Elektron ədəbiyyat və sənət portalı

BMT-nin mənzil-qərargahında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarına dair tədbir keçirilib

Bölmə: Beynəlxalq 01.07.2016

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Sivilizasiyalar Alyansına və ümumiyyətlə, dünyada mədəniyyətlərarası dialoqa dəstəyinə görə Azərbaycan Hökumətinə və ölkə Prezidentinə təşəkkürünü bildirib. O, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə keçirildiyini, Forumun dünyada sülh və əməkdaşlığın qorunması prinsiplərinə xidmət etdiyini söyləyib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumu BMT-nin ən ali toplantılarından biridir. Bu Forumun Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin gücünü, zəngin mədəniyyətini, tolerantlığını və yüksək təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir.

Tədbirdə çıxış edən müxtəlif ölkələrin nümayəndələri bildiriblər ki, hazırda ekstremizmin qarşısının alınması və fərqli mədəniyyətlərin, dinlərin təmsilçiləri arasında dialoq və sülhün möhkəmləndirilməsi üçün BMT-yə üzv ölkələr öz səylərini daha da artırmalıdırlar.

***

BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Bu müzakirələr mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserlə görüşü zamanı aparılıb.

Nazirlikdən AzərTAc-a bildirilib ki, görüşdə ali nümayəndə Bakının BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna yüksək səviyyədə ev sahibliyi etdiyinə, habelə Prezident İlham Əliyevın bu tədbirin təşkilinə və Alyansa Azərbaycan hökumətinin dəstəyinə görə təşəkkürünü bildirib.

Nazir Əbülfəs Qarayev BMT ali nümayəndəsinə ölkə rəhbərliyinin salamlarını çatdıraraq, multikulturalizm ili çərçivəsində Sivilizasiyalar Alyansının qlobal məqsədlərinə uyğun olaraq silsilə tədbirlərinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Görüşdə 2017-ci ilin BMT tərəfindən elan edilmiş “Davamlı Turizm Beynəlxalq ili” çərçivəsində silsilə tədbirlərinin keçirilməsi, həmçinin 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili məqsədilə digər tərəfdaşlarla birgə hazırlıq işlərinin aparılması qərara alınıb.

***

BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoft Azərbaycanın BMT-nin etibarlı tərəfdaşı olduğunu bildirərək, bu tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.

O, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə səsləndirib.

Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi geniş müzakirə olunub.

Əbülfəs Qarayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, həmçinin doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti haqda məlumat verib və bu barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatlıq doğurduğunu bildirib.

Sonda nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək M.Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Yusif BABANLI