Elektron ədəbiyyat və sənət portalı

Gecə qatarları...

Bölmə: Tarix 01.07.2016

I yazı

...Qara “M-1” dar küçələrlə nərildəyə-nərildəyə şəhərin dağlıq hissəsinə qalxır. Gecədən xeyli keçib. Bu vaxt qoca Tiflisin küçələrində kimsəni görməzsən. 1937-nin xofu adamların canına elə qorxu salıb ki, gecə nədir, heç gündüzlər də küçələrdə, meydanlarda kimsəyə rast gəlməzsən. İndi “xain”, “casus” tapmağa nə var? Məhəllədə qonşuna tərs-tərs baxdın, ya da tanışınla baş verən müəmmalı hadisələr barədə pıçıldaşdın, sadəcə çörək növbəsində ağzından bir söz qaçırdın, deməli, “düz” adam deyilsən, düşmənə satılmısan. Gözünü açıb görəcəksən ki, NKVD-nin zirzəmisindəsən, əllərinə qandal vurublar, stolüstü lampanın işığını üzünə salıblar, gözləri qan susamış savadsız bir müstəntiqin qarşısında dəmir stulda oturmusan, günahsız olduğunu sübut etməyə çalışsan da, xeyri yoxdur, bolşevik cəlladlardan ibarət fövqəladə “üçlük” qara qələmlə sənin taleyinin üstündən çoxdan xətt çəkib, Vətən xaini kimi gülləyə tuş gələcəksən, heç məzarını da tapmayacaqlar, vəssəlam!

Elə bu çiskinli sentyabr gecəsi, Tiflisin qaranlıq küçələrində dolaşan qara “M-1”-i görənlər, yəqin ki, ürəklərində düşünürdülər: “Yenə hansısa bədbəxtin evini yıxmağa gedirlər”. Adamların belə düşünməyə əsası var idi. Repressiyalar başlayan gündən Gürcüstanın adlı-sanlı adamları, partiya və dövlət xadimləri, incəsənət ustaları planlı şəkildə məhv edilirdi. Həmin illərdə bütün Qafqaz qan gölündə üzürdü...

 Maşın ikimərtəbəli köhnə binanın qarşısında dayandı. Girəcəkdə milis postu qurulmuşdu. Maşından mülki geyimdə üç nəfər düşdü, sürücü mühərriki söndürmədi. Postdakı milis zabitlərindən biri gələnləri qarşıladı. Mülki şəxslər vəsiqə göstərdi, zabit farağat dayandı, hərbi salam verdi, sonra sakitcə dedi:

- Bəlkə, Qriqori Artyomoviçə gəlişinizi xəbər verim... Təlimat belə tələb eləyir...

Evin girəcəyinə daxil olan “qonaqlardan” birinin cavabı qısa və sərt oldu:

- Gəlişimiz məxfidir! İşinizlə məşğul olun!

Onlar ev yiyəsi, şəhər partiya komitəsinin birinci katibi Qriqori Artyomoviç Aryutyunovla da qısa danışdılar:

- Yoldaş katib, göstəriş var ki, sizi təcili şəhər dəmiryolu vağzalına çatdıraq. Bu barədə kimsəyə xəbər vermək olmaz. Xidməti maşınla yox, bizimlə gedəcəksiniz. Hazırlıq üçün beş dəqiqə vaxtınız var!

Qriqori təcrübəli və görüb-götürmüş adam idi. Dərhal anladı ki, nəsə fövqəladə hadisə baş verib. Amma ağlından başqa fikir də keçdi: “Bəlkə, mənim də sonumdur. Axı niyə? Harda səhv buraxmışam?” Bu dağınıq suallara cavab axtarmağa indi vaxt yoxdur.

Lap vaxt olsa da, bu qarışıq zamanda kimdir səndən adını soruşan? Bir müddət əvvəl Qriqorinin qardaşını da gecə həbs eləmişdilər. O, Tiflisin inzibati rayonlarından birinin partiya katibi idi, elə həmin gecə, məhkəməsiz-filansız “xain” damğası vurub güllələdilər. Qriqori xəbər tutanda çox gec idi... Həyat yoldaşının qardaşı da 37-ci ildə bolşeviklərin qəzəbinə tuş gəldi. O, Acarıstanın birinci katibi və Gürcüstan nazirlər şurası sədrinin müavini idi. Repressiya dalğası onu da məhv etdi.

Qriqori kitelini düymələyəndə hiss etdi ki, əlləri əsir, barmaqları sözünə baxmır. Gözü güzgüyə sataşdı, meyit rəngində idi. “Macal tapıb evdəkilərlə vidalaşmaq lazımdır, dünyanın işini bilmək olmaz, atam necə deyirdi, dərd-qəm gələndə, batmanla gəlir...”

37 yaşlı katib ölümdən qorxmurdu, bilirdi ki, gec-tez qapısını döyəcəklər. Ölüm kabusu dəfələrlə yanından keçmiş, həyatını dəfələrlə təhlükəyə atmışdı. O, 1900-cü ildə, Tiflis quberniyasının Telavi kəndində doğulmuşdu. Atası kiçik ticarətlə və şərabçılıqla məşğul olurdu. Qriqori gimnaziyada oxuyanda marksist ideyaları ilə yaxından maraqlanırdı. Vətəndaş müharibəsi illərində hökumət əleyhinə mitinqlərdə iştirakına görə həbs edildi. Qızıl Ordu Gürcüstanı işğal edəndə Qriqori də silahdaşları kimi azadlığa çıxdı və 1919-cu ildə Kommunist Partiyasının sıralarına daxil oldu. Bir müddət partiya təşkilatlarında müxtəlif vəzifələrdə çalışdı, K.Marks adına Moskva Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdi. Lavrenti Beriyanın ən yaxın adamlarından sayılırdı. Elə bu yaxınlıq sayəsində də 1934-cü ildə partiyanın Tiflis şəhər təşkilatına rəhbər seçildi.

...Tiflisin mərkəzi dəmiryolu vağzalına xeyli qalmış hərbi və milis postları qurulmuşdu. Gedib-gələn maşınları, adamların üst-başını diqqətlə yoxlayırdılar. Aryutyunovun mindiyi maşını da bir neçə dəfə saxladılar, amma vəsiqəni görən kimi buraxdılar. Qriqorini müşayiət edən çekistlər Moskvadan gəlmişdilər, bu səbəbdən də yol boyu onlara yaşıl işıq yandırılırdı. Əsgərlər, zirehli texnika vağzalı üzük qaşı kimi dövrəyə almışdı. Katib baş verənlərin şokundan hələ ayılmamışdı: “Bu nə fövqəladə haldır belə? Qoşunları nə vaxt ayağa qaldırdılar? Niyə əvvəlcədən xəbər verməyiblər, bir katib kimi mən bilməliydim axı...”

Kənar perronda dayanmış xüsusi vaqona çatana qədər ürəyini yedi. Kimsəsiz, qaranlıq vağzalda əlisilahlı əsgərlərdən başqa kimsə yox idi. Onu vaqona mindirdilər. Burada kupelər əvəzinə uzunsov, yarıqaranlıq otaq vardı. Yerə bahalı xalı döşənmişdi, ortalıq stolunun üstü müxtəlif yeməklər, qəlyanaltılar və içki şüşələri ilə dolu idi.

- Qrişa, Qrişacan, axır ki, gəldin, gözləməkdən gözümüzün kökü saraldı ki...

Bu səs Qriqoriyə çox doğma idi. Ölkədə çox az adam tapılardı ki, Lavrenti Beriya onunla bu tonda, mehribancasına danışsın. Lakin komissarın nə vaxt ciddi, nə vaxt ikimənalı, yaxud eyhamla danışdığını kimsə ayırd edə bilmirdi, deyilənə görə, hətta Stalin də!

Qriqorinin boğazı qurudu, sanki dili tutuldu. Beynində bir fikir dolaşdı: “Əgər Lavrenti gəlibsə, yaxşı heç nə gözləmə, yəqin, Moskvaya aparıb orda güllələtdirəcək!”

Qucaqlaşıb öpüşdülər və xeyli belə vəziyyətdə qaldılar. Vaqonda olan ikinci adam – Anastas Mikoyan onları aralamasaydı, hələ xeyli qucaqlaşıb dayanacaqdılar.

Anastas araq dolu qədəhləri Qriqoriyə və Beriyaya uzatdı:

- Dostluğun və İosifin şərəfinə!

Birnəfəsə içdilər. Qriqori də, Lavrenti də susurdu. Amma Beriya eynəyinin arxasından güclə sezilən gözlərini dostuna zilləmişdi. Qriqoriyə isə məsələnin nə ilə bitəcəyini yalnız güman etmək qalırdı. Danışan Mikoyan idi:

- Bir məsələ var, Qriqori, - Anastas sözünə ara verdi, - yoldaş Stalin... göstəriş verib ki...

Fərhad SABİROĞLU