Elektron ədəbiyyat və sənət portalı

Eşqsiz dünyanın dəyəri

Bölmə: «Aydın Yol»çular 01.07.2016

Bu fakt sülhsevər insanlar, tərəqqipərvər dövlətlər tərəfindən haqlı olaraq pislənib. Amma qəzəbimiz soyumamış bir başqa heykəllə bağlı xəbər gəldi. Saytda yazılmışdı ki, Lənkəranda Nizaminin abidəsi dağıdılıb, yerində də şadlıq sarayı tikilir.

Əvvəlcə inanmadım, düşündüm ki, xəbəri ya ucuz reklam xətrinə yazıblar, ya da kimlərsə bu yolla bir-biri ilə haqq-hesab çürüdür. Amma yox... Məsələ çox ciddi imiş. Hadisə baş verən ərazidə əvvəl və sonra çəkilmiş fotoları görəndə anladım ki, həqiqətən dahi şairin özü və heykəli Lənkəranda kiminsə qəzəbinə tuş gəlib.

Necə olur ki, ilin-günün bu vaxtında Lənkəran şəhərində Nizami Gəncəvinin heykəli və şairin adını daşıyan dövlət tərəfindən muhafizəyə götürülmüş tarixi memarlıq abidəsi sökülür, kimsə səsini çıxarmağa cürət etmir?

 “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin rəhbəri Fəxrəddin Gözəlov bu işə biganə qala bilməyib.

Onun sözlərinə görə, tarixi memarlıq abidəsi “Neon-111” MMC tərəfindən sökülərək məhv edilib: “Nizami adına kinoteatr”ın binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülüb. Bina heç bir hüquq müəyyən edici sənəd olmadan “Neon-111” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən sökülüb, yerində “Neon” şadlıq sarayı tikilir. Kinoteatrın qarşısında olan Nizami Gəncəvinin heykəli də sökülüb”.

Mədəniyyət və Turizm Nazirliyi yanında “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətindən sonra tikinti işləri dayandırılıb. Amma F.Gözəlov bildirir ki, tikinti gizlincə davam edir.

...Səhər açılan kimi qaldırıcı kranı Nizaminin heykəlinin qarşısına gətirdilər. Fəhlələr abidənin  ətrafında dolaşırdı. “Neon-111” MMC-in rəhbəri isə görüləcək iş barədə “mühüm” göstərişlər verirdi. Fəhlələrdən biri dedi:

- Rəis, ay rəis, bəlkə, sökməyək, necə olsa azərbaycanlıdır, şairdir, gözəl kəlamları var...

- Sök getsin! Hər gözəl kəlam deyənə heykəl qoysaydıq, şəhərlərdə yer qalmazdı.

İkinci fəhlə:

- Rəis, Lənkərana yaraşıq verir, qonaqlara da fərəhlə göstəririk ki, baxın, dünyanın tanıdığı, hələ də sevə-sevə oxuduğu Nizaminin bizdə də heykəli var...

- Sök getsin! Deyirlər, Lənkərandan bir kəlmə də yazmayıb. Bərdəlilər onun qılığına necə giriblərsə, elə hey Bərdəni tərifləyib...

- Rəis, bəlkə, sökməyək, heykəldir də, durub yerində. Ətrafını düzəldək, kiçik xiyaban salaq, qoca-cavan, gəlib istirahət eləsin, ölümüzə rəhmət oxusunlar...

- Sök getsin! Qocalar gedib seriallara baxsınlar. Cavanların da telefondan başı açılmır. İndi kitab oxuyan var? O böyüklükdə şadlıq sarayı tikəcəyik. Bəs gələn qonaqlar maşınlarını harda saxlasınlar? Bax, bəy-gəlin üçün qırmızı xalını düz bura qədər uzadacağam...

Əvvəlcə məsələnin hüquqi tərəfinə nəzər salaq. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”qanunun 4-cü maddəsində göstərilir ki, “özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı bir hərəkət etmək qadağandır. Abidənin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulmaq və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması da qanunla qadağan edilib. Abidəni məhv edənlər cəzalandırılmalıdırlar”.

Amma problemin mənəvi tərəfi də var. Dahi Nizami öz əsərlərində saf məhəbbət duyğularından, Vətənə, xalqa əvəzsiz sevgidən yazıb. Şadlıq sarayları uzun əsrlərin ağırlığına tab gətirməyə bilər, Nizami isə ölməzdir!

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.