Elektron ədəbiyyat və sənət portalı

Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir

Bölmə: Beynəlxalq 01.07.2016

Ekspozisiyada ölkənin milli azlıqlarının – avarların, ləzgilərin, saxurların, rutulların, tat, rus, yəhudi və başqalarının həyatından fotoşəkillər nümayiş etdirilib. Elə həmin gün Xalça Muzeyində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa” olub. İclasda mədəniyyət və turizm nazirinin müavinləri Vaqif Əliyev, Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Milli Məclisin deputatları, milli icmaların nümayəndələri iştirak ediblər. İştirakçılara milli azlıqların folkloru haqqında “Azərbaycan, doğma diyar” videoçarxı nümayiş etdirilib.

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda bütün dinlərin nümayəndələri azad yaşayır, dinlərin və mədəniyyətlərin hamısına eyni münasibət bəslənilir.

K.Abdullayev vurğulayıb ki, müasir dövrdə Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə, o cümlədən bu sahədə zəngin təcrübəsi olan Qərb ölkələrinə örnəkdir. Bu gün inamla deyə bilərik ki, Azərbaycan multikulturalizmi ölkənin siyasi simasının əsas xüsusiyyətlərindən birinə çevrilib. Dövlət müşaviri deyib: “Azərbaycan multikulturalizminin siyasi banisi Heydər Əliyevin əsas arzularından biri məhz bu idi”.

Akademik bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqda aparıcı rol oynayıb, zəngin tarixi baza yaradıb. Ölkəmizdə dini və milli zəmində qarşıdurma heç vaxt olmayıb və indi də yoxdur. Azərbaycan cəmiyyətinə xas dözümlülük ölkədə unikal tolerant mühit yaradıb. Hazırda bu mühit bir örnək kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Nəhayət, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün zəruri siyasi və iqtisadi şərait mövcuddur.