Elektron ədəbiyyat və sənət portalı

Bakıda “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı olub

Bölmə: Beynəlxalq 24.06.2016

İyunun 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Multikulturalizm və kitab” adlı elmi konfrans və yenicə çapdan çıxmış Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı keçirilib.

AzərTAc xəbər verir ki, konfrans Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Prezidenti yanında Bilik Fondu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək konfransın, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq keçirildiyini diqqətə çatdırıb. K.Tahirov bu yöndə baş tutan tədbirlərin regionlarda da keçirildiyini deyərək, multikulturalizmin Azərbaycanda dövlət siyasətinin nümunəvi modeli olmasından danışıb.

Qeyd olunub ki, multikulturalizm ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların harmonik şəkildə yaşayışının göstəricisidir. Hazırda təmsil etdiyi qurumun bu istiqamətdə bir sıra tədbirlər təşkil etdiyinə toxunan kitabxana direktoru vurğulayıb ki, bundan sonra da bu sahədə silsilə tədbirlər davam edəcək.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov çıxış edərək multikulturalizm ənənələrindən və ölkəmizdə hökm sürən tolerant mühitin əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, hazırda beynəlxalq aləmdə etnos və din anlayışı sözügedən dəyərlərin əsas meyarlarındandır. Bu mənada, Azərbaycanda müxtəlif dinlərə və dillərə aid olan kitablar çap olunaraq təbliğ edilir. Bu istiqamətdə heç bir maneənin olmadığını bildirən N.Çəfərov ölkəmizdə multikulturalizmin tarixi ənənələrinin hələ qədimdən başladığını qeyd edib.

Vurğulanıb ki, hazırda bu istiqamətdə əldə olunan uğurlar ölkə başçısının yorulmaz əməyinin və uzaqgörən siyasətinin nəticəsidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nariman Qasımzadə çıxış edərək Azərbaycanın multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini cəlb etdiyini, multikulturalizmin Azərbaycan mədəniyyətinin cövhəri olduğunu, xalqımızın mədəniyyətində başqa xalqlara münasibətin anlaşıqlı və mehriban olmasının əsrlərdən gəldiyini diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Multikulturalizm” ədəbi-bədii jurnalının baş redaktoru Fəxri Uğurlu multikultural ənənələrin inkişaf etdirilməsinin dövlət siyasətinin prioritetini təşkil etdiyini söyləyiblər.

Bildirilib ki, “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının işıq üzü görməsi bu istiqamətdə aparılan işlərə dəstək olmaq məqsədi daşıyır.