – dünyanın aparıcı tibb müəssisələri tərəfindən tətbiq olunan – orqan və toxuma transplantasiyasında yeni elmi istiqamət sayılan “Qlaukomanın cərrahi müalicəsində Musayev üsulu”dursa (gözdə “qara su”yun müalicəsi), digər uğuru isə Azərbaycanda son 100 ildə ilk dəfə Paşa Musayevin rəhbərliyi altında, Sevinc Musayeva-Əkbərovanın və Olqa Stroyevanın həmmüəllifliyi ilə kəşf edilmiş və Rusiya Farmakologiya Komitəsi tərəfindən XX əsrdə rəsmi təsdiq edilən və kütləvi istehsal və tətbiq edilməsi üçün lisenziya verilən, dünyada bu günə qədər istifadə olunan ən effektli dərmanlardan sayılan “Aktipol” antivirus preparatıdır.

2002-ci ilin 12-17 noyabr tarixlərində Brüsselin (Belçika) “51-ci Ümumdünya İxtiralar Salonu”nda keçirilən “Brüssel Evrika 2002” sərgisində Oftalmologiyada yenilik sayılan “Aktipol”un kəşfi “Böyük qızıl medal”a və Belçika Maliyyə Nazirliyinin “Xüsusi priz”inə layiq görülüb.

Böyük Britaniyanın Kembric Universitetinin təşəbbüsü ilə 2003-cü ildə keçirilən sorğuda bütün zamanlar üçün 2000-ci ilin alim-intellektualları sırasında layiq olduğu yerini alan tanınmış Azərbaycan alimi, 2005-ci ildən “Tibb jurnalı”nın Rəyasət Heyətinin üzvü, elə həmin ildə də Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru seçilib”.

Nobel müzakirələri

Çıxışçılar arasında tədbirin aparıcısı professor Nizaməddin Şəmsizadə və Tibb Universitetinin kafedra müdiri professor Canbaxış Nəcəfov Paşa Qəlbinurdan danışarkən maraqlı bir detala toxundular. Daha sonra professor Əlixan Musayev də bu məqamı unutmadı. Azərbaycan neyrofiziologiya və neyrokimya məktəbinin yaradıcılarından olan böyük alim Qəhrəman Qəhrəmanovun Paşa Qəlbinura olan böyük rəğbətindən söz açıldı. Qeyd edək ki, Qəhrəman Qəhrəmanovu ömrünün sonunda ən sevimli tələbələrindən olan Paşa Qəlbinur  əməliyyat etmişdi. Qəhrəmanov o alimlərdən idi ki, Topçubaşovla birlikdə adı tibb üzrə Nobel mükafatına təqdim olunmuşdu. Lakin sonradan bəzi xoşagəlməz hallar baş verdi və Yusif Məmmədəliyevin aqibətini bu iki alim də yaşadı. Adlarını çəkdiyimiz natiqlər də  Qəhrəmanova qismət olmayan Nobel mükafatını Paşa Qəlbunura arzuladılar. “Qlaukomanın cərrahi müalicəsində Musayev üsulu”na görə, yəni, xalq dilində desək, gözdə “qara su”yun müalicəsinə görə və mahiyyətinə vara bilmədiyimiz başqa yeni üsullarına görə Paşa müəllim bu mükafatı haqq edənlər cərgəsindədir.

“Vallah, təşəkkür ona düşür”

Filmlə bağlı Paşa müəllimdən təəssüratını soruşan zaman rejissorun və ümumilikdə yaradıcı heyətin zəhmətini yüksək qiymətləndirdi. “Vallah, təşəkkür onlara düşür” deyərək film barədə danışdı: “Filmin ideya müəllifi hörmətli rejissorumuz Cəmil Quliyevdir. Mahirə Cabbarova və yaradıcı qrup ekran işinin ərsəyə gəlməsində çox zəhmət çəkdilər. Onlara həqiqətən də dərin təşəkkürümü bildirirəm. Mən onların bu ideyasını çox yaxşı qarşıladım. İnanıram ki, həm sizinlə, media ilə, həm də buradakı ziyalılarla bu filmin müzakirəsi yüksək səviyyədə keçəcək”.

Elmin NURİ